Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində mühüm tədbirlər həyata keçirilir

Regionlarda yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində mühüm tədbirlər həyata keçirilir

20.02.2020 [09:13]

Avtomobil yollarının keyfiyyətinə görə bu gün Azərbaycan dünyada 27-ci yerdədir və ölkəmiz bu göstəriciyə görə bir çox inkişaf etmiş ölkələri qabaqlayır
(əvvəli ötən sayımızda)

Layihə çərçivəsində, yolboyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınır, zəruri yerlərdə yeniləri qurulur. Artıq bu işlərin nəticəsi olaraq bir çox yerdə müxtəlif diametrlərə malik yeni suötürücü boru quraşdırılıb və bir dördbucaqlı su keçidi inşa edilib. Daha sonra yol əsası hazır olan hissələrin asfaltlanması işləri görüləcək. Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa avtomobil yolunun yenidən qurulmasında məqsəd yolboyu 7 yaşayış məntəqəsində yaşayan 30 min əhalinin istər rayon mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına təkan verməkdir.
Ləkçılpaq-Qaraman-Hacalıkənd-Yalman avtomobil yolu yenidən qurulur
Göyçay rayonunda isə uzunluğu 12,3 kilometr olan yerli əhəmiyyətli Ləkçılpaq-Qaraman-Hacalıkənd-Yalman avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Yolboyu dağılmış yol geyiminin və torpaq yatağının yararsız qruntu zəruri yerlərdə qazılaraq çıxarılır, əvəzinə isə yararlı material tökülərək yayılır və kipləşdirilir, yataq layihə eninə çatdırılması üçün 3-4 metrdən 10 metrə qədər genişləndirilir. Daha sonra əsasın alt və üst layının çınqıl və optimal-çınqıl qarışığı ilə tikintisi işləri görülür. Bu işlər 120 min kvadratmetr sahədə icra olunur.
Layihə çərçivəsində həmçinin yeni suötürücü dairəvi borular inşa edilib. Növbəti mərhələ üzrə artıq yol əsası hazır olan hissələrdə asfalt-beton örtüyünün döşənməsi işlərinə də başlanılıb. Tikinti işlərinin sonuncu mərhələsində yol hərəkətinin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələr, kilometr göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək. Layihə üzrə işlərin bu il ərzində yekunlaşdırılması nəzərdə tutulub.
Görülən işlər yolboyu yerləşən yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq, yük və sərnişin daşınmasını asanlaşdırmaqla yolboyu sənaye və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Mingəçevir şəhəri ərazisində də tədbirlər görülür. Belə ki, rayonda ümumi uzunluğu 11,9 kilometr olan, “Günəşli”, “Bağlar”, “Üçxoz” və “Tingçilik” yaşayış massivlərini şəhərlə birləşdirən avtomobil yollarının əsaslı təmirinə başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, layihəyə uyğun olaraq, yolların mövcud örtüyü sökülərək kənara daşınır, deformasiyaya uğramış hissələr qazılaraq çıxarılır, karxana qruntu ilə əks-dolğu işləri görülür və kipləşdirilir, torpaq yataqları avtoqreyderlə profilə salınır, əsasın tikintisi işləri görülür, yeni suötürücü borular inşa olunur.
Həmçinin yol əsası hazır olan hissələrdə yolun asfaltlanması işləri də aparılır. Belə ki, yol örtüyünün alt və üst layı iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilir. Bu çərçivədə “Tingçilik” yaşayış massivinin yoluna örtüyün alt layının döşənməsi işləri artıq yekunlaşıb.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yollar boyu yol nişanları quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılacaq.
66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulması il ərzində yekunlaşacaq
Altmış səkkiz min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 kilometr uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulması il ərzində yekunlaşacaq. Avtomobil yolu keçdiyi ərazinin relyefinə uyğun olaraq III və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Müvafiq olaraq yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir. Yol uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Bu səbəbdən də layihə çərçivəsində mövcud örtük sökülərək kənara daşınıb, yararsız qruntun qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi işləri görülüb, bəzi yerlərdə yolun normativ eninin alınması üçün dağ yamaclarının qaya tipli süxurları kəsilərək çıxarılıb və torpaq yatağı genişləndirilərək tələb olunan hündürlüyə qaldırılıb, yatağın yamacları mexaniki üsulla hamarlanıb. Yolboyu tələb olunan yerlərə suötürücü boruların quraşdırılması tələb olunduğu üçün 46 ədəd müxtəlif diametrli metal, azbest və dəmir-beton suötürücü borular quraşdırılaraq izolyasiya olunub. Mövcud küvetlər tam dolduğuna görə, həmçinin yolun yuxarı maili olan hissələrində atmosfer sularının istiqamətləndirilməsi məqsədilə beton küvetlərin tikintisi tələb olunduğu üçün 5 min poqonmetr uzunluğunda yeni dəmir-beton küvetlər inşa olunub, avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istinad divarları tikilib.
