Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mənim iş həyatımın ən gözəl anları Azərbaycanda keçib

Mənim iş həyatımın ən gözəl anları Azərbaycanda keçib

01.08.2012 [21:57]

Zəki Qazioğlu: Azərbaycan nə qədər güclənərsə, Şimali Kipr Türk Cümhuriyyəti də o qədər rahat və güvənlikdə olar
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının “Qadın klubu”nun budəfəki qonağı Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Azərbaycan nümayəndəliyinin rəhbəri Zəki Qazioğludur:
-Zəki bəy, Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasındakı əlaqələr barədə nə deyə bilərsiniz?
- öncə onu deyim ki, 1990-cı ilin 20 Yanvar faciəsini dünyada ilk qınayanlardan biri ŞKTC-nin Cümhuriyyət Məclisi olub. Daha sonra ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı da kəskin şəkildə qınadıq. Şimali Kiprin Cümhuriyyət Məclisi sovetlər dövründə Azərbaycanın başına gətirilənlərə qarşı çıxan və Azərbaycanı hər zaman dəstəkləyən ilk addımı atıb. Bundan başqa Dağlıq Qarabağ münaqişəsi davam etdiyi ötən dövr ərzində biz hər zaman Azərbaycanın yanında olan, eyni acıları daha öncə biz də yaşadığımız üçün bunu ən yaxşı anlayan və daim azərbaycanlı qardaşlarımızın yanında olan bir mövqe sərgiləmişik. Onu da deyim ki, Şimali Kiprin Türkiyədən sonra ən çox təmasda olduğu ölkə Azərbaycandır. Bizim burada həyata keçirmək istədiyimiz işlərin mahiyyəti ondan ibarətdir ki, ölkələrimizin vətəndaşları bir-birləri ilə sıx əlaqəyə girsin.
- Azərbaycanla Şimali Kipr arasında hansı sahələrdə əlaqələrin inkişaf etdiyi daha çox özünü göstərir?
- Qarşılıqlı əməkdaşlıq sahəsində öz bəhrəsini verən daha çox təhsil sahəsidir. Turizm sahəsi də pis deyil. Keçən il bunun bir təcrübəsi də reallaşdı. “çarter relslər”i açıldı və iki ayda buradan Şimali Kiprə 4 min turist getdi. Demək ki, bu sahədə də yaxşı bir potensial var. Təbii ki, bunu dövlət etməməlidir, edə də bilməz. Bu, yalnız xüsusi şirkətlərin görə biləcəyi işdir. Hesab edirəm ki, azərbaycanlı iş adamlarının Şimali Kiprə getməyinin əsl vaxtıdır. Mən Azərbaycan iş adamlarını həmişə olduğu kimi, bu gün də Şimali Kiprə dəvət edirəm. Gedib görsünlər. Ən çox da orda turizm üçün çox zəngin bir sərmayə qoymaq imkanları var və bizim dövlət də bunu təşviq edir. Bunun üçün bəzi güzəştlər də var. Ona görə deyirəm ki, hazırda Kiprə getməyin tam zamanıdır. çünki Kipr türkləri üzərində olan embarqolar davamlı deyil. Əlbəttə ki, bütün bunlar tezliklə aradan götürüləcək. çünki orada günahsız insanlar insan haqlarından məhrum ediliblər. Bunu hələ ki, Avropa görməməyə çalışır, amma hər bir vicdanı olan insan günahsız insanların orda təzyiqlər altında saxlanıldığını bilir. Bu təzyiqlər tezliklə ortadan qalxacaq və Avropadan Şimalı Kiprə çox böyük sərmayələr gələcək. Əlbəttə ki, Avropadan gələn şirkətlər bankların pullarıyla, kreditləriylə çox güclü şəkildə investisiya qoymağa çalışırlar. Bax, azərbaycanlı iş adamları o zaman gələrsə, avropalılarla yarışma vəziyyətində qalacaq və qalib gəlmək şansı çox az olacaq. Halbuki, indiki vaxtda bu rəqabət yoxdur və ora investisiya qoymağın əsl vaxtıdır.
- Azərbaycanla Şimali Kipr arasında tələbə mübadiləsi hansı vəziyyətdədir?
- Mən Azərbaycana gəldiyim zaman ŞKTC-də 65 azərbaycanlı tələbə var idi. Bir il sonra bu say 97-yə çatdı. Sonra isə 117, 127, 412 oldu. Bu il isə 950 oldu. Oktyabrda olacaq qəbulda isə bu sayın 1500-ə çatacağını güman edirəm. Bu, böyük bir rəqəmdir. Türkiyədə oxuyan azərbaycanlı tələbələrin sayı 3500 nəfərdirsə, Şimali Kiprdə olan 1500 çox böyük rəqəmdir. Kiprdə oxuyan xarici tələbələr içərisində ilk sırada Nigeriya və İran qərarlaşır. Azərbaycan 6-cı sırada idi, amma indi 3-cü sıradadır. Güman edirəm ki, növbəti illərdə Azərbaycan bu istiqamətdə birinci yerə keçəcək. Bizdəki universitetlərin xaricdən gələn tələbə sayı 60 min olmalıdır. İndi 45 min tələbədir. Qarşımızdakı hədəf bu sayı lazım olan səviyyəyə yüksəltməkdir. Bu 60 min tələbənin 5 mini mütləq Azərbaycandan olmalıdır. Buna görə də, Şimali Kiprdə universitetlərin sayı artmaqdadır. Hazırda bizdə 5 universitet var ki, onlardan 2-si dövlət, 3-ü isə özəldir.
