Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xəzər sahilində quraşdırılacaq radarlar qaçaqmalçılığa qarşı mübarizəni gücləndirəcək

Xəzər sahilində quraşdırılacaq radarlar qaçaqmalçılığa qarşı mübarizəni gücləndirəcək

09.08.2012 [23:07]

Novruz Məmmədov: Bu stansiyalar qanunu pozanları daha yaxşı izləmə imkanı verməklə, onların fəaliyyətinin qarşısını almağa yönələcək
Məlum olduğu kimi, bu yaxınlarda ABŞ Dövlət Departamenti 2011-ci ildə terrorçuluğa qarşı mübarizədə ölkələr üzrə hesabatını yayıb. Hesabatın Azərbaycanla bağlı hissəsində ölkəmizin terrorçuluğa qarşı fəal mübarizə apardığı əksini tapıb. Sənəddə Azərbaycan hökumətinin potensial bioterrorçuluq təhlükəsinin qarşısını almaq məqsədilə, tədqiqatlar aparmağa imkan verən mərkəzi laboratoriyanın modernləşdirilməsini başa çatdırdığı bildirilir. Hesabatda, həmçinin, Azərbaycan hökumətinin Kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması proqramı çərçivəsində sərhəd sularının müşahidəsi və qaçaqmalçıların aşkarlanması məqsədilə, Xəzər dənizi sahili boyunca 7 radiolokasiya stansiyasının (RLS) quraşdırılmasını üzərinə götürdüyü də qeyd olunub. Radar stansiyaları hərbi-dəniz donanmasının, Sahil Mühafizə Xidmətinin və Dövlət Sərhəd Xidmətinin nəzarətində olacaq. Hesabatda Azərbaycanın terrorçuluğa qarşı mübarizədə gördüyü digər tədbirlər, habelə, bu sahədə beynəlxalq əməkdaşlığı davam etdirməsi də əksini tapıb.
Göründüyü kimi, Azərbaycan sərhədlərinin təhlükəsizliyini, eləcə də terrorçu qruplaşmaların və qaçaqmalçıların fəaliyyətinə qarşı tədbirlərini gücləndirməkdədir və ABŞ Dövlət Departamentinin sözügedən hesabatı da bunu bir daha təsdiqləyir.
Hesabatda əksini tapan məqamlar və Azərbaycanın təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığı barədə fikirlərini bölüşən Prezident Administrasiyasının (PA) Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə üzv ölkələr içərisində Qərblə ən uğurlu əməkdaşlıq edən dövlətlərdən biri olduğunu deyib. O, enerji sahəsindəki əməkdaşlığı xüsusi vurğulayıb.
N.Məmmədovun sözlərinə görə, Azərbaycanla ABŞ arasında, demək olar ki, bütün sahələr üzrə əməkdaşlıq qurulub: “Lakin bir sıra sahələrdə, o cümlədən, enerji və təhlükəsizlik sferasında olan əlaqələr daha çox inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Bunun göstəricisi olaraq, birincisi, Azərbaycan Silahlı Qüvvələri dünyanın müxtəlif qaynar nöqtələrində beynəlxalq birliyin formalaşdırdığı koalisiyalarda iştirak edib. Kosovadan başlayaraq daha sonra İraqda, bu gün isə Əfqanıstanda bu fəaliyyət davam etdirilir. Bildiyimiz kimi, bu gün Azərbaycanın Əfqanıstanda hərbi kontingenti var, bundan əlavə, Əfqanıstan hərbçilərinə ərazilərin minalardan təmizlənməsilə bağlı treninqlərin keçirilməsi prosesinə başlanılıb. Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin qərarı ilə bu il Əfqanıstana 1 milyon dollar həcmində yardım edilib. Eyni məbləğdə növbəti yardımın edilməsi də nəzərdə tutulub. Azərbaycanın Əfqanıstanla bağlı fəaliyyəti bundan sonra da genişlənəcək”.
PA rəsmisi, həmçinin, Qərbdən, eləcə də, Avropadan Əfqanıstana daşımaların 30-35 faizinin Azərbaycan ərazisi vasitəsilə icra olunduğunu bildirib. N.Məmmədovun fikrincə, bütün bunlar həm də Azərbaycanın özünün təhlükəsizliyinin təmin edilməsi üçün çox vacibdir.
