Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında yolların tikintisi və bərpası istiqamətində genişmiqyaslı işlər görülür

Azərbaycanın regionlarında yolların tikintisi və bərpası istiqamətində genişmiqyaslı işlər görülür

09.04.2020 [20:16]

Bölgələrdə yol infrastrukturunun yenilənməsi ilə əlaqədar tədbirlər fasiləsiz olaraq davam etdirilir

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafa xidmət edən bütün işlər uğurla və vaxtında icra olunur. Elə sosial sahənin mühüm elementi olan yol infrastrukturunun müasirləşdirilməsi, respublikanın bölgələrində yol təsərrüfatının yenidən qurulması da bunun əyani göstəricisidir. Ümumiyyətlə, Azərbaycanda son 16 ildə həyata keçirilən yüksəksəviyyəli infrastruktur quruculuğu siyasəti çərçivəsində yolların tikinti-bərpa işlərinə xüsusi diqqət yetirilir. Bu işlərin tərkib hissəsi kimi respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması istiqamətində də böyük investisiya tutumuna malik layihələr reallaşdırılıb.

Digər tərəfdən, ölkəmizdə həyata keçirilən müxtəlif infrastruktur layihələri sırasında avtomobil yollarının yenidən qurulması mühüm yer tutur. Çünki yolların yenidən qurulması həm insanların rahatlığına, həm də iqtisadiyyatın, kənd təsərrüfatının inkişafına xidmət edir. Bildirmək yerinə düşər ki, Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı müvafiq Fərmanla təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda bölgələrdə magistral və kənd yollarının əsaslı şəkildə yenidən qurulması ilə bağlı çoxlu sayda tədbirlər nəzərdə tutulub.

Beləliklə, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq yol infrastrukturunun yenidən qurulması sahəsində çox böyük işlər görülür. Yenidən qurulan yollar bölgələrin simasını dəyişməklə, rayon və şəhərlərin inkişafı üçün yeni imkanlar yaradır. Bu işlər 2020-ci ilin arxada qalan ayları ərzində də davam etdirilib.

Belə ki, Kürdəmir rayonunda 18 kilometr uzunluğa malik Ərəb Qubalı-Çöl Qubalı-Məhərrəmli avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, başlanğıcını Bakı-Ələt-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 170-ci kilometrindən götürən Ərəb Qubalı-Çöl Qubalı-Məhərrəmli avtomobil yolu 4 minədək əhalinin yaşadığı 3 kəndi əhatə edir. Yolboyu genişləndirmə işləri aparılmaqla 10 metr enində yeni yol yatağının inşası işləri görülür. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri həyata keçiriləcək. Bunun üçün qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunacaq. Tikinti işlərinin növbəti mərhələsində isə yolun asfaltlanması işlərinə başlanılacaq. Layihə çərçivəsində yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülür. Həmçinin avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə avtobus dayanacaqlarının tikilməsi, yol nişanı, kilometr göstəricisi və məlumatverici lövhələrin, eləcə də siqnal dirəklərinin quraşdırılması işləri də aparılacaq. Yenidənqurma işlərinin cari il ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Qobustan rayonunun Ərəbqədim–Göydərə avtomobil yolunda isə yenidənqurma işləri yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. AAYDA-dan bildirilib ki, başlanğıcını Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 88-ci kilometrindən götürən Ərəbqədim–Göydərə yolu 4-cü texniki dərəcəlidir. Yolun ümumi uzunluğu 13 kilometrdir. Yenidənqurma işləri çərçivəsində sözügedən yolboyu torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib. Layihə çərçivəsində yolun normativ eninin alınması üçün çınqıl materialı ilə yolun eninin 6-7 metrdən 10 metrə genişləndirilməsi və profilə salınması işləri aparılıb. Tikintinin aparıldığı ərazi 130 min kvadratmetrdən çoxdur. Texnoloji ardıcıllığa uyğun olaraq hazırda yol əsasının alt və üst layının nəzərdə tutulmuş qalınlıqda tikintisi aparılır. Daha sonra əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət və 12 santimetr qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 78 min kvadratmetr sahəni əhatə edəcək. Layihə çərçivəsində yol çiyinlərinin optimal çınqıl-qum qarışığından 12 santimetr qalınlığında bərkidilməsi, həmçinin giriş-çıxış yollarının təmiri işləri aparılacaq. Yolboyu yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac olduğu üçün, müxtəlif diametrlərə malik 6 ədəd yeni dairəvi suötürücü borunun quraşdırılması, həmçinin bir dördbucaqlı su keçidinin inşası da nəzərdə tutulub. Tikinti işlərindən sonra layihəyə uyğun olaraq, zəruri yerlərdə avtonəqliyyat vasitələrinin hərəkətin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədi ilə yol nişanları, məlumatverici lövhələr, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək. Ərəbqədim–Göydərə yolu sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan verəcək. Avtomobil yolu 2 mindən çox əhalinin yaşadığı iki yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

