Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək dövlətimizin maraqlarını müdafiə etməsi milli birliyimizin təcəssümüdür

Xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək dövlətimizin maraqlarını müdafiə etməsi milli birliyimizin təcəssümüdür

26.05.2021 [09:06]

Əkrəm Abdullayev: “YAŞAT” marafonu dövlətin apardığı uğurlu siyasətə dəstək xarakteri daşıyır
Müasir Azərbaycan dövlətinin inkişafında xüsusi əhəmiyyət daşıyan azərbaycançılıq ideologiyası hər bir azərbaycanlını milli həmrəyliyin qorunub saxlanılması, daha da gücləndirilməsi üçün vahid amal uğrunda birləşdirir. Əksər ekspertlərin də vurğuladıqları kimi, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş azərbaycançılıq ideologiyası milli birliyin güclənməsi, dövlətimizin öz müstəqilliyini qoruması və inkişafı kontekstində strateji önəm kəsb edir. Vurğulanmalıdır ki, azərbaycançılıq ideologiyası milli-mənəvi dəyərləri qoruyub saxlamaqla yanaşı, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnir. Bu isə milli dəyərlərimizin bəşəri təbliğində müstəsna rol oynayır. Bu kontekstdə dünya azərbaycanlıları arasında aparılan işin müsbət nəticə verdiyini söyləyə bilərik. Eyni zamanda, xarici ölkələrdəki diasporumuzun, Azərbaycan mədəniyyət mərkəzlərinin uğurlu fəaliyyəti, öz növbəsində, azərbaycançılıq ideologiyasının beynəlxalq səviyyədə təbliğinə də yaxından köməklik göstərir.
Ötən il baş vermiş 44 günlük Vətən müharibəsi dövründə diasporumuzun uğurlu fəaliyyəti isə azərbaycançılıq ideologiyasının təbliği istiqamətində dövlətin apardığı işlərin növbəti bəhrəsi kimi dəyərləndirilməlidir. Çünki məhz azərbaycançılıq ideologiyasından güc alan xaricdə yaşayan soydaşlarımız milli maraqlar ətrafında sıx birləşərək fəal mübarizə nümunəsi ortaya qoydu. Həmçinin müharibə zamanı və sonrakı dövrdə dəstəyini əsirgəməyən xaricdəki soydaşlarımız bir daha milli birliyimizin sarsılmaz olduğunu nümayiş etdirdilər.
Yeri gəlmişkən, Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə keçirilən “YAŞAT” marafonu da məhz xaricdə yaşayan soydaşlarımızın birliyinin növbəti nümayişidir. Belə ki, aprelin 29-dan mayın 25-nə kimi keçirilən bu marafonun məqsədi qazilərimizə və şəhidlərimizin ailələrinə dəstək məqsədilə dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi dəmir yumruq kimi bir araya gətirərək “YAŞAT” Fonduna ianə etməyə çağırışdır. Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev deyib ki, marafonun qayəsi qələbəni bizə yaşadanlara və zəfər tarixini yazan qəhrəmanlara yardım etməklə yanaşı, bu istiqamətdə dövlətin apardığı fəaliyyətə yaxından dəstək verməkdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu fəaliyyət xaricdəki soydaşlarımızın ümummilli ideologiyamız olan azərbaycançılıq ətrafında daha sıx birləşməsini təmin edib
Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev qəzetimizə müsahibəsində bildirib ki, Azərbaycanda diaspor siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ümummilli Liderimizin yorulmaz fəaliyyəti nəticəsində xaricdə yaşayan azərbaycanlılarla əlaqələr qurulub, onlar dövlətimizin tanıdılmasında, artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb. Ulu Öndər hələ ötən əsrin 90-cı illərinin ortalarında səfər etdiyi bütün xarici ölkələrdə diaspor nümayəndələri ilə görüşlər keçirirdi. Hətta elə ölkələr vardı ki, hələ orada Azərbaycan səfirliyi, nümayəndəliyi belə fəaliyyət göstərmirdi: “2001-ci ilin may ayınn 23-də Ümummilli Lider Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncam imzaladı və həmin ilin noyabr ayının 9-u və 10-da keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil oldu.
