Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin inkişafında mühüm rola malikdir

Azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin inkişafında mühüm rola malikdir

15.07.2020 [08:14]

Azərbaycançılıq dünya azərbaycanlılarını milli maraqlarımız ətrafında birləşdirməklə yanaşı, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafında vacib faktor kimi çıxış edir
Tarixi təcrübə sübut edir ki, milli dövlətçiliyin inkişafında milli ideologiyanın yeri və rolu danılmazdır. Birmənalı şəkildə qeyd edilməlidir ki, milli mənafeyin, dövlətçilik maraqlarının qorunmasında, qarşıya qoyulan hədəflərə çatmaq üçün milli həmrəyliyin təmin edilməsində məhz xalqın vahid ideologiya əsasında birləşməsi həlledici əhəmiyyət daşıyır.
Bu baxımdan müasir Azərbaycan dövlətinin inkişafında da milli ideologiyanın-azərbaycançılıq ideologiyasının rolu xüsusi olaraq qeyd edilməlidir. Beləkilə, hələ 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlişi zamanı milli məfkurənin qorunub gələcək nəsillərə ötürülməsi, milli kadrların yetişdirilməsi və o vaxtkı ittifaq dövlətinin strateji vəzifələrinə təyinat alması, o cümlədən milli-mənəvi dəyərlərin qorunması məsələsi dövrün ən aktual məsələlərindən sayılırdı. Həmin dövrdə Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində respublikamızda Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada öz təsbitini tapması, eləcə də milli hərbi kadrların yetişdirilməsi üçün infrastrukturun yaradılması, milli ədəbi dilin, incəsənətin və bu kimi digər sahələrin inkişafı istiqamətində atılan mühüm addımlar milli ideologiyanın qorunub saxlanılmasında müstəsna rola malik oldu. Sovet İttifaqı dövründə atılan bu uğurlu addımlar sonradan vahid milli ideologiyaya çevrilən azərbaycançılıq ideyasının ideoloji əsaslarını təmin etmiş oldu.
Onu da qeyd edək ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin banisi olduğu müasir azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin möhkəmlənməsində, milli birliyin formalaşdırılmasında təməl prinsipinə çevrildi. Ulu Öndər Heydər Əliyevin yaratdığı bu milli ideoloji konsepsiya o dövrdə kövrək, yeni əldə olunmuş müstəqilliyimizin, suverenliyimizin qorunmasında mühüm tezisə çevrildi, həmin dövrün siyasi gərginliklərinin, bir sıra separatçı meyillərin aradan qaldırılmasında mühüm rola malik oldu. Vurğulamaq yerinə düşər ki, həmin dövrdə SSRİ-nin dağılmasından sonra yeni milli dövlətlərin tarix səhnəsinə çıxması prosesi gedirdi ki, burada da bir sıra aktual çağırışlar meydana çıxırdı. Məsələn, xarici təsirlər vasitəsilə bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda separatçı meyillərin yaradılması, bəzi regionlarda yaşayan azsaylı xalqlar arasında zərərli təbliğatların aparılması gənc, müstəqil ölkələrin suverenliyinə qarşı yönəldilən böyük təhdidlərdən sayılırdı. Məhz həmin dövrdə Ümümmilli Liderimiz Heydər Əliyevin xalqımızı vahid milli ideologiya ətrafında birləşdirməsi həlledici rol oynadı.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin banisi olduğu bu ideoloji konsepsiya ölkəmizdə yaşayan bütün xalqları bir amal-Azərbaycan dövlətinin qorunması və inkişafı uğrunda səfərbər etməyi bacardı. Ümümmilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu və 1995-ci ilin sentyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında da vətəndaş hüquqlarının təsbitində vahid milli ideoloji prinsiplər öz əksini tapdı. Konstitusiyanın birinci maddəsində dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olduğu, Azərbaycan xalqının Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarət olduğu qeyd edilir. Məhz bu möhkəm təməl üzərində qurulan ideoloji konsepsiya müasir inkişafımızın mühüm lokomotivinə çevrilib. Bu gün Azərbaycan Respublikasının hər bir vətəndaşı öz dövlətinin inkişafı, milli vəhdətin və birliyin qorunub saxlanılması, daha da gücləndirilməsi üçün vahid amal uğrunda-dövlətçiliyin inkişafı uğrunda töhfəsini verir. Bu mübarizədə azərbaycançılıq ideologiyası xalqımız üçün bir çətir altında birləşməyin vahid formuludur. Bu mənada, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin Azərbaycanda milli birliyin inkişaf etdirilməsi, multikultural dəyərlərin təbliği istiqamətində apardığı fəaliyyət müasir dövlətimizin öz müstəqilliyini qoruması və inkişafı kontekstində strateji önəm kəsb edir. Bu gün bütün dünya ölkələri Azərbaycan Respublikasında yaşayan xalqaların vahid millli ideologiya ətrafında birləşərək dövlətin inkişafında əsaslı rol oynamasını nümunə göstərir.
