Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın bölgələrində abadlıq və quruculuq işləri davam etdirilir

Azərbaycanın bölgələrində abadlıq və quruculuq işləri davam etdirilir

15.04.2020 [10:45]

Bu istiqamətdə həyata keçirilən tədbirlər regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayır


Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son 16 ildə bütövlükdə ölkəmiz, o cümlədən regionlar uğurla inkişaf edib. Təbii ki, əldə edilən uğurlarda 2004-cü ildən etibarən reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının xüsusi payı var. Çünki indiyə qədər üçünün icrasının tamamlandığı, dördüncüsünün icrasının isə davam etdiyi sözügedən Dövlət proqramları çərçivəsində görülən işlər, həyata keçirilən genişmiqyaslı layihələr ölkəmizin bütün regionlarının ümumi inkişaf dinamikasını təmin edib. Onu da vurğulamaq yerinə düşər ki, bəhs edilən Dövlət proqramları çərçivəsində regionlarda reallaşdırılan ən vacib işlərdən biri də müxtəlif sahələr üzrə müasir infrastrukturun yaradılması, infrastruktur layihələrinin icra edilməsidir.
Yeri gəlmişkən vurğulayaq ki, bu məsələyə Prezident İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə də geniş toxunulub. Dövlət başçısı müşavirədəki çıxışında “İnfrastruktur layihələrinə gəldikdə, demək olar ki, əsas infrastruktur layihələri Azərbaycanda icra edilib. Düzdür, növbəti illərdə bu layihələrin icrasına ehtiyac var. Çünki bir daha qeyd etmək istəyirəm, əhalinin artımı bunu diktə edir. O ölkələrdəki əhali artmır, orada yeni infrastruktur layihələrinə də ehtiyac qalmır. Amma bizdə əhali artır, ona görə yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar, yol infrastrukturu, kommunikasiyalar - bütün bunlar daim diqqət tələb edir. Ona görə birinci vəzifə budur. İkinci vəzifə ondan ibarətdir ki, investisiya proqramımız infrastruktur layihələrinin icrası ilə paralel olaraq iqtisadiyyatın real sektoruna dəstək verməlidir. O cümlədən bu infrastruktur layihələrinin real sektora olan təsiri də bir növ təhlil edilməli və mənə məlumat təqdim edilməlidir”, - deyə bildirib.
Beləliklə, qeyd olunduğu kimi, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində görülən işlər, reallaşdırılan müvafiq layihələr respublikanın bölgələrinin hərtərəfli inkişafını təmin edib və hər bir rayonda əldə edilən yeni-yeni uğurlarla müşayiət olunub. Təsadüfi deyil ki, məhz bu proqramlar çərçivəsində regionlarda genişmiqyaslı abadlıq, tikinti-quruculuq işləri də görülüb və hazırda da bu istiqamətdə işlər davam etdirilir.
Yeri gəlmişkən, görülən işlərin uğurlu nəticələrini, həmçinin davamlı olmasını bütün regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında müşahidə edmək mümkündür. Belə ki, muxtar respublikada davamlı olaraq abadlıq-quruculuq işləri həyata keçirilir. Hazırda isə Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin tikintisinə başlanılıb. Mərkəz 2 hektara yaxın ərazini əhatə edəcək. “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə dövlətimizin başçısının Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 8,8 milyon manat vəsait ayrılıb. Bu da işlərin sürətlə və keyfiyyətlə yerinə yetirilməsinə imkan verəcək.
Naxçıvan şəhərinində inşa edilən Gənclər Yaşayış Kompleksində də tikinti işləri davam etdirilir. Hazırda kompleksdə dəmir-beton və hörgü-suvaq işləri görülür. Qeyd edək ki, kompleksdəki binalardan ikisi 7, dördü isə 5 mərtəbəlidir. Naxçıvan şəhərinin Babək məhəlləsindəki 15 nömrəli çoxmərtəbəli yaşayış binasında da tikinti işləri davam etdirilir.
Bundan əlavə, Naxçıvan Dəmiryol Nəqliyyatında Polis Şöbəsi üçün yeni inzibati bina tikilir. Üçmərtəbəli binada dəmir-konstruksiya və hörgü işləri görülür. İnşaat işlərində əsasən yerli tikinti materiallarından istifadə olunur. Yeni binada iş, xidmət və kompüter otaqları, bufet olacaq, müasir şərait yaradılacaq. Tikinti işləri çərçivəsində ərazidə abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq, müasir işıqlandırma sistemi qurulacaq.
Eyni zamanda, Naxçıvan şəhərinin Xətai məhəlləsində abadlıq işləri aparılır. Verilən məlumata əsasən aparılan abadlıq və quruculuq tədbirləri burada yaşayan insanlar tərəfindən böyük minnətdarlıqla qarşılanır. Hazırda həmin məhəllənin 26, 27 və 28-ci döngələrində və digər ərazilərində səkilər salınır, rabitə və elektrik xətləri yer altına keçirilir. İndiyədək burada 1500 metr səki daşı düzülüb, 1600 kvadratmetrə yaxın kilid daş döşənib. Qeyd edək ki, son illər Naxçıvan şəhərinin Xətai məhəlləsinin siması başdan-başa dəyişib. Burada müasir yaşayış evləri tikilib, yollar abadlaşıb və digər quruculuq tədbirləri həyata keçirilib.
Muxtar respublikanın Ordubad rayonunun Nüsnüs və Əndəmic kəndlərində də kompleks quruculuq işləri aparılır. Nüsnüs kəndində xidmət və kənd mərkəzləri tikilir, məktəb binası əsaslı şəkildə yenidən qurulur. Məktəb binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. 416 şagird yerlik məktəbdə kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otaqları, kitabxana idman zalı və bufet yaradılacaq. Kənd mərkəzi və xidmət mərkəzi üçün tikilən binaların isə təməli qoyulub. Rayonun Əndəmiç kəndində də xidmət və kənd mərkəzlərinin tikintisinə başlanılıb.

