Ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur
19.07.2014 [11:09]
“İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə www.yap.org.az saytına müsahibə verib:
- Vüqar müəllim, demokratik, hüquqi, sivil dövləti azad mətbuatsız təsəvvür etmək qeyri-mümkündür. Milli Mətbuat Günü ərəfəsində bu sahədə keçilən yola bir nəzər yetirməklə qarşıdakı illərdən gözləntilərinizi bilmək istərdik...
- Mətbuat nümayəndəsi olaraq, bu fikri böyük fəxr hissi ilə qeyd edə bilərəm ki, Azərbaycanda azad medianın inkişafı ilə bağlı çox önəmli qərarlar qəbul edilib. İlk gündən demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə atdığı addımlar və onların uğurlu nəticələri göz qabağındadır. Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində ölkədə mövcud gərgin ictimai-siyasi durum, xaos, anarxiya, özbaşınalıq digər sahələr kimi, mətbuata da öz mənfi təsirini göstərirdi. Söz, fikir azadlığının hər addımda boğulması, jurnalistlərin fiziki və mənəvi təzyiqlərə məruz qalması da həmin dövrün xarakterik cəhətlərindən idi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni bir mərhələnin əsasını qoydu. Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. Belə ki, milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi, xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib.
1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil mətbuatın inkişafı üçün geniş imkanlar açan Ümummilli lider Heydər Əliyev imzaladığı sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Belə ki, ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. Məhz bu diqqət və qayğının bariz nümunəsi olaraq, Ulu öndər 2002-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.
Ümummilli lider Heydər Əliyev söz, mətbuat azadlığının inkişafına əngəl olan, süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi, vətəndaş cəmiyyətinin quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoydu. Ulu öndər Heydər Əliyev bildirirdi ki, bizim ümumi məqsədimiz mətbuata daha çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir. Açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edən Ümummilli lider jurnalistləri dövlət mükafatları, orden və medallarla təltif etməklə bildirirdi ki, KİV-lərə qayğı davamlı və sistemlidir.
- 2003-cü ildən başlanan Böyük Yolun davamı azad mətbuatın inkişafı sahəsində atılan addımların davamlılığında da özünü təsdiqlədi...
- Heç şübhəsiz ki, reallıqlar göz önündədir, düzgün dəyərləndirmənin aparılması isə biz mətbuat nümayəndələrindən məsuliyyət tələb edir. Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı möhtərəm İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqlədi. “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası”nın təsdiqi buna əyani sübutdur. 2009-cu ildə keçirilən ümumxalq səsverməsi ilə Konstitusiyaya olunan bir sıra əlavə və dəyişikliklərdə insanların şəxsi həyatına müdaxilənin aradan qaldırılması, böhtan xarakterli yazıların qarşısının alınması üçün mətbuatla ictimaiyyətin üzərinə düşən vəzifələr bir daha dəqiqləşdirildi. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi, Azərbaycanın dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və beynəlxalq standartların tələblərinə uyğunlaşmasına ehtiyacın yarandığı müasir dövrümüzdə həyata keçirilən bu kimi tədbirlər insan hüquqlarının qorunması istiqamətində atılan ən düzgün addım kimi ölkə ictimaiyyəti tərəfindən dəstəkləndi. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, necə ki, hər bir insan qanun qarşısında, cəmiyyət qarşısında məsuliyyət daşıyır, əlbəttə, jurnalistlər də bu məsuliyyəti daşımalıdırlar və eyni zamanda, onların məsuliyyəti bəlkə də daha da böyük olmalıdır.
Ölkə Prezidenti İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Milli Mətbuatımızın 135 illiyinin ölkəmizdə dövlət səviyyəsində qeyd olunması, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, fəxri adlarla təltif olunmaları haqqında sərəncamların imzalanması və bu kimi biri-birindən əhəmiyyətli addımlar qeyd etdiklərimizin təsdiqidir. Ötən ilin iyulunda Milli Mətbuatımızın 138 illiyində jurnalistlər üçün tikilmiş binanın istifadəyə verilməsi, eyni zamanda, “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” növbəti Sərəncamın imzalanması da addımların davamlılığından irəli gəlir.
