Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Novruz bayramı milli bayramımız olmaqla yanaşı, ümumbəşəri xarakter daşıyır

Novruz bayramı milli bayramımız olmaqla yanaşı, ümumbəşəri xarakter daşıyır

18.03.2014 [09:10]

AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar İmanov www.yap.org.az saytına müsahibə verib:
- Muxtar müəllim, qarşıdan xalqımızın ən gözəl bayramlarından biri olan Novruz gəlir. Folklorşünas alim olaraq bu bayramın tarixi haqqında fikirlərinizi bilmək istərdik...
- Novruz bayramı xalqımızın ən gözəl milli bayramlarından biridir. Bu bayramın tarixi çox qədimdir və onun qədimliyi haqqında müxtəlif mülahizələr var. Həmin mülahizələrin ən mötəbərlərindən biri görkəmli folklorşünas alimimiz Məmmədhüseyn Təhmasibə məxsusdur. M.Təhmasibin belə fikri var ki, Novruz bayramı həm zərdüştlükdən (atəşpərəstlikdən), həm də İslamdan əvvəl yaranıb. Bu çox mötəbər fikirdir. Doğrudan da, tarixi mənbələr, xüsusilə, XI əsrə aid elmi mənbələr göstərir ki, Novruz bayramının tarixi dini tarixlərdən daha əvvələ gedib çıxır. Yəni biz bu gün od simvolunu atəşpərəstliklə bağlamaq istəsək, yanılmış olarıq. M.Təhmasib bildirir ki, zərdüştlük fəlsəfəsində odun üzərindən tullanmaq yasaq idisə, biz Novruz bayramında odun üzərindən tullanırıq. Bu, o deməkdir ki, Novruzun zərdüştlüklə birbaşa əlaqəsi yoxdur. Bu, bizə onu deməyə kifayət qədər əsas verir ki, Novruz bayramının tarixi çox-çox qədimlərə gedib çıxır. Novruz bayramının xalqımızla, ümumilikdə türk xalqları ilə əlaqəsinə çoxlu nümunələr göstərmək olar. Özbəklərdə, qazaxlarda, türkmənlərdə, anadolu türklərində, dini etiqad etibari ilə xristian olan qaqauzlarda da bu bayram qeyd olunur. Ayrı-ayrı türk xalqlarında yazla bağlı bayramların qeyd olunma mərasimləri, ayinləri bizim adət-ənənələrimizlə xeyli dərəcədə üst-üstə düşür.
- Novruz bayramının mahiyyəti haqqında da müxtəlif mülahizələr var. Siz bu barədə nə deyə bilərsiniz?
- Novruz bayramının əsas mahiyyəti qışdan çıxıb yaza qovuşmaqdır. Yəni insan qışın zillətindən qurtararaq yaza qovuşmasını bayram edir. Təsadüfi deyil ki, Novruza qədərki üç əsas mərhələ qışdan çıxmaq mərhələləridir: 40 gün çəkən böyük çillə, 20 gün çəkən kiçik çillə və 1 aylıq “boz ay”. “Boz ay”dan sonra bayram keçirilir. Bu, onu göstərir ki, insanlar qışdan çıxmağı bayram edirlər. Böyük çillədən çıxıb kiçik çilləyə keçəndə bizim bəzi bölgələrdə müəyyən mərasimlər keçirilir. Belə mərasimlərdən biri “çillə qarpızı” ilə əlaqədardır. Adətə görə, xüsusi yerlərdə yaydan saxlanılan “çillə qarpızları” kəsilir və ailənin bütün üzvləri bu təamdan dadırlar.
Kiçik çillənin birinci ongünlüyündə isə müxtəlif regionlarda Xıdır Nəbi bayramı keçirilir. İnsanların inancına görə, Xıdır Nəbi bərəkət rəmzidir. Bu bayramın əsas ideyalarından biri məhz bolluq və bərəkətdir. Xalqın istəyi odur ki, qışdan çıxandan sonra yeni il onlar üçün bolluq və bərəkət gətirsin. Ona görə də, Xıdır Nəbi bayramında xüsusi mərasimlər keçirilir: qovurğa qovrulur, qovut çəkilir və bu qovut qaba çəkilib bir tərəfə qoyulur ki, Xıdır Nəbi gəlib ona əlini çəksin və həmin il bolluq olsun. “Boz ay”dan Novruza qədərki dörd mərhələ də bu bayramın əsas mərhələlərindən hesab