İrəvan teatrının yalnız bir problemi var...
02.04.2022 [11:12]
Söhbətləşdi: İlhamə HƏKİMOĞLU
Müsahibimiz İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru Iftixar Piriyevdir
- İftixar müəllim, bir neçə gün öncə, Beynəlxalq Teatr Günü münasibəti ilə bütün teatrlarda açıq qapı günü keçirildi, lakin İrəvan teatrının adını siyahıda görə bilmədik. Səbəb nə idi?
- İrəvan Dövlət Azərbaycan Dram Teatrının bütün tarixi boyu heç vaxt öz inzibati binası olmayıb. Yalnız 2008-ci ildə 125 illiyi ilə əlaqədar dövlət sərəncamı ilə, təntənəli şəkildə yubiley tədbirləri keçirilərkən, ölkə Prezidenti tərəfindən teatra hüquqi ünvan olaraq Binəqədi rayonu ərazisində böyük bir Mədəniyyət Sarayı ayrılmışdır. Hazırda həmin binada əsaslı təmir işləri aparılır. Ona görə stasionar fəaliyyət göstərmək imkanımız yoxdur. Digər teatrların səhnələrində oynamaq üçün isə yer ayrılmalıdır. Bu günlərdə görkəmli ziyalımız, şair-dramaturq Hidayətin “Burdan min atlı keçdi” əsərinin premyerasına hazırlaşırıq. Yəqin ki, həmin premyerada sevimli tamaşaçılarımızla məhz bizə ayrılacaq səhnələrin birində görüşmək imkanımız olacaq. Bu əsər tarixən Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın taleyindən, eləcə də Qarabağ hadisələrinin yenicə başladığı dövrdə aparılan mübarizədən və buraxılan səhvlərdən bəhs edir. Əsərdə, əsrlərlə Qərbi Azərbaycanda bədxahlarımıza qarşı mübarizə aparan seçilmiş şəxsiyyətlərin gərgin mübarizəsi, o cümlədən ulu öndərimiz Heydər Əliyevin yorulmaz və dönməz fəaliyyəti işıqlandırılır. Heydər Əliyevin bədii obrazı bütün əsər boyu hadisələrin dinamik inkişafını təmin edir. O böyük şəxsiyyətin vətən, torpaq sevgisi və xalq məhəbbəti gördüyü işlər fonunda canlandırılır.
- Bildiyim qədər Heydər Əliyev obrazını siz canlandırırsınız. Yəqin ki, bu, böyük məsuliyyətdir?
- Əlbəttə. Bunu, hətta sözlə ifadə etməyə çətinlik çəkirəm. Bilmirəm hansı sözü deyim ki, doğru olsun. Tək onu bilirəm ki, o böyük şəxsiyyətin obrazı üzərində iş aparmaq, onun iç dünyasına varmaq, duyğularını, müxtəlif məqamlarda və fərqli hadisələr zamanı keçirdiyi hissləri anlamaq, öz daxili dünyan ilə uzlaşdıraraq yaşamaq və təlqin etmək, dövlət yolundakı ideyalarını, milli məfkurəsini, xalq sevgisini canlandırmaq çox maraqlıdır. Həm də çox şərəflidir.
- Tamaşanı hansı teatrın səhnəsində oynamaq niyyətindəsiniz?
- Mədəniyyət Nazirliyinin ayıracağı səhnələrdən birində, məsələn, Akademik Milli Dram Teatrının və ya S.Vurğun adına Akademik Rus Dram Teatrının səhnəsində. Çünki tamaşa nəhəng dekorasiyalarla əhatə olunub və fırlanan səhnə üzərində qurulub. Həmin teatrların səhnələri bizə bu imkanı verə bilir.
- Bu günlərdə İrəvan teatrı yubileyə hazırlaşır. İstərdim bir qədər doğma teatrın fəaliyyətindən danışasınız.
- Bu gün 140 yaşı tamam olan İrəvan Azərbaycan Teatrı Qafqazın ən qədim teatrlarındandır. 1882-ci il aprel ayının 2-də İrəvan şəhərində fəaliyyət göstərən İrəvan Gimnaziyasında təhsil alan tələbələrə maddi dəstək məqsədi ilə hazırlanan M.İsmayılın “Tamahkarlıq düşmən qazandırır” adlı əsəri ilə peşəkar fəaliyyətə başlayıb. O dövrün mətbuatı tamaşa haqqında yüksək fikirlər bildirməklə yanaşı, qeyd edib ki, teatrın 1 il əvvəl oynadığı tamaşa da maraqlı olub. Belə çıxır, eyni əsər 1881-ci ildə də səhnəyə qoyulub. Konkret sənəd olmadığına görə, biz II tamaşa ilə teatrın yaranma tarixini əsas götürürük. Tarixçi İsrafil Məmmədovun araşdırmalarına görə, isə teatrın tarixi bir qədər də qədimlərə təsadüf edir. Məsələn, XVII əsrin ortalarında Fransız səyyahı Jan Şarden 1673-cü ildə İrəvanda, Xan sarayında olarkən göstərilən tamaşanı Qərbin operasına bənzətmişdir. Əlbəttə ki, bu çox maraqlı faktdır və bu faktla bağlı araşdırmalar aparılmalıdır. Hazırda 140 yaşını qeyd etməyə hazırlaşdığımız İrəvan Azərbaycan Teatrının yaradıcılıq yolu həm çətin, həm əzmkar, həm də kəşməkəşli olub. Teatrın tarixində görkəmli ziyalılar mühüm yer tutub. Xüsusən Firudin bəy Köçərlinin əməyi böyükdür. 1928-ci ildə bu teatra Ermənistan respublikası tərəfindən dövlət teatrı statusu verilib və çox səmərəli fəaliyyət göstərib. 30-cu illərin sonu, 40-cı illərin ilk yarısında tanınan teatra çevrilib. 1948-ci ildəki “könüllü” repressiyadan sonra SSRİ hökumətinin qərarı ilə 150 mindən çox soydaşımız Ermənistan ərazisindəki öz tarixi etnik torpaqlarından köçürüldü və teatr da bağlandı. Amma 1951-ci ilə qədər Göyçədə, Basarkeçərdə fəaliyyət göstərib. Zəngibasarda isə Xalq Teatrı kimi ardıcıl fəaliyyət göstərib. 1967-ci ildə teatr yenidən dövlət teatrı statusu alana qədər müntəzəm şəkildə fəaliyyətdə olub.