Təbii ki, 23 illik müstəqillik tariximizdə mətbuatın keçdiyi inkişaf yoluna, ən əsası dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının uğurlu nəticələrinə bütövlükdə qısaca nəzər salmaq qeyri-mümkündür. Ümumiləşdirilmiş ifadə budur ki, ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur. Dövlət başçısı İlham Əliyevin son on ildə iki dəfə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğu əsasında “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi ötən bu dövr ərzində mətbuatın inkişafına göstərilən diqqət və qayğıya media ictimaiyyətinin baxışı və verdiyi dəyərdir.
- Vüqar müəllim, XXI əsrin informasiya mübarizəsi əsri olduğunu nəzərə alsaq, mətbuatın bu sahəyə verdiyi töhfələri qənaətbəxş hesab etmək olarmı?
- Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alsaq, bu missiyanın obyektivliyə, qərəzsizliyə söykənməsinin böyük zərurət olduğu aydın şəkildə dərk olunur. Ən əsası, nəzərə alsaq ki, Azərbaycan müharibə şəraitindədir, bu gün mətbuatdan gözləntilərin nədən ibarət olduğu daha qabarıq şəkildə özünü büruzə verir.
İnformasiya mübarizəsində qələbə uğura yol açan əsas amillərdəndir. Yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini, Azərbaycan dövlətinin münaqişənin həlli ilə bağlı mövqeyini, erməni təbliğatının əsassızlığını faktlar əsasında dünya ictimaiyyətinə çatdırmalıyıq. Azərbaycanın uğurlarını qəbul etməyən, daha dəqiq desək, həzm etməkdə çətinlik çəkən dairələr daim ölkəmizə qarşı qaralama kampaniyası aparırlar. Azərbaycanın bəzi xarici dairələr tərəfindən qeyri-demokratik ölkə kimi təqdim olunması da aparılan bu qərəzli siyasətin əsas tərkib hissələrindəndir. Bu gün mətbuat belə qərəzli yanaşmalara tutarlı cavab olaraq, Azərbaycanın ayrı-ayrı sahələrdə əldə etdiyi uğurları əsaslı şəkildə ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır. Bu gün əlimizdə internet kimi universal bir vasitə vardır. Bundan daha geniş şəkildə istifadə etməliyik.
Jurnalistlərin vətənpərvərliyi çox böyük əhəmiyyətə malik olan bir məsələdir. Gənclərdə vətənpərvərlik hissinin aşılanması üçün yazılı və elektron KİV-lərdə bu mövzuda yazılara, verilişlərə geniş yer verilməsi mütləqdir. Azərbaycanın müstəqilliyinin qarantı olan ordumuzun gücünə, qüdrətinə inamı özündə əks etdirən materiallar da gündəlikdə olmalıdır. Xalqımız əmin olmalıdır ki, dövlətimizin uğurlu siyasəti nəticəsində diplomatik mübarizədə qələbəmiz, eyni zamanda, iqtisadi qüdrətin artması fonunda ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin güclənməsi işğal altında olan torpaqlarımızın azad olunmasını təmin edəcək.
- Bu gün mətbuatın qarşıya qoyduğu əsas hədəf nədir?
- Möhtərəm Prezidentimiz İlham Əliyev mətbuatın qarşısında dayanan vəzifələrdən bəhs edərkən bu fikri xüsusi qeyd edir ki, müstəqilliklə bağlı mövzulara daha geniş yer verilməlidir. Azərbaycan gənc müstəqil dövlət olsa da, öz maraqlarını müdafiə etməyə qadirdir, dünya miqyasında özünə layiqli yer tuta bilib. “Müstəqillik mövzusu daim gündəlikdə olmalıdır və tarixi paralellər aparılmalıdır. Buna da böyük ehtiyac vardır”,- söyləyən möhtərəm Prezidentimiz onu da bildirir ki, müstəqillik sadəcə dövlət atributları deyildir. Müstəqillik müstəqil həyatdır, müstəqil siyasətdir, dövlətin və milli maraqların qorunmasıdır. Tarixi paralellər aparıldıqda Azərbaycanın müstəqillik tarixində hansı çətinliklərlə üzləşdiyinin və onların necə dəf olunduğunun şahidi olarıq. Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə bu günü müqayisə etdikdə müstəqilliyin saxlanılmasının, qorunmasının onun əldə edilməsindən nə qədər çətin olduğunu görürük. Bu gün Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirmiş, ikitərəfli və çoxtərəfli çərçivələrdə əlaqələri inkişaf etdirməklə dünya birliyinin layiqli üzvünə çevrilmişdir.
