Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Bloomberg”dəki material erməni lobbisi ilə Qərbin Azərbaycandakı “beşinci kolon”u arasındakı sıx əməkdaşlığın məhsuludur

“Bloomberg”dəki material erməni lobbisi ilə Qərbin Azərbaycandakı “beşinci kolon”u arasındakı sıx əməkdaşlığın məhsuludur

04.10.2013 [10:10]

Anti-Azərbaycan dairələri və “beşinci kolon” ölkəmizə qarşı qara piar kampaniyasını davam etdirir
Azərbaycanın dinamik iqtisadi inkişafı, müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini davamlı surətdə möhkəmləndirməsi ölkəmizlə tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinə malik olan ölkələrdə pozitiv təəssürat yaratsa da, bəzi dairələrdə narahatlıq hissi meydana gətirir. Məhz buna görə də, həmin anti-Azərbaycan dairələri ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmaq, ictimai şüuru manipulyasiyaya məruz qoymaq, dövlətimizə təzyiq etmək üçün ölkəmizə qarşı qara piar kampaniyası aparır, həmçinin, Azərbaycanın pozitiv beynəlxalq imicinə zərər yetirməyə çalışırlar.
Qeyd etmək lazımdır ki, bu kontekstdə “demokratiya”, “insan haqları” kimi dəyərlərdən siyasi vasitə kimi istifadə olunmaqdadır. Burada transmilli medianın xidmətləri xüsusi olaraq qeyd edilməlidir. Vurğulamaq lazımdır ki, həmin subyektlərin fəaliyyətinin əsasında duran əsas məqsəd ideoloji təzyiq və təsir vasitəsilə konkret hədəflərin yerinə yetirilməsidir. Milli dövlətlər üzərində təsir vasitəsilə müxtəlif maraqlarını həyata keçirməyə çalışan güclər ölkəmizdə fəaliyyət göstərən bir sıra antimilli təzyiq ünsürlərindən vasitə kimi istifadə edirlər.
“Beşinci kolon” anti-Azərbaycan dairələrlə sinxron fəaliyyət göstərir
Qeyd etmək lazımdır ki, Azərbaycanda prezident seçkiləri yaxınlaşdıqca xarici anti-Azərbaycan dairələr, erməni lobbisi və daxili antimilli qrupların sinxron şəkildə Azərbaycana qarşı qara piar kampaniyası daha da şiddətlənir. Artıq “Human Rights Watch”, “Freedom House” kimi təşkilatlar (əslində, təzyiq qrupları-N.Q.), “The Guardian”, “Reuters” kimi transmilli media orqanları bir neçə sifarişli hesabat, bəyanat və material yayıblar.
Bundan başqa, oktyabrın 3-də Avropa Parlamentində Müsavat partiyasının ermənilərlə müttəfiqlik sazişi imzalayıb sıralarına daxil olduğu Avropa naminə Liberal və Demokratlar İttifaqının üzvü Gerben-Jan Gerbrandy tərəfindən qərəzli konfrans təşkil olunub. “Müsavat” sədri İsa Qəmbər və Azərbaycandakı “beşinci kolon”un fəalları həmin tədbirdə iştirak etmək üçün Brüsselə yollanıblar.
Transmilli media anti-Azərbaycan dairələrin xüsusi ideoloji təyinatlısı kimi...
Onu da vurğulamaq gərəkdir ki, “beşinci kolon”la anti-Azərbaycan dairələrin ölkəmizə qarşı yönəlmiş fəaliyyətində transmilli medianın xidmətlərindən xüsusi olaraq istifadə edilir. Başqa sözlə, transmilli media bu prosesdə xüsusi ideoloji təyinatlı struktur kimi çıxış edir.