“Azərbaycanın təhlükəsizliyindən danışarkən, ilk növbədə, vurğulamaq lazımdır ki, biz müharibə şəraitində yaşayan dövlətik. 20 ildən artıq müddətdir ki, Azərbaycan ərazilərinin 20 faizi Ermənistanın işğalı altındadır. Bu ərazilərdə şəhərlər, kəndlər, xəstəxanalar, məktəblər, qəbristanlıqlar, körpülər, evlər də daxil olmaqla hər bir şey dağıdılıb. Münaqişənin həll olunmaması, işğal altındakı ərazilərdən Azərbaycana qarşı provokasiyalar məqsədilə istifadə olunması ölkəmiz üçün təhlükə mənbəyidir”, - deyə şöbə müdiri bildirib.
N.Məmmədov qeyd edib ki, sərhədlərin yüksək səviyyədə qorunması Azərbaycanın təhlükəsizliyi baxımından bəzi məqamları aradan qaldırmağa yönəlib: “Son vaxtlar belə fikirlər var ki, Əfqanıstanda beynəlxalq koalisiyanın fəaliyyətə başladığı təxminən on il əvvəlki dövrlə müqayisədə qanunsuz narkoticarətin dövriyyəsi 40-50 dəfə artıb. Qanunsuz narkotik maddə daşıyıcıları Azərbaycan ərazisindən də tranzit kimi istifadə etməyə çalışırlar. Sözsüz ki, Azərbaycan belə hallara qarşı öz sərhədlərinin təhlükəsizliyini möhkəmləndirir”.
PA rəsmisi əlavə edib ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan olduqca həssas nöqtədir və son 200-300 ildir ki, geosiyasi maraqlar baxımdan dünyanın diqqəti Cənubi Qafqaz bölgəsinə yönəlib: “Böyük dövlətlərin burada öz maraqları var. Azərbaycan isə geosiyasi mövqeyinə, karbohidrogen ehtiyatları ilə zənginliyinə və müsəlman ölkələri içərisində ən inkişaf etmiş və dünyəvi bir dövlət olduğuna görə, dünya dövlətlərinin diqqətini çəkir. Bu diqqəti heç də hər zaman pozitiv ruhlu hesab etmək olmaz. Ona görə də, həm də bir gənc dövlət olduğunu nəzərə alsaq, Azərbaycanın təhlükəsizliyinin təmin olunması çox vacib məsələdir. Bununla bağlı, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu strategiya bu gün də davam etdirilir. Prezident İlham Əliyevin bu məsələyə göstərdiyi diqqət ölkə sərhədlərinin qorunması, sərhəd xidmətinin yüksək səviyyəyə qaldırılması üçün müəyyən avadanlıqların alınması və infrastrukturun yaradılmasında öz əksini tapır”.
Xəzər sahili boyunca 7 RLS-in quraşdırılması məsələsinə gəlincə, N.Məmmədov bunun Azərbaycanın dəniz sərhədlərinə nəzarətin yüksək səviyyədə təmin olunması məqsədi daşıdığını bildirib: “RLS-lərin quraşdırılmasında məqsəd dəniz vasitəsilə qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar qrupların, qaçaqmalçıların aşkar edilməsidir. Bu stansiyalar qanunu pozanları daha yaxşı izləmə imkanı verməklə, onların fəaliyyətinin qarşısını almağa yönələcək. Azərbaycan hökumətinin bununla bağlı müəyyən planları var. Bu, bizim ölkəmiz üçün lazımdır. Azərbaycan öz sərhədlərini daha yaxşı qorumaq imkanlarına sahib olmaq istəyir”.
Sözügedən RLS-lərin bəzi qonşu dövlətlərin narahatlığına səbəb olma ehtimalları barədə yayılan fikirlərə münasibətində şöbə müdiri belə iddiaların əsassız olduğunu bildirib: “Hər bir dövlət çalışır ki, öz imkanları çərçivəsində əhalisinin təhlükəsizliyini təmin etsin, sərhədlərini nəzarətdə saxlasın. Bununla bağlı, Azərbaycanın da müəyyən addımlar atması tamamilə təbiidir”.
 Hülya MƏMMƏDLİ
Paylaş:
Baxılıb: 862 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30