Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Daşınmaz əmlakın icbari sığortası zamanın tələbidir

Daşınmaz əmlakın icbari sığortası zamanın tələbidir

06.09.2012 [23:27]

Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin sədri Məmməd Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Məmməd müəllim, Azərbaycanda mövcud olan sığorta sistemi haqqında nə deyə bilərsiniz? Bu sahənin inkişafı istiqamətində nə kimi yeniliklər baş vermişdir?
- Son dövrlərdə təbiətdə baş verə biləcək hadisələr barədə əvvəlcədən məlumatlar verilsə də, seysmik zonalarda zəlzələyə dözümlü tikintilərin inşa edilməsinə, yanğına qarşı qurğuların qurulmasına və s. tədbirlərin görülməsinə baxmayaraq, baş verə bilən təbii fəlakətlər, yanğın, zəlzələ partlayışlar və digər gözlənilməz hadisələr nəticəsində cəmiyyətə külli miqdarda maddi ziyan dəyir, bu, insanların həyat və sağlamlığına zərər vurur.
Qeyd olunan hadisələr nəticəsində zədələnmiş və ya məhv olmuş əmlakların bərpasına külli məbləğdə vəsait tələb olunur. Bu da vətəndaşlara o cümlədən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə maliyyə problemi yaradır. Təbii fəlakətlər və digər gözlənilməz hadisələr nəticəsində dəyən zərərin ödənilməsinə təminat verə bilən təşkilatlardan biri respublikada fəaliyyət göstərən sığorta şirkətləridir. İnkişaf etmiş Avropa ölkələrində sığorta bazarı əsrlərlə fəaliyyət göstərsə də, Azərbaycanda sığorta işi respublikamız öz müstəqilliyini bərpa etdikdən sonra müstəqil olaraq fəaliyyət göstərməyə başlamışdır.
1992-ci ildə Maliyyə Nazirliyinin nəzdində Dövlət Sığortası baş İdarəsinin bazasında Dövlət Sığorta Şirkəti yaranmışdır. ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətləri mövcud şəraitdən istifadə edərək 2011-ci ildə 213 milyon manat sığorta haqlarının toplanılmasına nail olmuşdur, daxili sığorta haqlarından Dövlət Sığorta Şirkətinin payına 9 faiz düşür.
- Dövlət Sığorta Şirkətinin sığorta bazarında yeri və rolu nədən ibarətdir?
- Dövlət Sığorta Şirkəti təsərrüfat hesablı olmaqla, respublika rayon və şəhərlərində 80 sığorta filialı fəaliyyət göstərməklə, hüquqi və fiziki şəxslərə 28 könüllü və 10 icbari sığorta üzrə sığorta xidməti göstərir.
Şirkətin 2009-cu ildəki fəaliyyəti sığortalılar və kütləvi informasiya vasitələri tərəfindən yüksək qiymətləndirilərək şirkətlər arasında “İlin Şirkəti” mükafatına layiq görülmüşdür. Bu da şirkətin kollektivini cari ildə də daha yüksək nailiyyətlər qazanmağa istiqamətləndirməklə yüksək əzmlə çalışmağa, sığortalılara daha dolğun və önəmli sığorta xidməti göstərməyə sövq edir.
Şirkətimiz sığorta fəaliyyətinin və idarəetmənin beynəlxalq tələblərə uyğun təkmilləşdirilməsinə, sığortalılara xidmət keyfiyyətinin yüksəldilməsinə görə, Beynəlxalq İSO 9001 2008 keyfiyyət sertifikatını almışdır.
Respublika ərazisində mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərlərinə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təklif olunur ki, Dövlət Sığorta Şirkətində mövcud olan sığorta xidmətlərindən istifadə edərək yanğın, zəlzələ, təbii fəlakətlər və gözlənilməz hadisələr nəticəsində dəyən zərərlərin ödənilməsinə təminat yaratmaq məqsədi ilə onlara məxsus əmlakları, işçi, qulluqçuların həyat və sağlamlığını, məsuliyyətlərini, nəqliyyat vasitələrini sığorta etdirmək üçün Dövlət Sığorta Şirkətinin yerli filiallarına müraciət etsinlər.
- ölkəmizdə sığorta sistemi inkişaf etməkdədir. Bu prosesdə sığorta qanunvericiliyini qənaətbəxş saymaq olarmı?
- Şirkətimizdə qüvvədə olan normativ-hüquqi aktların və könüllü sığorta qaydalarının təkmilləşdirilməsi üzərində daimi tədqiqatlar aparılır. Qeyd olunanlarla yanaşı, şirkətimizdə beynəlxalq standartlara uyğun sığortaların əmlak mənafelərinə cavab verən vətəndaşlara məxsus tikintilərin, ev əmlakının, mal-qaranın, nəqliyyat vasitələrinin, mənzillərin təmirinin sığortası qaydaları mövcuddur.
Bildiyiniz kimi respublika Prezidenti cənab İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinə təminat yaratmaq məqsədi ilə mütəmadi olaraq müxtəlif qanunlar, qərarlar təsdiq edilir. Sığorta bazarının vəziyyəti daim dövlətin nəzarətində olmaqla, sığorta işinin inkişaf etdirilməsi, təkmilləşdirilməsi və beynəlxalq səviyyəyə uyğunlaşdırılması istiqamətində mütəmadi olaraq tədbirlər görülür.
