Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2014-cü ilin dövlət büdcəsində müdafiə xərclərinin artımı nəzərdə tutulur

2014-cü ilin dövlət büdcəsində müdafiə xərclərinin artımı nəzərdə tutulur

13.11.2013 [09:26]

Millət vəkilləri gələn ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsinə başlayıblar
Milli Məclisin dünən keçirilən iclasında 2014-cü ilin dövlət büdcəsi zərfinə daxil olan məsələlərin müzakirəsi başlayıb. İclasda Baş nazir Artur Rasizadənin rəhbərliyi ilə hökumət üzvləri də iştirak edib. Milli Məclisin sədri Oqtay Əsədov prezident seçkilərindən sonra yenidən formalaşmış hökumətə fəaliyyətində uğurlar arzulayıb. Oqtay Əsədov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Onun sözlərinə görə, bu inkişaf dövlət büdcəsində də özünü ehtiva edir. “2014-cü ilin büdcə layihəsinə parlamentin bütün komitələri müsbət rəy verib. Bir müddətdir ki, gələn ilin dövlət büdcəsinin layihəsi kütləvi informasiya vasitələrində dərc olunub və ictimai müzakirəyə çıxarılıb. Artıq parlamentin plenar iclasında da büdcə müzakirələrinə başlanıb. Hesab edirəm ki, 2014-cü ilin büdcə layihəsi Azərbaycan iqtisadiyyatının sabit inkişafının göstəricisidir”, - deyə spiker vurğulayıb.
Sonra çıxış edən parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, 2014-cü ilin dövlət büdcəsi düşünülmüş iqtisadi siyasətə əsaslanır. Onun sözlərinə görə, bu, ölkəmizdə həyata keçirilən iqtisadi inkişafın göstəricisidir: “Azərbaycan dünyanın dinamik inkişaf edən ölkəsinə çevrilib. Aparılan uğurlu siyasətin məntiqli nəticəsi olaraq ölkə iqtisadiyyatının neftdən asılılığı dinamik şəkildə azalır. 2003-cü ildə qeyri-neft sektorunun çəkisi ÜDM-də 5 milyard manat təşkil edirdisə, 2013-cü ildə bu rəqəm 32 milyard manat təşkil edib. Bu gün ölkənin valyuta ehtiyatları 50 milyard dollara yaxınlaşır. Bu, Azərbaycan iqtisadiyyatının inkişafının nəticəsidir”.
Z.Səmədzadə qeyd edib ki, tarixdə ilk dəfə dövlət büdcəsinin xərcləri 27 milyard dollar təşkil edəcək. Bu isə onu deməyə əsas verir ki, dünyanın heç bir ölkəsində belə dinamika yoxdur. “Bu dinamikanın arxasında dövlət başçısı İlham Əliyevin apardığı titanik və son dərəcədə məhsuldar fəaliyyət durur. Bu gün Azərbaycanın yüksək inkişafı artıq innovasiyalı iqtisadiyyata keçmək üçün strukturların təkmilləşdirilməsinə imkan verir”, - deyən Z.Səmədzadə vurğulayıb ki, bu gün dünyada söz sahibinə çevrilən Azərbaycan və onun yüksələn iqtisadi inkişafı bir çox dövlətlərə örnək ola bilər.
Daha sonra maliyyə naziri Samir Şərifov çıxış edərək gələn ilin büdcəsi haqqında məlumat verib. S.Şərifov bildirib ki, büdcə layihəsi Prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi strategiyaya uyğun olaraq hazırlanıb. Onun sözlərinə görə, büdcənin gəlirləri ÜDM-nin 31,4 faizi, xərcləri isə 34,3 faizi həcmində proqnozlaşdırılır. 2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18 milyard 384 milyon manat, xərcləri isə 20 milyard 63 milyon manat həcmində proqnozlaşdırılır. 2013-cü il üzrə isə bu göstərici müvafiq olaraq 19 milyard 159 milyon manat və 19 milyard 850 milyon manat gözlənilir.
