Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Göstərilən dövlət dəstəyi meyvə bağlarında məhsuldarlığın artmasına təkan verib

Göstərilən dövlət dəstəyi meyvə bağlarında məhsuldarlığın artmasına təkan verib

03.07.2020 [08:43]

Hazırda regionlarda mövsümi məhsulların yığımı davam edir
Son 16 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi, aqrar sahə də sürətlə inkişaf etməkdədir. Məhz çoxşaxəli dövlət dəstəyi tədbirləri nəticəsində aqrar sahədə uğurlu inkişaf təmin edilir. Azərbaycanın mövcud iqlim şəraiti məhsuldarlıq üçün münbit şərait yaratdığından meyvəçilik aqrar sahənin prioritet istiqamətlərindən birinə çevrilib. Onu da vurğulamaq yerinə düşər ki, aqrar sahədə məhsul istehsalının təşviqi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkədə meyvəçiliyin inkişafında da mühüm nəticələr əldə olunub. Qeyd edək ki, regionlarda meyvəçiliyin inkişafı öz növbəsində məşğulluğu da təmin edir. Hazırda ölkənin müxtəlif rayonlarında bu sahə üzrə mövsümi məhsulların yığımı da davam edir.
Belə ki, Azərbaycanın qərb bölgəsində yazlıq meyvə yığımı başlayıb. Son illər ərik bağlarından yaxşı məhsul götürə bilməyən fermerlər bu il bol məhsul əldə ediblər. Buna görə də təsərrüfatçılar ərik yetişdirməyin getdikcə gəlirli sahəyə çevrildiyini deyirlər.
Məsələn, Ağstafa rayonunda ərik bağlarında mənzərə ürəkaçandır. Fermerlər həm ərik bağlarının məhsuldarlığından, həm də ki, qiymətindən razıdırlar. Hazırda ərik bağlarında yığıma başlanıb. Bağ sahiblərinin sözlərinə görə, suvarılma mütəmadi həyata keçirilərsə, bundan da çox məhsul əldə etmək olar. Hazırda bir ağacdan təxminən 60-70 kiloqram məhsul yığılır. Hətta bir ağacdan 100 kiloqram məhsul toplayanlar da var.
Ağstafanın Kolxəlfəli kəndində ərik bağlarında yığım aparan fermer Rayət Şabanov deyib ki, məhsulu satmaq üçün uzağa getmir. Əriyin satışını elə bağda həyata keçirir. Bu isə onun işini xeyli asanlaşdırır: “Bu bağımızı yeni salmışıq. Cavan ağaclardır. Becərdiyimiz əriklər “Ağ ərik” dediyimiz yerli sortlardır. Şükür Allaha, həm məhsuldarlıqdan, həm də ki, qiymətlərdən narazılığımız yoxdur”.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Çingiz Məmmədovun sözlərinə görə, Ağstafada son illər meyvəçiliyə maraq artmaqdadır. Hazırda rayonda 1198 hektar sahədə meyvə bağları var. Fermerlər yığdıqları məhsulları satmaqda çətinlik çəkmirlər. Alıcılar məhsulu elə bağdan alaraq paytaxta, digər şəhər və rayonların bazarlarına aparırlar.
İmişli rayonunda isə gilasın “Krım” növünün yığımına başlanılıb. Ağaclarda bol məhsul var, qiymət də münasibdir. Şahverdili kənd sakini Nazim Həsənov KİV-ə açıqlamasında bildirib ki, təsərrüfatı 20 sotdan ibarətdir və bağında 250 ədəd gilas ağacı var. Bu il bol məhsul yetişdiyini söyləyən bağban, qiymətlərin ucuz olduğunu deyir. Təsərrüfatda əsasən 4 növ gilas ağacı əkilib. Onlardan “Öküz ürəyi” və “Zəngilan” növündən olan gilaslar daha tez yetişdiyi üçün yığım 3-5 gün əvvəl yekunlaşıb. Hər ağac orta hesabla 50-60 kiloqram məhsul verib.
Hazırda isə “Krım” gilasının yığımına başlanılıb. Bu növ gilas digərləri ilə müqayisədə daha uzun müddət saxlanıla bilməsi ilə seçilir. “Krım” növündən olan ağacın hər birindən 50-100 kiloqram məhsul gözlənilir. Nazim Həsənov deyib ki, qiymətlər bağbanlar üçün sərfəlidir.