2002-ci ilin iyul ayının 5-də isə Ulu Öndər Heydər Əliyev “Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təmin olunması baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd idi. Beləliklə, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan verdi. Eyni zamanda, 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu fəaliyyət xaricdəki soydaşlarımızın ümummilli ideologiyamız olan azərbaycançılıq ətrafında daha sıx birləşməsini təmin etdi. Onu da qeyd edim ki, ötən dövrün ən mühüm hadisələrindən biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması olub. Beləliklə, bu gün Azərbaycan diasporu çox ciddi şəkildə təşkilatlanıb. Artıq 12 ölkədə soydaşlarımızın Koordinasiya şuraları yaradılıb. Bu, diaspor siyasətini icra edən strukturların da fəaliyyətinin koordinasiyalı şəkildə həyata keçirilməsinə şərait yaradır və olduqca vacib bir amildir. Bizim əsas qayəmiz odur ki, diaspor nümayəndələri yaşadıqları ölkələrdə ictimai-siyasi proseslərin içində olsun. Xaricdə yaşayan azərbaycanlılar həmin ölkələrdə mövcud olan siyasi partiyaların üzvü olmalıdırlar ki, seçkilərdə iştirak etsinlər və Azərbaycanın da maraqlarını müdafiə etmək üçün tribuna qazansınlar”.
Vətən müharibəsi torpaqların işğaldan azad olunması ilə yanaşı, xalqımızın milli birliyini bir daha dünya ictimaiyyətinə nümayiş etdirdi
2020-ci ilin yayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş erməni təxribatları zamanı, eləcə də 44 günlük Vətən müharibəsi dövründə xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək dövlətimizin maraqlarını müdafiə etdiklərini diqqətə çatdıran Ə.Abdullayev vurğulayıb ki, bu, milli birliyimizin təcəssümü idi. Həmin dövrdə Prezident İlham Əliyevin ətrafında sıx birləşən dünya azərbaycanlıları bir əsgər kimi erməni lobbisinə qarşı uğurlu mübarizə sərgilədi. Azərbaycan Ordusu ön cəbhədə düşmənlə qarşı-qarşıya döyüşdüyü zamanda, xaricdə yaşayan soydaşlarımız da ermən diasporu ilə üz-üzə dayanmışdılar. Ə.Abdullayevin sözlərinə görə, bəzi ölkələrdə yaşayan soydaşlarımız xalqımızın, dövlətimizin haqq səsini yaşadıqları ölkələrin siyasi dairələrinə çatdırdıqları zaman erməni diasporunun üzvlərinin ciddi təzyiqləri ilə də üzləşmişdilər. “Məsələn, Polşada ermənilər azərbaycanlılara silahlı hücumlar təşkil etmişdi. Eləcə də 2020-ci il Tovuz hadisələri zamanı ABŞ-da ermənilərin hücumu nəticəsində hətta bəzi soydaşlarımız xəsarət almışdılar. O dönəm COVID-19 pandemiyasının ən qızğın dövrünə təsadüf edirdi və müəyyən qadağaların, məhdudiyyətlərin olmasına baxmayaraq, dünyanın elə bir böyük şəhəri olmadı ki, azərbaycanlılar erməni işğalına və təxribatlarına qarşı fərqli spektrli tədbirlər təşkil etməsinlər. Bu istiqamətdə bütün sivil mübarizə metodlarından istifadə olundu. Düşünürəm ki, xaricdə yaşayan azərbaycanlıların bu fəaliyyəti cənab Prezidentimiz tərəfindən də yüksək qiymətləndirildi. 2020-ci ilin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə çıxışında da cənab Prezidentimiz diasporun fəaliyyətini, Vətən müharibəsi dövründə apardığı işləri müsbət dəyərləndirdi”, - deyən Fondun icraçı direktorunun fikrincə, 44 günlük Vətən müharibəsi torpaqların işğaldan azad olunması ilə yanaşı, xalqımızın milli birliyini növbəti dəfə dünya ictimaiyyətinə nümayiş etdirdi.
