Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda təhsil müəssisələrinin tikintisi və yenidən qurulması işləri uğurla davam etdirilir

Regionlarda təhsil müəssisələrinin tikintisi və yenidən qurulması işləri uğurla davam etdirilir

10.06.2020 [09:14]

Ayrı-ayrı şəhər, rayon və kəndlərdə təhsil infrastrukturunun yenilənməsi istiqamətində ardıcıl işlər görülür
Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son 16 ildə bütövlükdə ölkəmiz, o cümlədən regionlar uğurla inkişaf edib. Əldə edilən bu uğurlarda 2004-cü ildən etibarən reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının xüsusi payı var desək, heç də yanılmarıq. Çünki məhz indiyə qədər üçünün icrasının tamamlandığı, dördüncüsünün icrasının isə davam etdiyi sözügedən Dövlət proqramları çərçivəsində görülən işlər, həyata keçirilən genişmiqyaslı layihələr ölkəmizin bütün regionlarının ümumi inkişaf dinamikasını təmin edib. Bəhs edilən Dövlət proqramları çərçivəsində regionlarda reallaşdırılan ən vacib işlərdən biri də müxtəlif sahələr üzrə müasir infrastrukturun yaradılması, infrastruktur layihələrinin icra edilməsidir.
Yeri gəlmişkən vurğulayaq ki, bu məsələyə Prezident İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə də geniş toxunulub. Dövlət başçısı müşavirədəki çıxışında “İnfrastruktur layihələrinə gəldikdə, demək olar ki, əsas infrastruktur layihələri Azərbaycanda icra edilib. Düzdür, növbəti illərdə bu layihələrin icrasına ehtiyac var. Çünki bir daha qeyd etmək istəyirəm, əhalinin artımı bunu diktə edir. O ölkələrdəki əhali artmır, orada yeni infrastruktur layihələrinə də ehtiyac qalmır. Amma bizdə əhali artır, ona görə yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar, yol infrastrukturu, kommunikasiyalar - bütün bunlar daim diqqət tələb edir. Ona görə birinci vəzifə budur. İkinci vəzifə ondan ibarətdir ki, investisiya proqramımız infrastruktur layihələrinin icrası ilə paralel olaraq iqtisadiyyatın real sektoruna dəstək verməlidir. O cümlədən bu infrastruktur layihələrinin real sektora olan təsiri də bir növ təhlil edilməli və mənə məlumat təqdim edilməlidir”, - deyə bildirib.
Beləliklə, qeyd olunduğu kimi, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində görülən işlər, reallaşdırılan müvafiq layihələr respublikanın bölgələrinin hərtərəfli inkişafını təmin edib və hər bir rayonda əldə edilən yeni-yeni uğurlarla müşayiət olunub.
Təsadüfi deyil ki, məhz bu proqramlar çərçivəsində təhsil müəssisələrinin tikintisi və əsaslı təmir işləri hazırda da uğurla davam etdirilir.
Respublikamızın bütün bölgələrində olduğu kimi Tovuz rayonunda da təhsil infrastrukturunun, maddi-texniki bazanın müasirləşdirilməsi, ümumilikdə isə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni məktəb binaları tikilir, bir çox məktəblər əsaslı təmir edilir. Hazırda Tovuz rayonunun Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbi üçün də 1200 şagird yerlik yeni məktəb binası tikilir.
Məktəbin tikintisinə 2019-cu ilin iyun ayında başlanılıb. Məktəb binası üçmərtəbəli 6 korpusdan, 64 sinif otağından, fənn kabinetləri, laboratoryalar, idman və akt zalından ibarət olacaq. Binanın həyətində futbol, voleybol, həndbol və basketbol meydançaları yaradılacaq. Hazırda məktəb kompleksinə elektrik, rabitə xətləri çəkilir, digər kommunikasiya sistemləri quraşdırılır.
Qusar rayonunun Quxuroba kənd tam orta məktəbində isə əsaslı təmir-bərpa işləri cari ilin sentyabr ayına kimi başa çatdırılacaq. Əsaslı təmir işləri yekunlaşdıqdan sonra məktəbdə 464 şagirdin təhsil alması üçün lazımi şərait yaradılacaq. Qeyd edək ki, məktəb binasında təmir-bərpa işlərinə ötən ilin iyul ayından başlanılıb. 1989-cu ildə istifadəyə verilən təhsil ocağı köhnəldiyindən keyfiyyətli tədris üçün yararsız idi.
Məktəbin direktoru Rasid Tahirov bildirib ki, təmirdən sonra üçmərtəbəli məktəb binası tamamilə yenidən qurularaq müasir tələblərə uyğun təhsil ocağı kimi fəaliyyətini davam etdirəcək. Binada təmir-bərpa işlərinin 50 faizdən çoxu başa çatdırılıb. Hazırda binanın çölündə suvaq, həyətin abadlaşdırılması, dam örtüyünün dəyişdirilməsi işləri həyata keçirilir. Tədris ocağında fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunacaq.
