Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır

22.02.2020 [10:17]

Aran iqtisadi rayonunda 2019-cu ildə də iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılıb, sənaye və kənd təsərrüfatının inkişafı davam edib
Məlum olduğu kimi, regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurlu icrası regionlarda mühüm abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə, kənd təsərrüfatının inkişafına, yeni iş yerlərinin yaradılmasına və digər mühüm uğurlara təkan verib. Ümumilikdə görülən işlər vətəndaşlarımızın sosial rifahının yüksəlməsində əhəmiyyətli rol oynayır. Yeri gəlmişkən, Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən Prezident İlham Əliyev də bildirib ki, bizim siyasətimizdə əsas məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir. Dövlət başçısının qeyd etdiyi kimi, biz bütün bu məqsədlərə çatırıq.
Elə keçən il əldə edilmiş iqtisadi və sosial nailiyyətlər də bunu bir daha təsdiqləyir. Belə ki, bəhs edilən dövrdə iqtisadiyyatımız 2,2 faiz artıb. Ümumi daxili məhsul 2,2 faiz, sənaye istehsalı 1,5 faiz artıb. Eyni zamanda qeyri-neft sektoru 14 faizdən çox artıb.
Bəli, qeyd edildiyi kimi, vətəndaşların sosial-rifahının yüksəldilməsi, infrastrukturun yenilənməsi yönündə atılan addımlar bu gün bölgələrimizin iqtisadi vəziyyətini yüksəltməklə yanaşı, simasını da dəyişir. Prezident İlham Əliyev sözügedən konfransdakı çıxışında bildirib ki, ölkəmizin dayanıqlı inkişafı üçün gözəl zəmin yaradılır. Təbii ki, bütün bu işlər və eyni zamanda, aparılan islahatlar kənd təsərrüfatının inkişafına da güclü təkan verdi: “Kənd təsərrüfatı istehsalı son illərlə müqayisədə rekord həddə çatdı. Yəni, artım tempi 7 faizdən çox olmuşdur, xüsusilə bitkiçilikdə artım 10 faizdən çoxdur. Bizim kənd təsərrüfatı məhsullarının ixracı artır. Daxili tələbat yerli məhsullar hesabına təmin edilir. Çünki bütün bu işlər bir-biri ilə sıx bağlı olan məsələlərdir”.
Qeyd edildiyi kimi, qəbul olunan Dövlət proqramlarının uğurlu icrası bölgələrdə yüksək iqtisadi artıma yol açıb və bu inkişaf 2019-cu ildə də davam edib. Elə Aran iqtisadi rayonuna daxil olan rayonlarda 2019-cu ildə əldə edilən uğurlar da deyilənləri təsdiqləyir. Xatırladaq ki, Aran iqtisadi rayonu Aran bölgəsini əhatə edir və əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi rayonun ümumi sahəsi 21,43 min kv. km olmaqla ölkə ərazisinin 24,7 faizini əhatə edir. Aran iqtisadi rayonunun ərazisinin yarıdan çoxu dəniz səviyyəsindən aşağıda yerləşən düzənliklərdən ibarətdir. İqtisadi rayonun yalnız ətraf dağlara yaxın hissələrinin səthi mailidir. Region üçün əsasən quru subtropik iqlim xarakterikdir. İqtisadi rayonun yaşayış üçün əlverişli təbii şəraiti və əlverişli iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynayıb. Bununla yanaşı, Aran iqtisadi rayonu ölkə əhəmiyyətli magistral nəqliyyat xətləri (dəmir və şose yolları) üzərində yerləşir. Bakı şəhərini ölkənin əsas iqtisadi rayonları, Gürcüstan, İran və Türkiyə ilə birləşdirən nəqliyyat yolları bu rayonun ərazisindən keçir. Son vaxtlar beynəlxalq yükdaşımaların çoxalması bu yolların əhəmiyyətini artırıb.
