Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında ötən il heyvandarlığın inkişafı istiqamətində mühüm nəticələr əldə edilib

Azərbaycanın regionlarında ötən il heyvandarlığın inkişafı istiqamətində mühüm nəticələr əldə edilib

29.01.2021 [09:09]

Görülən işlər nəticəsində 2020-ci ildə diri çəkidə ət, həmçinin süd, yumurta və yun istehsalı artıb
Ölkəmizdə həyata keçirilən uğurlu siyasət, o cümlədən reallaşdırılan genişmiqyaslı islahatlar bütün sahələrdə mühüm nailiyyətlərin əldə edilməsinə yol açıb. Vurğulamaq yerinə düşər ki, 2004-cü ildən ölkəmizdə regionların hərtərəfli inkişafını özündə ehtiva edən müvafiq Dövlət proqramlarının uğurlu icrası qeyri-neft sektorunun sürətli yüksəlişini təmin etməklə yanaşı, bölgələrimizin simasının dəyişməsini, yeni iş yerlərinin açılmasını şərtləndirir. Bu mənada, adıçəkilən Dövlət proqramlarının rolunun xüsusi qeyd edilməsi təsadüfi deyil. Artıq indiyə qədər regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramı həyata keçirilib. Sayca dördüncü olan “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası isə hazırda davam etdirilir. Əksər ekspertlərin də vurğuladıqları kimi, bu proqramların icrası nəticəsində əldə edilən uğurlardan bütün sahələr kimi aqrar sektora da pay düşüb.
Təbii ki, görülən işlər aqrar sektorun aparıcı sahələrindən sayılan heyvandarlığın inkişafını da təmin etməkdədir. Ümumiyyətlə, dövlət tərəfindən bu sahəyə xüsusi diqqət və qayğı göstərilir. Vurğulamaq yerinə düşər ki, ölkəmizdə ərzaq təhlükəsizliyinin təminində məhz heyvandarlıq məhsulları mühüm yer tutur. Həyata keçirilən tədbirlər isə heyvandarlıq sahəsində məhsulların istehsalının artırılmasını nəzərdə tutan layihələrin geniş vüsət almasına yol açıb. Eyni zamanda, regionlarda heyvandarlığın inkişafının tərkib hissəsi kimi, əhalinin ət və süd məhsulları ilə təmin edilməsi üçün mühüm tədbirlər görülür. Dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının təzahürü isə real göstəricilərdə əks olunmaqdadır.
Bu məqamda vurğulamaq yerinə düşər ki, 2020-ci ildə diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 591,1 min ton olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ərzində süd istehsalı 1,9 faiz artaraq 2 milyon 192,5 min ton, yumurta istehsalı 4,3 faiz artaraq 1 milyard 906,2 milyon ədəd, yun istehsalı 0,2 faiz artaraq 16,1 min ton təşkil edib. Məlumatda o da bildirilir ki, keçən il hər inək və camışdan orta hesabla 1687 kiloqram (2019-cu ildə 1653 kiloqram) süd sağılıb. Bu ilin yanvarın 1-nə olan vəziyyətə görə isə ölkə üzrə 8 milyon 156,9 min baş qoyun və keçi, 2 milyon 647,9 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 280,2 min baş inək və camış mövcud olub. 2020-ci il yanvarın 1-nə nisbətən qoyun və keçilərin sayı 32,3 min baş azalıb, iribuynuzlu mal-qaranın sayı 1,3 min baş, inək və camışların sayı 2 min baş və donuzların sayı 344 baş artıb. İribuynuzlu mal-qaranın 48,3 faizini inək və camışlar təşkil edir. Ötən il quşçuluq müəssisələrində diri çəkidə 63,9 min ton quş əti və 797,8 milyon ədəd yumurta istehsal olunub. Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 11 milyon 671,3 min olub, hər yumurtlayan toyuqdan orta hesabla 220 ədəd yumurta alınıb.
