Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda yaş barama tədarükünə start verilib

Regionlarda yaş barama tədarükünə start verilib

12.06.2020 [09:04]

Ölkəmizdə qədim ənənələrə malik baramaçılığın inkişafı istiqamətində atılan addımlar rayonlarda bu sahədə məhsuldarlığın artmasına təkan verib
(əvvəli ötən sayımızda)

Məsələn, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsində yerli və intraduksiya olunmuş tut ipəkqurdu cins, növ, hibrid, forma və xətlərə ənənəvi və qeyri-ənənəvi (süni) yemlərin təsirinin laboratoriya şəraitində müqayisəli öyrənilməsi istiqamətində tədqiqatlar aparılır. AMEA-dan bildirilib ki, tut ipəkqurdunun yemə (yarpaqlara) olan tələbatının ödənilməsi, yeni yüksək məhsuldar tut bitkisi sort və formalarının yaradılması məqsədilə institutun Abşeron Təcrübə Təsərrüfat Bazasında yerli və intraduksiya olunmuş 100-dən çox tut ağacı əkilib.
Şimal-qərb regionuna daxil olan rayonlarımızda barama istehsalı ildən-ilə artırılır
Qədim ipəkçilik ənənəsinə malik Şəki rayonunda da istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Bu ayın ilk günlərində rayonun Aşağı Göynük kəndinin sakinləri Asif Hüseynəliyev və Əfqan Əliyev “Azəripək” MMC-nin qəbul məntəqəsinə 320 kiloqram yaş barama təhvil veriblər. Bu barədə danışan Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib ki, builki mövsümdə Şəki rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 15 tondan çox artırılaraq, 63,6 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirmək üçün 389 kümçü ilə müqavilə bağlanılıb, onlara 1590 qutu ipəkqurdu paylanılıb.
Qeyd edək ki, son illər şimal-qərb bölgəsinin digər rayonları kimi, Şəkidə də baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü iş görülür. Görülmüş tədbirlər nəticəsində son üç ildə rayonda yaş barama istehsalı 5,6 dəfədən çox artaraq 48 tona çatıb. Kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən baramaçılığın dirçəldilməsi əhalinin məşğulluğunun təmin edilməsi və gəlirlərinin artmasına çox yaxşı təsir göstərir. Belə ki, ötənilki mövsümdə şəkili kümçülər yaş barama istehsalından 432 min manat gəlir əldə ediblər.
Balakənli kümçülər də bu il barama istehsalında önçüllük nümayiş etdirirlər. Belə ki, kümçülər indiyədək rayondakı qəbul məntəqəsinə 29 ton 90 kiloqram yaş barama təhvil veriblər.Bu barədə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, builki mövsümdə barama yetişdirmək üçün 358 kümçü ilə müqavilə bağlanılıb, onlara 1300 qutu ipəkqurdu paylanılıb.
Şimal-qərb bölgəsində yerləşən rayonlarımızdan olan Zaqatala rayonunda da istehsalçılardan yaş barama tədarükü mütəşəkkil davam etdirilir. Kümçülər iyunun 4-nə kimi rayondakı qəbul məntəqəsinə 8 tondan çox yaş barama təhvil veriblər. Vurğulamaq lazımdır1 ki, builki mövsümdə Zaqatala rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 5 ton artırılaraq, 58 tona çatdırılması proqnozlaşdırılır. Xatırladaq ki, zaqatalalı kümçülər ötənilki mövsümdə 53 ton yaş barama istehsal ediblər. Barama yetişdirmək üçün 420 kümçü ilə müqavilə bağlanılıb, onlara 1450 qutu ipəkqurdu paylanılıb. Əvvəlki illərdə olduğu kimi, bu il də kümçülərə paylanılan ipəkqurduları rayonun özündə inkubasiya olunub.