Ümumi uzunluğu 15 kilometr olan Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu isə 2018-ci ilin investisiya xərclərindən ayrılmış vəsait hesabına inşa edilib. Yol 71 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirir. Bundan əlavə, sözügedən yol yaşayış məntəqələrinin respublika əhəmiyyətli Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna çıxışını təmin edir. Tikinti norma və standartlara uyğun olaraq, 2600 kvadratmetr sahədə yol birləşmələri təmir edilib, hərəkətin normal təşkili üçün 30 kilometr yolgöstəricisi, 80 yol nişanı, 660 siqnal dirəyi quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib. Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun tikintisi rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Yenidən qurulan avtomobil yolunun 9-cu kilometrindəki, 1989-cu ildə Şəmkir çayı üzərində inşa olunan 79 metr uzunluğundakı körpü qəzalı vəziyyətə düşdüyündən əsaslı şəkildə bərpa edilib. Belə ki, körpünün dayaqları bərkidilib, hər iki tərəfdə su nizamlayıcı beton qurğular quraşdırılıb, konuslar və körpünün girişlərində keçid plitələr bərpa olunub, səkilər təmir edilib, məhəccərlər dəyişdirilib.

AAYDA tərəfindən Tərtər rayonunda cəbhəyanı kəndləri birləşdirən yolun əsaslı şəkildə bərpası istiqamətində də yenidənqurma işlərinə başlanılıb. Bu, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan və uzunluğu 33,5 kilometr olan yerli əhəmiyyətli Səhləbad-Əskipara-Qarağacı-Qapanlı-Yuxarı Qaradağlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Hüsənli avtomobil yoludur. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, yerli əhəmiyyətli avtomobil yolun torpaq və çınqıl örtüklü olması sözügedən yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli çətinləşdirir, əhalinin rahat gediş-gəlişinə maneə yaradırdı. Sözügedən avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq, 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun yenidən qurulur. Yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə çınqıl qruntu tökülərək kipləşdirilir. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılır, yolun genişləndirilməsi işləri aparılır. Bundan başqa, torpaq yatağı hazır olan hissələrdə yeni yol əsası inşa edilir. Yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılır. Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud boruların yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulan işlərdəndir. Bu məqsədlə 2 yerdə düzbucaqlı su keçidlərinin, müxtəlif diametrli dəmir-beton su ötürücü boruların tikintisi işləri də aparılır. Bu işlərin ardınca yolun asfaltlanması işlərinə başlanılacaq. Bunun üçün təqribən 200 min kvadratmetr sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək, yolun çiyin hissələri optimal-çınqıl materialı ilə bərkidiləcək. Layihə çərçivəsində yolboyu yol əsasın alt layı karxana çınqılı, üst layının isə optimal çınqıl qarışığı ilə salınır, çiyin hissələri də eyni materialla təmir edilir. Ümumi eni 10 metr olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Yola 2 lay olmaqla, 12 santimetr qalınlığında asfalt-beton örtüyü döşənəcək. Bundan başqa, avtomobil yolunun müxtəlif hissələrində yerləşən 1306 paqonmetr müxtəlif diametrli metal və dəmir-beton suötürücü boruların, eləcə də 3 körpünün quraşdırılması nəzərdə tutulub. Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları, hərəkətin normal təşkili üçün isə yol nişanlarının, siqnal dirəklərinin və kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərin çəkilməsi planlaşdırılır. Cəbhəyanı kəndləri birləşdirən avtomobil yolunun bu il istifadəyə verilməsi nəzərdə tutulur.

(davamı növbəti sayımızda)
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 641 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30