- Bəs, azərbaycanlı tələbələrə güzəştlər varmı?
- Azərbaycanlı tələbələrə 50 faiz güzəşt var. Şimali Kiprdən olan tələbə nə qədər təhsil haqqı ödəyirsə, azərbaycanlı tələbələr də eyni qiymətlə təhsil alırlar. Amma Türkiyədən gələn tələbələr bunun iki qatını ödəyirlər. Bəzi universitetlər bir illik təhsil haqqı, gündə üç dəfə yemək və yataqxana xərclərindən ibarət paket üsulu tətbiq edirlər. Bu isə, Azərbaycan manatı ilə 5 min manat civarında olur.
- Bir az da fəaliyyətiniz haqqında danışaq. Bu günə kimi Azərbaycandan başqa hansı ölkələrdə diplomatik fəaliyyət göstərmisiniz?
- 1987-ci ildən 1991-ci ilə qədər Belçikada - Brüssel nümayəndəliyində birinci katib olaraq çalışdım, sonra qısa bir vaxt ərzində İstanbulda baş konsul oldum. 1997-ci ildən 2003-cü ilə qədər İsveçrədə - Cenevrə nümayəndəliyində çalışmışam. Sonra Xarici İşlər Nazirliyinə qayıtdım və üç il nazirlikdə işlədim. Nəhayət, son altı ilimi də Azərbaycanda fəaliyyət göstərmişəm. Əslində isə, mən Şimali Kipri çox sevdiyimdən, xaricə getməsəydim də olardı, sadəcə elə bir peşə seçmişəm ki, bütün həyatımı xaricdə keçirmək məcburiyyətində qaldım. Amma yavaş-yavaş sonuna gəlirik. Bundan sonra isə təqaüdə gedəcəyəm.
- Azərbaycana gəldiyiniz vaxtdan bu günə kimi görülən işləri necə qiymətləndirirsiniz?
-Mənim üçün Azərbaycan heç bir zaman yad bir yer deyildi. Amma Azərbaycanı daha yaxından tanımaq istərdim. Həm də ki, dünyanın ən gözəl yerlərində diplomatik fəaliyyətdən sonra növbəti gedəcəyim ölkə ilə çox maraqlanırdım. 2005 -ci ildə ilk dəfə bura gələndən sonra gedib nazirə “Azərbaycana bağlandım, məni orda diplomatik vəzifəyə göndərə bilərsiniz” dedim. 2006-cı ildən bu günə qədər də burda yaşayaraq ən düzgün qərar verdiyimi özüm-özümə sübut etdim. Mənim iş həyatımın ən gözəl anları Azərbaycanda keçib. Digər ölkələrə gəlincə, məsələn, İsveçrə gözəl bir tablonu xatırladır, o ağaclar, o otların rəngləri, o sular, amma heç bir iyi gəlməz onların. Azərbaycanda isə hansısa rayona gedərkən yoldan bir keçi keçər onun iyi, ağacın, çiçəyin, böcəyin iyi adama xoş gəlir. Deməli, insan doğma yerlərdə özünü daha rahat hiss edir, daha xoşbəxt olur.
-Zəki bəy, bilirik ki, maraqlarınız arasında ovçuluq da var. Rəsmi işləriniz ovla məşğul olmağa imkan verirmi?
- Mənim imkanım olsa, ova tez-tez gedərəm. Həm də ki, xaricilərə burda silah qadağandır. Ona görə də, mənim burda öz silahım yoxdur. Buna görə də, burdakı dostlarla ova getmək lazımdır. Təəssüf ki, onların da hər zaman vaxtı olmur. Bu baxımdan da, ildə 3 ya 5 dəfə ova getmək fürsətim olur. Atam ovçu olduğuna görə, mən də 8 yaşımdan ovla məşğulam. Ən çox ovladığım isə quşdur. Digər heyvanlara yazığım gəldiyi üçün onları ovlamaq istəmirəm. Quşu vurmaq istəyərkən isə düşünməyə fürsət olmur.
- Azərbaycan mətbəxini bəyəndinizmi və daha çox hansı yeməkləri xatırlayacaqsınız?
- Sizin mətbəxlə bizim mətbəx arasında elə bir fərq yoxdur. Mən o qədər də çox yeyən adam olmadığıma görə dolma, aş, kababın adını çəkə bilərəm.
- övladlarınızın sizin yolunuzu davam etdirmək fikirləri varmı?
- Xeyr. Doğrusu, istəmirəm ki, onlar dövlət işində işləsinlər. özəl sektorda işləmələrini daha çox istəyirəm. 27 yaşında olan oğlum Cahid hotel idarəetməçiliyi üzrə oxudu və hal-hazırda İsveçrədə təcrübə qazanır. 26 yaşlı İmah adlı oğlum isə İstanbulda hüquq bürosunda işləyir.
- Sizi Azərbaycanda əvəz edəcək insanın kim olacağını bilirsinizmi?
- Azərbaycanda məni əvəz etmək üçün Sadəddin Topuqçu gələcək. O da mənə çox yaxın insandır. Azərbaycandan getsəm də, fikrim hər zaman burada olacaq.
Paylaş:
Baxılıb: 911 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30