Yeni dərs ilində Beyləqan rayonunda isə daha bir məktəb müəllim və şagirdlərin istifadəsinə veriləcək. Bu, rayonun Dünyamalılar kəndində inşa edilən 624 şagird yerlik yeni məktəbdir. Tikintidə iş icraçısı Kamil Bünyadov bildirib ki, məktəbin inşasında son tamamlama işləri aparılır. Üçmərtəbəli məktəb binası sinif otaqları, fənn kabinetləri, kimya, biologiya və fizika laboratoriyaları, idman və akt zalları, kitabxana, oxu zalı, bufet, yeməkxana və sair otaqlardan ibarətdir. Hazırda binada rəngləmə, təhsil ocağının həyətində isə abadlıq və yaşıllıq işləri aparılır. Tikinti işlərinin bir ay ərzində başa çatdırılması nəzərdə tutulur.
Quba rayonuna gəlincə, burada şagird sayı 100-dək olan 7 məktəb üçün modul tipli binalar quraşdırılacaq. Yeni məktəblər rayonun Utuq, Gömürdəhnə, Künxırt, Xaspolad, Haput, Muçu və Kardaş kimi ucqar yaşayış məntəqələrində inşa ediləcək. Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev bildirib ki, artıq 5 kənddə modul məktəblərin quraşdırılmasına başlanılıb. Yeni tədris ilinə kimi yeddi kəndin hamısında məktəblər istifadəyə veriləcək. Bununla da Qubada quraşdırlan modul məktəblərin ümumi sayı 23-ə çatacaq. Bu məktəblərin üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır.
Modul məktəblərdən başqa, hazırda Quba rayonunda daha üç böyük təhsil ocağı tikilməkdədir. Zərdabi qəsəbəsində 960, Birinci Nügədi kəndində 792 şagird yerlik və Digah kəndində inşa olunan yeni məktəblər də ilin sonuna kimi şagirdlərin istifadəsinə veriləcək.
İmişlinin Muradxanlı kənd tam orta məktəbi üçün tikilən ikimərtəbəli binada isə inşaat işlərinin 80 faizi görülüb. Artıq binanın dam örtüyü vurulur, qapı və pəncərələri yerləşdirilib, elektrik və su xətləri çəkilib, su anbarı və qazanxana tikilib. Hazırda otaqların suvanması işləri aparılır, döşəmə hamarlanır. İnşa olunan 264 şagird yerlik təhsil ocağında 11 sinif otağı olacaq. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, idman və akt zalları, kompüter otaqları fəaliyyət göstərəcək.
Bu proses Salyanda da uğurla davam edir. Rayonun Arbatan kənd tam orta məktəbinin binasında əsaslı təmir işləri aparılır. 600 şagird yerlik məktəb binası 1960-cı ildə tikilib istifadəyə verilib. Ötən 60 il ərzində məktəbdə əsaslı təmir işləri aparılmadığından təhsil ocağı yararsız vəziyyətə düşüb. Bu da təlim-tərbiyə işinin yüksək səviyyədə təşkilində ciddi çətinliklər yaradırdı.
Bu ilin mart ayında məktəbdə əsaslı təmir işlərinə başlanılıb. Təmir zamanı binanın dam örtüyü, qapı və pəncərələri, su, elektrik xətti dəyişdiriləcək, sinif otaqları, fənn kabinetləri, kitabxana, laboratoriya, akt və idman zalları və digər yardımçı tikililər yenidən qurulacaq. Binada yeni istilik sistemi quraşdırılacaq. Məktəb yeni avadanlıq, inventar və əyani vəsaitlərlə təchiz olunacaq. Təhsil ocağının ərazisi abadlaşdırılacaq və yaşıllıqlar salınacaq.
Salyanın Qarabağlı kəndində tikilən 100 yerlik uşaq bağçası-körpələr evinin inşası isə tam başa çatıb. Ümumi sahəsi 1388.8 kvadratmetr olan ikimərtəbəli məktəbəqədər tədris müəssisəsinin tikintisinə 2018-ci ildə başlanılıb. Artıq binanın dam örtüyü vurulub, qapı və pəncərələr quraşdırılıb, daxilində elektrik, su kanalizasiya xətləri çəkilib, divarlar rənglənib, kafel-metlax işləri görülüb. Bağçanın ərazisində su anbarı tikilib, davamlı enerji təminatı üçün transformator yarımstansiyası və istilik sistemi quraşdırılıb.
Məktəbəqədər müəssisədə yataq, oyun, tədris, tibb, mətbəx və digər yardımçı otaqlar var. Bağçanın həyətində abadlıq işləri aparılıb, tamet döşənib, yaşıllıqlar salınıb. Ərazidə uşaqların əylənmələri üçün oyun meydançaları və müxtəlif qurğular tikilib, otaqlarda yeni inventar və texniki vasitələr quraşdırılıb. Bir sözlə, burada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi böyümələri üçün hər cür şərait yaradılıb.
Vurğulandığı kimi təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi dövlət başçısının birbaşa diqqət mərkəzindədir. Yəni, dövlət başçısı bununla bağlı mütəmadi olaraq sərəncamlar imzalayır, regionlara səfərləri zamanı yeni tikilən təhsil müəssisələrinin açılışında iştirak edir, həmçinin müvafiq tapşırıq və göstərişlər verir.
Bu məqamda xatırladaq ki, Prezident İlham Əliyev iyunun 3-də “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzər tapşırılıb.
Prezident İlham Əliyev iyunun 4-də “Ağcabədi rayonunun Sarıcalı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” imzaladığı Sərəncamla isə Ağcabədi rayonunun Sarıcalı kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.
İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılıb. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 653 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30