Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tələdəki pulsuz pendir...

Tələdəki pulsuz pendir...

25.07.2024 [10:55]

Aİ ilə viza rejiminin sadələşdirilməsi ermənilərə “xoşbəxtlik” gətirəcəkmi?

Ermənistan hakimiyyətinin Qərbə inteqrasiyası prosesi bir sıra məqamlarla diqqəti cəlb edir. Rəsmi İrəvanın bu istiqamətdə “öyündüyü” proseslərdən biri Avropa İttifaqı ilə viza məsələsində əldə olunan razılaşmadır. Belə ki, iyulun 22-də Avropa İttifaqı Şurasının xarici işlər nazirləri Ermənistanla viza rejiminin liberallaşdırılması dialoqu məsələsini müzakirə ediblər. Bu barədə Aİ Şurasının yaydığı məlumatda qeyd olunub ki, tərəflər viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlayacaq. “Avropa İttifaqı Ermənistanla viza liberallaşdırılması üzrə dialoqa başlamaq və üzv dövlətləri dialoq mərhələlərinə, o cümlədən meyarların müəyyən edilməsi və onların həyata keçirilməsinin qiymətləndirilməsi prosesinə tam cəlb etmək niyyətini alqışlayır. Ermənistan vətəndaşları üçün viza öhdəliyinin ləğvinin mümkünlüyü yalnız müvafiq meyarlar tam yerinə yetirildikdən sonra nəzərdən keçiriləcək”, - deyə məlumatda bildirilib.

“Tələsən təndirə düşər”

Rəsmi İrəvan Aİ-nin bu qərarından çox sevincək olub. Belə ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan viza rejiminin liberallaşdırılması dialoquna başlamaq üçün Aİ-nin xarici işlər nazirləri səviyyəsində qəbul etdiyi qərarı alqışlayıb. “Bu, Erməni?tan-Aİ tərəfdaşlığında çox mühüm mərhələdir, ümumi dəyərlər və prinsiplər, eləcə də sabitlik, sülh və firavanlıq vizyonu əsasında dərinləşən tərəfdaşlıqdır. Aİ strukturlarından və üzv dövlətlərdən olan həmkarlarıma səmimi təşəkkürümü bildirirəm”, - deyə, Mirzoyan bildirib.

Əslində, erməni tərəfinin indidən sevinməsinə əsas varmı? Burada Aİ Şurasının məlumatına diqqət yetirmək yerinə düşər. Məlumatda qeyd edilir ki, Ermənistan vətəndaşları üçün viza öhdəliklərinin ləğvi imkanlarına yalnız meyarlar tam şəkildə tətbiq edildikdən sonra baxılacaq. Nədənsə, erməni rəsmiləri bu məqamın üzərindən sükutla keçməyə üstünlük verir, sanki, Ermənistanı artıq Aİ üzvü kimi cəmiyyətə təqdim etməyə çalışırlar. Söhbət hansı meyarlardan gedir, bu standartların tam şəkildə tətbiq edilməsi üçün Ermənistana neçə il, neçə ay vaxt lazımdır? Əslində erməni cəmiyyəti və siyasi elitası məhz bu sualların cavabını tapmalı, onlar barədə xalqı məlumatlandırmalıdır. Yaranan mənzərə isə onu göstərir ki, Ermənistan hakimiyyəti eyforiyaya qapılıb, amma əsas məqam barədə cəmiyyətə açıqlama vermir. Bu səbəbdən də sevinmək üçün tələsməyə ehtiyac yoxdur. Necə deyərlər, Azərbaycanda bir atalar sözü var: “Tələsən təndirə düşər”.

Gürcüstan təcrübəsi nə deyir?