Ümumiyyətlə, beynəlxalq təzyiq qruplarının ideoloji təyinatlısı kimi çıxış edən transmilli media qurumları beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru olan milli dövlətlərə qarşı müxtəlif məsələlər ətrafında şantaj siyasəti həyata keçirir və bu sırada daha çox informasiya manipulyasiyasına, qara piar komponentlərinə istinad edir. Xalqlar və milli dövlətlər, hətta ölkədaxili siyasi subyektlər arasında ziddiyyət yaratmaq, ölkələri dini, etnik platformada qütblərə ayırmaq naminə gündəmə gətirilən məsələlər və dövriyyəyə buraxılan informasiyalar (əslində, dezinformasiyalar-N.Q.) bunu sübut edən başlıca arqumentlərdəndir. Ölkədaxili siyasi subyektlər arasında ziddiyyət yaratmaq missiyasından bəhs edərkən qeyd etmək lazımdır ki, həmin media təsisatlarının qara piar səciyyəsi daşıyan və özündə şantaj, təhdid, böhtan və manipulyasiya elementlərini ehtiva edən informasiya siyasətinin son məqsədi müxtəlif cəmiyyətlər daxilində təxribata, qeyri-sabitliyə, hətta xaos və anarxiyaya zəmin yaratmaqdan ibarətdir.
Qeyd etdiyimiz kimi, beynəlxalq münasibətlər sisteminin suveren aktoru kimi çıxış edən, müstəqil xarici siyasət kursuna malik olan Azərbaycana qarşı da transmilli media tərəfindən qara piar kampaniyası davam etdirilir. Bu kontekstdə son olaraq “Bloomberg” nəşri də Azərbaycanla bağlı son dərəcə qərəzli, subyektiv mülahizələrə əsaslanan və sifarişli material dərc edib.
Araşdırma zamanı müəyyən edilib ki, bu material IHS Global Insight (İHS) adlı təşkilatın baş analitiki Lilit Gevorkyan adlı bir nəfər tərəfindən təşkil olunub.
L.Gevorkyanın hazırladığı və “Bloomberg”in Moskva bürosunda çalışan məsul vəzifəli həmyerlisinə göndərdiyi material sonradan həmin büronun əməkdaşı Henry Meyer adlı yazarın müəllifliyi ilə “Azeri Dynasty Allied to U.S. Taps Oil Riches to Avoid Assad Fate” adı altında dərc olunub.
L.Gevorkyanın özü də həmin məqalədə IHS Global Insight-ın analitiki kimi Azərbaycandakı vəziyyətə dair qərəzli şərh verib.
İnternetdə araşdırma zamanı müəyyən edilib ki, IHS özündə müxtəlif sahələr üzrə informasiya ekspertlərini birləşdirən qurumdur. Onun dünyanın 31 ölkəsində 8000-dən artıq eksperti çalışır. Lilit Gevorkyan İHS-də 2009-cu ildən çalışır, Rusiya və postsovet məkanında siyasi, təhlükəsizlik və biznes mühiti sahəsində analitikaya cavabdehdir. Bundan öncə isə o, Kembric Universitetinin “Avrasiya Evi”ndə, Beynəlxalq Strateji Təhqiqatlar İnstitutunda, BMT-də işləyib. Xaricdə fəaliyyətə başlamazdan əvvəl Lilit Gevorkyan Ermənistan XİN-də çalışıb və Londonda Ermənistan diplomatik missiyasının mətbuat attaşesi olub. Diplomatik fəaliyyətində L.Gevorkyan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO və Ermənistan ordusunun zabitləri arasında əlaqələrə məsul olub. O, həm də Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində monitorinq aparan ATƏT-in monitorinq missiyası ilə əməkdaşlıq edib.
L.Gevorkyanın elmi fəaliyyətinə səthi nəzər saldıqda bəlli olur ki, beynəlxalq və hərbi-mülki münasibətlər onun əsas fəaliyyət sferasıdır. O, NATO-nun Romada Müdafiə Kollecini bitirib və əsasən hərbi münaqişələrin araşdırılması ilə məşğul olub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində L.Gevorkyanın həm ATƏT-in monitorinq missiyası ilə əməkdaşlığı, həm də hərbi münaqişələrə dair mütəxəssis olması çox şey deyir.
