Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qərbi azərbaycanlıların qayıdış hüququ bərpa edilməlidir

Qərbi azərbaycanlıların qayıdış hüququ bərpa edilməlidir

26.06.2026 [10:48]

Beynəlxalq aləm Azərbaycan həqiqətləri ilə yaxından tanış olur

Tarixi torpaqlarımız sayılan Qərbi Azərbaycandan azərbaycanlıların qovulması, deportasiya olunması son 200 illik tariximizin ən ağrılı məqamlarındandır. Xalqımıza qarşı sistemli şəkildə həyata keçirilmiş bu etnik təmizləmə siyasəti XX yüzillikdə daha da intensiv şəkil alıb. XX əsrin ilk dövrlərindən başlayaraq həyata keçirilən deportasiyanın ən genişmiqyaslı olanı 1987-1988-ci illərdə reallaşıb. Ermənistan milli ayrı-seçkilik siyasəti nəticəsində yüz minlərlə azərbaycanlılar dədə-baba yurdlarından zorla qovub, onların evləri talan edilib, maddi və mənəvi irs məhv edilib. 40 ilə yaxındır ki, bu insanlar öz doğma torpaqlarına qayıdış həsrəti ilə yaşayır və ata-babalarının yaşadığı əraziləri görmək hüququndan belə məhrumdurlar. Halbuki hər bir insanın doğulduğu torpağa dönmək, orada yaşamaq, öz mülkiyyətinə sahib olmaq ən fundamental beynəlxalq hüquq prinsiplərindən biridir. Ermənistan isə bu təməl insan hüququnu pozmaqla təkcə azərbaycanlılara qarşı deyil, həm də beynəlxalq hüquq normalarına qarşı kobud şəkildə çıxış edir.

Müstəqil Azərbaycan dövləti isə bu ədalətsizliyə son qoymaq, zorla didərgin salınmış soydaşlarımızın hüquqlarını bərpa etmək üçün ardıcıl və sistemli fəaliyyət nümayiş etdirir. 2020-ci ildə başa çatan II Qarabağ müharibəsi regionda yeni siyasi və təhlükəsizlik reallıqları yaratdı. Bu reallıq həm də Qərbi Azərbaycana qayıdış konsepsiyasının hüquqi-siyasi əsaslarını möhkəmləndirdi. Sülh gündəliyinin əsas elementlərindən biri kimi ortaya çıxan münasibətlərin normallaşması prinsipi məhz tarixi torpaqlarından deportasiya edilmiş azərbaycanlıların hüquqlarının bərpasını da gündəmə gətirir. Azərbaycan dövləti artıq bu istiqamətdə institusional baza formalaşdırıb, hüquqi mexanizmləri müəyyən edib və beynəlxalq səviyyədə bu məsələnin tanıdılması üçün ardıcıl addımlar atır. Qərbi Azərbaycan məsələsi sırf humanitar xarakter daşımır, həm də ədalətin, insan hüquqlarının, tarixi yaddaşın bərpası kimi böyük ümummilli məna kəsb edir. Bu, təkcə keçmişin yox, həm də ölkənin gələcək sülh modelinin mühüm tərkib hissəsidir.

Fəal iş aparılır...