Xaricdə yaşayan soydaşlarımız da müharibədə bizə qələbəni yaşadan qəhrəman Vətən övladlarına dəstək olmağa çalışırlar
2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-na kimi davam edən və ölkəmizin şanlı qələbəsi ilə nəticələnən Vətən müharibəsini Azərbaycanın müasir tarixinin şərəf səhifəsi adlandıran Ə.Abdullayevin sözlərinə görə, Vətən uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbçilərimizin ailələri və sağlamlıqlarını itirmiş qazilərimiz dövlətin diqqət və qayğısı ilə tam əhatə olunub. Bununla yanaşı, torpaqlarımızın işğaldan azad olunmasında iştirak etmiş, sağlamlığını və ya həyatını itirmiş insanların ailələrinə dəstək olmaq hər bir azərbaycanlının ən ümdə qayəsi olmalıdır. Bu işə isə ölkəmizdə yaşayan vətəndaşları ilə yanaşı, xaricdə məskunlaşmış soydaşlarımız da böyük həvəs göstərirlər. Ə.Abdullayev qeyd edib ki, sərhədlərimizdən kənarda yaşayan soydaşlarımız mütəmadi olaraq şəhid ailələrinə və qazilərə yardım etmək istədiklərini bildirirlər: “Hələ müharibə dövründə bizim xaricdə yaşayan soydaşlarımız istər maddi, istərsə də mənəvi cəhətdən Azərbaycan xalqına, ordumuza yardımlar göstərirdilər. Qeyd etdiyim kimi, dövlətimiz hər zaman müharibə qəhrəmanlarının problemlərinin həlli istiqamətində addımlar atır. Eləcə də ötən ilin dekabrın 8-də möhtərəm Prezidentimizin müvafiq Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun - “YAŞAT” Fondunun əsas məqsədi də şəhid ailələrinə və qazilərimizin problemlərinin həllinə yardımçı olmaqdır. Biz də Azərbaycan Diasporuna Dəstək Fondu olaraq ötən dövr ərzində “YAŞAT” Fondu ilə bir sıra görüşlər keçirdik və bu işi daha geniş çərçivədə görməyi qərara aldıq. Daha çox insana, ən əsası, xaricdə yaşayan soydaşlarımıza bu informasiyanı çatdırmaq istədik. Məsləhətləşmələrdən sonra bərabər olaraq “YAŞAT” marafonu həyata keçirmək qərarına gəlindi. 29 aprel-25 may tarixlərini əhatə edən marafon ərzində çalışdıq ki, bütün dünyada yaşayan soydaşlarımız Fond haqqında, marafon və marafonun missiyası barədə geniş məlumat ala bilsinlər, müharibədə bizə qələbəni yaşadan qəhrəman Vətən övladlarına dəstək olsunlar. Düşünürük ki, bu davamlı bir iş olacaq və gələcəkdə daha böyük miqyası əhatə edə biləcək”.
“Artıq bizləri yeni çağırışlar gözləyir. Azərbaycan Diasporuna Dəstək Fondu da bu yeni çağırışlarda dövlətimizin apardığı siyasətə dəstək olmaq üçün bütün gücünü səfərbər edib. Bizim Fondun yaranma ideyası və məqsədlərindən ən birincisi məhz azərbaycançılıq ideologiyasının təbliği, milli mədəni dəyərlərimizin dünyada tanınması, diaspor təşkilatlarımızın dəstəklənməsidir, onların layihələrinin reallaşdırılmasına dəstək verməkdir. Gələcək üçün mühüm layihələrimiz var və bunlar davam edir”, - deyə Ə.Abdullayev sonda bildirib.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 667 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30