Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biridir

Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biridir

17.07.2013 [11:17]

Prezident İlham Əliyev: Son 10 il ərzində iqtisadi sahədə Azərbaycan kimi inkişaf edən ikinci dövlət yoxdur
Heç şübhəsiz, bu gün ölkəmizdə həyata keçirilən məqsədyönlü, düşünülmüş siyasət sayəsində Azərbaycan iqtisadiyyatı dünyada gedən proseslərdən asılı olmayaraq müstəqil şəkildə inkişaf edir. Artıq Azərbaycanın dövlət büdcəsi dünya bazarlarında neftin qiymətinin dəyişməsindən asılı deyil. Belə ki, qeyri-neft sektorunun inkişafı, artan valyuta ehtiyatları fonunda dünya bazarlarında neftin qiymətinin dəyişməsi Azərbaycanın maliyyə imkanlarına mənfi təsir edə bilməz. Bu faka təsir edən mühüm amillərdən biri də Azərbaycan Dövlət Neft Fondu tərəfindən maliyyə imkanlarını sabit saxlamaq üçün qızılın və ya daşınmaz əmlakın alınması istiqamətində əhəmiyyətli addımların atılmasıdır.
Qeyd etmək yerinə düşər ki, ölkəmizdə qeyri-neft sektorunda müşahidə olunan dinamizmi iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Bu gün Azərbaycan dünyanın sürətli inkişaf tempinə malik olan ölkələrindən birinə çevrilib. Bu uğurlar isə həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq, ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olmaqla əldə edilib. Əsas hədəf növbəti illərdə ümumi daxili məhsulun məhz qeyri-neft sektoru hesabına artırılmasına yönəlib.
Sözsüz ki, iqtisadi uğurların davamlı olmasında həyata keçirilən siyasi islahatlar çox mühüm əhəmiyyətə malikdir. Çünki bazar iqtisadiyyatının, azad sahibkarlığın formalaşması üçün ilk növbədə, əlverişli siyasi şərait yaradılmalıdır və ya əksinə siyasi sahədə aparılan islahatlar iqtisadi islahatlarla dəstəklənməlidir.
Beləliklə, neftdən daxil olan gəlirlər və düşünülmüş büdcə siyasəti ölkənin maliyyə gücünü xeyli artırıb, nəzərə çarpan dərəcədə valyuta ehtiyatları yaratmağa imkan verib və inflyasiyanı idarəolunan səviyyədə saxlayıb. Yəni, Azərbaycanda makroiqtisadi riskləri tam neytrallaşdıra biləcək səviyyədə strateji valyuta ehtiyatları (46 milyard dollardan çox) var. Bu gün Azərbaycan iqtisadiyyatının demək olar ki, 85 faizi bazar iqtisadiyyatı hesabına formalaşır. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə, MDB məkanında birinci, dünya miqyasında isə 46-cı yerdədir. Eyni zamanda, Asiya İnkişaf Bankının (AİB) hesablamalarına əsasən, 2020-ci ildə Azərbaycanda ÜDM-in həcmi 130 milyard dollara çatacağı gözlənilir. Bütün bu statistik göstəricilər bir daha onu deməyə əsas verir ki, Azərbaycanda aparılan düşünülmüş siyasi və iqtisadi islahatlar öz bəhrəsini verməkdədir.
Bütövlükdə, 2003-cü ildən Azərbaycanda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib. Azərbaycan iqtisadiyyatı son 10 ildə 3 dəfə, qeyri-neft ÜDM-i 2,4 dəfə, büdcə gəlirləri 14 dəfə, strateji valyuta ehtiyatları isə 13 dəfə artıb. İri infrastruktur layihələri həyata keçirilib, xarici borcun həcmi təxminən ÜDM-in 7-8 faizi qədər, valyuta ehtiyatlarının həcmi isə təxminən ÜDM-in 70 faizi civarındadır ki, bu, olduqca müsbət göstəricilərdir. Ölkəmizin 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi 2013-cü ildə 25 milyard dollara çatıb. Respublikada bir milyondan çox yeni iş yeri yaradılıb, əhalinin işsizlik səviyyəsi 5,1 faizədək enib. Müqayisə üçün bildirək ki, 2003-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 6 faizədək azalıb ki, bu, yoxsulluqla mübarizə sahəsində dünyada ən yüksək göstəricilərdən biridir. Azərbaycan iqtisadiyyatına bütövlükdə 140 milyard dollar həcmində sərmayə qoyulub. Hazırda Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi 114 milyard dolları ötüb ki, bu vəsaitin 51 faizi xarici investisiyaların payına düşür. Xüsusilə qeyd edək ki, 2005-2009-cu illərdə Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətə çevrilib. Elə 2009-cu ildən başlayaraq, əsas diqqət ölkənin neftdən asılılığının azaldılmasına yönəldilib və son 3 ilin dinamikası aydın şəkildə göstərir ki, bu vəzifənin öhdəsindən layiqincə gəlinib.
