Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda baramaçılığın inkişafı ilə bağlı tədbirlər ardıcıl olaraq davam etdirilir

Regionlarda baramaçılığın inkişafı ilə bağlı tədbirlər ardıcıl olaraq davam etdirilir

29.04.2020 [10:32]

Builki mövsümdə respublikamızın 40 rayonunda barama yetişdiriləcək

Məlum olduğu kimi, ötən illər ərzində regionların sosial-iqtisadi inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət nəticəsində bütün sahələrdə, o cümlədən aqrar sahədə ciddi uğurlar əldə olunub. Kənd təsərrüfatının inkişafından danışarkən, baramaçılığa göstərilən diqqət və qayğını da xüsusi qeyd etmək yerinə düşər. Belə ki, son illər ərzində respublikamızda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində görülən işlər bu sahənin inkişafına xüsusi töhfə verib.

Şübhəsiz ki, ölkəmizdə baramaçılığın və ipəkçiliyin inkişafı, məhsuldarlığın yüksəldilməsi Kənd Təsərrüfatı Nazirliyinin (KTN) diqqət mərkəzindədir. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, bu məqsədlə respublikanın barama istehsalı ilə məşğul olan 40 rayonunun Dövlət Aqrar İnkişaf mərkəzlərinin (DAİM) əməkdaşlarına baramaçılıqla bağlı təlimlər keçirilib. Yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına xidmət edən təlimlərdə, ümumilikdə, 73 DAİM əməkdaşı iştirak edib. İştirakçılara “Çəkil bağlarına qulluq”, “Kümxanaların hazırlanması və dezinfeksiya işlərinin aparılması”, “Tut ipəkqurdunun yemləndirilməsi qaydası”, “Tut ipəkqurdunun xəstəlikləri, zərərvericiləri və onlarla mübarizə üsulları” və “Yaş baramanın tədarük prosesinin təşkili” mövzularında ətraflı məlumat verilib.

Hazırda rayonlarda baramaçılıqla bağlı işlər uğurla davam etdirilir. Belə ki, bu gün Füzuli rayonunda ipəkqurdu bəslənməsinə hazırlıq görülür. Artıq  ipəkqurdu bəsləyəcək kümçülər də müəyyənləşdirilib. 2016-cı ildə 3070 kiloqram, 2017-ci ildə 24 ton 320 kiloqram, 2018-ci ildə 38 ton, 2019-cu ildə isə 49,5 ton yaş barama isehsal edən füzulili kümçülər cari ildə 50 tondan artıq barama istehsal etməyi qarşılarına məqsəd qoyublar.

Verilən məlumata görə, yeni növ koronavirus infeksiyasının (COVID-19)  yayılmasının qarşısını almaq məqsədilə respublika üzrə tətbiq olunmuş karantin rejiminin qaydalarına uyğun olaraq rayonda çiyid səpini və ipəkqurdu becərilməsi ilə bağlı tapşırıqlar insanların bir yerə cəm olmaması şərti ilə, telefon vasitəsilə və uzaqdan idarəetmə ilə həyata keçirilir.

Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması ilə bağlı tapşırıqları Ağdam rayonunda da uğurla icra olunur. Cəbhə bölgəsinin fermerləri göstərilən diqqət və qayğıdan ruhlanaraq təsərrüfatlarını inkişaf etdirir, ölkəmizin qeyri-neft sektoruna öz töhfələrini verirlər. Dövlətimizin fermerlərə diqqət və qayğısından yararlanan Ağdamın Xındırıstan kəndinin sakini Ramil Babayev də aqrotexniki qaydalara düzgün əməl etməklə taxılçılıq, pambıqçılıq və baramaçılıqda yüksək göstəricilərə nail olur. Ramil Babayev KİV- açıqlamasında deyib ki, dövlət tərəfindən pambıqçılığa və baramaçılığa göstərilən qayğıdan ruhlanaraq bir neçə ildir kənd təsərrüfatının bu strateji sahələrində məhsul istehsalı ilə məşğuldur: “2017-ci ildə barama istehsalında yüksək nəticəyə nail olduğum üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmişəm. Əldə etdiyimiz nəticə və dövlətimiz tərəfindən göstərilən qayğıdan ruhlanaraq, baramaçılıqla yanaşı, pambıqçılıq və taxılçılıqda da yüksək göstəricilər əldə etməyə çalışıram. Belə ki, ötən təsərrüfat ilində 3 qutu ipəkqurdu bəsləyərək, 265 kiloqram barama istehsal etmişik. Bundan başqa 10 hektar pambıq sahəsindən 35 ton, 10 hektar taxıl sahəsindən isə 68 ton məhsulumuz olub".