Onu da əlavə edək ki, L.Gevorkyan dünyanın bir çox nüfuzlu media orqanları ilə yaxından əməkdaşlıq edir. İnternetdə verilən məlumata görə, onun BBC, CNN, CNBC, Əl-Cəzirə və digər telekanallarda reportaj və müsahibələri yayılır. Bundan başqa, “New York Times”, “Financial Times”, “Wall Street Journal”, “Observer”, “Daily Telegraph”, “Guardian”, “Associated Press”, “France Presse”, “Reuters”, “Bloomberg” və digər nəşrlər onun yaxından əməkdaşlıq etdiyi media vasitələridir. “Bloomberg”in saytında L.Gevorkyanın şərh verdiyi və ya müəllifi olduğu onlarla məqalə var. Çox maraqlıdır ki, L.Gevorkyanın münasibəti dərc olunduğu bütün məqalələrin müəllifi məhz həmin Henry Meyerdir.
Leyla Yunus və Xədicə İsmayılova ermənipərəst dairələrin informatoru rolunda...
Bu məsələnin ən maraqlı məqamlarından biri də odur ki, həmin material üçün “fakt”lar L.Gevorkyana Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova tərəfindən ötürülüb. İnternetdə kiçik bir araşdırma aparmaq kifayətdir ki, bu adamların təmasları və əməkdaşlıqları barədə faktlar üzə çıxsın.
Bunu təsdiq edən faktlardan biri də odur ki, L.Yunus və X.İsmayılova davamlı şəkildə müxtəlif xarici fondların Cənubi Qafqazla bağlı layihələrində erməni və gürcülərlə birgə işləyiblər və bu fəaliyyətlərini davam etdirirlər. Məsələn, Böyük Britaniyanın Ermənistan və Azərbaycandakı səfirliklərinin dəstəyi ilə İrəvandakı “Region” araşdırma mərkəzinin yeni yaratdığı saytın həmmüəllifinin biri də Leyla Yunusdur. Bu il yanvarın 16-da adıçəkilən saytın təqdimat mərasimindən məlumat verən “Erkramas” qəzeti milli mənafe və maraqlardan çox-çox uzaq olan Leyla Yunusun bununla bağlı fikirlərinə xüsusi yer ayırmışdı.
Beləliklə, görünən odur ki, ermənilərə və ermənipərəstlərə qeyri-obyektiv, ölkəmizə qarşı qara piar kampaniyasının tərkib hissəsi olan yanlış informasiya ötürən hər iki şəxs anti-Azərbaycan dairələrə səxavətlə xidmət edirlər. Bu, onların bilavasitə milli təhlükəsizlik və milli maraqlara qarşı fəaliyyət göstərdiklərini növbəti dəfə aşkar edir.
Nəticə etibarilə, göründüyü kimi, “Bloomberg”dəki material erməni lobbisi və Qərbin Azərbaycandakı “beşinci kolon”u arasındakı sıx əməkdaşlığın məhsuludur. Qarşıdan gələn dövrdə bu şəbəkənin Azərbaycana qarşı yeni təxribatlarının üzə çıxacağı gözləniləndir.
Anti-Azərbaycan dairələri və “beşinci kolon”un cəhdləri heç bir nəticə verməyəcək
Bütün bunlara rəğmən, tərəddüdsüz qeyd etmək olar ki, anti-Azərbaycan dairələrin, o cümlədən ölkəmizdəki “beşinci kolon”un timsalında rast gəlinən bu cür cəhdlər və hallar Azərbaycanda təşəkkül tapmış möhkəm ictimai-siyasi sabitliyə, ölkəmizin müsbət beynəlxalq imicinə zərrə qədər də təsir etməyəcək. Çünki həyata keçirilən rasional daxili və xarici siyasət kursunun qanunauyğun nəticəsidir ki, bu gün Azərbaycan ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında yer alır. Ölkəmizdə bütün sahə və sektorların dinamik inkişafına təkan verən mühüm amillərdən biri olmaq etibarilə ictimai-siyasi sabitlik həm də milli təhlükəsizliyin strateji qarantı qismində çıxış edir. Həmçinin, Cənubi Qafqaz geosiyasi məkanının lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləyir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 1101 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31