Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan qitənin ilk Olimpiya Oyunlarına ev sahibliyi edəcək

Azərbaycan qitənin ilk Olimpiya Oyunlarına ev sahibliyi edəcək

13.12.2012 [01:49]

Məlum olduğu kimi, Avropa Olimpiya Komitəsi qitənin ilk Olimpiya Oyunlarına ev sahibliyi hüququnu Azərbaycana verib. Dünyanın idman mərkəzlərindən biri kimi tanınan Bakı 2015-ci ildə Avropanın idman mərkəzi statusunu yerinə yetirəcək. Qeyd edək ki, bu qərar xalqımız, həmçinin ölkəmizin idman ictimaiyyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.
Məsələn, AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev “Yeni Azərbaycan”a verdiyi açıqlamasında bildirib ki, 2015-ci ildə keçiriləcək ilk Avropa Olimpiya Oyunlarının Azərbaycana etibar edilməsi ölkəmiz üçün böyük nailiyyətdir: “Bu, bir daha onu sübut etdi ki, Azərbaycanın beynəlxalq aləmdə imici çox böyükdür. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan idman ölkəsinə çevrilib. Ölkəmizdə çoxlu Avropa, dünya çempionatları, “Eurovision-2012” mahnı müsabiqəsi yüksək səviyyədə təşkil edilib. Ölkəmizin nüfuzunun artmasının nəticəsidir ki, 35-dən artıq dövlət qitənin ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsinin lehinə səs verdi. Hesab edirəm ki, bu, bizim ölkəmiz üçün çox böyük uğurdur və bu uğurun müsbət nəticələri olacaq. Azərbaycanın idman infrastrukturu genişlənəcək, yeni idman qurğuları, “Olimpiya şəhərciyi” tikiləcək və bura gələn qonaqlar, turistlər, idmançılar, tanınmış insanlar Azərbaycanla yaxından tanış olacaqlar. Bu da ölkəmizin təbliğatında böyük rol oynayacaq. Bu yarışa yüksək səviyyədə hazırlaşmalıyıq. Əminəm ki, ölkəmiz bu yarışı ən yüksək səviyyədə keçirəcək”.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da qəzetimizə açıqlamasında bildirib ki, Avropa Olimpiya Komitəsinin tarixdə ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı həqiqətən də tarixi hadisədir: “Bu münasibətlə dövlət başçımızı, xalqımızı, idman ictimaiyyətini təbrik edirəm. Bu qərar xalqımız tərəfindən, idman ictimaiyyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Azərbaycanda idman sahəsində dövlət başçısı tərəfindən həyata keçirilən uğurlu siyasət, dövlətin idmana göstərdiyi qayğı, idmanın inkişafında artan dinamika, həmçinin, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi və digər beynəlxalq idman qurumları tərəfindən bu inkşafa verilən qiymətin məntiqi nəticəsidir ki, ölkəmiz qitənin ilk Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Bu uğur Azərbaycanın iqtisadi inkişafının, maliyyə resurslarının artmasının, sabit və təhlükəsiz dövlət olmasının nəticəsidir. Azərbaycan Şərqdə ilk operanı, teatrı yaratdığı kimi, ilk müsəlman dövləti olacaq ki, Avropanın tarixində ilk dəfə keçiriləcək Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Avropanın minlərlə idmançısı, onların məşqçiləri, nümayəndə heyətləri, hakimlər, azarkeşlər, yüzlərlə KİV nümayəndəsi ölkəmizə gələcək və bu amil Azərbaycanın dünyadakı müsbət imicinin artması, ölkəmizin həqiqətlərinin dünyaya yayılmasında mühüm rol oynayacaq. Ölkəmizə gələcək minlərlə xarici vətəndaş, KİV nümayəndəsi Azərbaycanın əldə etdiyi uğurların canlı şahidi olacaq. Bütün dünya bir daha əmin olacaq ki, Azərbaycan nəhəng idman yarışlarını keçirməyə qadirdir, ölkəmizin buna böyük potensialı var. Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ölkəmizin Yay Olimpiya Oyunlarını qəbul etmək imkanlarını da artıracaq. Məlum olduğu kimi, ölkəmiz dövlət başçısının tapşırığı ilə iki dəfə Olimpiadaya ev sahibliyi üçün iddiasını ortaya qoyub. Həmin seçmələrdə bizə tutulan əsas irad kompleks idman yarışlarının keçirilməməsi ilə bağlı olub. Avropa Olimpiya Oyunlarının keçirilməsi ilə ölkəmiz bu iradı da aradan qaldıracaq. Avropa Olimpiya Oyunları ilə yanaşı, ölkəmiz şahmat üzrə Dünya Kubokuna, Dünya Şahmat Olimpiadasına, gimnastika üzrə Avropa çempionatına, güləş üzə Dünya Kubokuna ev sahibliyi etməklə bir daha bütün dünyaya öz imkanlarını, potensialını nümayiş etdirəcək. Dövlətin dəstəyi olmadan bütün bu işlərə nail olmaq mümkün deyil. Ölkəmizin dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında qazandığı böyük uğurlar onu deməyə əsas verir ki, Azərbaycan Avropa Olimpiya Oyunlarını da ən yüksək səviyyədə keçirərək adını qitənin idman tarixinə qızıl hərflərlə yazdıracaq”.