Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir

Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir

22.12.2020 [09:35]

Respublikamızın işğaldan azad edilən ərazilərində infrastrukturun bərpa edilməsinə dair xarici şirkətlərlə növbəti müqavilə dost İtaliyanın “Ansaldo Energia” şirkəti ilə imzalanıb
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə artıq zəruri infrastrukturun yaradılmasına başlanılıb. Müxtəlif təyinatlı infrastruktur layihələri yerli və xarici şirkətlər cəlb olunmaqla həyata keçiriləcək. İşğaldan təmizlənən ərazilərdə infrastruktur quruculuğuna dair xarici şirkətlərlə ilk müqavilə qardaş Türkiyə ilə bağlanıb. Həmin müqaviləyə əsasən, Türkiyə şirkətləri Füzulidən Şuşaya yeni yolun çəkilməsində iştirak edəcəklər. Dekabrın 18-də isə Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə elektroenergetika infrastrukturunun yaradılması məqsədilə “Azərenerji” ASC və İtaliyanın “Ansaldo Energia” şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Bununla da işğaldan azad edilən ərazilərdə həyata keçiriləcək layihələrə Türkiyə şirkətlərindən sonra başqa bir nüfuzlu dövlət - İtaliya da qoşulub.
“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayev, İtaliyanın “Ansaldo Energia” şirkətinin rəhbəri Marino Guiseppe və İtaliyanın ölkəmizdəki səfiri Augusto Massarinin iştirakı ilə videokonfrans formatında imzalanan müqaviləyə əsasən, Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kilovoltluq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz İtaliya şirkəti həyata keçirəcək.
Bir daha xatırladaq ki, Ermənistan üç onillik ərzində işğal altında saxladığı ərazilərimizdə böyük müharibə cinayətləri törədib, maddi və mədəni sərvətlərimizi talayıb. O cümlədən işğal dövründə Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında bütün infrastruktur, həmçinin elektrik stansiyaları, yarımstansiyalar, ötürücü xətlər dağıdılaraq yerlə-yeksan edilib. Bu ərazilərdə enerji sistemindən əsər-əlamət belə yoxdur. Laçın, Kəlbəcər, Şuşa və digər işğaldan azad edilmiş ərazilərdə isə erməni qəsbkarları bütün enerji infrastrukturunu dağıdıblar, apara bildikləri avadanlıqları daşıyıblar, apara bilmədiklərini isə ya partladıb, ya da yandırıblar.
İki ölkə arasında fəal siyasi dialoq mövcuddur
Bu məqamda qeyd edək ki, Ermənistan-Azərbaycan müharibəsi zamanı İtaliya Azərbaycanın yanında olub, bu ölkənin parlament qrupu Azərbaycana səfər edib. Senatorlar Gəncə şəhərinin Ermənistan tərəfindən raketlərlə atəşə tutulmasının nəticələri, Ağdam rayonunda işğalın fəsadları ilə yerində tanış olub, öz fikirlərini bölüşüblər. Azərbaycan müharibə dövründə dost ölkələrin respublikamızın yanında olmalarını yüksək dəyərləndirir. Bu günlərdə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxış edən dövlətimizin başçısı İlham Əliyev bunu bir daha vurğulayaraq bildirib ki, müharibə dövründə Azərbaycana dəstək verən, dost ölkələr işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə cəlb olunacaqlar.
Müharibə dövründə İtaliyanın Azərbaycanın yanında olduğunu bildirməsi ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini əks etdirir. Xatırladaq ki, İtaliya Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanıyıb, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr yaradılıb. 1997-ci ilin mart ayında İtaliya höküməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis edib. 2003-cü ilin dekabr ayında isə Azərbaycan Respublikasının İtaliyada səfirliyi təsis olunub.
İki ölkə arasında siayasi dialoq yüksələn xətlə inkişaf edir. 1997-ci ilin 25-28 sentyabr tarixlərində Ulu Öndər Heydər Əliyevin İtaliyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına təkan verib. 1997-ci ildən sonrakı dövrdə İtaliyanın rəsmi şəxsləri Azərbaycana, Azərbaycanın rəsmi şəxsləri isə İtaliyaya çoxsaylı səfərlər ediblər və bu səfərlər çərçivəsində iki ölkə arasında ikitərəfli əlaqələrin tənzimlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə dair çoxsaylı sənədlər imzalanıb. 2005-ci ilin 24-25 fevral tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri baş tutub. Səfər çərçivəsində Azərbaycan-İtaliya Birgə Bəyannaməsi qəbul olunub və iki ölkə arasında əməkdaşlığa dair 8 mühüm sənəd imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci ilin 25-26 noyabr tarixlərində İtaliya Nazirlər Şurasının sədri S.Berluskoninin dəvəti əsasında dost ölkəyə rəsmi səfərə gedib. Səfər zamanı Azərbaycan Prezidenti İtaliya Nazirlər Şurasının sədri S.Berluskoni, İtaliya parlamentinin Deputatlar Palatasının sədri C.Fini və bu ölkənin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb. 2 iyun 2011-ci il tarixində İtaliya Respublikasının Prezidenti Corcio Napolitanonun dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın birləşdirilməsinin 150-ci ildönümü ilə bağlı təşkil olunmuş rəsmi tədbirdə iştirak edib. Dövlət başçımız, həmçinin 5000 hərbçinin iştirak etdiyi hərbi parada və nümayəndə heyətlərinin şərəfinə təşkil olunmuş konsert proqramına qatılıb. 