Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclis Artur Rasi-zadənin Baş nazir vəzifəsinə təyin olunmasına razılıq verib

Milli Məclis Artur Rasi-zadənin Baş nazir vəzifəsinə təyin olunmasına razılıq verib

23.10.2013 [10:33]

Parlamentin iclasında millət vəkilləri bir sıra qanunlara dəyişikliklər ediblər
Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. İclası açan Milli Məclisin sədri Oqtay Əsədov əvvəlcə cənab İlham Əliyevin növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə deputatları təbrik edib. Spiker Milli Məclis adından Prezident İlham Əliyevə təbrik məktubunun göndəriləcəyini deyib.
O.Əsədov daha sonra bildirib ki, Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 4-cü bəndinə uyğun olaraq Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına razılıq verilməsi üçün Artur Tahir oğlu Rasi-zadənin namizədliyini Milli Məclisə təqdim edib. Bu təqdimatı yüksək dəyərləndirən Milli Məclisin sədri qeyd edib ki, Artur Rasi-zadə olduqca təcrübəli və layiqli insandır. Məsələ səsə qoyularaq təsdiq olunub. Artur Rasi-zadəni təbrik edən Oqtay Əsədov ona uğurlar arzulayıb.
Sonra gündəlikdəki digər məsələlərin müzakirəsi başlayıb. Deputatlar Bakı Apellyasiya Məhkəməsi hakiminin təyin edilməsi və Bakı, Gəncə və Şirvan apellyasiya məhkəmələri hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələlərə müsbət münasibət bildiriblər. Bu haqda məlumatı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli verib.
Daha sonra “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. Layihə ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib. Onun sözlərinə görə, türkdilli dövlətlərin əməkdaşlıq şurasının III zirvə toplantısı Azərbaycanın Qəbələ şəhərində keçirilib: “Türkdilli dövlətlərin son illərdə yaxınlaşması həm strateji, həm mədəni, həm də başqa nöqteyi-nəzərlərdən vacib və əhəmiyyətlidir. Belə bir zirvə toplantısının Qəbələ şəhərində keçirilməsi bizim üçün ikiqat əhəmiyyətlidir”.
S.Seyidov bildirib ki, bu bəyannamə çox vacib və tarixi bir sənəddir. Azərbaycan yüksək səviyyədə zirvə toplantısının təşkil olunmasını bütün dünya qarşısında bir fakt kimi göstərib. “Azərbaycanın bütün bölgələri inkişaf edir. Amma Qəbələ bu bölgələr içərisində xüsusi yer tutur. Ona görə belə bir zirvə toplantısının Azərbaycanın qədim diyarında keçirilməsinin özü rəmzi məna daşıyır. Bu toplantıda qəbul olunmuş sənədlər türkdilli dövlətlərin, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasını əks etdirir. Hesab edirəm ki, belə bir sənədin Azərbaycanda imzalanması həm türkdilli dövlətlərin bir-birinə yaxınlaşması, həm dünya miqyasında öz yerini sübut etməsi və möhkəmləndirməsi deməkdir” - deyə, komitə sədri vurğulayıb.
Çıxış edən millət vəkili Fəttah Heydərov bu məsələnin aktual olduğunu bildirib. F.Heydərovun fikrincə, bizim üçün fəxrdir ki, Azərbaycanın Qəbələ şəhərində belə bir beynəlxalq tədbir yüksək səviyyədə keçirilib: “Bu tədbirdə mühüm sənədlər imzalanıb. Hesab edirəm ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təkcə türkdilli dövlətlər arasında olan münasibətlərin yaxınlaşmasına deyil, eyni zamanda, beynəlxalq aləmdə hadisələrin gedişinə böyük təsir göstərir. Yaxşı haldı ki, ilk dəfə Naxçıvanda yaranan bu təşkilatda 4 türk dövləti təmsil olunurdusa, Qəbələ toplantısında Türkmənistanın Baş nazirinin müavini də iştirak etdi. Hesab edirəm ki, yaxın zamanlarda dünyada mövcud olan bütün türkdilli dövlətlər və qurumlar da şuraya üzv olacaqlar. Və təşkilat beynəlxalq aləmin güclü subyektlərindən birinə çevriləcək. Bu da dünyada sülhün, əmin-amanlığın, əməkdaşlığın bərqərar olmasında öz rolunu oynayacaq”.
