Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələr uğurla icra olunur

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələr uğurla icra olunur

21.02.2020 [09:29]

Ötən il Lənkəran iqtisadi rayonuna daxil olan şəhər və rayonlarımızda sosial məsələlərin həllinə diqqət daha da artırılıb, bu sahədə bir sıra irimiqyaslı layihələrin icrası təmin edilib
Ölkəmizin sürətli inkişafını şərtləndirən mühüm əsaslardan biri uğurla icra olunan Dövlət proqramlarıdır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının ardıcıllıqla və müvəffəqiyyətlə yerinə yetirilməsinin nəticəsidir ki, bu gün ölkəmizin bütün şəhər və rayonlarında müasir standartlara cavab verən güclü infrastruktur formalaşdırılıb, əhalinin sosial müdafiəsinin təşkili istiqamətində effektiv tədbirlər görülüb, yüzminlərlə yeni iş yerləri yaradılıb, əhalinin maddi gəlirləri əsaslı şəkildə artıb, regionlarda güclü iqtisadi baza formalaşdırılıb. Hazırda icra olunan “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da bu mənada xüsusi əhəmiyyətə malikdir. Əvvəlki dövrlərdə qəbul edilmiş proqramların məntiqi davamı olan dördüncü proqram çərçivəsində ölkə qarşısında duran əsas infrastruktur vəzifələri icra olunacaq və beləliklə, ölkəmizin gələcək inkişafı üçün daha güclü və əlverişli imkanlar yaranacaq. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bu proqram çərçivəsində qarşıda duran vəzifələri diqqətə çatdıraraq eyni zamanda, ötən il görülmüş işləri yüksək qiymətləndirib. Dövlətimizin başçısı qeyd edib ki, keçən il ərzində proqramın icrası ilə bağlı bütün lazımi tədbirlər görülüb: “Deyə bilərəm ki, proqram artıqlaması ilə icra edilib. Proqramda nəzərdə tutulmuş məsələlər həll olunub”.
Ötən ildə Lənkəran rayonunda ümumi məhsul buraxılışı 407,6 milyon manat təşkil edib
Beləliklə, dövlətimizin başçısının da vurğuladığı kimi, ötən il həyata keçirilən məqsədyönlü tədbirlər və genişmiqyaslı islahatlar nəticəsində ölkəmiz, o cümlədən regionlarımız uğurlu inkişafını davam etdirib. 2019-cu il Lənkəran iqtisadi rayonuna daxil olan şəhər və rayonlarımız üçün də uğurlu göstəricilərlə yadda qalıb. Şəhər və rayonlarda ötən ilin yekunlarına dair keçirilən müzakirələrdə verilən məlumatlar bunu təsdiq edir.
Qeyd edək ki, bu günlərdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında ötən ilin yekunları və qarşıda duran vəzifələrin müzakirəsi zamanı şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov deyib ki, 2019-cu ildə ölkəmizin ümumi inkişafı fonunda Lənkəran rayonunun da sosial-iqtisadi inkişafı davam edib, il ərzində iqtisadi göstəricilər artan templə yüksəlib. Hesabat məruzəsində vurğulanıb ki, ötən il rayonda ümumi məhsul buraxılışı 407,6 milyon manat təşkil edib. Bu dövrdə sənayedə 52 milyon manatlıq məhsul istehsal olunub. Bu, əvvəlki illə müqayisədə 3,1 faiz çoxdur. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 42,1 milyon manat olub, ümumi həcmdə onun xüsusi çəkisi 6,8 faiz, sənayedə çalışanların orta aylıq əməkhaqqı isə 31,8 faiz artaraq 402 manat təşkil edib.
Hesabat ilində Lənkəran rayonunda iqtisadiyyatın və sosial sahənin inkişafına 64,1 milyon manat investisiya yönəldilib, tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 61 milyon manat olub. Bu dövrdə əhalinin şəxsi vəsaiti hesabına rayonda ümumi sahəsi 22 min 300 kvadratmetr olan yeni yaşayış evləri tikilərək istifadəyə verilib.