Buna misal olaraq 24 iyun 2011-ci ildə Milli Məclis tərəfindən “İcbari sığortalar haqqında” Qanun qəbul edilmiş və bu qanunun tətbiq edilməsinə dair ölkə Prezidenti tərəfindən 15 sentyabr 2001-ci ildə Fərman imzalanmışdır. Bu qanun özündə “daşınmaz əmlakın icbari sığortası”nı, “daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası”, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Sərnişinlərin icbari fərdi qəza sığortası”nı birləşdirir. Daşınmaz əmlakın icbari sığortası hüquqi və fiziki şəxslərə məxsus yaşayış evlərinin, mənzillərin və qeyri yaşayış tikililərinin sığortasını əhatə etməklə, Bakı şəhərində yaşayış evləri və mənzillərin sığorta məbləği 25.000 manat, sığorta haqqı 50 manat; Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində sığorta məbləği 20.000 manat, sığorta haqqı 40 manat və digər rayonlarda sığorta məbləği 15.000 manat, sığorta haqqı isə 30 manat məbləğində müəyyən edilmişdir.
- Əhalinin bu sığorta növünə cəlb olunması istiqamətində hansı nəticələr əldə edilmişdir?
- Bu növ sığortanın aparılması məqsədilə Dövlət Sığorta Şirkəti və onun filialları tərəfindən ötən müddətdə əhali arasında geniş təbliğat işi aparılmış, müxtəlif televiziya kanallarında daşınmaz əmlakın icbari sığortasına dair reklamlar verilmiş, şəhər, rayon icra hakimiyyətləri başçılarına müraciət olunmuş, vətəndaşlara bildirişlər göndərilmişdir.
“İcbari sığortalar haqqında” Qanunun 75-ci maddəsinə və ölkə Prezidentinin 15 sentyabr 2011-ci il tarixli Fərmanının 4.4-cü bəndinə əsasən yaşayış evləri və mənzillərin icbari qaydada sığorta olunmasına nəzarət müvafiq yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Onu da qeyd etmək lazımdır ki, bir sıra rayonlarda bu sahəyə rayon icra hakimiyyəti başçılarının köməyi və diqqəti nəticəsində vətəndaşlara məxsus yaşayış evlərinin və mənzillərin sığorta olunması işi qənaətbəxş təşkil edilmişdir. Belə ki, ötən dövr ərzində Yevlax rayonunda 1245, Göygöl rayonunda 1130, Gədəbəy rayonunda 964, Yardımlı rayonunda 919, Şirvan şəhərində 800, Ağstafa rayonunda 786, Qazax rayonunda 647 yaşayış evi və mənzil sığorta olunmuşdur.
- Sığortalılara dəyən zərərlərin tam ödənilməsində təminat hansı səviyyədədir?
- Bildiyiniz kimi 2010-cu ildə Kür-Araz çaylarında suyun səviyyəsinin qalxması və daşqınlar nəticəsində Sabirabad, İmişli, Hacıqabul, Salyan, Saatlı rayonlarında və Şirvan şəhərində, eləcə də, bu yaxınlarda Zaqatala, Balakən və Qax rayonlarında baş vermiş zəlzələ nəticəsində yaşayış məntəqələrində çoxlu sayda vətəndaşlara məxsus yaşayış evləri və mənzillər ciddi zədələnərək yararsız hala düşmüşdür. Aparılan yoxlamalarla müəyyən edilmişdir ki, zədələnən və ya uçan evlərin heç biri sığorta olunmamışdır. Ona görə, dövlət başçısı həmin zərərçəkən vətəndaşlara yeni yaşayış evlərinin tikintisi və zədələnən evlərin təmiri üçün büdcədən xeyli məbləğdə vəsait ayırmışdır.
“İcbari sığortalar haqqında” Qanunda daşınmaz əmlak, yəni yaşayış evi, mənzil yanğın, partlayış və ya təbii fəlakət nəticəsində zədələndikdə və məhv olduqda ona qanunla müəyyən olunmuş sığorta ödənişi veriləcək ki, bu da onların tikintilərinə dəyən zərərin bərpasını təmin edəcəkdir.
Bu qanunun icrası ilə bağlı Dövlət Sığorta Şirkəti tərəfindən cari ilin yeddi ayı ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 30250 müqavilə bağlanaraq 1 153 000 manat, o cümlədən yaşayış evlərinin və mənzillərin sığortası üzrə 29000 müqavilə bağlanmış, 1 021 000 manat, qeyri-yaşayış tikintilərinin sığortası üzrə 1260 müqavilə bağlanmış, 131410 manat sığorta haqqı toplanmasına nail olunmuşdur. Qeyd olunan dövrdə qanunda göstərilən sığorta hadisələrindən zərərçəkmiş 112 vətəndaşa 295703 manat, o cümlədən zəlzələdən zərərçəkmiş Zaqatala, Balakən və Qax rayonlarında cəmi 93 nəfərə 149854 manat sığorta ödənişinin verilməsi təmin olunmuşdur.
Əminəm ki, ölkə əhalisi, fiziki və hüquqi şəxslərə məxsus yaşayış evlərini, mənzillərini və qeyri-yaşayış tikintilərini Dövlət Sığorta Şirkətində sığorta etdirərək qanunun icrasının təmin olunmasında fəal iştirak edəcəklər. Bundan əlavə, rayon və şəhər icra hakimiyyətlərinin rəhbərləri də bu sahəyə öz nəzarətini daha da gücləndirəcəklər. Dövlət Sığorta Şirkətinin kollektivi öz işini “İcbari sığortalar haqqında” Qanunun tələbinə uyğun olaraq qurur və vətəndaşlara məxsus yaşayış evlərinin, mənzillərin icbari sığortaya cəlb edilməsi sahəsində bütün imkan və bacarıqlarından istifadə edəcəklər.
Paylaş:
Baxılıb: 1072 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30