Yeri gəlmişkən, 2020-ci ildə ölkəmizin şimal bölgəsində, o cümlədən Zaqatala rayonunda bütün növ heyvandarlıq məhsulları istehsalında dinamik artım qeydə alınıb. Belə ki, ötən il rayonda 9 min 452,8 ton diri çəkidə ət, 43 min 699,3 ton süd, 23 milyon 38 min ədəd yumurta, 301 ton yun istehsal olunub. Əvvəlki illə müqayisədə ət istehsalı 40,7 ton, süd istehsalı 41,8 ton, yumurta istehsalı 251 min ədəd, yun istehsalı isə 1,2 ton artıb. İstehsal olunan diri çəkidə ətin 9 min 419 tonu, südün isə 43 min 676,8 tonu əhali və sahibkar təsərrüfatlarının payına düşür. Rayonda fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində isə ötən il 33,8 ton ət, 22,5 ton süd istehsal olunub. 2021-ci ilin yanvarın 1-nə olan vəziyyətə görə rayonun təsərrüfatlarında 60 min 322 baş iribuynuzlu mal-qara, o cümlədən 29 min 376 baş inək və camış, 137 min 167 baş qoyun və keçi olub.
Balakən rayonunun heyvandarları da 2020-ci ili uğurlu göstəricilərlə başa vurublar. Ötən il rayonun ailə kəndli və ev təsərrüfatlarında, həmçinin kənd təsərrüfatı müəssisələrində 4 min 816,7 ton diri çəkidə ət, 21 min 689,6 ton süd, 10 milyon 375 min ədəd yumurta, 81,3 ton yun istehsal olunub. Heyvandarlıq məhsulları istehsalında ən çox artım süd və yumurta istehsalında qeydə alınıb. Belə ki, keçən il rayonda süd istehsalı əvvəlki illə müqayisədə 531,6 ton, yumurta istehsalı isə 152 min ədəd artıb. Balakən Rayon Statistika İdarəsinin məlumatına görə, istehsal olunan diri çəkidə ətin 4 min 755,3 tonu, südün isə 21 min 578 tonu ailə-kəndli və ev təsərrüfatlarının payına düşür. Rayonda fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində isə 61,4 ton ət, 111,6 ton süd istehsal olunub.
Verilən məlumata əsasən, Ağdam rayonunda da kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb. Bunu rəqəmlər də təsdiqləyir. Belə ki, Ağdam Rayon Statistika İdarəsinin məlumatına görə, 2020-ci ilin yanvarın 1-i tarixinə rayonda 43 min 346 baş iri buynuzlu mal-qara, 104 min 373 baş qoyun və keçi olub. 2020-ci ildə təsərrüfatlarda 5000,9 ton ət, 38 min 842,5 ton süd, 203,3 ton yun istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 5,6 faiz, süd istehsalı isə 2,5 faiz artıb.
Ölkənin cənub bölgəsində yerləşən Masallı rayonunda da aqrar bölmənin aparıcı sahələrindən biri məhz heyvandarlıqdır. Məlumat üçün bildirək ki, ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatlar, dövlət tərəfindən məhsul istehsalçılarına verilən subsidiyalar, güzəştli kreditlər rayon sakinlərinin bu sahənin inkişafına marağını artırıb. Elə statistik rəqəmlər də deyilənləri təsdiqləyir. Belə ki, Masallı Rayon Statistika İdarəsinin məlumatına əsasən, bu ilin əvvəlinə rayonda iribuynuzlu mal-qaranın baş sayı 72 min 998, o cümlədən inək və camışların sayı 36 min 585 baş, davarların sayı isə 93 min 850 baş olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə mal-qaranın sayı 108, o cümlədən inək və camışların sayı 58 baş azalıb, davarların sayı isə 1604 baş artıb. Ötən il rayonda 6347,9 ton diri çəkidə ət, 49462,8 ton süd, 58842 min ədəd yumurta, 146,6 ton yun istehsal olunub.
