Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ATƏT/DTİHB-nin müşahidə missiyasının rəyi qeyri-obyektiv və qərəzlidir

ATƏT/DTİHB-nin müşahidə missiyasının rəyi qeyri-obyektiv və qərəzlidir

18.10.2013 [09:16]

Bu təşkilatın prezident seçkiləri haqqında ilkin rəyi reallığı əks etdirmir
Məlum olduğu kimi, oktyabrın 9-da ölkəmizdə növbəti prezident seçkiləri azad, şəffaf və demokratik qaydada keçirilib. Bu faktı seçki prosesini izləyən çoxsaylı beynəlxalq müşahidəçilər də təsdiq edib. Amma maraqlıdır ki, bütün digər beynəlxalq müşahidəçilərdən fərqli olaraq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) “ənənəsinə” sadiq qalaraq Azərbaycandakı bu seçkilərə də qeyri-obyektiv yanaşıb. Belə ki, təşkilatın müşahidə missiyasının seçki ilə bağlı ilkin rəyində qeyri-obyektiv, qərəzli və reallığı əks etdirməyən fikirlərə yer verilib.
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib ki, hər bir seçki demokratiya imtahanıdır və bu, həm demokratik ənənələri olan, həm də demokratiyaya yeni keçən ölkələrə aiddir: “Azərbaycan bu demokratiya imtahanını uğurla verdi. Ölkəmiz sübut etdi ki, demokratiyadan başqa seçimi yoxdur. Eyni zamanda, hər bir Azərbaycan vətəndaşı da bu demokratiya prosesinə öz töhfəsini verə bildi. Xəbər verildiyi kimi, seçkiləri izləmək üçün dünyanın təxminən 100-ə yaxın ölkəsindən 1400-ə yaxın beynəlxalq müşahidəçi ölkəmizdə olub. Bunlar müxtəlif beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrin parlamentinin, mərkəzi seçki komissiyalarının nümayəndələridir. Bundan başqa, on minlərlə yerli müşahidəçilərin bir qismi bütün ölkə üzrə, bir qismi isə konkret dairə və məntəqələr üzrə müşahidə aparıblar. Müşahidə sistemi elə qurulub ki, müşahidəçilər əvvəldən sona kimi bütün mərhələləri izləyə biliblər”.
A.Mirzəzadə onu da qeyd edib ki, ATƏT Azərbaycanda keçirilən seçkilərə mənfi qiymət verməyib. Onun sözlərinə görə, ATƏT-in sədri, Ukraynanın xarici işlər naziri Azərbaycanda keçirilən seçkilərlə bağlı yüksək fikir bildirib. Həmin yüksək qiyməti Avropa Şurası, Avropa Parlamentinin nümayəndə heyəti və digər beynəlxalq müşahidəçilər də veriblər. “Seçkilər haqqında mənfi fikir söyləyən təşkilat ATƏT-in tərkibində fəaliyyət göstərən Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu deyilən bir qurumdur. Bu qurumun verdiyi rəyin isə ATƏT-ə heç bir aidiyyəti yoxdur. Yəni, DTİHB ATƏT-in adından çıxış etsə də, ATƏT-in 50-yə yaxın ölkəsi həmin təşkilata seçki ilə bağlı səlahiyyət verməyib”.
Millət vəkili bildirib ki, ATƏT/DTİHB demokratik ölkələrə kömək etmək, onların uğurlarını görmək əvəzinə, bu ölkələri təzyiq altında saxlamağa üstünlük verir: “ATƏT/DTİHB-nin ilkin rəyində bildirilir ki, seçki məntəqələrinin 11 faizində qayda pozuntusu olub. Halbuki, bu qurum seçki məntəqələrinin 89 faizində heç bir qayda pozuntusu olmadığına görə seçkini müsbət qiymətləndirməli idi. Bu qurumun təmsilçiləri cəmi 5-6 dəqiqə məntəqələri müşahidə edib, çıxıb gedirdilər. Özü də nədənsə məhz onların olduqları məntəqələrdə “qayda pozuntusu baş verirdi”. Lakin bütün məntəqələr veb-kameralarla təchiz edilmişdi. Əgər onların dediyi kimi qaydalar kobud şəkildə pozulubsa, o zaman kameralarda bu görüntülər əks olunmalı idi. Deməli, onların məqsədi heç də Azərbaycanda keçirilən seçkiləri obyektiv işıqlandırmaq deyildi. Hansı maraqdan irəli gəldiyini deyə bilmərəm, lakin onlar seçkilərə əvvəlcədən hazırlanmış rəylə gəlmişdilər. Təşkilatın seçkilərlə bağlı ilkin rəyi tamamilə qərəzlidir. Bu, Azərbaycan xalqının istəyinə qarşı onların mənfi münasibətidir”.
