Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında turizmin inkişafı üçün mühüm tədbirlər görülür

Azərbaycanın regionlarında turizmin inkişafı üçün mühüm tədbirlər görülür

27.02.2020 [09:35]

Şəhər və rayonlarda infrastrukturun yenilənməsi, yeni sağlamlıq-istirahət mərkəzlərinin, sanatoriyaların tikilməsi xarici turistlərin ölkəmizə marağını daha da artırıb
Məlum olduğu kimi, son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası istiqamətində görülən işlər çərçivəsində turizm sahəsinə diqqət daha da artırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq turizm ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməkdədir.
O cümlədən ölkənin regionlarında da turizm sektorunu inkişaf etdirmək üçün məqsədyönlü tədbirlər görülür. Bu baxımdan regionların turizm potensialının xarici ölkələrdə tanıdılması böyük aktuallıq daşıyır. Respublikamızda və ölkə hüdudlarından kənarda keçirilən rəngarəng tədbirlərdə bölgələrimizin zəngin turizm potensialı təqdim olunur.
Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə ölkənin turizm sektorunu təmsil edən 100-dən çox şirkət nümayəndələri ilə baş tutan “Destinasiyanın inkişafı platforması” adlı tədbiri məhz yuxarıda qeyd edilən işlərin tərkib hissəsi hesab etmək olar.
Dövlət Turizm Agentliyindən (DTA) bildirilib ki, yeni turizm məhsullarının nümayişi və təqdimatının da keçirildiyi tədbirdə “İter Vitis” şərab marşrutu barədə məlumat verilib, “azerbaijanwine.az” saytı nümayiş olunub və şərab istehsalı ilə məşğul olan yerli şirkət nümayəndələri fəaliyyət göstərdikləri sahə üzrə təqdimat keçiriblər.
Tədbirdə sanatoriya, kurort və tibb müəssisələrini təmsil edən nümayəndələr tərəfindən auditoriyaya Azərbaycanda sağlamlıq turizmi üzrə mövcud imkanlar haqda ümumi məlumatlar təqdim olunub. Silsilə təqdimatlarda həmçinin Azərbaycanın qolf turizmi üzrə imkanları və turizm sərgilərində faydalı iştirakın təşkili qaydaları barədə məlumat verilib.
Qeyd edək ki, ATB tərəfindən turizm sektorunun təmsilçilərinə il ərzində mövzular üzrə rüblük təqdimatların keçirilməsi nəzərdə tutulub.
Yeri gəlmişkən bildirək ki, Naftalan Şəhər İcra Hakimiyyəti, DTA və ATB-nin birgə təşkilatçılığı ilə Naftalan brendinin (markasının) ilkin hazırlığı ilə bağlı seminar keçirilib. Həmin tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, ATB-nin baş icraçı direktoru Florian Zenqstşmid, DTA koordinatoru Müsalim Əfəndiyev, DTA-nın Gəncə Regional Destinasiya Menecmenti Təşkilatının direktoru Zaur Bayramov və şəhərdə fəaliyyət göstərən sanatoriya-kurort müəssisələrinin rəhbərləri iştirak ediblər.
Naftalan ŞİH-in başçısı V.Novruzov çıxış edərək şəhərin mövcud turizm potensialı barədə mütəxəssislərə ətraflı məlumat verib. Şəhər rəhbəri Naftalan brendinin formalaşması ilə bağlı aparılacaq müzakirələrin, veriləcək təkliflərin Naftalanda turizmin gələcək inkişafı baxımından müsbət və faydalı olacağını qeyd edib.
ATB-nin baş icraçı direktoru Florian Zenqstşmid seminarda mövzu ilə bağlı çıxış edib və Naftalan şəhər turizm brendinin yaradılmasını yüksək qiymətləndirib.