Məsələnin  digər tərəfi isə ondan ibarətdir ki, əslində Avropa ilə Ermənistan arasında viza liberallaşması üzrə dialoqun başlaması erməni cəmiyyəti üçün total ağır nəticələrə səbəb olacaq. İlk olaraq söyləmək lazımdır ki, viza rejiminin liberallaşdırılması Ermənistanın sürətlə boşalması ilə nəticələnəcək. Bunu sübut edən faktlara müraciət edək. Məsələn, qonşu Gürcüstan təkcə 2022-ci ildə ölkəni tərk edənlərin sayı 2021-ci ilin rəqəmləri ilə müqayisədə 81 faiz artıb. 2022-ci ildə 106 min gürcü Avropaya sığınıb. Onların 80-85 faizi gənclər və 40 yaşa qədər olan insanlardır. Bu qədər insanın böyük hissəsi Avropa ölkələrində siyasi motivlərə görə qalmaq istəyir, digərləri isə qeyri-qanuni yolla vətəndaşlıq əldə etmək istəyir. Siyahı bununla da bitmir. 2023-cü ildə isə emiqrantların sayı 241 min nəfər təşkil edib. İndi Ermənistanı da məhz bu tale gözləyir.

Politoloq: Ermənistanda demoqrafik böhran daha da ağırlaşacaq

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, Avropa İttifaqı Gürcüstana və Ukraynaya gətirdiyi “xoşbəxtliyi” indi də Ermənistana ixrac etmək istəyir. Ermənilər Avropa İttifaqı Şurasının viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamağa qərar verməsini böyük sevinclə qarşılayırlar ki, bu da başadüşüləndir. Yoxsulluq içərisində yaşayan erməni xalqına ölkəni daha rahat tərk etmək üçün bundan gözəl fürsət ola bilməz. Politoloqun fikrincə, demoqrafik böhrandan əziyyət çəkən Ermənistan vətəndaşlarının ölkədən qaçışı üçün daha da münbit şəraitin yaradılması vəziyyəti daha da ağırlaşdıracaq: “Maraqlıdır, rəsmi İrəvan onları gözləyən bu təhlükənin fərqinə varırmı? Yoxsa, Nikol Paşinyanın komandası “ən yaxşı erməni xaricdə yaşayandır” prinsipini rəhbər tutur? Görünür, onlar Ermənistanda yoxsulluqdan, işsizlikdən əziyyət çəkən, hökumətdən narazı olan ermənilərin ölkəni sürətlə tərk etmələrinin tərəfdarıdırlar”.

Həmsöhbətimiz deyib ki, qeyri-müsəlmanları Avropaya cəlb etməklə immiqrantlar arasında etnik balans yaratmağa çalışan Aİ Ermənistanı gözləyən demoqrafik böhranın fərqində deyil: “Biz bu böhranı Gürcüstanda, Baltikyanı ölkələrin timsalında gördük. Gürcüstanda işsizlər, azlıqlar, daha yaxşı həyat axtarışında olanlar, kriminal ünsürlər Avropaya üz tutdular. Gürcüstan bir dövlət, ölkə olaraq Avropaya sadələşdirilmiş viza rejimindən hansı dividendlər qazandısa, Ermənistan da o qədər “xeyir” götürəcək”. Onun sözlərinə görə, Ermənistana “cənnət” vəd edən Avropa, əslində, burada öz mövcudluğunu daha da gücləndirməklə Rusiya, İran və Türkiyəyə qarşı siyasət həyata keçirir. Avropa, həmçinin N.Paşinyanın Ermənistanda çökən nüfuzunu, reytinqini nəzərə alaraq, narazı erməniləri ələ almaqla məşğuldur. R.Alıyev hesab edir ki, viza rejiminin sadələşdirilməsi, Ermənistan malları üçün liberal rejimin təmin edilməsi, təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, Aİ missiyasının genişləndirilməsi və avropalı müşahidəçilərin mandatının daha 2 il müddətə uzadılması N.Paşinyanın ölkə daxilində əlinin daha da gücləndirilməsinə xidmət edir.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 584 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31