Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında məhsul yığımı uğurla davam etdirilir

Azərbaycanın regionlarında məhsul yığımı uğurla davam etdirilir

29.10.2020 [08:34]

Cari ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalında 1,5 faiz artım olub
Son 17 ildə Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində bütün ölkə üzrə müasir infrastruktur quruculuğu regionlarda aqrar sektorun inkişafına güclü təkan verib. Dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan infrastrukturdan, həmçinin subsidiyalardan, digər dəstək tədbirlərindən bəhrələnən fermerlər əkin sahələrini genişləndirərək məhsul istehsalını ilbəil artırırlar. Fermerlər cari payız mövsümündə də əkib-becərdikləri sahələrdən bol məhsul gözləyirlər. Hazırda ölkəmizin bütün regionlarında əkin sahələrində payızlıq məhsulların yığımı intensiv şəkildə davam etdirilir. Fermerlər havaların əlverişli keçməsindən istifadə edərək sahələrdə yetişdirdikləri müxtəlif növ meyvə və tərəvəzlərin yığımını vaxtında və itkisiz başa çatdırmağa çalışırlar. Yığıma kifayət qədər işçi qüvvəsi və texnika cəlb olunub.
Vurğulamaq yerinə düşər ki, respublikamızda cari ilin əvvəlindən bəri kənd təsərrüfatı məhsullarının istehsalı artıb. Belə ki, ölkə üzrə yanvar-sentyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6 milyard 835,1 milyon manat təşkil edib ki, onun da 3 milyard 230,4 milyon manatı heyvandarlıq, 3 milyard 604,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalında 1,5 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,1 faiz, bitkiçilik məhsulları üzrə isə 0,1 faiz artım olub.
Balakəndə və Zaqatalada qarğıdalı sahələrinin böyük hissəsində biçin başa çatdırılıb
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari il oktyabrın əvvəlinədək ölkə üzrə dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahələrinin 98,3 faizi, yaxud 951,7 min hektarı biçilib və həmin sahələrdən 2 milyon 921,5 min ton məhsul götürülüb. Orta hesabla hər hektardan 30,7 sentner məhsul yığılıb. Bundan əlavə, 22,6 min hektar qarğıdalı sahəsindən 148,1 min ton məhsul yığılaraq hər hektardan orta hesabla 65,6 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 3 milyon 69,6 min ton olub.
Qarğıdalı istehsalı Balakən rayonunun da kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Builki mövsümdə rayonun fermerləri 7 min 515 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. Qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 302 hektar artırılıb. Hazırda təsərrüfatlarda qarğıdalı yığımı davam edir. İndiyədək 6 min 688 hektar sahənin məhsulu yığılıb, 40 min 462 ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 60,5 sentner təşkil edir.
Bu barədə KİV-ə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib. Sektor müdirinin sözlərinə görə, cari mövsümdə rayonda dən qarğıdalı istehsalının 45 min tona çatacağı proqnozlaşdırılır.
Rayonun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini də davam edir. Cari mövsümdə rayonda 1500 hektar sahədə payızlıq dənli bitkilərin səpini nəzərdə tutulur. Torpaq mülkiyyətçiləri indiyədək 377 hektarı arpa, 99 hektarı buğda olmaqla, 476 hektar sahəyə toxum səpiblər.
Qonşu Zaqatala rayonunun təsərrüfatlarında da qarğıdalı yığımı yekunlaşmaq üzrədir. Bu il rayonun torpaq mülkiyyətçiləri 3 min 536 hektar sahədə qarğıdalı bitkisi yetişdiriblər. İndiyədək sahələrin 90 faizinin məhsulu yığılıb, 17,9 min ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 56,2 sentner təşkil edir.
Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanovun sözlərinə görə, rayonda gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini də gündən-günə sürətlənir. Kampaniyanın əvvəlindən indiyədək təsərrüfatlarda 710 hektarı buğda, 1050 hektarı arpa olmaqla 1760 hektar sahəyə toxum səpilib. Cari mövsümdə rayonda 2021-ci ilin məhsulu üçün 11 min hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır. Bu məqsədlə indiyədək 6150 hektar sahədə şum aparılıb, toxumçuluq təsərrüfatları tərəfindən 1000 tonadək yüksəkreproduksiyalı toxum fondu yaradılıb. Eyni zamanda, fermerlər səpin üçün lazım olan keyfiyyətli və sertifikatlaşdırılmış toxumları “Aqroservis” ASC-nin rayon bölməsindən və digər toxumçuluq təsərrüfatlarından da əldə edirlər.
Cari mövsümdə Qax rayonunda dən qarğıdalı istehsalının 13 min tona çatacağı gözlənilir
Hazırda Qax rayonunun təsərrüfatlarında qarğıdalı yığımı davam edir. İndiyədək 1187 hektar sahənin məhsulu yığılıb, 10 min 86 ton dən qarğıdalı istehsal olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 85 sentner təşkil edir. Cari mövsümdə rayonda dən qarğıdalı istehsalının 13 min tona çatacağı gözlənilir. Bu barədə KİV-ə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib. Bildirilib ki, qaxlı fermerlər bu il 1867 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. Qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 147 hektar artırılıb.