2014-cü il 13-15 iyul tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyaya rəsmi səfər edib. Prezident İlham Əliyev 2015-ci il 8-10 iyul tarixlərində “Milan EXPO 2015” beynəlxalq sərgisində Azərbaycan pavilyonunun açılışında iştirak etmək məqsədilə İtaliyada işgüzar səfərdə olub. 2020-ci il 19-21 fevral tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin İtaliyaya ilk dövlət səfəri olan bu səfər mahiyyət və məzmun etibarilə tarixi səciyyə daşıyıb. Səfər çərçivəsində ümumilikdə 28 sənəd imzalanıb.
Eyni zamanda, İtaliya Respublikasının da yüksəksəviyyəli rəsmiləri müntəzəm qaydada Azərbaycana səfərlər edirlər. 2018-ci il 18-19 iyul tarixlərində İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasına rəsmi səfər edib. Bu, İtaliya Respublikası Prezidentinin Azərbaycana ilk rəsmi səfəri idi.
Dost İtaliya Respublikasının yüksəksəviyyəli rəsmiləri 44 günlük Vətən müharibəsindən sonra da Azərbaycana səfərlər edirlər. Biz yuxarıda İtaliya parlamentinin üzvlərinin respublikamıza etdikləri səfərlərdən bəhs etdik. İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyəti də müharibədən sonra ölkəmizdə səfərdə olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da dost ölkənin nümayəndə heyətini qəbul edib.
Enerji sektorunda əməkdaşlıq iki ölkə arasındakı iqtisadi-ticarət əlaqələrinin mühüm istiqamətini təşkil edir
Azərbaycanla İtaliya arasındakı siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq iki ölkə arasında iqtisadi-ticarət əlaqələri də daim yüksələn xətlə inkişaf edir. O cümlədən enerji sektorunda əməkdaşlıq iki ölkə arasındakı iqtisadi-ticarət əlaqələrinin mühüm istiqamətini təşkil edir. 1995-cu ilin 10 noyabr tarixində ARDNŞ və İtaliyanın ENİ/Agip şirkətinin də daxil olduğu beynəlxalq konsorsium arasında Xəzər dənizinin Azərbaycan sektorundakı Qarabağ perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Saziş imzalanıb. İtaliyanın bəhs olunan şirkətinin iştirakı ilə növbəti oxşar sənəd 1996-cu ilin 4 iyun tarixində Xəzər dənizinin Azərbaycan sektorundakı Şah Dəniz perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair imzalanıb. Dost ölkənin ENİ/Agip şirkəti, həmçinin Xəzər dənizinin Azərbaycan sektorundakı “Kürdaşı” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair 1998-ci ilin 2 iyun tarixində imzalanan sazişə əsasən, yaradılan beynəlxalq konsorsiumda da yer alıb. 2002-ci ilin sentyabr ayında İtaliyanın ENİ şirkəti Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsinə dair Sazişi imzalayaraq 5 % payla layihə üzrə sponsorlar qrupunun üzvünə çevrilib.
Onu da vurğulamaq yerinə düşər ki, son 15 ildə Azərbaycan İtaliyaya xam neft ixrac edir və bu müddət ərzində heç bir problem, heç bir fors-major hadisə baş verməyib, respublikamız özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Bu gün İtaliyanın xam neft istehlakının 17 faizi Azərbaycanın payına düşür.
Azərbaycanla İtaliya arasında ikitərəfli münasibətlərin dərinləşməsinə Heydər Əliyev Fondu mühüm töhfələr verir
Öz növbəsində, Ümummilli Liderimiz Heydər Əliyevin adını daşıyan Fond da Azərbaycanla İtaliya arasında ikitərəfli münasibətlərin dərinləşməsinə sanballı töhfələr verir. 2011-ci ilin 25 noyabr - 4 dekabr tarixlərində Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyaya səfər edib. Mehriban xanım Əliyeva Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan mərasimdə iştirak etmək məqsədilə İtaliyaya səfəri çərçivəsində bu ölkənin Baş nazirinin xanımı Elza Antonioli Monti və Prezident C.Napolitano ilə görüşlər keçirib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2012-ci ilin 19-22 aprel tarixlərində İtaliyaya növbəti dəfə səfər edib. Vurğulayaq ki, 2012-ci ilin 17-21 aprel tarixlərində İtaliyada ilk dəfə olaraq Azərbaycan Mədəniyyət Günləri keçirilib. 2013-cü il 5 mart tarixində Romanın Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun layihəsi olan “Fly to Baku” müasir incəsənət sərgisinin açılış mərasimi keçirilib. Sərginin açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib. 2015-ci il 4 mart tarixində Romada “Bakı-2015” Birinci Avropa Oyunlarının təqdimat mərasimi keçirilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak edib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 720 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30