- Teatrda daha çox Hidayət müəllimin əsərlərinə üstünlük verirsiniz kimi görünür.
- Belə deməzdim. İrəvan teatrının repertuarında 1882-ci ildən bu günə qədər 400-ə qədər premyera oynanılıb. Onun yüzə yaxını son 22 ilə aiddir. Repertuar həmişə zəngin olub, dünya ədəbiyyatı nümunələrinə yer verilib. Hidayət müəllimin əsərlərinə də müraciət olunub. Əslində buna haqqı var. Çünki onun rəhbərlik etdiyi vaxtda teatr öz intibah dövrünü yaşayıb, SSRİ miqyasında bütün göstəricilərinə görə ən irəlidə gedən teatra çevrilib.
- Sizcə teatra bir aktyorun rəhbərlik etməsi yaxşı olar, yoxsa menecerin?
- Məncə, teatr sənətini özü qədər sevən, duyan, incəliklərini bilən, teatrla nəfəs alan hər kəs rəhbərlik edə bilər. Teatr rəhbəri həm sənəti, həm də teatr marketinqi işini dərindən bilməli, strategiyasını qurmağı bacarmalıdır. Biz çalışmışıq ki, torpaqlarından didərgin düşmüş bir sənət ocağının repertuarında əsasən vətənpərvərlik mövzusunda əsərlər oynanılsın. Bütün qastrollarımızda özümüzlə İrəvan həsrətimizi, bizə yaşadılan əziyyəti hiss etdirməliyik, unutmamalıyıq, unutdurmamalıyıq. Bizim missiyamız budur. Teatrımız bizim mübarizə meydanımızdır. Biz təkcə sənət yox, həm də diplomatik mövqe göstəririk. İrəvançılığımızı qabardırıq.
- Tamaşalarda tez-tez rol alırsınız?
- Yeri düşdükcə. Aktyorluq mənim sənətimdir və mən sənətimi sevirəm. Sadəcə, vaxt az olur. 1998-ci ilə qədər Akademik Milli Dram Teatrının səhnəsində 40-a qədər aparıcı rollar oynamışam. Sonra Tiflis teatrına 2 illik ezam edildim və beləcə aktyorluqdan bir qədər uzaq düşdüm.
- Niyə məhz sizi seçdilər?
- Gürcüstanda doğulduğum üçün. Həm orada tanınırdım, münasibətlər var idi. Buna görə məni göndərdilər. Ora getməzdən də “Dastan” teatrını yaratmış, təcrübə toplamışdım. Tiflisdən qayıtdıqdan sonra İrəvan teatrına təyin olundum. 2000-ci ildə İrəvan teatrına mən rəhbər təyin olunanda teatr bərbad vəziyyətə düşmüşdü, reanimasiyadaydı. Biz onu qorumalı, yenidən dirçəltməliydik. Öndə gedən teatrlar sırasına yüksəlmək üçün əzmlə çalışdıq və buna nail olduq. Teatra yeni aktyorlar, rejissorlar, dramturqlar, rəssamlar cəlb etdik, geniş təbliğat və təşviqat işləri apardıq, regionlarımıza və beynəlxalq səviyyəli qastrol səfərlərinə getdik. Bunu sübut edən çoxsaylı, monumental tamaşalarımız Dövlət Televiziyasının qızıl fondunda qorunmaqdadır. Səhnə yaradıcılığıma gələndə isə, deyim ki, 10 illik fasilədən sonra Aqşin Babayevin “Xilaskar” əsərində Heydər Əliyev obrazıyla səhnəyə çıxdım. 3 əsərdə Heydər Əliyev rolunu oynamışam. “Xilaskar”da, Hidayətin “Burdan min atlı keçdi” və müəllifi olduğum “Qurtuluş dastanı” əsərində. Biz Tiflisdə “Xilaskar” əsəri ilə qastrolda olarkən tamaşaya Şevardnadze də gəlmişdi. Tamaşaya, hətta ermənilər də baxmış, “Heydər Əliyevi səhnədə gördük, sanki onu canlı gördük” kimi fikir səsləndirmişdilər. Şevardnadze dedi ki, “siz yaxşı edib Heydər Əliyev haqqında tamaşa hazırlamısınız. Dili bilməsəm də, onun gördüyü işlər o qədər parlaqdır ki, tamaşanı tərcüməsiz anladım. Heydər Əliyev təkcə Azərbaycanın yox, Qafqazın lideridir”. Bunu mən kollektivimlə birgə onun dilindən eşitmişəm.
- 140 yaşı tamam olan İrəvan teatrının bu gün hansı problemləri var?
- Həm teatrın, həm də aktyorların yalnız bir problemi var - stasionar. Bu gün pandemiyadan sonra tamaşalara böyük maraq yaranıb. Salonlar dolub-daşır. Binamız təmirdən çıxsa, heç bir problemimiz qalmayacaq. 140 il bundan əvvəl bünövrəsi qoyulan ənənələrimiz üzərində yaradıcılıq fəaliyyətimizi əzmlə davam etdirəcəyik.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