Vurğulamaq lazımdır ki, ölkəmizdə müşahidə olunan inkişaf nüfuzlu tədqiqat institutlarının hazırladığı rəy sorğularında və hesabatlarında öz müsbət təsdiqini tapıb və respublikamız 2012-ci ildə MDB-də ən yaxşı reytinq göstəricilərinə malik ölkə kimi qiymətləndirilməkdədir. Avropa Komissiyasının dünya ölkələrinin 2013-cü ildəki sosial-iqtisadi vəziyyətinə dair hesabatında respublikamızın makroiqtisadi durumu əlverişli qiymətləndirilir. Əksər ölkələrin borc böhranı fonunda kredit və investisiya reytinqlərinin aşağı düşdüyünə diqqət çəkən Avropa Komissiyası Azərbaycanı MDB-də ən sabit ölkə hesab edir. Hazırda “Ba1” kredit reytinqinə malik olan Azərbaycan bu indikatora görə, Avropanın ilk 10 ölkəsi arasında qərarlaşıb.
Bütün bu göstəricilər gələcək üçün proqnozların optimist xarakter daşıyacağını deməyə əsas verir. Belə ki, əgər indi ÜDM-in 48 faizi qeyri-neft sektorunun, 52 faizi neft sahəsinin payına düşürsə, 2020-ci ilədək bu göstəricinin müvafiq olaraq 80 və 20 faiz nisbətində dəyişəcəyi proqnozlaşdırılır. Bununla da, Azərbaycanda ÜDM-in formalaşmasında qeyri-neft sektorunun rolunu artırmağı nəzərdə tutan inkişaf strategiyası gələcəkdə Azərbaycan iqtisadiyyatını neft sektorunun asılılığından tam azad edəcək.
Yeri gəlmişkən, bu fikirlər, “Azərbaycan - 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının layihəsində də öz əksini tapıb: “2020-ci ildə Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, bütün sahələrdə rəqabət qabiliyyətli ölkə olacaq. Azərbaycan əhalinin gəlirlərinin yüksək olduğu, işsizlik səviyyəsinin minimum həddə olduğu, yüksək dərəcədə inkişaf etmiş insan kapitalına, mühafizə edilmiş, sağlam ətraf mühitə və hər bir vətəndaşı üçün geniş imkanlara malik məkana çevriləcək”.
Konsepsiyada 2020-ci ildə ÜDM-in adambaşına düşən həcminin iki dəfədən çox artaraq 13000 ABŞ dollarına çatdırılacağı, Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr” arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupunda üst sıralara yüksəlməsi nəzərdə tutulub. Hədəflər sırasında iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabət qabiliyyətinə sahib iştirakçı statusuna yüksəlmək, ölkənin regionun ticarət mərkəzinə çevrilməsi, adambaşına düşən qeyri-neft sektoru üzrə ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması da var. Konsepsiyanın əhatə etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə ÜDM-in orta illik real artım tempinin 7 faizdən yüksək olması hədəflənir.
Təsadüfi deyil ki, iyulun 2-də Azərbaycan polisinin yaranmasının 95-ci ildönümü günündə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Heydər Əliyev Mərkəzinin açılışında iştirak edən Prezident İlham Əliyev bir daha bəyan edib ki, Azərbaycan bundan sonra da inkişaf etməlidir: “Azərbaycanda çox böyük quruculuq işləri aparılır. Sosial məsələlər öz həllini tapır. Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biridir. Son 10 il ərzində iqtisadi sahədə Azərbaycan kimi inkişaf edən ikinci dövlət yoxdur. Əsas nailiyyətimiz ondan ibarətdir ki, biz Ulu öndərin qoyduğu yola sadiqik. Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir. Bu siyasətin davam etdirilməsi bizim gələcək uğurlarımızı da şərtləndirir. Əlbəttə ki, Azərbaycan bu gün dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. Bizim təşəbbüslərimiz artıq dünya miqyasında öz böyük əhəmiyyətini göstərməkdədir”.
SEVİNC

Paylaş:
Baxılıb: 1090 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31