2014-cü il dövlət büdcəsi gəlirlərinin 9,3 milyard manatını və ya ümumi büdcə daxilolmalarının 50,8 faizini Dövlət Neft Fondundan transfertlər, 7,1 milyard manatını və ya 38,6 faizini Vergilər Nazirliyi, 1,5 milyard manatını və ya 8,2 faizini Dövlət Gömrük Komitəsinin xətti ilə, 0,4 milyard manatını və ya 2,2 faizini büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0,2 faizini isə digər daxilolmalar təşkil edir. Nazir, Dövlət Neft Fondundan transfertin azalacağının, qeyri-neft sektoru üzrə daxilolmaların artmasının proqnozlaşdırıldığını qeyd edib.
S.Şərifov bildirib ki, gələn ilin dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin məbləği 5,337 milyard manat proqnozlaşdırılır. Bu da 2013-cü il proqnozuna nisbətən 5,9 faiz və ya 299 milyon manat, 2012-ci ilin icra göstəricisinə nisbətən 597 milyon manat çoxdur. O qeyd edib ki, gələn ilin dövlət büdcəsində müdafiə xərclərinin 1 milyard 637 milyon 362 min manat olması proqnozlaşdırılır. “Cari ilin 8 ayı ərzində dövlət büdcəsinin gəlirləri 106,1 faiz, yəni, 12 milyard 890 milyon manat məbləğində icra olunub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 899 milyon manat və yaxud 17, 3 faiz çoxdur”, - deyə S.Şərifov bildirib. Nazir qeyd edib ki, cari ilin 8 ayı ərzində dövlət büdcəsinin xərcləri 93,3 faiz səviyyəsində, yəni, 11 milyard 623 milyon manat icra olunub ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 19, 5 faiz və yaxud 1 milyard 899 milyon manat çoxdur. Onun sözlərinə görə, 2014-2017-ci illər üzrə makroiqtisadi göstəricilər, o cümlədən, gələn il ÜDM-nin 5,2 faiz həcmində artırılması, qeyri-neft ÜDM-nin 10 faizlik artım sürəti əsas götürülüb. “Dövlət və icmal büdcə gəlirlərinin hesablanmasında 1 barel xam neftin satış qiyməti isə 100 ABŞ dolları səviyyəsində qəbul edilib. Gələn il üçün dövlət büdcəsinin mədaxili üzrə qeyri-neft gəlirlərini artırmaq, vergidən yayınmaların qarşısını almaq, vergi ödənişləri üzrə yaranmış borcların həcminin azaldılması istiqamətində tədbirləri gücləndirmək kimi işlər əsas prioritet məsələ kimi qəbul edilib” - deyə, nazir vurğulayıb.
S.Şərifov bildirib ki, 2014-cü ildə qeyri-neft sektoru üzrə daxilolmaların dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi cari ilin proqnozu ilə müqayisədə 7 faiz artacaq. Onun sözlərinə görə, Dövlət Neft Fondundan edilən transfert nəzərə alınmadan digər mənbələr üzrə dövlət büdcəsinin gəlirləri 2013-cü ilin təsdiq olunan proqnozuna nisbətən 15,9 faiz və yaxud 1 milyard 238 milyon manat çox nəzərdə tutulur. “Gələn il üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə 9 milyard 337 milyon manat transfert nəzərdə tutulur. Yəni transfertin məbləği cari illə müqayisədə 2 milyard manatdan çox azalacaq. Gələn ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 102 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 702 milyon manat çoxdur. Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə 1 milyard 510 milyon manat daxiloma proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 9,4 faiz çoxdur. 2014-cü ildə dövlət büdcəsinin yerli gəlirləri 779 milyon manat nəzərdə tutulur. Dövlət büdcəsinin xərcləri ÜDM-in 34,3 faizi həcmində olacaq. Dövlət büdcəsinin xərcləri müstəqillik dövründə hələlik ən yüksək həddə çatmaqla 20 milyard 63 milyon manat olacaq ki, bu da cari illə müqayisədə 1,1 faiz çoxdur. Dövlət büdcəsi xərclərinin 54,2 faizi və yaxud 10 milyard 882 milyon manatı cari xərclərə, 41,9 faizi və yaxud 8 milyard 401 milyon manatı əsaslı xərclərə, 3,9 faizi isə və yaxud 781 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək”, - deyə nazir vurğulayıb.