Heyvandarlıq cənub bölgəsinin digər bir rayonu - Yardımlı da da aqrar bölmənin aparıcı sahələrindəndir. Bu istiqamətdə görülən işlərin, həmçinin fermerlərə göstərilən hərtərəfli dəstəyin nəticəsidir ki, bu ilin əvvəlinə rayonda iribuynuzlu mal-qaranın sayı 29006 baş, o cümlədən inək və camışların sayı 14832 baş, qoyun və keçilərin sayı isə 87977 baş olub. Bununla bağlı verilən məlumatda qeyd olunur ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rayonda mal-qaranın sayı 26, o cümlədən inək və camışların sayı 27 baş artıb. Rayonda 35 min 794 sentner diri çəkidə ət, 243 min 731 sentner süd, 16250 min ədəd yumurta, 1591 sentner yun istehsal olunub. Məlumatda o da qeyd olunur ki, heyvandarlıq məhsullarının istehsalında rayonun Peştəsər, Şiləvəngə, Aşağı Astanlı, Çayüzü kənd inzibati ərazi dairələrində əhali təsərrüfatları, hüquqi şəxslər arasında isə “Bəhrəli” kooperativi, “Mehdi”, “Amil” və “Arzu” kəndli fermer təsərrüfatları daha yüksək nəticələr əldə ediblər.
Cənub bölgəsində yerləşən Astara rayonun gəlincə, burada da nəticələr müsbətdir. Belə ki, rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən heyvanların baş sayı ilbəil çoxalır ki, bu da məhsul artımına müsbət təsir göstərir. Vurğulamaq yerinə düşər ki, hazırda rayonda 40 min 96 baş iribuynuzlu mal-qara, 19 min 843 baş davar saxlanılır. Astara Rayon Statistika İdarəsinin məlumatına görə, ötən il rayonda 3 min 938,6 ton ət (diri çəkidə), 27 min 351,6 ton süd, 27,0 ton yun, 11 milyon 428 min ədəd yumurta istehsal olunub. 2019-cu illə müqayisədə 14,2 tondan çox süd, 1 tondan çox yun, 5 min ədəddən çox yumurta tədarük edilib.
Əsasən kənd təsərrüfatı rayonu olan Saatlıda da heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən məhsul istehsalı və mal-qaranın baş sayı ilbəil artır. Saatlı Rayon Statistika İdarəsinin məlumatına görə, hazırda ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 67 min 15 baş iribuynuzlu mal-qara, 114 min 467 baş qoyun-keçi saxlanılır. Mal-qaranın baş sayının artması heyvandarlıq məhsulları istehsalına da müsbət təsir göstərib. Ötən il rayonun heyvandarlıq təsərrüfatlarında 7 min 64,5 ton ət (diri çəkidə), 41 min 876,6 ton süd, 209,5 ton yun, 14 milyon 187 min ədəd yumurta istehsal olunub ki, bu da 2019-cu ildə istehsal olunan ətdən 13,1 ton, süddən 6 ton, yundan 15 ton, yumurtadan isə 81 min ədəd çoxdur.
Digər rayonlar kimi, Mərkəzi Aran regionunda yerləşən Salyanda da heyvandarlığın inkişafı diqqət mərkəzindədir. Bununla bağlı məlumatda bildirilir ki, sözügedən sahənin inkişafına xüsusi diqqət yetirilməsi, həmçinin dövlət tərəfindən fermerlərə hərtərəfli şəraitin yaradılması nəticəsində heyvanların baş sayı ilbəil çoxalır. Bu isə öz növbəsində sözügedən sahədə məhsul artımına müsbət təsir göstərir. Məlumat üçün bildirək ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 62 min 746 baş iribuynuzlu mal-qara, 185 min 925 baş qoyun-keçi saxlanılır. Bu da 2019-cu ildəkindən, ümumilikdə, 66 baş çoxdur. Naxırda ana inək və camışların sayı 33 min 324 baş olub. Ötən il rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 13 min 440,6 ton ət (diri çəkidə), 50 min 486,5 ton süd, 349,2 ton yun, 35 milyon 20 min ədəd yumurta istehsal olunub ki, bu da 2019-cu ildə istehsal olunan ətdən 23,4 ton, süddən 456,8 ton, yundan 1,6 ton, yumurtadan isə 158 min ədəd çoxdur.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 812 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30