Naftalandan söz düşmüşkən, nadir təbii tərkibə malik olan müalicəvi əhəmiyyətli Naftalan neftinin şöhrətinin bütün dünyada ildən-ilə daha geniş yayılması bu şəhərə gələn turistlərin sayında son 5 ildə hər il yeni rekordun qeydə alınması ilə nəticələnib. İndi Azərbaycanda, xüsusən də respublikanın beynəlxalq turizm mərkəzlərindən olan Naftalanda turizmin inkişafı üçün görülmüş bütün işlər - şəhər infrastrukturunun yenilənməsi, yeni sağlamlıq-istirahət mərkəzlərinin, sanatoriyaların tikilməsi ilə yanaşı, həm də turist məmnunluğunun artırılmasını zəruri edib.
Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və “Gözəl Naftalan” sanatoriyasının dəstəyi ilə mərkəzdə ilk dəfə olaraq turistlərə göstərilən xidmətin daha da yüksəldilməsi və turist məmnunluğun təmini məqsədilə burada “Naftalan 24/7” satıcısız mağaza fəaliyyətə başlayıb. Pilot layihə kimi istifadəyə verilən mağazada turistlərin daha çox ehtiyacı olan 20-dək çeşiddə tələbat malları satışa çıxarılıb.
Mağazadakı məhsullar arasında, həmçinin “Naftalan məlhəmi” MMC-nin hazırladığı diş pastaları, kremlər, yağlar, şampunlar, sabunlar və digər təbii tərkibli, müalicəvi əhəmiyyətli məhsullar yer alıb. Mağazada satışa çıxarılmış məhsulların qiyməti 50 qəpikdən - 10 manatadək təşkil edir.
Qeyd edək ki, sahibkar Elvin Əliyev KİV-ə açıqlamasında turistlərin və şəhər sakinlərinin məmnunluğuna xidmət edən bu tipli layihələrin gələcəkdə də davam etdiriləcəyini və satışın nağdsız ödəmələr vasitəsilə aparılacağını deyib.
Naftalanda ilk satıcısız mağazanın fəaliyyətə başlaması xarici turistlər tərəfindən də məmnunluqla qarşılanıb. Turistlər arasında Rusiyadan olanlar üstünlük təşkil edir. Moskvadan gələn Vladimir Mamonov indiyədək dünyanın bir çox istirahət mərkəzlərində - Çexiyada Karlovı Varıda, Krımdakı, Şimali Qafqazdakı və MDB məkanındakı sanatoriyalarda istirahət etdiyini deyib. Ancaq oralarda belə mağaza görməyib: “Naftalan 24/7” mənim gördüyüm və turistlər üçün nəzərdə tutulmuş ilk satıcısız mağazadır. Naftalanda belə bir mağazanın fəaliyyətə başlaması mənim üçün çox xoş oldu. Bu, müştərilərə, xüsusən də xarici turistlərə olan böyük diqqət və inamdır. İndi biz istədiyimiz vaxt özümüzə lazım olan malları bu mağazadan ala bilərik. Budur, mağazadan Naftalan nefti əsasında hazırlanan müalicəvi şampun almışam. Qonaqpərvər və xoşniyyətli bir mühitdə istirahət etmək məndə məmnunluq yaradır. Düşünürəm ki, gələn il xanımımla bu gözəl məkana mütləq bir də gəlməliyəm”.
Bu günlərdə Minsk şəhərində keçirilən “Travel Connections Minsk” tədbirində Belarusun 25 turizm şirkətinə Azərbaycanın turizm məhsulları təqdim edilib. DTA-dan bildirilib ki, B2B formatında keçirilən görüşlərdə Azərbaycanın turizm potensialı haqda geniş məlumat verilib. Eyni zamanda, iştirakçılara Azərbaycanın yeni turizm marşrutları nümayiş olunub.
Tədbirdə Minsk-Bakı arasında birbaşa uçuşların olması, iki ölkə arasında vizasız rejimin tətbiqi, dil baryerinin olmaması xüsusi vurğulanıb və bu imkanlardan yararlanaraq turistlərin sayının artırılması müzakirə olunub.