Bundan əlavə, qəbul məntəqəsindən verilən məlumata görə, iyunun ilk günlərində gün ərzində bura istehsalçılar tərəfindən 3-4 ton yaş barama gətirilib. Zəyəm kəndindən Zeynəb Məmmədova hələlik qəbul məntəqəsinə rayon üzrə hamıdan çox - 440 kiloqram yaş barama təhvil verib. Sumaylı kəndindən Aqşin Məmmədov bu günədək məntəqəyə 230 kiloqram, Suvagil kəndindən Adil Qonçayev 160 kiloqram, Faldarlı kəndindən Zəfər Xəlilov isə 150 kiloqram yaş barama gətirib.
Barama tədarükü prosesi “Azəripək” MMC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilir. Cəmiyyətin məsul nümayəndəsi İlqar Nazarov bildirib ki, istehsalçılar ipəkqurdunun yemlənməsi işinə məsuliyyətlə yanaşıblar. Bunun nəticəsidir ki, kümçülərdən tədarük edilən yaş baramanın keyfiyyəti tələb olunan səviyyədədir.
Zaqatala rayonunun Üçüncü Tala kənd sakini İbrahim İmamhüseynov dördüncü ildir ki, barama yetişdirir. Dövlətin baramaçılığa dəstəyindən ruhlanan kümçü ailə üzvləri ilə birlikdə hər il 40-50 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olur, 150 kiloqramadək yaş barama istehsal edir. Ötən il ailənin baramaçılıqdan gəliri 1350 manat təşkil edib. Kümçü ailəsi cari mövsümdə də 50 qram ipəkqurdu bəsləyib, 149 kiloqram yaş barama əldə edib.
Qəbul məntəqəsinə barama təhvil verməyə gələn İbrahim İmamhüseynov baramaçılığın çox sərfəli təsərrüfat sahəsi olduğunu vurğulayaraq deyib: “Ailəmin qazancı uzun illərdir ki, heyvandarlıq və bağçılıqdan formalaşırdı. Ötən il fındıq bağımdan 800 kiloqramadək məhsul əldə etdim. Digər təsərrüfat sahələrində məhsul istehal etmək üçün neçə ay gözləməli olursan. İpəkqurdunun yemlənməsi isə cəmi bir ay çəkir. Yəni, qısa müddətdə yaxşı qazanc əldə edirsən. Ona görə də, növbəti illərdə barama istehsalını daha da artırmağı düşünürəm”.
Qax rayonunda da istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Mövsümün ilk iki günündə Qax Damazlıq İpəkçilik Stansiyasındakı qəbul məntəqəsinə 450 kiloqram yaş barama təhvil verilib. Məntəqədə yaş baramanın qəbulu “Azəripək” MMC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilir. Stansiyanın direktoru Əkrəm Fətəliyev bildirib ki, builki mövsümdə Qax rayonunda 445 kümçüyə 860 qutu ipəkqurdu paylanılıb. Bunun 620 qutusunu damazlıq elit, 240 qutusunu isə hibrid sənaye ipəkqurdu təşkil edir.
Qeyd edək ki, bu il Qax rayonunda yaş barama istehsalının 34,4 tona çatdırılması proqnozlaşdırılır.
Dövlətimizin göstərdiyi diqqət və qayğı bir sıra rayonlarımızda baramaçılığın inkişafına təkan verib
Ötən ayın son günlərindən etibarən Ağcabədi rayonunda da barama tədarükünə başlanılıb. Mayın son 3 günündə kümçülərin yetişdirdikləri 1213 kiloqram məhsul rayonda “Azəripək” MMC nümayəndələri tərəfindən qəbul edilib. Qeyd edilməlidir ki, bu il Ağcabədi rayonunda 1500 qutu (28 min 500 qram) ipəkqurdu toxumu yetişdirilib. Əvvəlki illərdə yetişdirilən məhsulun bəhrəsini görən ağcabədili kümçülər cari ildə daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyublar. Rayon üzrə 60 tona yaxın barama tədarük olunacağı gözlənilir.
Qeyd edək ki, Ağcabədi rayonunda baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 3675 kiloqram, 2017-ci ildə 16 min 761 kiloqram, 2018-ci ildə 37 min 146 kiloqram, 2019-cu ildə isə 54 min 466 kiloqram barama istehsal olunub.
