Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında müasir sənaye quruculuğu geniş vüsət alıb

Azərbaycanın regionlarında müasir sənaye quruculuğu geniş vüsət alıb

29.02.2020 [10:13]

Bölgələrdə istifadəyə verilən yeni sənaye müəssisələri ölkə üzrə iqtisadi aktivliyin artmasına, əhalinin məşğulluğunun təmin olunmasına, həmçinin respublikamızın ixrac imkanlarının genişlənməsinə müsbət təsir göstərir
(əvvəli ötən sayımızda)

Digər bir özəlliyimiz isə yalnız yerli mövsümi xammaldan istifadə və həmin xammalın təchizatını bütün ölkəboyu kiçik fermerlərdən tədarük etməyimizdir. Bu həm yüksəkkeyfiyyətli, pestisidlərsiz xammal əldə etməyə, həm də kiçik fermerlər üçün öz məhsullarını bazar qiymətindən nisbətən yüksək qiymətə birbaşa alıcı şirkətlərə satmağa imkan verir”.
Qeyd edək ki, müəssisə beş ildir fəaliyyət göstərir və bu vaxt ərzində dövlətin kiçik və orta biznesə dəstəyinin bəhrəsi olaraq bir çox uğurlara imza atıb. “Fəaliyyətimiz əsasən ixracyönümlüdür. Hazırda məhsullarımız Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Polşa kimi ölkələrə ixrac olunur. Bizim məhsul portfelinin unikallığı qədim Azərbaycan reseptlərinin araşdırılaraq yenidən üzə çıxarılması, nəsildən-nəslə ötürülən təam nümunələrinin dünyaya çatdırılma konsepsiyası üzərində qurulmasıdır. Məhsullarımız dünyanın bir çox ölkələrində təşkil olunmuş qida və kənd təsərrüfatı sərgilərində ölkəmizi yüksək səviyyədə təmsil edib və sərgi iştirakçılarının böyük marağını qazanıb. Məqsədimiz dövlət başçısının qarşıya qoyduğu hədəflərə uyğun olaraq, ənənəvi ixrac bazarlarından əlavə, yeni ixrac bazarlarının tapılması və ixracın coğrafi diversifikasiyasıdır”, - deyə A.Əhmədova vurğulayıb.
A.Əhmədova əlavə edib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq qeyri-neft məhsullarının ixracının genişləndirilməsi və “Made in Azerbaijan” brendinin dünyada tanıdılması istiqamətində dövlətin dəstəyi ilə mütəmadi olaraq xarici ölkələrə ixrac missiyaları təşkil olunur, beynəlxalq sərgilərdə vahid ölkə stendi ilə iştirak edilir. Dövlətin vəsaiti hesabına həyata keçirilən dəstək tədbirləri sahibkarlar üçün xarici partnyorların tapılması və ixracın artırılması istiqamətində platforma rolunu oynayır. Yaradılmış bu cür şəraiti dəyərləndirərək istehsal edilən məhsulların xarici bazarlara çıxarılması istiqamətində bir sıra müqavilələr bağlanılıb, uğurlu nəticələr əldə olunub.
“Biz dövlət başçısının iqtisadiyyatın real sektorunun inkişafına yönəlmiş tövsiyə və tapşırıqlarını rəhbər tutaraq xammaldan əlavə dəyər yaradan hazır məhsulların istehsalına xüsusi əhəmiyyət veririk. Şirkətimizin məqsədi yalnız məhsul ixrac edib, ölkəyə valyuta axınını təmin etməkdən ibarət deyil. Əsas amalımız qədim Azərbaycan mətbəxini, ənənələrini, tarixini və potensialını dünya xalqlarına çatdırmaq və ümumilikdə keyfiyyətli Azərbaycan məhsulları ideyasını dünyada təbliğ etməkdir. Bu məqsədlə şirkətimiz müxtəlif ölkələrdə məhsullarımızın dequstasiya və təbliğat aksiyalarını təşkil edir”, - deyə A.Əhmədova bildirib.