Qurum rəsmisinin sözlərinə görə, rayonda gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini də mütəşəkkil qaydada davam etdirilir. Torpaq mülkiyyətçiləri indiyədək 1300 hektara arpa, 750 hektara buğda toxumu səpiblər. Cari mövsümdə rayonda 13 min hektar sahədə payızlıq dənli bitkilərin səpini proqnozlaşdırılır.
Qaxlı fermerlər kənd təsərrüfatının digər sahələrində də bol məhsul yetişdirməyə nail olublar. Bu il rayonun təsərrüfatlarında 496,4 hektar sahədə tütün əkilib. Torpaq mülkiyyətçiləri cari mövsümdə 470,4 hektar sahədə “Virciniya botaniki”, 14 hektarda “Berley”, 12 hektarda isə yerli “İmmuniy” növlü tütün sortları yetişdiriblər. Hazırda təsərrüfatlarda tütün yığımı başa çatmaq üzrədir. Mövsümün əvvəlindən indiyədək rayonda 535 ton quru tütün istehsal olunub. Bu barədə Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib. Sahələrdən yığılan “Virciniya botaniki” növlü yaş tütün qurudulmaq üçün “Azərtütün ASK” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə gətirilərək qurutma kameralarına yerləşdirilir. Yerli sort yaş tütün yarpağı isə istehsalçıların özləri tərəfindən ipə düzülərək qurudulur.
Məhdud məsuliyyətli cəmiyyətdən verilən məlumata görə, indiyədək Qax rayonundakı emal məntəqəsi fermerlərdən 2 min 576 ton yaşıl tütün qəbul edib. Şotavar kəndindən Telman Şahmalıyev indiyədək emal məntəqəsinə rayon üzrə hamıdan çox - 260 ton yaş tütün təhvil verib. Qax şəhərindən Oruc Mahmudov bu günədək məntəqəyə 180,3 ton, Qorağan kəndindən Mehman Əhmədov isə 156,7 ton yaşıl tütün gətirib. Bütövlükdə, hazırda rayonda tütünçülüklə 66 fermer məşğul olur.
Ucarın əkin sahələrində çəltik biçininə yekun vurulub
Ucar rayonunda çəltik biçini başa çatıb və sahələrdən 1750 ton məhsul götürülüb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari mövsümdə 74 nəfər torpaq mülkiyyətçisi tərəfindən 550 hektar sahədə çəltik yetişdirilib. Bu məhsul rayonun əsasən Şahlıq, Boyat və Bağman kəndlərinin ərazilərində əkilib. Əkində yerli “Ağ mirvari” və “Ağdaş” sortlarından istifadə olunub.
Qeyd edək ki, respublikamızda çay, çəltik, eləcə də sitrus meyvələrinin istehsalının artırılması ilə əlaqədar qarşıya qoyulan vəzifələr çəltikçiliyin də inkişafına güclü təkan verib. Ucarda təkcə bu il hər hektardan düyü istehsalı 31,8 sentner olub ki, bu da ötən ildəkindən 3,3 sentner çoxdur. Gələn il rayonda çəltik əkini sahələrinin artırılacağı gözlənilir.
Son illərdə dövlət qayğısı sayəsində Masallıda da çəltikçiliyə maraq artıb. Rayonda ənənəvi təsərrüfat sahələrindən olan çəltikçilik yenidən bərpa edilib. Bu il Masallı rayonunda 253,9 hektar sahədə çəltik əkilib. İndiyədək 218,4 hektar sahənin məhsulu biçilib, çəltik sahələrindən 746,2 ton məhsul yığılıb. Hər hektardan götürülən orta məhsuldarlıq 34,2 sentner təşkil edir.
Vurğulamaq yerinə düşər ki, son vaxtlarda daxili istehlak bazarında yerli düyüyə tələbat artıb. İstehlakçılar respublikamızın müxtəlif bölgələrində yetişdirilən düyünün keyfiyyətindən razılıqlarını bildirirlər. Onların qənaətinə görə, yerli düyü ekoloji cəhətdən tam təmiz məhsuldur və ondan hazırlanan xörəklər, ələlxüsus da plov öz dadı, tamı ilə fərqlənir.
Şabranın bağlarında xurma yığımına başlanılıb
Şabranlı təsərrüfatçılar xurma bağlarında bol məhsul yetişdiriblər. Bir neçə gündür ki, bağlarda məhsul yığımına başlanılıb. Fermerlər artıq müştərilərlə razılıq əldə ediblər. Şabranda yetişdirilən xurmanın 80-90 faizi Rusiya bazarlarına göndərilir. İş adamları xurmanın kiloqramını sortundan və keyfiyyətindən asılı olaraq 40-80 qəpiyə alırlar. Hazırda toplanan meyvə qablaşdırılaraq yük maşınlarına, müəyyən hissəsi isə soyuducu anbarlara yığılır.
Rayonun Gəndob kəndindən olan fermer Sənan Məmmədov 11 hektara yaxın ərazidə xurma bağı salıb. Fermer bağında xurmanın üç növünü becərir. “Meyvənin satışında heç bir çətinlik yoxdur. Artıq müştərilərlə qiymətlərdə razılaşmışıq. Xurmanın “şişburun” adlandırdığımız növünün 10 kiloqram tutan bir yeşiyinin qiyməti 7-8 manatdır. Digər növlər də 3-5 manata satılır. Bu il havaların əvvəlki illərə nisbətən quraq keçməsi subtropik meyvə sayılan xurma üçün əlverişli olub. Bu səbəbdən də xurma bağlarında məhsuldarlıq yüksəkdir. Qiymətlər də ötən ildəkindən bahadır. Bu da biz fermerləri qane edir”, - deyə S.Məmmədov söyləyib.
Qeyd edək ki, Şabran rayonunda 126 hektar xurma bağı var. Bunun 110 hektarı bar verəndir. Ötən il xurma bağlarından 2 min ton məhsul yığılıb.

(davamı növbəti sayımızda)
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 662 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30