Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir

Ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir

08.04.2020 [09:41]

2020-ci ilin ötən dövrü ərzində də regionlarda məktəb tikintisi ilə bağlı ardıcıl və sistemli fəaliyyət davam etdirilib, əhəmiyyətli addımlar atılıb

Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son 16 ildə həm bütövlükdə ölkəmiz, həm də respublikamızın regionları uğurla inkişaf edib. Bölgələrin inkişafından danışarkən, təbii ki, müxtəlif şəhər, rayon, qəsəbə və kəndlərdə reallaşdırılan infrastruktur layihələrini, o cümlədən məktəb tikintisini xüsusi vurğulamaq yerinə düşər. Məlumat üçün bildirək ki, bu il ərzində də davam etdirilən sosial infrastruktur layihələri çərçivəsində onlarla məktəbin tikilməsi, yaxud da təmir edilməsi nəzərdə tutulub və 2020-ci ilin ötən dövrü ərzində də bu istiqamətdə əhəmiyyətli addımlar atılıb. Bu barədə bir qədər sonra.

Hələlik isə qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə son 16 ildə məktəb tikintisi ardıcıl olaraq davam etdirilir. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da təhsil müəssisələrinin infrastrukturunun yenilənməsinə geniş yer ayrılıb. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində son 16 ildə 3300-dən çox məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib.

Ümumiyyətlə, 2004-cü ildən bu günə qədər yeni təhsil müəssisələrinin tikilməsi və yaxud mövcud məktəblərin əsaslı şəkildə yenidən qurulması sayəsində 1 milyondan çox şagirdin təhsil şəraiti yaxşılaşıb, o cümlədən də birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb.

Məktəblərin təmiri və tikintisi ötən ildə də diqqət mərkəzində olub. Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında bu məqama toxunan Prezident İlham Əliyev "Eyni zamanda, keçən il sosial infrastrukturun yaradılması ilə bağlı önəmli addımlar atıldı - 84 məktəb, 60 tibb müəssisəsi tikildi və təmir edildi. Ona görə bu proses də daim gedir. Biz məktəblərin böyük hissəsinin təmirini başa çatdırmışıq. Amma hələ də qəzalı vəziyyətdə olan məktəblər var və onların da təmiri ilə bağlı gələcək illərdə konkret addımlar atılacaqdır”,- deyib.

Beləliklə, yuxarıda vurğulandığı kimi, 2020-ci ilin arxada qalan ayları ərzində də ölkəmiz regionlarında məkətb tikintisi ilə bağlı mühüm addımlar atılıb. Bu məqamda bildirmək yerinə düşər ki, Prezident İlham Əliyev martın 5-də "Şəmkir şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Şəmkir şəhərində 1600 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Dövlət başçısının həmin tarixdə imzaladığı "Ağstafa rayonunun Sadıqlı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncama əsasən isə, Ağstafa rayonunun Sadıqlı kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Ölkənin bütün rayonları kimi, Qazax rayonu da dövlət başçısının diqqət mərkəzindədir. Belə ki, Prezident İlham Əliyev martın 5-də "Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən Qazax şəhərində 700 şagird yerlik Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər bütün bölgələrimizdə olduğu kimi, Qazax rayonunda da uğurla icra olunur. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salınması da bölgələrimizdə təhsil sahəsinə olan dövlət qayğısının əyani sübutudur. Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri sərhəddə yerləşən şəhid Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbdir. Hazırda Təhsil Nazirliyi tərəfindən bu məktəb üçün 180 şagird yerlik yeni bina tikilir. Yeni inşa olunacaq məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Yeni məktəb binası 3 mərtəbədən ibarət olacaq. Bundan əlavə, məktəbdə həcmi 100 kubmetr olan içməli su anbarı, yanğından mühafizə üçün 122 kubmetrlik su anbarı tikiləcək. Su nasosu stansiyası, çirkab su anbarı, qazanxana da inşa ediləcək. Məktəbdə idman və akt zalları, bufet də fəaliyyət göstərəcək. Eyni zamanda, sözügedən Dövlət Proqramının həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına əsasən hazırda rayonun Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbinin həyətində 220 şagird yerlik yeni bina inşa olunur. İki mərtəbədən ibarət olacaq yeni məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Yeni bina üçün həcmi 25 kubmetr olan içməli su anbarı, yanğından mühafizə üçün 100 kubmetrlik su anbarı, su nasosu stansiyası və qazanxana inşa ediləcək. Həmçinin idman və akt zalları, yeməkxana və oyun meydançası da şagirdlərin ixtiyarına veriləcək.

Mərkəzi Aran bölgəsində yerləşən İmişlinin Muradxanlı kəndində isə 264 şagird yerlik məktəb binası tikilir. Təhsil Nazirliyinin sifarişi ilə İmişlinin Muradxanlı kənd tam orta məktəbi üçün tikilən ikimərtəbəli binada inşaat işlərinin 60 faizi görülüb. Artıq binanın birinci mərtəbəsinin hörgüsü başa çatıb. Hazırda ikinci mərtəbədə hörgü işləri aparılır. Birinci mərtəbədə isə suvaq işləri görülür, istilik, su və elektrik xətləri çəkilir. Təhsil ocağının dayanıqlı su, istilik və elektrik enerjisi ilə təmin olunması məqsədilə ərazidə su anbarı, qazanxana tikilir, transformator quraşdırılır. Verilən məlumata əsasən, inşa olunan 264 şagird yerlik təhsil ocağında 11 sinif otağı olacaq. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, idman və akt zalları, kompüter otaqları fəaliyyət göstərəcək.Məktəbin tikintisinin yeni dərs ilinədək başa çatdırı ması nəzərdə tutulub.