Təbii ki, hər bir mətbuat orqanı ictimaiyyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdikləri ətrafında daim düşünməli, özü qarşısında bir hesabat verməlidir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Bu üç amilin vəhdəti fonunda daha dolğun, ölkənin bu günü və gələcəyi üçün daha önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazılar ortaya çıxar. Amma çox təəssüflər olsun ki, bu prinsipləri fəaliyyətlərində arxa plana keçirən mətbuat orqanları da var. Dövlət başçısının bildirdiyi kimi, ölkə daxilində, təbii ki, müxtəlif baxışlar, müxtəlif siyasi meyillər vardır. Burada müzakirələr təbiidir. Hər bir normal cəmiyyətdə bu olmalıdır. Ancaq biz dövlət maraqlarımızı üstün tutmalı, dövlətçiliyimizin inkişafına öz töhfəmizi verməliyik. Bu baxımdan jurnalist peşəkarlığı, ən əsası, onun vətənpərvərlik duyğuları çox vacibdir.
- Qarşıdakı illər üçün nəzərdə tutulan hədəflər mətbuata nə vəd edir?
- Möhtərəm Prezidentimiz İlham Əliyev keçirilən hər bir tədbirdə ümumilikdə ölkənin, yaxud hansısa bir sahənin inkişafından geniş bəhs edərək, qarşıda dayanan vəzifələri açıqlayır, tövsiyələrini çatdırır. O, hər zaman vurğulayır ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq. “Jurnalistlərin dostu” mükafatının təqdim olunması mərasimində də Azərbaycan mətbuatının dünəninə, bu gününə, keçdiyi inkişaf yoluna bir daha diqqət yönəldən dövlət başçısı İlham Əliyev qarşıda duran vəzifələrdən də söz açdı. Möhtərəm İlham Əliyev cəmiyyətdə müsbət meyillərin daha da gücləndirilməsi, xoş əhvali-ruhiyyənin təmin edilməsi üçün xəbər balansının qorunması ilə bağlı tövsiyələrini çatdıraraq bildirdi ki, əlbəttə ki, müxtəlif xəbərlər ola bilər. Amma hər halda burada balans gözlənilməlidir, saxlanılmalıdır ki, Azərbaycan cəmiyyəti həmişə olduğu kimi, nikbin olsun.
Reallıq budur ki, Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Düşünülmüş və məqsədyönlü siyasət uğurların davamlılığını təmin etməklə, gələcəyə daha böyük inamla yanaşmağa stimul verir. Harada yaşamasından, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı uğurlarımızdan qürur duymalı, inkişafa, tərəqqiyə öz töhfəsini verməyə çalışmalıdır. Dövlət başçısı İlham Əliyev “Jurnalistlərin dostu” mükafatının təqdim olunması mərasimində yekun nitqində bu fikri xüsusi qeyd etdi: “Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın bir Vətəni vardır - Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Kimsə kimisə istəməyə bilər. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq”.
Möhtərəm Prezidentimiz İlham Əliyevin bu fikirlərinin fonunda da bütün mətbuat nümayəndələrini peşə bayramları münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Müharibə şəraitində yaşayan ölkə olaraq, həqiqətlərimizin təbliği gündəlik işimiz olmalıdır. Bu əminliyi də ifadə etmək istərdim ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin uğurlu siyasəti nəticəsində yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu gün beynəlxalq aləmdə iqtisadi möcüzələr ölkəsi, Cənubi Qafqazın parlayan ulduzu kimi tanınan və nüfuz qazanan Azərbaycanın uğurları daha da artacaq, yeni-yeni zirvələrə çatacağıq.
Bayramınız mübarək, əziz həmkarlarım!
Xəbər lenti
Hamısına baxAnalitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18