“Ağstafa Aqrar Sənaye Kompleksi” müəssisəsinin istehsal gücünün artırılması məqsədi ilə müvafiq işlər görülür
Azərbaycan Prezidentinin ərzaq təhlükəsizliyinin təmin edilməsi çərçivəsində ölkəmizdə ənənəvi kənd təsərrüfatı sahələrindən biri hesab olunan taxılçılığın inkişafı istiqamətində verdiyi tövsiyələrin icrası ilə əlaqədar regionlarda məqsədyönlü tədbirlər həyata keçirilir. 2012-ci il aprel ayının 12-də dövlət başçısının iştirakı ilə müasir avadanlıq və 80-dən artıq kənd təsərrüfatı texnikası ilə təchiz edilmiş özəl “Ağstafa Aqroservis” müəssisəsinin açılışı həyata keçirilib. Müəssisənin inkişaf planına əsasən 2012-2019-cu illərdə Ağstafa rayonunun Ceyrançöl sahəsində 2748 hektar torpaq sahəsində növbəli əkin sistemi tətbiq edilərək, ərzaq buğdası, yonca, arpa və digər məhsullar istehsal edilib. Təkcə 2018/2019-cu əkin ilində müəssisənin istifadəsində olan torpaq sahəsində 8200 ton yüksək zülallı ərzaq taxılı, 1200 ton günəbaxan dəni istehsal edilib. Hazırda əlavə olaraq 3800 hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməklə müəssisənin istehsal gücünün artırılması məqsədi ilə müvafiq işlər görülür.
“Ağstafa Aqrar Sənaye Kompleksi” müəssisəsinin icraçı direktoru Anar Orucov məlumat verərək bildirib ki, iri özəl taxılçılıq və sənaye istehsalı müəssisələrinin yaradılmasının vacibliyi ilə bağlı dövlət başçısının tövsiyələrini nəzərə alaraq, 2016-cı il oktyabr ayının 19-da təməli qoyulan beş zavoddan ibarət Ağstafa Aqroparkı xarici mütəxəssislərlə birgə layihələndirilib və hazırda tikinti-quraşdırma işləri həyata keçirilir. Təməlqoymadan sonra böyük iş həcmi yerinə yetirilib. Bu barədə söhbət açan A.Orucov deyib: “Layihə üzrə əsasən Almaniya və İsveçrənin nüfuzlu şirkətlərinin istehsal etdiyi, saatda 200 ton emal gücünə malik, ilkin təmizləmə avadanlığı, saatda 50 ton qurutma gücünə malik və ümumi saxlama həcmi 36 min ton olan rezervuar, saatda 25 ton emal gücü olan dənli bitkilər toxumu istehsalı zavodu, saatda 5 ton emal gücünə malik paxlalı bitkilərin toxumu istehsalı zavodu, saatda 5 ton emal gücündə dəyirman kompleksi, sutkada 36 ton istehsal gücündə çörək və yarımfabrikatlar zavodu inşa edilərək avadanlıqları quraşdırılıb.
Layihə üzrə nəzərdə tutulmuş bütün işlər başa çatdırılıb, texnoloji avadanlıqların sazlama prosesi yekunlaşmaq üzrədir. Görülən işlərin nəticəsində “Sahədən süfrəyə” prinsipini əsas tutaraq bütün istehsal prosesini zəncirvarı olaraq qurmağa müvəffəq olmuşuq. Hazırda müəssisəmizdə və törəmə müəssisələrimizdə 360 nəfər işlə təmin olunub”.
Bildirilib ki, layihənin ümumi dəyəri 86 milyon manat təşkil edir ki, bunun da bir hissəsi Almaniyanın “Euler Hermes” ixracat sığortası dəstəyi ilə Almaniya bankından götürülmüş kredit, həmçinin 5 milyon manatı dövlətimizin sahibkarlığın inkişafı məqsədilə ayırdığı güzəştli kredit və müəssisənin daxili imkanları hesabına icra edilib. “Bildirmək istəyirəm ki, müəssisəmizə təqdim olunan investisiya təşviqi sənədi əsasında Avropa ölkələrindən idxal etdiyimiz texnoloji xətlər idxalda gömrük rüsumundan azad edilib, eləcə də müəssisəmizə 7 il müddətinə vergi güzəştləri tətbiq olunub. Təşviq sənədinin alınması nəticəsində qənaət olunmuş 2 milyon 600 min manat vəsait müəssisənin yaradılmasında istifadə edilib”, - deyə A.Orucov vurğulayıb.