olunur. Dörd həftənin çərşənbələri xüsusi qeyd olunur. Xalq Novruz bayramına yaxınlaşma ərəfəsində “boz ay”ın içərisində həmin çərşənbələri qeyd edir. Azərbaycanın bəzi bölgələrində, Türkiyənin azərbaycanlılar yaşayan Qars vilayətində, Güney Azərbaycanın bir çox bölgələrində belə bir inam var ki, yaz ərəfəsində təbiətə yavaş-yavaş cəmrə, yəni, istilik gəlir. Bu istilik əvvəlcə havanı, sonra suyu, sonra isə torpağı isidir. İlin axır çərşənbəsində isə tonqal qalayıb təbiətin oyanmaq mərasimini qeyd edirik. Bu bayramda kultlar var. Od və su kultlarını xüsusi qeyd etmək lazımdır. Tonqal qalayıb, odun üstündən tullanıb müəyyən sözlər deyirik. Eyni sözlər suyun da üstündən tullanaraq deyilir: ağırlığım-uğurluğum tökül bu odun (suyun) üstünə! İlaxır çərşənbəsinin səhərisi insanlar suyun üstünə, xüsusilə bulaq başına çıxırlar. Bu su müqəddəs sayılır. O sudan qız-gəlinlər səhənglərə, bardaqlara doldurarlar. Həmin suyu gətirib evlərə, həyətə səpirlər, uşaqların üzünə çəkərlər və s. İnsanlar niyyət edər ki, həmin su bolluğa, bərəkətə rəvac versin. Əgər biz ilin axır çərşənbəsindən danışırıqsa, bir məsələyə də diqqəti çəlb etmək istəyirəm. Xalqın belə bir inamı var ki, bayram ilin ən qeyri-adi vaxtıdır. Həmin qeyri-adi vaxtın da kulminasiya nöqtəsi il təhvil olan andır. İnanca görə həmin an bir anlığa suyun axması dayanır, ağaclar başını aşağı əyir. İnanca görə, həmin an nə niyyət edərsənsə, o niyyət gerçəkləşər.
- Muxtar müəllim, Azərbaycan dövlətinin Novruz bayramının yüksək səviyyədə qeyd edilməsi və təbliğ olunması istiqamətindəki siyasətini necə qiymətləndirirsiniz?
- Dövlətimiz bu bayrama böyük önəm verir. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə Novruz bayramı milli bayram statusu alıb. O tarixdən Novruz dövlət statuslu bayram kimi qeyd olunur. 2009-cu ildə Novruz bayramı aşıq sənəti ilə birlikdə UNESCO-nun qorunan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Prezident İlham Əliyev hər il möhtəşəm Novruz tədbirlərində iştirak edir və bu bayramın əhəmiyyətini xüsusi vurğulayır. Bununla demək istəyirəm ki, Novruz həm bizim dövlət statuslu milli bayramımızdır, həm də ümumbəşəri mahiyyət daşıyan bayramdır. Bu bayramın çox gözəl mənalarından biri ondan ibarətdir ki, Novruz bərabərlik, dostluq və qardaşlıq bayramıdır. İnsanlar evlərdə, meydanlarda, təbiət qoynunda şənlik mərasimləri keçirər, deyib-gülərlər. Hesab edirəm ki, milli bayramımız olan Novruzun ümumbəşəri məna daşıması imkan verdi ki, 2010-cu ildə BMT-nin Baş Məclisi 21 Mart tarixini “Beynəlxalq Novruz Günü” elan etsin. Novruz bərabərlik, ruzi-bərəkət, rifah, küsülülərin barışdığı bayramdır. Mən bu bayram münasibətilə xalqımızı təbrik edirəm. Bildiyimə görə, bu il Novruz bayramı Bakıda fərqli şəkildə keçiriləcək. Fərq ondan ibarət olacaq ki, bayram şənlikləri, eyni zamanda, beynəlxalq festival kimi qeyd ediləcək. Yəni, təkcə Azərbaycanın deyil, başqa ölkələrin də nümayəndələri özlərinin bayram adətlərini nümayiş etdirəcəklər. Bu festival bir daha göstərəcək ki, Novruz bayramı ölkəmizdə hər il yüksək səviyyədə keçirilir və ildən-ilə onun möhtəşəmliyi artır.

Paylaş:
Baxılıb: 1069 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30