“9 oktyabr tarixində Azərbaycanda ədalətli, şəffaf və bütün demokratik normalara, Avropa və dünya dəyərlərinə əsaslanan prezident seçkiləri keçirildi”. Bunu isə millət vəkili, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, Bakı Slavyan Universitetinin prorektoru Sahibə Qafarova deyib. Millət vəkili qeyd edib ki, Azərbaycan xalqının ölkə Prezidenti İlham Əliyevə olan inamı, etimadı bu seçkilərin nəticəsində bir daha üzə çıxdı. S.Qafarovanın bildirdiyinə görə, Azərbaycan xalqının cənab İlham Əliyevi dəstəkləməsinin əsasında son 10 il ərzində ölkədəki fundamental dəyişikliklər, hər bir vətəndaşın həyatında baş verən pozitiv məqamlar dayanır. Millət vəkili bildirib ki, 9 oktyabr seçkilərini təxminən 50 mindən çox yerli, 1400-ə qədər beynəlxalq müşahidəçi izləyib. S.Qafarovanın qeyd etdiyinə görə, ümumilikdə götürəndə 9 oktyabr seçkilərini müşahidə edən beynəlxalq müşahidəçilərin seçkilərin gedişi və nəticələri ilə əlaqədar səsləndirdikləri rəylər, fikirlər qaneedicidir: “Beynəlxalq müşahidəçilərin rəylərini də iki hissəyə bölmək olar: seçkiləri qərəzsiz, obyektiv izləyib, nəticələr haqqında ədalətli fikir söyləyənlər və seçki prosesinə müəyyən konyuktura baxımından yanaşaraq, nəticələri məhz bu konyuktura prizmasından dəyərləndirmək istəyənlər. Onu da qeyd etmək istəyirəm ki, beynəlxalq müşahidəçilərin əksəriyyətinin ölkədə keçirilən səsvermə ilə bağlı rəyi birmənalı şəkildə kifayət qədər yüksək olub. Onların verdiyi bəyanatlar seçkilərin kifayət qədər ədalətli, şəffaf və demokratik prinsiplərə əsaslanaraq keçdiyini əks etdirir. Bura şəxsən özümün də təmsil olunduğum AŞ PA, o cümlədən, Avropa Parlamenti, ATƏT və digər beynəlxalq təşkilatların bəyanatları aiddir. Əlbəttə, tənqidi fikirlər səsləndirənlər də oldu. Bunların arasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyini qeyd etmək olar. Amma mənə elə gəlir ki, ümumilikdə, beynəlxalq təşkilatların seçki ilə bağlı rəyini qiymətləndirməli olsaq, bütövlükdə yanaşma müsbətdir”.
Azərbaycanın ATƏT-in üzvü olduğunu, qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə əməkdaşlıq etdiyini xatırladan millət vəkili bildirib ki, ölkəmiz müəyyən şərtlər daxilində bu əməkdaşlığın səmərəliliyini qeyd edir: “Amma, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanla bağlı qeyri-obyektivlikdən əl çəkə bilməsə, ikili standartlar xəstəliyindən xilas ola bilməsə, təbii ki, istər-istəməz, bu qurumla Azərbaycanın əməkdaşlığının nə dərəcədə milli maraqlarımıza uyğun olması sualı ortaya çıxacaq və bu suala cavab axtarılmalı olacaq. Bu yerdə həmçinin qeyd edim ki, ATƏT-lə, onun Parlament Assambleyası ilə DTİHB arasında da münasibətlər daim gərgin olub, xüsusilə, ATƏT məkanındakı seçkilərə yanaşmada hər zaman ciddi fikir ayrılıqları yaşanıb və yaşanmaqdadır. Bunun da əsas səbəbkarı elə DTİHB özüdür. Çünki ATƏT və onun Parlament Assambleyasından fərqli olaraq, bu qurum bir çox ölkələrlə, o cümlədən, Azərbaycanla bağlı mövqeyində daim açıq-aşkar qərəzlilik, yaydığı hesabatlarında qeyri-obyektivlik nümayiş etdirir, etdirib, necə ki, Azərbaycan keçirilən son seçkilərlə əlaqədar həmin qərəzli və qeyri-obyektiv yanaşmasını bir daha nümayiş etdirdi. Bu da öz növbəsində həm Azərbaycan cəmiyyətinin, həm də ATƏT-in və onun Parlament Assambleyasının haqlı narazılığına, təpkisinə səbəb oldu. Elə bunun nəticəsidir ki, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvlərinin verdiyi məlumatlara görə, Parlament Assambleyasının bu günlərdə Monteneqronun Budva şəhərində keçirilən payız sessiyasında 9 oktyabr seçkiləri ilə bağlı geniş müzakirələr aparılıb və cənab Vuazen başda olmaqla, bütün iştirakçılar seçkilərlə bağlı öz müsbət mövqelərini ifadə, eyni zamanda, DTHİB-nin mövqeyini tənqid ediblər. Yəni, demək istəyirəm ki, 9 oktyabr seçkiləri Azərbaycan xalqının iradəsinin ifadəsini əks etdirir, heç bir daxili və ya xarici qüvvə də indi ona müdaxilə edə, ona kölgə sala bilməz”.