ATB-nin baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib ki, DTA və ATB-nin təşkilatçılığı ilə ölkəni təmsil edən turizm şirkətləri İsrailin Təl-Əviv şəhərində keçirilən “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2020) sərgisində də iştirak edib. Sərgidə Azərbaycanı 80 kvadratmetrlik stendlə 4 hotel, 3 turoperator və Dağ Yəhudiləri Muzeyi təmsil edib.
B.Əsgərov qeyd edib ki, İsrail son illər turizm üzrə Azərbaycana maraq göstərən ölkələr arasında xüsusilə seçilir. O, İsrail bazarının Azərbaycan üçün vacibliyini qeyd edərək ötən illərlə müqayisədə israilli turistlərin sayında artım olduğunu və Azərbaycana marağı daha da artırmaq üçün yeni turizm məhsullarının hazırlandığını diqqətə çatdırıb: “Əminliklə demək olar ki, göstəricilər daha da artacaq, çünki zəngin turizm potensialı, Azərbaycandakı qədim yəhudi irsi, iki xalq arasında dostluq münasibətləri, qarşılıqlı maraqlar faydalı əməkdaşlıq üçün geniş imkanlar yaradır”.
Vurğulanıb ki, 2019-cu ildə Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı 47 min nəfər təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 66,8 faiz artım deməkdir. Bu ilin yanvar ayında isə Azərbaycana 1722 İsrail vətəndaşı gəlib və bu da 2019-cu ilin yanvar ayı ilə müqayisədə 158 faiz artım hesab olunur.
ATB-nin Beynəlxalq bazarların idarə edilməsi departamentinin əməkdaşı Rüfət Sadıxov isə bildirib ki, israilli turistlərin marağına səbəb olan əsas turizm növlərindən biri də sağlamlıq turizmidir və bu səbəbdən Qalaaltı, Duzdağ, Naftalan kimi sağlamlıq turizminin mövcud olduğu yerlər barəsində daha intensiv tədbirlər görüləcək.
Sərgi çərçivəsində İsraildə ilk dəfə Dağ Yəhudiləri Muzeyinin təqdimatı da baş tutub. Muzeyin icraçı direktoru İqor Şaulov bildirib ki, Qubada yaradılan muzey artıq test rejimində fəaliyyətdədir və yaxın zamanlarda rəsmi açılışı baş tutacaq. Azərbaycan stendini ziyarət edənlər muzeyə və Azərbaycandakı yəhudi irsinə böyük maraq göstərirlər.
Qeyd edək ki, Azərbaycana olan maraq nəzərə alınaraq ATB tərəfindən Bakı, Quba, Oğuz, İsmayıllı və yəhudi irsinin mövcud olduğu digər bölgələri əhatə edən turizm marşrutu hazırlanır.
Azərbaycan stendində təmsil olunan “PAŞA Travel” şirkətinin Marketinq və ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Abdurəhmanova isə deyib ki, ikitərəfli biznes əlaqələri üçün İsrail uğurlu və perspektivli istiqamətdir: “İsrailli turistlər aktiv istirahəti sevirlər, onlar təkcə Bakıya deyil, Azərbaycanın digər guşələrinə də səfərlər edirlər. Ötən il yəhudilərin Pesax bayramı zamanı israilli turistlərin Azərbaycana gəlməsini asanlaşdırmaq üçün 3 çarter reysi də təşkil etmişik”.
Yeri gəlmişkən, Azərbaycanın turizm baxımından cəlbedici və əlverişli imkanlara malik ölkə olması, həmçinin ölkəmizin regionlarında turizmin inkişafı istiqamətində həyata keçirilən işlər xarici mətbuatın da diqqətindədir. Belə ki, Rumıniyanın “News24hours” xəbər portalında Azərbaycanın turizm potensialı barədə davamı olaraq məqalələr yer alır. Bu dəfə isə portalda Azərbaycanda fəaliyyət göstərən hamamlar barədə məqalə verilib.