Daha sonra millət vəkilləri çıxış edərək büdcə layihəsinə münasibət bildiriblər. YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı 2014-cü ilin büdcə layihəsini yüksək qiymətləndirib. M.Qurbanlı bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə bütün sahələr dinamik inkişaf edir. Onun sözlərinə görə, məhz uğurlu siyasətin nəticəsidir ki, Cənubi Qafqaz iqtisadiyyatının 85 faizə qədərini Azərbaycan iqtisadiyyatı təşkil edir. YAP İcra katibinin müavini deyib ki, dövlət büdcəsində mütəmadi olaraq əməkhaqları artırılır. Hətta müəllim və həkimlərin əməkhaqlarının artımının azlığı ilə əlaqədar iradların olduğunu da xatırladan millət vəkili deyib ki, heç bir ölkədə büdcə bizdəki qədər yüklənmir. Ona görə də, M.Qurbanlı burada özəl sektorlara üstünlük verilməsinin, bu sahənin fəaliyyətinə diqqət artırmağın vacibliyini vurğulayıb.
Ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü inkişaf getdiyini xatırladan YAP İcra katibinin müavini, həmçinin, ixrac və idxal olunan məhsulların nomenklaturası arasında müqayisənin aparılmasının lazım olduğunu bildirib: “Texnoparkların salınması ilə yanaşı, mütləq yüngül sənaye sahələri də inkişaf etdirilməlidir”.
M.Qurbanlı deyib ki, ölkədə xüsusi emal müəssisələri yaradılır, amma bu müəssisələrin gəlir əldə etmək imkanları zəifdir: “Bu da elektrik enerjisinin qiymətinin baha olması ilə əlaqədardır. Bir çox ölkələrdə bu emal müəssisələrinə vətəndaşlarla nisbətdə güzəştli elektrik enerjisi verilir. Bunu biz də nəzərə almalıyıq. Belə olmasa, həmin müəssisələrin rentabelliyi olmayacaq”.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkənin dağlıq rayonlarında yeni yaşayış məskənlərinin salınmasını təklif edib. Ə.Hüseynli xatırladıb ki, Azərbaycanın dağlıq ərazisinin böyük bir hissəsi işğal altındadır: “Təəssüf ki, işğal faktına görə əhalinin bir çox hissəsi vaxtı ilə öz yurdlarında uyğunlaşdıqları dağlıq ərazidə yaşama vərdişini unudur. Bu yaxınlarda yeni müdafiə nazirimiz də dağlıq şəraitdə döyüş qabiliyyəti vərdişimizin yüksək olmasının vacibliyini qeyd etdi. Ona görə də, hökumət gələcəkdə büdcə vəsaitlərindən ölkənin digər dağlıq ərazilərində yeni yaşayış məskənlərinin salınmasına yönəltməlidir. İşğal olunmuş torpaqları azad etmək Azərbaycanın qəti məqsədidir. Ona görə də, insanlarımız bu mühitdə yaşamaq vərdişlərini itirməməlidirlər”.
Millət vəkili Musa Qasımlı isə bildirib ki, AzTV nəzdində uşaq televiziyası yaradılmalıdır. Millət vəkili, həmçinin, universitetlərin kampus sisteminə keçirilməsini təklif edib.
Millət vəkili Əli Məsimli isə çıxışında bildirib ki, əhalinin aztəminatlı hissəsinin evlə təmin edilməsi Azərbaycan iqtisadiyyatına güclü təkan verə bilər. Ə.Məsimli Almaniyanın müharibədən sonrakı təcrübəsini misal gətirərək bildirib ki, insanları evlərlə təmin etmək, iqtisadiyyatın böyük irəliləyişinə səbəb olub: “Bu təcrübəni Azərbaycanda da tətbiq etməklə biz iqtisadiyyatın inkişafına nail ola bilərik. Bunun üçün ucuz qiymətə - hər kvadratmetri 50-100 manata olan “xalq evləri” tikilməlidir. Bununla biz həm aztəminatlı təbəqənin evlə təmin olunmasına nail oluruqsa, digər tərəfdən, iqtisadiyyatın güclənməsinə nail olacağıq”.
İclasda digər millət vəkilləri də çıxış edərək 2014-cü ilin dövlət büdcəsinin layihəsinə münasibət bildiriblər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1117 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31