Onu da qeyd edək ki, yaş barama istehsalı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından alınan 15 min qutu hibrid ipəkqurdu sənaye toxumu (qrena) inkubasiyaya qoyulmaq üçün aprelin 19-da Qax Damazlıq İpəkçilik Stansiyasına gətirilib. Eyni zamanda, ötən il müəssisənin özündə yerli istehsal hesabına hazırlanmış 5 min qutu ipəkqurdu toxumu da builki mövsümdə kümçülərə paylanılmaq üçün stansiyada inkubasiyaya qoyulub. Stansiyanın direktoru Əkrəm Fətəliyev bildirib ki, builki mövsümdə kümçülərə paylanılması nəzərdə tutulan 20 min qutu ipəkqurdu toxumunun 17 min 250 qutusu aprelin 19-dan etibarən Qax Damazlıq İpəkçilik Stansiyasında, qalanı isə Zaqatala və Balakən rayonlarında inkubasiyaya qoyulur. Müəssisə rəhbərinin sözlərinə görə, builki mövsümdə respublikanın 40 rayonunda barama yetişdiriləcək. Stansiyada inkubasiyaya qoyulmuş ipəkqurdu toxumlarından əldə olunacaq ipəkqurdlarının aprelin sonu - mayın əvvəllərində bölgü əsasında respublikanın 38 rayonunun kümçülərinə paylanılması nəzərdə tutulub. Balakən və Zaqatala rayonlarının kümçüləri isə öz rayonlarında inkubasiyaya qoyulmuş toxumlardan əldə olunacaq ipəkqurdlarından barama yetişdirəcəklər.

Stansiyada birinci mərhələdə - aprelin 29-dan mayın 1-dək Aran bölgəsinin 25 rayonunun kümçülərinə ipəkqurdları paylanılacaq. Bölgüyə əsasən, Aran bölgəsi üzrə ən çox ipəkqurdu toxumu Zərdab rayonunun kümçülərinə veriləcək. Bu rayonun barama istehsalçıları cari mövsümdə 1700 qutu ipəkqurdu toxumu alacaqlar. Aran bölgəsi üzrə Ağcabədi rayonunun kümçülərinə 1500 qutu, Füzuli kümçülərinə 1250 qutu, Bərdə rayonunun barama istehsalçılarına isə 1000 qutu ipəkqurdu toxumu paylanılacaq. Bu ildən Beyləqan və Samux rayonlarında da ilk dəfə barama yetişdirilməsinə başlanılacaq. Qurum rəsmisinin məlumatına görə, dağlıq ərazidə yerləşən 15 rayonun kümçülərinə isə ipəkqurdlarının mayın 1-dən 3-dək paylanılması nəzərdə tutulub. Stansiya direktoru bildirib ki, 2020-ci ildə ölkəmizdə yaş barama istehsalının 800 tona çatdırılması hədəf olaraq qarşıya qoyulub.

Qeyd edək ki, əsaslı şəkildə yenidən qurulan və 2018-ci ilin oktyabrında istifadəyə verilən Qax Damazlıq İpəkçilik Stansiyasında ötən ildən etibarən tut ipəkqurdu cins və hibridlərinin yüksəkkeyfiyyətli ilkin materialının hazırlanması və çoxaldılması işlərinə başlanılıb. Əsas məqsəd barama toxumu zavodlarının və kümçülərin ipəkqurdunun sənaye qrenası ilə yerli istehsal hesabına təmin etməkdir. 2019-cu ildə müəssisədə 146 kiloqram (5 min qutu) sağlam ipəkqurdu toxumu istehsal olunub. Hazırlanan toxum builki mövsümdə kümçülərə paylanılmaq üçün artıq stansiyada inkubasiyaya qoyulub.