Yazıda qeyd olunur ki, hazırda ölkəmizdəki tarixi hamamların əksəriyyəti memarlıq abidəsi kimi qorunur, bir neçəsi isə öz təyinatı üzrə istifadə olunur. Azərbaycanın bir çox bölgələrində fəaliyyət göstərən hamamların adları, tarixi barədə məlumat verilib. Gəncədə yerləşən Çökək hamamının 2002-ci ildən beynəlxalq əhəmiyyətli mədəniyyət abidəsi statusu alması və UNESCO tərəfindən mühafizə olunması vurğulanıb.
İndoneziyanın “The Jakarta Post” qəzeti isə bu yaxınlarda Azərbaycanda səfərdə olmuş müxbiri Viramala Ancayanın Bakı şəhərinin gözəlliyindən bəhs edən məqaləsini yayıb. “Gözəl Bakı - məhəbbət və əfsanələr şəhəri” adlı məqalədə müəllif indoneziyalı oxuculardan ilk olaraq Avropa və Asiyanı birlikdə görmək istədiklərini, müxtəlif iqlim qurşaqlarında eyni vaxtda olmağı və dənizə çıxışı olmasa da, 650 kilometr uzunluğunda sahilə və özünəməxsus gözəlliklərə malik bir ölkəyə səfər etməyi arzuladıqlarını soruşur. Özü də cavabında bildirir ki, əgər bütün bunların hamısını birlikdə görmək istəyirsinizsə, mütləq Cənubi Qafqazın neftlə zəngin ölkəsi olan Azərbaycana səfər edin. Qeyd edir ki, Avropa və Asiyanın qovuşuğunda yerləşən Azərbaycan həm də özündə Şərq və Qərb mədəniyyətini birləşdirir.
Bakının həm tarixi, həm də müasir tikililəri ilə göz oxşadığına diqqət çəkən indoneziyalı jurnalist burada UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Qız Qalası, İçəri şəhər, Şirvanşahlar sarayı kimi tarixi abidələrin yerləşdiyini bildirir. Maraqlı möcüzələri ilə diqqəti cəlb edən bu diyarda Yanardağ kimi təbiət möcüzəsinin turistlər tərəfindən böyük maraqla qarşılandığını qeyd edir.
Bildirir ki, XX əsrin sonu, XXI əsrin əvvəllərində növbəti dəfə baş verən neft bumu Bakının qlobal dizaynerlərin müsabiqə yerinə çevrilməsinə, qısa zamanda burada ultramüasir və futuristik binaların sayının sürətlə artmasına səbəb olur. Həmin tikililər Bakını əvvəllər olduğundan daha müasir və daha gözəl görkəmə salır. Həmin tikililər sırasında müasirliyi və möhtəşəmliyi ilə diqqəti cəlb edən “Alov qüllələri”, orijinal memarlıq abidəsi olan Heydər Əliyev Mərkəzi, Azərbaycan Xalça Muzeyi, Atəşgah məbədi, Hökumət evi, Kiçik Venesiya, Bibiheybət məscidi kimi binaların xüsusi yer tutduğunu vurğulayır.
Bakıya gedən bütün turistləri öz əsrarəngiz tamı ilə heyran edən Azərbaycan mətbəxinə toxunan müəllif milli yeməklərimizin özünəməxsusluğu ilə şöhrət qazandığını qeyd edir. Bakının öz gözəlliyi ilə onu görənləri heyran qoyduğunu diqqətə çatdıran jurnalist burada bir çox məşhur filmlərin lentə alındığını da xatırladır. Eyni zamanda, Azərbaycan paytaxtının mühüm beynəlxalq tədbirlərin, idman və musiqi yarışlarının keçirildiyi dünya miqyaslı mərkəzlədən birinə çevrildiyini vurğulayır.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 733 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30