“Lənkəranda çəltiyin müasir üsullarla istehsalı və emalı” dəyər zənciri layihəsinin təqdimatı olub
Bu günlərdə “Lənkəranda çəltiyin müasir üsullarla istehsalı və emalı” dəyər zənciri layihəsinin təqdimatı keçirilib. Yeni layihənin təqdimatı ilə bağlı keçirilən tədbirdə bildirilib ki, aqrobiznes dəyər zəncirlərinin yaradılması Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə icra etdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin aqrobiznesin inkişafı üçün investisiya və məsləhət dəstəyi sub-komponenti çərçivəsində innovativ fəaliyyətlərindən biridir.
Dəyər zənciri çərçivəsində Lənkəran, Astara və Masallı rayonlarından olan, 155 hektar sahəyə malik 11 fermerin “Faran” MMC emal müəssisəsi ilə əməkdaşlığı və onun vasitəsilə məhsulun bazara çıxışı nəzərdə tutulub. Emal müəssisəsinə alınmış müasir avadanlıq xətti sayəsində emal həcmi 8 dəfə artaraq 1 iş növbəsində 1 tondan 8 tona çatdırılıb. Müasir avadanlıq hesabına təmiz düyünün çıxışı 40%-dən 58%-ə çatıb. Qırıq düyünün çıxışı isə 30%-dən 8%-dək azaldılıb.
Qeyd olunub ki, “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” qəbul edilib və son 2 il ərzində çəltikçilik sahəsinə yerli fermerlərin marağı artıb. Çəltik istehsalı ilə məşğul olan fermerlər bu sahənin inkişafı ilə bağlı öz fikirlərini bölüşüblər, onların təklifləri qeydə alınıb. Dəyər zəncirləri layihəsi ölkədə ilk dəfə olaraq müqavilə əsaslı təsərrüfatçılığı həyata keçirir. Bu model emal müəssisəsi ilə müqavilə bağlamış fermerlərin məhsul satışı probleminin tam şəkildə aradan qaldırılmasına əsaslanır.
“Makaron sənayesinin gücləndirilməsində yerli bərk buğda sortlarından istifadənin genişləndirilməsi” mövzusunda sərgi-konfrans keçirilib
Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu istehsalçılarla əlaqələrin yaxşılaşdırılması məqsədi ilə “Makaron sənayesinin gücləndirilməsində yerli bərk buğda sortlarından istifadənin genişləndirilməsi” mövzusunda sərgi-konfrans keçirib.
Tədbirdə ölkənin əsas makaron istehsalçıları şirkətlərinin nümayəndələri, ayrı-ayrı bölgələrdən olan fermerlər və AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun nümayəndələri iştirak ediblər.
İnstitutun direktoru Faiq Xudayev respublikamızda taxıl istehsalının artırılmasında Əkinçilik Elmi-Tədqiqat İnstitutunun rolundan danışaraq yerli sortlar haqqında geniş məlumat verib, onların üstünlüklərini diqqətə çatdırıb. F.Xudayev vurğulayıb ki, bundan sonra əsas məqsəd makaron istehsalçıları ilə işbirliyinin yaradılmasına yönələcək. İnstitutun istehsalat üzrə direktor müavini Atif Zamanov taxıl istehsalının artırılmasında aparılan tədbirlər paketinin əhəmiyyəti, “Dənin keyfiyyəti laboratoriyası”nın müdiri Qətibə Həsənova makaron istehsalında buğda sortlarının keyfiyyət göstəriciləri, “Bitki seleksiyası” şöbəsinin aparıcı elmi işçisi Xanbala Rüstəmov bərk buğda istehsalı və yeni sortlar haqqında istehsalçılara məlumat veriblər.
Makaron məhsulları istehsalçısı olan şirkətin nümayəndəsi İlqar Əhmədov çıxış edərək Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib. Qarşılıqlı müzakirə zamanı qərara alınıb ki, əməkdaşlığın genişləndirilməsi üçün işçi qrupu yaradılsın. “Elmi-tədqiqat müəssisəsi olaraq bizim əsas məqsədimiz istehsalçı şirkətlərin yerli buğda sortlarına yönəlməsini təmin etmək, bərk buğda əkinçiliyi ilə məşğul olan fermerlərin gəlirlərini artıraraq idxalı əvəz edən məhsulların istehsalını genişləndirməkdir”, - deyə Faiq Xudayev bildirib.
Konfrans çərçivəsində institutun yaratdığı bərk buğda sortlarının nümayişi keçirilib, istehsalçılara bu sortların sənaye üçün əhəmiyyəti haqqında geniş məlumat verilib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 673 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30