Beləliklə, Aran iqtisadi rayonuna daxil olan Biləsuvar rayonunda 2019-cu ildə iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılıb, sənaye və kənd təsərrüfatının inkişafı davam edib. Ötən il rayonda ümumi məhsul buraxılışının həcmi 425 milyon 400 min manat olub. Ümumi məhsul buraxılışında kənd təsərrüfatının payı 128 milyon 185 min, sənayenin 100 milyon 273 min, ticarətin 90 milyon 680 min, tikintinin payı isə 102 milyon 282 min manat təşkil edib. Rayonda tikinti, abadlıq və quruculuq sahələrində aparılan işlər ilboyu davam etdirilir. Hesabat dövründə Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad avtomobil yolunun tikintisi başa çatdırılıb, şəhər ərazisində kanalizasiya çəkilişi zamanı yararsız vəziyyətə düşmüş 7 kilometrlik yol yenidən asfaltlanıb, 16 küçədə çınqıl-qum qarışığı ilə əsaslı təmir işləri aparılıb. Xırmandanlı kəndində 40 yerlik uşaq bağçasının, şəhərin Heydər Əliyev prospektində 48 mənzilli yaşayış evinin, şəhər 1 nömrəli tam orta məktəb üçün 1176 və Muğanlı kəndində 80 yerlik modul tipli məktəb binasının tikintisi başa çatıb, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğulduğu Əlabat kəndində daxili imkanlar hesabına şəhidin ev-muzeyi, 2016-cı ilin Aprel döyüşlərində şəhid olan biləsuvarlı hərbçilərin şərəfinə “Zəfərə aparan yol - Lələtəpə” xatirə abidəsi tikilib.
Ötən il uzunluğu 60 kilometr olan Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması və Əlabat kəndində 40 yerlik uşaq bağçasının tikintisinə başlanılıb.
Rayonda əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin edilməsi məqsədilə şəhər mərkəzində və kəndlərdə 18,5 kilometr SİP kabel çəkilib, 62 transformator cari, 14 transformator isə əsaslı təmir olunub. Səmədabad kəndində gücü 60 meqavat olan elektrik yarımstansiyası istifadəyə verilib. Əhalinin təbii qaza olan tələbatının yaxşılaşdırılması məqsədi ilə şəhər ərazisində və kəndlərdə qaz xətləri çəkilib, 26 yaşayış məntəqəsinin əsas hissələri təbii qazla tam təmin olunub. Xırmandanlı kəndinin yeni yaşayış massivində 340 abunəçisi olan məhəlləyə təbii qaz verilib.
Vurğulanmalıdır ki, Biləsuvar rayonu kənd təsərrüfatı rayonu olduğu üçün iqtisadiyyatın əsasını da bu sahədən gələn gəlirlər təşkil edir. Azərbaycan Prezidentinin ölkəmizdə pambıqçılığın inkişafına göstərdiyi diqqət və qayğıdan bəhrələnən mülkiyyətçilər 2019-cu ildə 10 min 257,7 hektar sahədə pambıq əkib, hər hektardan 29,9 sentner olmaqla, 30 min 706 ton xam pambıq istehsal ediblər. Cari ildə daha yüksək nəticələr əldə etmək üçün hazırda pambıq sahələri şumlanılır və digər zəruri tədbirlər görülür.
O cümlədən rayonda pambıqçılığın inkişafı ilə yanaşı, kənd təsərrüfatının digər sahələrinin inkişafı da diqqət mərkəzində olub və hesabat dövründə 43 min 932 ton buğda, 50 min 290 ton arpa, 485 ton çəltik istehsal edilib. Orta məhsuldarlıq 31,2 sentnerə çatıb ki, bu da 2018-ci illə müqayisədə 3,3 sentner çoxdur.
Ötən dövrdə rayonda iribuynuzlu mal-qaranın baş sayı 40 min, qoyun-keçilərin sayı isə 136,8 min baş təşkil edib. Təsərrüfatlarda saxlanılan heyvanlar hesabına ət istehsalı 6778,5 ton (diri çəkidə), süd istehsalı 27 min 165,7 ton, yun istehsalı isə 300 ton olub.