Yeri gəlmişkən, Milli Məclisin deputatı Azər Badamov qəzetimizə açıqlamasında azərbaycançılıq ideologiyasının ölkəmizin inkişafındakı rolundan danışarkən bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan bütün xalqların milli maraqlarımızın qorunmasında, vahid hədəflər uğrunda mübarizəyə səfərbər edir. Tarixən multikultural dəyərlərə, sülh və əmin-amanlıq içində birgəyaşayış qaydalarına hörmət nümayiş etdirən xalqımız məhz bu ali dəyərlərin nəticəsində müasir dövlətçiliyimiz inkişafına nail olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs bu gün bütövlükdə cəmiyyətin müxtəlif təbəqələrinin milli maraqların qorunmasında, ölkəmizdə mövcud olan tolerantlıq mühitinin daha da möhkəmlənməsində, eləcə də iqtisadi-siyasi nailiyyətlərin əldə olunmasında iştirakını təmin edir.
Millət vəkili Azər Badamovun sözlərinə görə, müasir Azərbaycan dövləti hüquqi dövlətdir və ölkəmizdə hər kəs qanun qarşısında bərabərhüquqludur: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev illərdir ki, milli ideologiyamızın - azərbaycançılıq ideologiyasının təməllərinin daha da möhkəmləndirilməsi istiqamətində yorulmadan səy göstərir. Bu gün ölkəmizdə vətəndaş cəmiyyətinin daha da gücləndirilməsi, milli köklərimizin, milli kimliyimizin təbliği yönündə effektiv işlər görülür. Həm dövlət, həm də qeyri-hökumət sektorunda müxtəlif istiqamətlər üzrə aparılan işlər azərbaycançılıq ideologiyasının cəmiyyətdə daha möhkəm əsaslarda bərqərar olunmasını təmin edir. Azərbaycan cəmiyyəti bir daha bütün dünyaya əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasında uzun illərdir, daxili sabitlik, sülh və əmin-amanlıq hökm sürür, birgəyaşayış ən yüksək səviyyədə təmin edilir. Ölkə Prezidentinin milli birliyin daha da möhkəmlənməsi istiqamətində apardığı siyasi kurs mühüm əhəmiyyət daşıyır. Bu gün dünyanın hansı yerində yaşamasından asılı olmayaraq, hər bir azərbayancanlı vahid milli maraqlarımız uğrunda mübarizə aparır, milli mənafeyimizin təbliğatçısı qismində çıxış edir”.
Vurğulanmalıdır ki, azərbaycançılıq ideologiyası milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaqla yanaşı, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnir. Bu isə milli dəyərlərimizin bəşəri təbliğində müstəsna rol oynayır. Ümummilli Liderimiz Heydər Əliyev hələ Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqində azərbaycançılığın tarixi proqram kimi səciyyələndirilməsinin formulunu təqdim etmişdi və bildirmişdi ki, azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Məmmədov isə qəzetimizə açıqlamasında qeyd edib ki, bu gün bir sıra xarici ölkələrdə Azərbaycan diasporunun uğurlu fəaliyyətinin şahidi olmaq mümkündür, müxtəlif dövlətlərdə Azərbaycan mədəniyyət mərkəzləri yaradılıb ki, bu da azərbaycançılıq ideologiyasının beynəlxalq səviyyədə təbliğinə yaxından köməklik göstərir. Onun sözlərinə görə, məhz bu siyasətin nəticəsidir ki, bu gün xarici ölkələrdə yaşayan azərbaycanlılar bütün ümummilli məsələlərdə birlik nümayiş etdirir, yaşadıqları dövlətdə birmənalı şəkildə Azərbaycan həqiqətlərinin carçısı, milli maraqlarımızın qoruyucusu qismındə çıxış edirlər: “Azərbaycançılıq ideologiyası yaşadığı coğrafiyadan asılı olmayaraq hər bir azərbaycanlını ölkəmizin təbliğatçısına çevirməlidir. Ölkəmizin zəngin, mədəni tarixi irsi, Azərbaycan həqiqətləri haqqında məlumatların təbliğ edilməsi dünya ictimaiyyətinin xalqımız, dövlətimiz haqqında müsbət fikirlərinin formalaşması və inkişafında müstəsna rol oynayır, Azərbaycanın dünya ölkələri içərisində tutduğu yerin daha da möhkəmlənməsinə, ölkəmizin daha da qüvvətlənməsinə təkan verir. Bu olduqca mühüm amildir. Azərbaycançılıq ideologiyası dünyanın dörd bir yanında yaşayan azərbaycanlıları mənəvi dəyərlər və milli maraqlar əsasında, vahid çətir altında birləşdirir. Bu birliyi təmin edən müasir ideologiya müxtəlif anti-Azərbaycan dairələrin illərdir ki, ölkəmizin milli maraqlarına qarşı təşkil etməyə çalışdığı təxribatların, “qara piar” kampaniyalarının qarşısında bir sədd rolunu oynayır. Azərbaycan cəmiyyəti məhz ətrafında birləşdiyi vahid ideologiyanın qüdrətindən ilhamlanaraq bu çirkin hücumların qarşısını alır, onları dəf edir”.
Beləliklə, azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin inkişafında mühüm rola malikdir. Başqa sözlə, azərbaycançılıq dünya azərbaycanlılarını milli maraqlarımız ətrafında birləşdirməklə yanaşı, milli-mənəvi dəyərlərimizi qorunması və inkişafında vacib faktor kimi çıxış edir.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 670 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30