Yeri gəlmişkən, iyunun 24-də Vaşinqtonda Konqres binasında (Kapitol Hill) Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar” mövzusunda keçirilən beynəlxalq konfransda vurğulandığı kimi, Qərbi Azərbaycana qayıdış konsepsiyası bu tarixi torpaqlarımızdan qovulan azərbaycanlıların fundamental hüquqlarının bərpası prinsipini özündə əks etdirir. 2022-ci ildə Qərbi Azərbaycan İcmasının yaradılması isə müasir dövr üçün strateji əhəmiyyət daşıyan qərarlardan biridir. Bu İcmanın formalaşdırılması, ilk növbədə, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqi-siyasi təmsilçiliyini təmin etməyə yönəlib. Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. Qərbi Azərbaycanda yüzlərlə yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, kəndlərin siyahısı işlənib. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısını hazırlayıb. İcmanın qəbul etdiyi “Qayıdış Konsepsiyası” isə Qərbi Azərbaycana ədalətli və mərhələli şəkildə qayıdışın məqsədlərini, prinsiplərini və icra mexanizmlərini dəqiq şəkildə ortaya qoyur. Bu sənəd yalnız humanitar xarakter daşımır, həm də beynəlxalq hüququn fundamental müddəalarına söykənir və dövlətlərin öz vətəndaşlarının hüquqlarına təminat verməsi prinsipini əsas tutur. Konsepsiyada göstərilir ki, qayıdış prosesi mütləq dinc, hüquqi və beynəlxalq mexanizmlər çərçivəsində həyata keçirilməlidir. Sənəddə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılara qarşı həyata keçirilmiş deportasiyalar, onların mülkiyyət hüquqlarının pozulması, mədəni irsinin dağıdılması faktları ayrıca vurğulanır və bu faktlar beynəlxalq hüquq müstəvisində tanıdılmaq üçün sənədləşdirilir. Qərbi Azərbaycan Konsepsiyası uzun illərdir pozulan ədalətin bərpası üçün qəbul edilmiş mütləq və əhatəli strategiyadır. Hələ 2022-ci ilin dekabrında Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olan və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşən zaman bildirmişdi ki, biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır: “Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır”.

Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq müstəvidə...

Göründüyü kimi, artıq bu istiqamətdə beynəlxalq aləmlə fəal iş aparılır. Belə bir tədbirin Vaşinqtonda, Konqres binasında keçirilməsi isə xüsusi əhəmiyyət daşıyır. Uzun illər erməni lobbisinin yalan təbliğatı üzərindən hədəfə alınan Azərbaycana qarşı qlobal aləmdə ikili standartlar müəyyənləşmişdi. Artıq o dövr arxada qalıb. Prezident İlham Əliyevin apardığı fəal xarici siyasət nəticəsində bu gün dünya artıq erməni yalanlarına inanmır - 44 günlük Vətən müharibəsi dövründə onlarla beynəlxalq media strukturlarına müsahibə verən dövlət başçımız uzun illər ölkəmizə qarşı yönələn bu yalan təbliğatı darmadağın etdi. Bu gün isə artıq beynəlxalq aləm, o cümlədən Qərb əsl həqiqətlərlə tanış olur. İstər Avropada, istərsə də  ABŞ-da Azərbaycanın bölgəmizdə apardığı sülhpərvər siyasət, barış konsepsiyası, revanşizmə deyil normallaşmaya yönəlik konsepsiya yürütdüyü qəbul olunur. Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının qəbul etdiyi sənədlərin BMT sistemində yayılması və beynəlxalq hüquqi sənəd statusu alması, Bakı Təşəbbüs Qrupunun fəal işi bu istiqamətdə ciddi yeniliklər yaradıb. Azərbaycan tərəfi sübutlarla göstərir ki, deportasiya faktı realdır, azərbaycanlılar zorla öz torpaqlarından qovulub, onların mülkiyyəti yağmalanıb - bu cinayətlərə görə Ermənistan beynəlxalq hüquqi məsuliyyət daşıyır.

Yeni geosiyasi reallıqlar göstərir ki, Ermənistan həm beynəlxalq hüquq, həm də sülh prinsipləri çərçivəsində davranmalı, azərbaycanlıların qayıdış hüququnu tanımalı və bu hüququn təmin olunması üçün real addımlar atmalıdır. Qayıdışın reallaşması sülh sazişini daha da möhkəmləndirir - çünki sülh həm də ədalət bərpa edildikdə möhkəm ola bilər.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 96 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

35 il bir yerdə

26 İyun 10:20  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30