Ötən il Beyləqan rayonunda da ümumi məhsul buraxılışının həcmi artaraq 528,11 milyon manat olub. Bu, 2018-ci ilin müvafiq dövrünə nisbətən 232,8 milyon manat çoxdur. Ümumi məhsul buraxılışının 52,81 milyon manatını sənaye, 123,6 milyon manatını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edib. 54,5 milyon manatlıq tikinti-quraşdırma işləri görülüb. Ümumiyyətlə, 2019-cu il beyləqanlılar üçün Prezident İlham Əliyevin fevralın 13-də rayona səfəri ilə əlamətdar və yaddaqalan olub. Səfər çərçivəsində dövlət başçısı Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun, Beyləqan Olimpiya İdman Kompleksinin, Tarix-Diyarşünaslıq Muzeyinin, 10/35/10 kV-luq “Beyləqan-1” yarımstansiyasının açılışında iştirak edib, rayon ərazisində yeni inşa edilmiş hərbi hissədə yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısı Beyləqan şəhərində yerləşən mədəniyyət və istirahət parkında rayon sakinləri ilə görüşüb, onların həyat şəraiti ilə maraqlanaraq müvafiq tapşırıqlar verib.
Eləcə də ötən il rayonda tikinti-abadlıq işləri davam etdirilib. Bu dövrdə Beyləqan şəhərinə Beyləqan-Daşburun və Şəfəq qəsəbəsi ərazisindən giriş hissələrində işıq dirəkləri yenilənərək led işıqlarla təmin edilib, yol kənarlarında abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Mücirəddin Beyləqani adına park yenidən qurulub, Veteranlar parkı bərpa olunub. Beyləqan şəhərinin Sərdar Mirəliyev küçəsində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Nasimi parkı salınıb. İmaməddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar rayonda 10 min ədəd müxtəlif növ ağac əkilib. Beyləqan şəhərinin küçələrində ümumilikdə 33 min 352 kvadratmetr əraziyə asfalt örtüyü döşənib, 332,9 kvadratmetr divarlar qaya daşları ilə bəzədilib. Yeni quraşdırılan işıq qurğuları Beyləqan şəhərinə xüsusi yaraşıq verir. Hazırda Beyləqan şəhərində 36 mənzilli yaşayış binasının tikintisi davam etdirilir.
Aqrar sahədən bəhs edilərkən qeyd olunmalıdır ki, ötən il 9706 hektar sahədə pambıq əkilib, 29,4 min ton məhsul istehsal edilib. Əvvəlki illə müqayisədə pambıq istehsalı 7523 ton çox olub. Bundan başqa, ötən il 12 min 431 hektarda taxıl, 558,7 hektarda şəkər çuğunduru, 385 hektarda kartof, 1293 hektarda tərəvəz, 413,5 hektarda bostan, 60 hektarda paxlalılar, 483 hektarda soya əkilib. Hesabat dövründə heyvandarlığın stabil inkişafı davam edib, iribuynuzlu mal-qaranın sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 258 baş artaraq 59 min 194 başa, xırdabuynuzluların sayı 2747 baş artaraq 302 min 759 başa çatıb. 8005 ton ət, 39 min 663 ton süd, 24 min 763 min ədəd yumurta, 596 ton yun istehsal edilib.
Aran iqtisadi rayonuna daxil olan Salyan rayonunda da 2019-cu ildə iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılıb, sənaye və kənd təsərrüfatının inkişafı davam etdirilib, abadlıq, quruculuq və tikinti işləri sürətləndirilib. İnvestorlarla aparılmış görüşlər, sahibkarlığın inkişafı üçün yaradılmış münbit şərait nəticəsində rayonda özəl investisiya hesabına ümumi dəyəri 32 milyon 340 min manat olan 21 kənd təsərrüfatı, sənaye, iaşə və emal istehsal sahələri üzrə layihələrin icrası davam etdirilib. Artıq bir çox sahələr üzrə işlər başa çatdırılıb. Layihələrin həyata keçirilməsi 427 yeni iş yerinin yaradılmasına imkan verəcək.

(davamı növbəti sayımızda)
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 728 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30