Əkrəm Fətəliyevin sözlərinə görə, Qax Damazlıq İpəkçilik Stansiyası cari təsərrüfat ilində 14-15 min qutu ipəkqurdu toxumu hazırlamağı öhdəsinə götürüb. Toxum istehsalının ilbəil artması növbəti illərdə respublikamızın ipəkqurdu toxumuna olan tələbatının tam şəkildə ödənilməsinə imkan yaradacaq, daha xaricdən toxum gətirməyə ehtiyac qalmayacaq.

Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə son illər stansiyanın ərazisində 5 hektar sahədə Çin texnologiyası əsasında intensiv tipli tut bağı salınıb. Ötənilki mövsümdə ipəkqurdunun yemlənməsi prosesi zamanı ilk dəfə bağdakı ağacların yarpağından da istifadə olunub.

Bu məqamda vurğulayaq ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən 15 min qutu hibrid ipəkqurdu sənaye toxumlarının 1300 qutusu Balakən rayonundakı keçmiş barama toxumu zavodunda inkubasiyaya qoyulub. Bu barədə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib. Qurum rəsmisi bildirib ki, ipəkqurdu toxumunun inkubasiya müddətinin aprelin sonu, mayın əvvəlində başa çatacağı gözlənilir. Əldə olunacaq ipəkqurdları daha sonra rayonun kümçülərinə paylanılacaq. Sektor müdirinin sözlərinə görə, builki mövsümdə Balakəndə yaş barama istehsalının əvvəlki illə müqayisədə 8 tona yaxın artırılaraq, 52 tona çatdırılması planlaşdırılır.

Qeyd edək ki, ötənilki mövsümdə rayonda 44 ton 144 kiloqram yaş barama istehsal edilib. Məhsul istehsalı əvvəlki illə müqayisədə 14 ton 326 kiloqram artıb. Rayon üzrə 311 istehsalçıya təhvil verdikləri yaş baramaya görə 218 min manatdan çox vəsait ödənilib.

Şəkidə isə bu il yaş barama istehsalının əvvəlki illə müqayisədə 21 tondan çox artırılaraq 69,6 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirilməsi ilə əlaqədar şəkili kümçülərə bölgü əsasında 1740 qutu ipəkqurdu toxumunun paylanılması nəzərdə tutulur. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən və Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulan hibrid ipəkqurdu sənaye toxumları mayın əvvəlində kümçülərə paylanılacaq. Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib. Sektor müdirinin sözlərinə görə, kümçülər yeni mövsümə ciddi hazırlaşırlar. Hazırda rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən kümxanalarda dezinfeksiya işləri aparılır.

Xatırladaq ki, son illər şimal-qərb bölgəsinin digər rayonları kimi, Şəkidə də baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü iş görülür. Görülmüş tədbirlər nəticəsində son üç ildə rayonda yaş barama istehsalı 5,6 dəfədən çox artaraq 48 tona çatıb. Kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən baramaçılığın dirçəldilməsi əhalinin məşğulluğunun təmin edilməsi və gəlirlərinin artmasına çox yaxşı təsir göstərir. Belə ki, ötənilki mövsümdə şəkili kümçülər yaş barama istehsalından 432 min manat gəlir əldə ediblər.

Baramaçılığın gələcək inkişafını təmin etmək və onun yem bazasını möhkəmləndirmək məqsədilə son illər Şəki rayonunun ərazisində 446 min ədəd tut tingi əkilib. Əkilən tinglərin 202 mini intensiv tipli tut bağlarının salınması məqsədilə Çin Xalq Respublikasından ölkəmizə gətirilən calaq olunmuş tinglər, qalanları isə yerli tut tingləridir.

 Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 606 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30