Ordubad şəhərinin Heydər Əliyev prospektində inşa olunan 8 mərtəbəli 28 mənzilli yaşayış binasında isə tikinti işlərinin əsas hissəsi başa çatıb. Hazırda binanın fasadı üzlənir, həyətdə abadlıq işləri görülür. Qeyd edək ki, Ordubad şəhərinin daxili avtomobil yolu da yenidən qurulur.
Muxtar respublikanın Culfa rayonunda tikintisinə 2019-cu ildə başlanan Darıdağ arsenli su müalicə və istirahət kompleksində də tikinti-quruculuq işləri davam etdirilir. Hazırda kompleksin birinci və ikinci mərtəbələrində hörgü və suvaq işləri yekunlaşdırılıb. Həmçinin kommunikasiya xətlərinin çəkilməsi başa çatdırılıb, dam örtüyü vurulur. Dörd mərtəbədən ibarət olan əsas korpusda otel və xidmət sahələri olacaq, qadın və kişilər üçün ayrı-ayrı müalicə hovuzları istifadəyə veriləcək, turistlərin istirahəti üçün lazımi şərait yaradılacaq. Kompleksə gedən yollarda da yenidənqurma işləri aparılır, yol yatağı genişləndirilir.
Culfa rayon Təhsil Şöbəsi üçün tikilən yeni inzibati binada da işlər sürətlə davam etdirilir. İki mərtəbə və üç korpusdan ibarət olacaq binanın birinci mərtəbəsində rayon Təhsil Şöbəsinə tabe olan məktəbdənkənar müəssisələr, texniki yaradıcılıq və uşaq yaradıcılıq mərkəzləri, ikinci mərtəbəsində isə Təhsil Şöbəsinin iş otaqları yerləşəcək. Hazırda binada suvaq işləri görülür, elektrik xətləri çəkilir.
Verilən məlumatlara əsasən, rayonun Camaldın kəndində də tikinti-quruculuq işləri aparılır. Kənddə həkim ambulatoriyası, kənd mərkəzi və xidmət mərkəzi inşa olunur, məktəb binası əsaslı şəkildə yenidən qurulur. Hazırda Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi üçün tikilən binada da işlər davam etdirilir.