Bundan başqa, yol boyunca əsasın tikintisi və asfalt-beton örtüyün salınması işləri aparılıb. Bunun üçün əsasın alt və üst layı müvafiq olaraq 45 və 16 santimetr hündürlükdə qum qırmadaş və optimal qum-çınqıl qarışığı ilə tikilib. Əlaqələndirici bitum səpilməklə yola iri və xırda dənəli asfalt-beton qarışığından örtük salınır.
Layihə çərçivəsində yolun 35, 36 və 41-ci kilometrlik hissəsində kiçik dağ çayları üzərində hər birinin uzunluğu 26 və 27 metr olan 1 aşırımlı 3 körpü, yolun 43 və 46-cı kilometrlik hissəsində Babaçay və Cimiçay üzərində yeni körpülər inşa edilib. Babaçay üzərindən salınan körpünün uzunluğu 126 metr, Cimiçay üzərindəki körpünün uzunluğu isə 80 metrdir. Hər iki körpünün ətrafında müvafiq olaraq 280 və 160 metr uzunluğunda su nizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarları tikilib.
Hazırda avtomobil yolunun Təngəaltı kəndi ərazisində, sıldırım qayalıqlar arasından keçən hissəsinin genişləndirilməsi işləri aparılır, 150 metr uzunluğunda dəmir-beton konstruksiyalı bənd qurulur. “Təngə dərəsi” kimi tanınan ərazidə, Vəlvələçayın kənarında qurulan bəndin hündürlüyü 12 metr olacaq. Yolun genişləndirilməsi işləri Quba-Qonaqkənd yolunun 29-30-cu kilometrlik hissəsini əhatə edir. Çayda bənd vurulması və qayaların çapılması hesabına yolun hərəkət hissəsinin 4-5 metrdən 7-12 metrə kimi genişləndirilməsi nəzərdə tutulub.
Quba rayonunun Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrindən keçən yolun yenidən qurulması yolboyu yaşayan əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq, rayonun turizm imkanlarını genişləndirəcək.
Naxçıvan Muxtar respublikasında da nəqliyyat xidmətinin daha da yüksəldilməsi üçün lazımi tədbirlər həyata keçirilir
Muxtar respublikada da nəqliyyat xidmətinin daha da yüksəldilməsi üçün lazımi tədbirlər həyata keçirilir. Əhalinin rahat hərəkətini, yüklərin vaxtlı-vaxtında, keyfiyyətlə daşınmasını təmin etmək üçün avtomobil, dəmir yolu və hava nəqliyyatının müasir tələblər səviyyəsində qurulmasına diqqət yetirilir. Həyata keçirilən infrastruktur quruculuğu və tətbiq olunan yeniliklər 2019-cu ili də əhatə edib. Belə ki, göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək, muxtar respublika sakinlərinin paytaxt Bakı şəhəri ilə əlaqələrini genişləndirmək məqsədilə ötən ilin yanvar ayından Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutunda gecə reysləri fəaliyyətə başlayıb. Bundan əlavə, əldə olunan razılığa əsasən ötən ilin iyul ayından başlayaraq Naxçıvan-Bakı-Naxçıvan marşrut xətti üzrə hərəkət edən sərnişin avtobuslarına tətbiq olunan gömrük nəzarəti sadələşdirilib. Bu məqsədlə Naxçıvan Şəhər Avtovağzal Kompleksində və Bakı Beynəlxalq Avtovağzalında gömrük nəzarəti zonaları yaradılıb ki, bu da sərnişinlərin rahatlığının təmin edilməsinə, sərhədkeçmə prosesinin sürətləndirilməsinə və avtobusların mənzil başına daha tez çatmalarına geniş imkanlar yaradıb.
Ötən il Şahbuz şəhərində aviakassa binasının tikintisi başa çatdırılıb, Naxçıvan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının yenidən qurulması davam etdirilib. Beynəlxalq Mülki Aviasiya Təşkilatının qəbul etdiyi qərara əsasən, 2019-cu il avqust ayının 15-dən etibarən Naxçıvan Muxtar Respublikasının Türkiyə üzərindən birbaşa hava dəhlizi açılıb. Həmçinin bu dövrdə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının əsaslı təmiri başa çatdırılıb, Naxçıvan stansiyasında polis şöbəsi üçün inzibati binanın, Culfa stansiyasında İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının yenidən qurulması, Park İdarəetmə Mərkəzinin əsaslı təmiri davam etdirilib. Dəmir yolu təsərrüfatına bir ədəd teplovoz gətirilib, Ordubad, Culfa və Kəngərli rayonlarının ərazilərində sahilbərkitmə işləri həyata keçirilib.
Nəqliyyat sektorunun inkişafı istiqamətində atılan addımlar daşımaların kəmiyyət və keyfiyyətinə də müsbət təsir göstərib. Belə ki, 2019-cu ildə muxtar respublikada nəqliyyat sektorunda 2018-ci illə müqayisədə yük daşınması 2, sərnişin daşınması isə 1,2 faiz artıb. Yük və sərnişin daşınmasından ümumilikdə 58 milyon 715 min 100 manat gəlir əldə edilib ki, bu da bir il öncəki göstəricidən 2 faiz çoxdur.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 647 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30