Sabirabad rayonunda təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan sabirabadlı bağbanlar cari ildə də meyvə sahələrindən bol məhsul götürmək üçün ağaclara nümunəvi qulluq göstərib, qurumuş, məhsuldarlığı aşağı olan ağaclar yeni tinglərlə əvəzlənib. Bunun nəticəsində də bağlarda bol məhsul yetişib.
Rayon statistika idarəsindən bildiriblər ki, artıq sabirabadlı bağbanlar yetişdirdikləri məhsulun yığımına başlayıblar. İlin ötən beş ayı ərzində təsərrüfatçılar meyvə bağlarından 311,4 ton meyvə tədarük ediblər. Tədarük olunan meyvənin 150,1 tonu albalı, 128,9 tonu alça, 32,4 tonu isə gilasdır. Həmçinin sahələrdən 1310,6 ton giləmeyvə də toplanılıb. Meyvə yığımı davam edir.
Salyanın meyvə bağlarında da məhsul yığımına başlanılıb. Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov bildirib ki, salyanlı bağbanlar becərdikləri 894,2 hektar meyvə bağından qısa müddətdə 87,5 ton məhsul yığıblar. Yığılan məhsul ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 sentner çoxdur. Tədarük olunan məhsulun 9,1 tonunu alça, 5,5 tonunu gilas, 9,1 tonunu isə albalı təşkil edib. Həmçinin məhsul istehsalçıları sahələrdən 67 ton giləmeyvə də toplayıblar. Yığılan meyvənin demək olar ki, yarıdan çoxunu Xalac, Yenikənd, Çuxanlı kəndlərinin bağbanları toplayıblar.
Masallıda da sahələrdən çiyələk yığımı aparılır. Yığılan çiyələk daxili bazarla yanaşı, ötən illərdə olduğu kimi, Rusiyaya da ixrac olunur. Məhsul yığımı sentyabrın sonuna kimi davam edəcək. Onu da qeyd edək ki, son illərdə ölkədə çiyələk istehsalına maraq artıb. İstehsalçılar xaricdən gətirilmiş məhsuldar çiyələk növlərinin becərilməsinə üstünlük verir və yüksək göstəricilərə nail olurlar.
Tərtər rayonunun İrəvanlı kənd sakini Mənzərə Məmmədova isə uzun illərdir yerli çiyələyin istehsalı ilə məşğuldur. M.Məmmdova bildirib ki, yerli çiyələyin məhsuldarlığı xaricdən gətirilmiş növlərlə müqayisədə aşağıdır. Lakin təbii, dadlı və ətirli olması onun əsas üstünlükləridir. “Xarici çiyələk növləri aprelin sonundan noyabr ayınadək davamlı məhsul verir, məhsuldarlığı yüksəkdir və dərilmiş çiyələyin saxlama müddəti daha çoxdur. Ona görə fermerlər xarici növ çiyələyin becərilməsinə üstünlük verirlər. Yerli çiyələk növü isə cəmi bir ay məhsul verir. Həm də yığılmış məhsul elə həmin gün istifadə edilməsə xarab olur. Buna baxmayaraq, müştərilərimiz çoxdur. Təbii, dadlı, ətirli, mürəbbə bişirmək üçün daha əlverişli olduğu üçün müştərilər elə sahədən gəlib alırlar”, - deyə Mənzərə Məmmədova vurğulayıb.
Cəlilabad rayonunda da ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilbəil artırılır. Rayonda rəqabətqabiliyyətli, alıcı zövqünü oxşayan sahələrdən biri də çiyələkçilikdir. Mövsüm başlayandan bu günədək fermerlər 350 tona yaxın məhsulu Rusiya bazarlarına göndəriblər.
Xüsusi karantin rejimi ilə əlaqədar izolyasiya tədbirlərinə riayət edən təsərrüfat sahiblərinin becərdikləri məhsulu yerli bazarla yanaşı, xaricə də çıxarmaq imkanları var. Bu günədək istehsal olunan 3950 ton keyfiyyətli məhsulun 350 tondan çoxu Rusiya bazarlarına çıxarılıb. Mütəxəssislərin hesablamalarına görə, fermerlər indiyədək çiyələk istehsalından 6 milyon manata yaxın qazanc əldə ediblər.