Millət vəkili Sahib Alıyev də öz növbəsində Azərbaycanda prezident seçkilərinin yüksək səviyyədə keçirildiyini bildirib. Onun sözlərinə görə, beynəlxalq müşahidə missiyalarının da rəyləri bu faktı təsdiqləyir: “AŞ PA və Avropa Parlamentinin missiyaları hesab edir ki, Azərbaycanda 9 oktyabr seçkisi azad, ədalətli, şəffaf keçirilib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu isə onların bu fikirlərini bölüşmür. Bürodakıların demələrindən belə çıxır ki, saxtakarlığı, ikiüzlülüyü, proqramsızlığı, harizmasızlığı debatdakı çıxışlarından aydın görünən Cəmil Həsənli daha çox səs toplamalı imiş. Bütün bunları qoyuruq bir kənara, elə təsəvvür edək ki, Cəmil Həsənli “supermen” imiş. Deyək ki, Avropanın hansı ölkəsində adını siyasətçi qoyan biri seçkiyə ay yarım qalmış könlündən prezidentlik keçdiyini bildirir. Və Avropada elə bir ölkə göstərə bilərsinizmi, orada həmin adamın 10 faizdən artıq səs yığmaq şansı olsun. Əlbəttə, yox. Bəs onda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda niyə fərqli nəticə gözləyir? Əgər kim düşünürsə ki, Cəmil Həsənlinin seçkidən iki gün öncə İngiltərənin “Guardian” qəzetində çıxan məqaləsi ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təxminən həmin vaxt mətni tam dəqiqləşdirilib indi açıqlanan bəyanatı arasında heç bir bağlılıq yoxdur, o, ən azı sadəlövhdür. Xatırladaq ki, Cəmil Həsənli həmin cızma-qarasında Dağlıq Qarabağı mübahisəli ərazi adlandırır, yəni, kimə məxsusluğu bilinməyən, aydınlaşdırılmasına ehtiyac duyulan torpaqlar kimi qiymətləndirir. Hakimiyyəti ermənilərlə sərt rəftarda ittiham edir. Cəmil Həsənli ondan əvvəl “Milli şura” deyilən qurumun prezident kürsüsünə əyləşdirmək istədiyi Rüstəm İbrahimbəyovun dediklərini təkrarlayır. 21 ildir Dağlıq Qarabağ münaqişəsinin həllini öz öhdəsinə götürüb bu yolda regiona həmsədr ölkələrin təmsilçilərini turunun təşkili və bir də iki-üç dişsiz sənədin hazırlanmasından başqa heç nə etməyən ATƏT başbilənlərinin bu mövqe, təbii ki, xoşlarına gəlməlidir. Bu, elə onların mövqeyidir və həmin mövqeni bəzi şərəf hissini itirmiş azərbaycanlılara da aşılaya biliblər. İndi də belələrindən, lider düzəldirlər. Bəlkə də, burada “düzəldirlər” sözünün borçalı variantını işlətmək daha doğru olardı”.
Millət vəkili “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda insan haqlarının pozulması ilə bağlı ən xırda faktları belə diqqətdən kənarda qoymadığı halda nədən yüz minlərlə qarabağlı seçicinin budəfəki səsverməni də öz doğma el-obalarında keçirə bilmədiklərinə toxunmur? Çünki toxunulsa, erməni işğalçılarının xətrinə dəyiləcək və Minsk qrupunda təmsil olunanların fəaliyyətsizliyi vurğulanacaq” deyib.
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov da bildirib ki, 9 oktyabr tarixində Azərbaycan xalqı öz siyasi iradəsini ortaya qoydu. Onun sözlərinə görə, hələ təbliğat kampaniyası zamanı insanlar seçimlərini çoxdan etdiklərini və seçimlərinin məhz cənab İlham Əliyev olduğunu bildirirdilər: “Səsvermə günü də insanlar öz mövqelərini rəsmi şəkildə ifadə etdilər. Ümumiyyətlə, Azərbaycanda keçirilən seçki prosesini izləyən nüfuzlu beynəlxalq müşahidəçilər və mərkəzlər ölkəmizdə seçkilərin şəffaf, demokratik və azad şəkildə baş tutduğunu deyirlər. Azərbaycan dünyaya seçki mədəniyyətini nümayiş etdirdi”.
ATƏT/DTİHB-nin müşahidə missiyasının seçkilərlə bağlı ilkin rəyinə gəlincə, rayon təşkilatının sədrinin fikrincə, bu, qərəzli yanaşmadan, yaxud da birtərəfli qaydada yalnız radikal müxalifətin verdiyi məlumat əsasında fikrin formalaşmasından irəli gəlir: “Bununla belə, ölkəmiz öz mövqeyini ortaya qoydu, hesabatdakı qüsurlu məqamlara etirazını bildirdi. Hesab edirəm ki, istənilən hesabat obyektiv, qərəzsiz və bütün namizədlərə eyni dərəcədə yanaşma mövqeyini ortaya qoymalıdır”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1126 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31