Millət vəkili Aydın Mirzəzadə də çıxışında bu toplantını, ümumilikdə təşkilatın fəaliyyətini yüksək qiymətləndirib. Həmçinin, millət vəkilləri Sabir Rüstəmxanlı, Fazil Mustafa, Fəzail Ağamalı, Qənirə Paşayeva, Ceyhun Osmanlı və başqaları çıxış edərək 2013-cü il avqustun 16-da Qəbələdə imzalanmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə Toplantısının Bəyannaməsini yüksək dəyərləndiriblər. Çıxışlarda qeyd olunub ki, bəyannamə türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşməsinə və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının beynəlxalq aləmdə əhəmiyyətinin yüksəlməsinə, mühüm faktora çevrilməsinə böyük töhfə verəcək. Millət vəkilləri həmçinin, Rusiyada azərbaycanlı Orxan Zeynalova qarşı törədilən hərəkətə münasibət bildirərək problemlə əlaqədar Rusiya Dövlət Dumasına müraciət olunmasını təklif ediblər. Spiker Oqtay Əsədov millət vəkilləri tərəfindən qaldırılmış bu məsələyə münasibət bildirərək qeyd edib ki, Moskvada baş verən hadisələr həm dövlət, həm parlament səviyyəsində diqqətdə saxlanılır: “Bu məsələ ilə dövlət də, parlamentlərarası əlaqələr üzrə işçi qrupu da məşğuldur”.
İclasda, həmçinin, “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişikliklər edilib. Bu haqda millət vəkillərinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Məsələ ilə bağlı çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti təqdirəlayiqdir. O, təklif edib ki, qurumun fəaliyyətinin daha da şəffaf olması üçün ictimaiyyətin nümayəndələri bu prosesə cəlb edilsin: “Yəni, bu şuranın tərkibi genişlənməli, ictimaiyyət nümayəndələri iştirak etməlidir. Hakimlərin seçilməsi prosesi də şəffafdır. Amma həmin seçilənlər elə ki, məhkəməyə gedir, köhnə qurdların əlinə keçirlər. Onlara elə dərs keçirlər ki, Məhkəmə-Hüquq Şurasının keçdiyi dərs yaddan çıxır”.
Millət vəkilinin sözlərinə görə, bəzi hakimlərin fəaliyyəti qaneedici deyil: “Biz burada onları seçilən zaman görmüşük, özlərini imam balası kimi aparırlar. Elə ki vəzifəyə keçdilər, insanların başına hansı oyunları açmalarının şahidi oluruq. Seçki ərəfəsində seçicilərlə görüşlərdə insanlar belə hallara kəskin etiraz bildirirdilər. Məhkəmə ədalət mühakiməsi olmalıdır”.
Daha sonra S.Novruzov məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyəti tənqid edib. “İkinci problem isə məhkəmə qərarlarının icrası məsələsinə aiddir. Bu lap BMT-nin qəbul etdiyi qətnamələrinə oxşayır. Məhkəmə qərarının icrası sərf eləmədi, deyir “icra edə bilmirəm”. Elə ki, “yanından” keçirsən, dərhal icra edirlər. Fikrimcə, Məhkəmə-Hüquq Şurası bu məsələyə də diqqət etməlidir. Mən ordakı insanları insaflı olmağa çağırıram. Hakimlərin fəaliyyətində ədalət və insaf birinci yerdə olmalıdır” - deyə, millət vəkili edib.
İclasda daha sonra deputatlar “Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə və “Azərbaycan Respublikasını təmsil edən Azərbaycan Respublikası Hökuməti və Avropa İnvestisiya Bankı arasında AİB-in Azərbaycan Respublikasındakı fəaliyyətini tənzimləyən Çərçivə Sazişi”nin təsdiq edilməsi haqqında qanun layihələrinə də müsbət münasibət bildiriblər.
İclasda Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Mülki Məcəlləsində, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, habelə “Dövlət rüsumu haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təbii inhisarlar haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Seleksiya nailiyyətləri haqqında”, “Toxumçuluq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Yol hərəkəti haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də və Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsinə dair qanun layihələri qəbul edilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1048 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31