Çiyələk yetişdirənlərin sözlərinə görə, əvvəllər becərdikləri məhsulun dadı bazarın tələbatına uyğun olmadığına görə 5-6 ildir xaricdən alınan yeni sortlar əkirlər. “Şükür Allaha, işlərimiz yolunda gedir. Bu günə kimi heç bir problem olmayıb. Məhsulumuz yığılır, bir qismi daxili bazara, bir qismi də xarici bazarlara - Rusiya və Qazaxıstana ixrac olunur. Moldovadan, Ərəb Əmirliklərindən də sifarişlər var. İnşallah yollar tam açılsın, həmin ölkələrə də çiyələk ixrac edəcəyik”, - deyə fermer Vüqar Musayev bildirir.
Bu sahə gəlirli və rentabelli olduğundan demək olar ki, ilin bütün fəsillərində işçi qüvvəsinə tələbat olur. İşçilər tərəfindən toplanılan məhsul elə sahədə çeşidlənir. İxrac üçün nəzərdə tutulan qabların üzərinə sahibkara məxsus xüsusi kod yapışdırıldıqdan sonra məhsul soyuducu anbarlara göndərilir.
Cəlilabad çiyələyinin çox dadlı olduğunu söyləyən Vüqar Musayev deyib ki, bu məhsula nəinki ölkə bazarlarında, xarici bazarlarda da tələbat var: “Qiymətlər bizi qane edir. Məhsuldan asılı olaraq, qiymətlər 1 manat 90 qəpik - 2 manat 50 qəpik arası dəyişir. İndi məhsul yığımının bir mərhələsi başa çatıb və yenidən çiçəklənmə prosesi gedir. Növbəti aylarda gözəl məhsul gözləyirik. Dövlətimizdən də razıyıq, günün altında çalışan biz fermerlərə diqqət və qayğı göstərilir, problemlərimiz həll olunur. Bütün bunlar bizə stimul verir”.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimovun sözlərinə görə, Cəlilabadda 500 hektara yaxın sahədə çiyələk əkilib. Bu il əlavə olaraq 40-50 hektar yeni çiyələk sahəsinin salınması planlaşdırılır.
Yeri gəlmişkən, qeyd edək ki, çiyələyin xaricə ixracında koronavirus pandemiyası ilə əlaqədar bir müddət əvvəl yaranmış durğunluq artıq tədricən aradan qalxır. Qonşu ölkələrdə karantin rejimi sadələşdikcə ölkəmizə məhsul qəbulu üçün sifarişlər gəlməyə başlayıb. Son vaxtlar əksər ölkələrin karantindən tədricən çıxması xarici bazarlarda yerli çiyələyə tələbatı artırıb.
Xaricə göndərilən hər bir istehsalçının məhsulu bu il ilk dəfə olaraq ayrı-ayrılıqda kodlaşdırılır. Bu isə bazarlara daha keyfiyyətli məhsul çıxarılmasına imkan verəcək.
Daxili bazarlardan fərqli olaraq, uzaq məsafələrə daşınan çiyələk müəyyən müddət soyuducu anbarlarda mənfi temperaturda saxlanılmalıdır. Artıq məhsulun anbarlara yerləşdirilməsinə başlanılıb. Çiyələyin bir kiloqramı 1,5-2 manata təklif olunur.
Xatırladaq ki, Azərbaycanda çiyələk əsasən Cəlilabad, Masallı, Şəmkir və Xaçmazda əkilir. Bu il Cəlilabadda 432 hektar (keçən il 427 ha), Masallıda 214,2 hektar (192,2 ha), Şəmkirdə 20 hektar (16 ha), Xaçmazda 35 hektar (20 hektar) sahədə əkin aparılıb. Göründüyü kimi, ötən illə müqayisədə əkin sahələrində artım var. Bu il sahələrin genişlənməsi ilə yanaşı, düzgün aqrotexniki qulluq göstərilməsi nəticəsində bol məhsul yetişib.
Pandemiya ilə əlaqədar tətbiq olunan karantin rejimində belə fermerlər öz işləri ilə məşğuldurlar. Onlar hər gün karantin rejiminin tələblərinə əməl etməklə sahələrə çıxır, ölkə bazarlarını yerli məhsulla təmin edir, eyni zamanda, xarici bazarlara da çiyələk göndərirlər.
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 658 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30