Yeri gəlmişkən, Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər də barama tədarükünü davam etdirirlər. Artıq “Azəripək” MMC-nin nümayəndələri tərəfindən 290 kiloqram məhsul qəbul olunub. Laçın Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, laçınlı məcburi köçkünlər üçüncü ildir ipəkqurdu bəsləyirlər. Bu il rayon üzrə 10 qutu (190 qram) ipəkqurdu toxumu yetişdirilib. Cari mövsümdə 400 kiloqram barama tədarük ediləcəyi gözlənilir. Qeyd edək ki, laçınlı məcburi köçkünlər 2018-ci ildə 1067 kiloqram, 2019-cu ildə isə 1296,78 kiloqram barama istehsal ediblər.
Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndli məcburi köçkünlər də iyun ayının ilk günündən barama tədarükünə başlayıblar. Bu ayın ilk üç günündə kümçülərdən artıq 701 kiloqram məhsul “Azəripək” MMC-nin nümayəndələri tərəfindən qəbul edilib. Qeyd edilməlidir ki, xocavəndli məcburi köçkünlər üçüncü ildir ipəkqurdu bəsləyirlər. Bu il rayon üzrə 50 qutu (950 qram) ipəkqurdu toxumu yetişdirilib. Cari mövsümdə iki ton barama tədarük ediləcəyi gözlənilir.
Vurğulamaq yerinə düşər ki, ipəkqurdunun yem bazasını təmin etmək məqsədilə xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə 42 min ədəd tut tingi əkilib. Xocavəndli kümçülər 2018-ci ildə 1 ton 47 kiloqram, 2019-cu ildə 2 ton barama istehsal ediblər.
Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızda ipəkçiliyin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi Tovuz rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın inkişafına təkan verib. Tovuz rayonunda istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Mövsümün ilk günündə Bozalqanlı, Yanıqlı, Hunanlar, Aşağı Öysüzlü, Düz Cırdaxan və digər kəndlərin kümçüləri “Azəripək” MMC-nin rayondakı qəbul məntəqəsinə 747 kiloqram yüksək keyfiyyətli yaş barama təhvil veriblər.
Kümçülər dövlət başçısının baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət etdiyini, qısa müddət ərzində zəhmətlərinin bəhrəsini gördüklərini bildirib, ipəkçiliyin gəlirli sahə kimi bundan sonra da inkişaf etdiriləcəyinə əminliklərini ifadə ediblər.
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda bir neçə gündür ki, barama tədarükünə başlanılıb. Artıq kümçülərin yetişdirdikləri 2711,3 kiloqram məhsul “Azəripək” MMC nümayəndələri tərəfindən qəbul edilib. Tərtər Rayon İcra Hakimiyyətindən bildiriblər ki, bu il rayon kümçülərinə 500 qutu ipəkqurdu toxumu paylanıb. Kümçülər ipəkqurduların bəslənməsində heç bir çətinlik çəkməyiblər. İpəkqurdunun yem bazasının bərpası məqsədilə son üç ildə rayon ərazisində 263 mindən artıq tut tingi əkilib. Kümçülər də yemləmə zamanı mövcud tut ağacları ilə yanaşı, yeni əkilən ağacların yarpağından istifadə ediblər. Artıq bir ay ərzində çəkdikləri zəhmətin bəhrəsini görürlər. Bu il rayon üzrə 20 tondan artıq barama istehsalı proqnozlaşdırılır.
Qeyd edək ki, baramaçılıq 1970-1980-ci illərdə Tərtər rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən olub. 1990-cı illərin əvvəllərində tənəzzülə uğrayan baramaçılıq 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. 2016-cı ildə rayon kümçüləri tərəfindən 959 kiloqram, 2017-ci ildə 4610 kiloqram, 2018-ci ildə 10 min 228 kiloqram, 2019-cu ildə isə 18 min 322 kiloqram barama istehsal edilib.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 582 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30