Ötən ildə rayonda ümumi layihə dəyəri 114 milyon manat təşkil edən özəl investisiya cəlb olunub. İstifadə olunan 42,2 milyon manatın 7,4 milyon manatını xarici investisiya təşkil edib.
İcra başçısı həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ayrılmış 2,3 milyon manat vəsait hesabına rayonda 90 çoxmənzilli yaşayış binasının dam örtüyünün dəyişdirildiyini, eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il tarixli Sərəncamı ilə Lənkəran şəhərində 5 çoxmənzilli yaşayış binasının bərpası və əsaslı təmir işlərinin aparılması üçün 2 milyon 984 min manat vəsaitin ayrıldığını və hazırda həmin binalarda təmir işlərinin davam etdirildiyini diqqətə çatdırıb.
T.Qaraşov ötən il rayonda sahibkarlığın inkişafı, yeni istehsal obyektlərinin yaradılması və yeni iş yerlərinin açılması sahəsində ardıcıl işlərin görüldüyünü bildirib. O, hazırda şəhərdə 120 nəfərin işlə təmin olunması nəzərdə tutulan qənnadı məhsulları fabrikinin tikintisinin yekunlaşmaq üzrə olduğunu vurğulayaraq, bu müəssisədə Braziliya, Türkiyə və Rusiya istehsalı olan müasir avadanlıqların quraşdırılması hesabına dünya standartları səviyyəsində qənnadı məhsullarının istehsal olunacağını söyləyib.
Qeyd olunub ki, ötən il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ayrılmış 2,9 milyon manat vəsait hesabına 11 min nəfər əhalinin yaşadığı və 5 yaşayış məntəqəsini birləşdirən 7 kilometr uzunluqda Hirkan-Mamusta-Siyavər kəndlərarası magistral avtomobil yolunun tikintisi başa çatdırılıb, 55 kilometrlik Lənkəran-Lerik magistral avtomobil yolunun yenidən qurulması işləri yekunlaşıb. Bu yolun istifadəyə verilməsi ilə hər iki rayonun ərazisindəki dağ kəndlərinin sosial infrastrukturunun daha da yaxşılaşmasında, xüsusilə, turizmin inkişafında əhəmiyyətli rolu olmaqla, rayona turist axınının güclənməsinə yeni imkanlar yaradacaq.
Ötən il rayonda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 6 şəhid ailəsi üçün yeni mənzillər tikilib istifadəyə verilib. 2019-cu ildə rayonda, ümumilikdə, 3501 iş yeri açılıb. Bunun 2026-sı daimi iş yeridir.
Qeyd olunub ki, 2019-cu ildə rayonda sosial məsələlərin həllinə diqqət artırılıb, bu sahədə bir sıra irimiqyaslı layihələrin icrası təmin edilib. Həmçinin 2019-2023-cü illər üçün regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramına əsasən Lənkəranda da sosialyönümlü layihələrin icra olunacağı, o cümlədən Sütəmurdov kəndində yeni turizm istirahət kompleksinin tikintisinin nəzərdə tutulduğu, rayonda “ASAN xidmət” mərkəzinin tikiləcəyi, sosialyönümlü digər tikinti-abadlıq işlərinin görüləcəyi diqqətə çatdırılıb.
2019-cu il Astara rayonunun da sosial-iqtisadi inkişafı baxımından əlamətdar il olub
2019-cu il Astara rayonunun da sosial-iqtisadi inkişafı baxımından əlamətdar il olub. Fevralın 19-da rayon icra hakimiyyətində keçirilən 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin bildirdiyinə görə, hesabat ilində rayonda bütün sahələrdə nailiyyətlər qazanılıb, yerli gəlirlər 7 milyon 31 min manat olmaqla 122 faiz, yerli xərclər isə 5 milyon 970 min manat olmaqla 95 faiz icra olunub. Rayonda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi dəyəri 189 milyon manat, bir nəfər üçün 1733 manat təşkil edib. İl ərzində rayonda 1900 yeni iş yeri açılıb.
Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişaf etdirilməsi üçün yaradılmış əlverişli şərait Astara rayonunda da çay, çəltik və sitrus meyvələri istehsalının inkişafına böyük təkan verib. Çəltikçiliyin, çayçılığın və sitrus meyvəçiliyinin inkişafına dair Dövlət proqramlarında yer alan tədbirlərin icrası istiqamətində müəyyən işlər görülüb. 2019-cu ildə çəltik əkini aparılmış 237 hektar sahədən 997 ton çəltik yığılmış, məhsuldarlıq 42 sentner olub. İstehsal edilən çəltiyin müasir standartlara uyğun emalı, çeşidlənməsi və qablaşdırılması məqsədilə Ərçivan qəsəbəsində gündəlik istehsal gücü 40 ton olan çəltik emalı zavodu tikilib istifadəyə verilib. Rayonda mövcud 137 hektar məhsuldar çay plantasiyalarından ümumilikdə 583 ton yaşıl çay yarpağı yığılaraq çay emalı müəssisələrinə təhvil verilib. Sevindirici haldır ki, rayonda istehsal edilən çay məhsulu xarici bazarlarda da yerini tapmaqdadır. Çay plantasiyalarının modern üsullar tətbiq edilməklə genişləndirilərək artırılması qarşıya qoyulan prioritet məsələdir.
Ötən il Astarada əsaslı tikinti, abadlıq-quruculuq işləri uğurla davam etdirilib. Belə ki, Astara şəhərində 48 mənzilli yaşayış binası tikilib istifadəyə verilib, hazırda torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş şəxslər üçün 36 mənzilli yaşayış binasının, Ərçivan qəsəbə uşaq bağçası üçün 100 yerlik yeni binanın tikintisinə başlanılıb.
Ötən il rayonda əhalinin sosial müdafiəsi məsələlərinin də həlli diqqət mərkəzində saxlanılıb. Hesabat iclasında qeyd olunub ki, 2019-cu ildə Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsində il ərzində pensiyaçıların sayı 11790 nəfər, ünvanlı sosial yardım alan ailələrin sayı 537 olub. İl ərzində pensiya və müavinətlərin vaxtında ödənilməsi təmin olunub. Ailə biznesini genişləndirmək məqsədi ilə aztəminatlı ailələrdən olan işaxtaran və işsiz vətəndaşlardan 127 nəfəri özünüməşğulluq layihəsinə cəlb edilib, onlardan 100 nəfər aktivlərlə təmin olunub. “Rayonda 6 şəhid ailəsi və 5 Qarabağ əlili üçün fərdi yaşayış evləri tikilmişdir. Cari ildə bu kateqoriyadan olan 10 ailə üçün fərdi yaşayış evinin tikintisi nəzərdə tutulur”, - deyə Q.Ağayev bildirib.
Rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Qapıçıməhəllə kənd ümumi orta, Şəmətük, Dolu, Lomin və Dürriyə kənd ibtidai məktəbləri üçün quraşdırılan modul tipli yeni binaların tikintisi başa çatdırılıb, 360 şagird yerlik Burzubənd kənd tam orta məktəbi üçün inşa edilən yeni binanın tikintisi başa çatmaq üzrədir.
Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması, vətəndaşların sağlamlığının qorunması üçün son illərdə əsaslı tədbirlər həyata keçirilib, bir neçə səhiyyə müəssisəsi cari təmir edilib, Motlayataq kəndində yeni tibb məntəqəsi istifadəyə verilib.
Beləliklə, qeyd olunanlardan da göründüyü kimi, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün qarşıya qoyulmuş vəzifələr uğurla icra olunur. Hazırda regionlar ölkəmizin inkişafında mühüm baza, lokomotiv rolunu oynayır.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 682 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30