Həmin bölgədə yerləşən Salyanda da məktəb tikintisi diqqət mərkəzindədir. Bu barədə verilən məlumata əsasən, ötən il Salyanda bir yeni məktəb binası tikilib, ikisi isə əsaslı təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilib. Belə ki, "Yeniləşən Azərbaycana yeni məktəb proqramı” layihəsi çərçivəsində ötən il rayonun Ərəbqardaşbəyli kənd tam orta məktəbi üçün 180 şagird yerlik yeni məktəb binası tikilib, Sarvan və Kürkənd tam orta məktəbləri isə əsaslı təmir olunaraq istifadəyə verilib. Hazırda isə rayonda daha iki məktəb binası tikilir. Belə ki, Aşağı Kürkənd tam orta məktəbi üçün 360, Qızılağac kənd tam orta məktəbi üçün isə 1000 şagird yerlik məktəb binaları inşa olunur. Təhsil ocaqlarının yeni binalarının tikintisinin növbəti tədris ilinədək başa çatdırılması nəzərdə tutulub.

Məlum olduğu kimi, yeni məktəb binlarının tikintisi ilə yanaşı, köhnə, həmçinin qəzalı vəziyyətdə olan binlarda da ya əsaslə təmir işləri aparılır, ya da onların yerinə yeniləri tikilir. Belə məktəb binalarından biri də Şirvanda yerləşir. Belə ki, Şirvan şəhər 21 nömrəli tam orta məktəbin binası qəzalı vəziyyətə düşdüyü üçün bağlanıb. Bağlanan məktəbin 624 şagirdi, 60 nəfərlik müəllim və digər işçiləri 18 nömrəli tam orta məktəbə köçürülüb. Köçürülmə ilə əlaqədar məktəbdə 2-ci növbə dərs saatları yaradılıb. Qəzalı vəziyyətə düşən məktəb sökülərək yerində 624 şagird yerlik üçmərtəbəli yeni məktəb binası tikiləcək. Artıq binasının sökülməsinə başlanılıb. Bu işlər Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılan vəsait hesabına aparılır. Şəhər Təhsil Şöbəsindən bildiriblər ki, tikinti işlərinin yeni dərs ilinədək başa çatdırılması nəzərdə tutulub.

Ölkəmizdə məktəb tikintisi ilə bağlı görülən işlər sırasında modul tipli məktəblərin istifadəyə verilməsi də mühüm yer yutur və bu istiqamətdə işlər bütün regionlarda, o cümlədən cənub regionuna daxil olan Astara rayonunda da davam etdirilir. Bu barədə verilən məlumatda deyilir ki, Astara rayonunda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülür. İndiyədək rayonda 37 yeni məktəb binası tikilib, 12 təhsil ocağı isə əsaslı təmir olunub. Astara Rayon Təhsil Şöbəsindən verilən məlumata əsasən təkcə ötən il rayonda 5 yaşayış məntəqəsində - Qapıçıməhəllə kənd ümumi orta məktəbi üçün 96, Lomin, Dolu və Düriyyə kənd ibtidai məktəbləri üçün 40, Şəmətük kənd ibtidai məktəbi üçün 20 şagird yerlik modul tipli məktəb binaları tikilərək müəllim və şagirdlərin ixtiyarına verilib. Hazırda Təhsil Nazirliyinin sifarişi ilə dövlət vəsaiti hesabına Burzubənd kənd orta məktəbi üçün inşa edilən 360 şagird yerlik yeni məktəb binasının tikintisində son tamamlama işləri görülür. Bu il rayonun daha iki yaşayış məntəqəsində - Şəvqo və Xıçaso kənd məktəbləri üçün 40 şagird yerlik modul tipli yeni məktəb binaları quraşdırılacaq.

Ötən il, həmçinin Saatlı üç modul tipli məktəb binası quraşdırılaraq müəllim və şagirdlərin istifadəsinə verilib.Hər biri 96 şagird yerlik binalardan biri Saatlı şəhər, biri Soltanabad, biri isə Şirinbəyli ümumi orta məktəbləri üçün inşa olunub. Binalarda şagirdlərin normal təhsil almaları üçün hər cür şərait yaradılıb. 2019-cu ildən həmçinin, rayonun Saricalar kənd tam orta məktəb binasında əsaslı təmir olunaraq istifadəyə verilib. Hazirda "Yeniləşən Azərbaycana yeni məktəb binası” layihəsi çərçivəsində rayonun Orta Muğan kənd tam orta məktəbi üçün 432 şagird yerlik yeni bina inşa olunur. Təhsil ocağının inşasının növbəti tədris ilinədək başa çatdırılması nəzərdə tutulub.

Nadir AZƏRİ

 
Paylaş:
Baxılıb: 750 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30