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, ikiqat dünya çempionu, olimpiya çempionu Fərid Mansurov isə bildirib ki, Avropa Olimpiya Oyunlarının keçirilmə hüququnun ölkəmizə verilməsi böyük uğurdur: “Azərbaycanda bir-birinin ardınca Dünya, Avropa çempinatları, nüfuzlu beynəlxalq yarışlar keçirilir. Ölkəmizin bu sahədə böyük təcrübəsi var. Eyni zamanda, ölkəmiz bu cür yarışları keçirmək üçün lazımi infrastruktura malikdir. Prezident İlham Əliyevin idmana göstərdiyi qayğının nəticəsidir ki, bu gün ölkəmizin demək olar ki, hər bir bölgəsində müasir Olimpiya İdman Kompleksləri inşa edilərək idmançıların ixtiyarına verilib. Dövlət başçımızın bu sahədə həyata keçirdiyi siyasətin məntiqi nəticəsi olaraq Avropa Olimpiya Komitəsi bu yarışın keçirilmə hüququnu Azərbaycana etibar etdi. Ölkəmizə yarışda iştirak etmək üçün minlərlə qonaq gələrək Azərbaycanın nəyə qadir olduğunun, əldə etdiyi uğurların yerində şahidi olacaqlar. Azərbaycan 2020 Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyirdi, amma müəyyən nüanslara görə bu hüququ əldə edə bilmədi. Lakin dövlət başçısı tərəfindən “İdman ili” elan edilən ildə ölkəmiz Avropanın ilk Olimpiya Oyunlarını keçirmək hüququnu qazandı. Mən əminəm ki, ölkəmiz bu yarışı ən yüksək səviyyədə keçirəcək. İdmançılarımız isə doğma divarlar amilini də nəzərə alaraq bu yarışda yüksək nəticələr qazanacaq və Azərbaycanın adını ucaldacaqlar”.
Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü, “Olimpiya.az” portalının rəhbəri, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlu isə qəzetimizə bildirib ki, Avropanın ilk Olimpiya Oyunlarının keçirilməsinin Azərbaycana etibar edilməsinin əhəmiyyəti çox böyükdür: “Azərbaycanın dövlət başçısı İlham Əliyev idmana böyük diqqət və qayğı göstərir. Prezidentin həm də MOK rəhbəri kimi idman sahəsində həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Dövlət başçımızın Olimpiya hərəkatındakı xidmətləri dəfələrlə Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi tərəfindən yüksək dəyərləndirilib. Ölkəmizdə indiyə qədər bir çox Dünya və Avropa çempionatları, Olimpiya lisenziya xarakterli yarışlar keçirilib. Bu yarışların davamı olaraq 2015-ci ildə Avropanın tarixində ilk Olimpiya Oyunları məhz Bakıda təşkil ediləcək. Bu yarışın önəmini artırmaq üçün yəqin ki, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi ilə birgə Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalarla müvafiq danışıqlar aparacaqlar. Qeyd edim ki, Asiyada da belə analoji yarışlar keçirilir. 4 ildən bir təşkil edilən Asiya Oyunlarına böyük diqqət və maraq olur. Avropa Olimpiya Oyunlarının əhəmiyyətini artırmaq üçün bir çox tədbirlər həyata keçirilməlidir. Çalışmaq lazımdır ki, Avropa Olimpiya Oyunlarında bir çox idman növləri üzrə yarışlar lisenziya xarakteri daşısın. Bax onda, yarışa böyük maraq olacaq, iştirakçı ölkələr ən güclü idmançılarını yarışa gətirəcək. Avropa Olimpiya Oyunlarından bir il sonra Rio-de-Janeyroda növbəti Yay Olimpiya Oyunları keçiriləcək. Avropa Oyunları bir il sonra keçiriləcək Olimpiadaya lisenziya xarakteri daşısa, yarışın nüfuzu xeyli artacaq. Bütün hallarda Avropa Olimpiya Oyunlarının Bakıya etibar edilməsi dövlətimizin inkişafının, nüfuzunun nəticəsi kimi qiymətləndirilməlidir”.
ANAR

Paylaş:
Baxılıb: 1031 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30