Şahbuz şəhərindəki hərbi şəhərcikdə isə zabit və gizir ailələri üçün yeni yaşayış binasının inşasına başlanılıb. 44 mənzilli yaşayış binası 5 mərtəbədən ibarət olacaq. İki, üç və dörd otaqlı mənzillərdə bütün kommunal-məişət şəraiti yaradılacaq, fərdi istilik sistemi qurulacaq, mebel dəstləri və digər ev əşyaları ilə təmin ediləcək. Binanın zirzəmisində isə müxtəlif təyinatlı mağazalar, anbarlar, tədbirlər zalı və digər xidmət sahələri yaradılacaq. Qeyd edək ki, hərbi şəhərcikdə əvvəlcə də 5 mərtəbədən ibarət yaşayış binası inşa olunaraq zabit və gizir ailələrinin istifadəsinə verilib.
Respublikamızın şimal zonasında yerləşən Qubanın Qonaqkənd qəsəbəsində isə yeni mədəniyyət evinin və parkın tikintisinin may ayında başa çatdırılması nəzərdə tutulur. Qəsəbədə tikilən yeni mədəniyyət evində mədəni tədbirlərin keçirilməsi, yerli folklor qruplarının, dərnəklərin fəaliyyəti nəzərdə tutulub. Ümumi sahəsi 350 kvadratmetr olan binada 55 nəfərlik tamaşa zalı, oxu zalı və başqa xidməti otaqlar fəaliyyət göstərəcək. Bununla yanaşı, qəsəbədə Ulu Öndər Heydər Əliyevin abidəsinin ətrafında xatirə kompleksinin qurulması və 1500 kvadratmetr ərazidə yeni parkın salınması da nəzərdə tutulub. Parkda müasir işıqlandırma sistemi qurulacaq, dekorativ ağaclar əkiləcək.
Xatırladaq ki, son illər Qubanın qədim yaşayış məntəqələrindən olan Qonaqkənd qəsəbəsinin sakinləri üçün sosial infrastruktur layihələrinin icrası ilə əlamətdar olub. 2019-cu ildə rayon mərkəzindən 47 kilometr məsafədə yerləşən yaşayış məntəqəsinə müasir yol çəkilməsinin ardınca, qəsəbənin qazlaşdırılması işləri həyata keçirilib.
Zərdab şəhərində də bir neçə ay bundan əvvəl başlanan bir sıra tikinti-quruculuq və abadlıq işləri davam etdirilir. Şəhərin Heydər Əliyev prospektində yenidənqurma işləri artıq başa çatmaq üzrədir. Səkilərə dekorativ tamet tavalar, beton bardürlər düzülüb. Yağış sularının axıdılması üçün beton kanalların tikintisi başa çatdırılıb. Sahəyə münbit torpaq daşınaraq yaşıllıq zolağı salınıb, müxtəlif növ şam ağacları və güllər əkilib. Heydər Əliyev parkında suvarma işləri üçün 650 metr uzunluğunda su xətti çəkilib, habelə 1200 metr su xətti təmir edilib.
Uzun illər təmirsiz qalan Həsən bəy Zərdabi parkında cari ilin yanvarından əsaslı təmir və yenidənqurma işlərinə başlanıb. Parkın ərazisində fəvvarə kompleksinin, eni 6, hündürlüyü 3,5 metr olan giriş tağının, uşaq əyləncə mərkəzinin, Həsən bəy Zərdabinin abidəsinin əhatə etdiyi sahənin tikintisi yüksək keyfiyyətlə aparılır. Ərazidəki təmir işlərində mərmər plitə, dekorativ tamet və aqlay tavalardan istifadə olunur. Uşaq əyləncə mərkəzində əyləncə qurğularının quraşdırılması işləri yekunlaşmaq üzrədir. Sahəyə münbit torpaq daşınıb, müxtəlif növ şam ağacları əkilib. Bu işlər davam etdirilir. Hazırda parkın işıqlandırılması üçün yeraltı kabel xətlərinin quraşdırılması işləri aparılır.
Nardar BAYRAMLI

 
Paylaş:
Baxılıb: 648 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30