Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan demokratik inkişaf baxımından heç bir ölkədən geri qalmır

Azərbaycan demokratik inkişaf baxımından heç bir ölkədən geri qalmır

26.11.2013 [09:06]

Dövlət başçısı İlham Əliyev “Jurnalistlərin dostu” mükafatının təqdim edilməsi mərasimində ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan dövlətinin ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında media nümayəndələrini fəal olmağa çağırdı
Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir. Demokratik cəmiyyətin varlığını təsdiqləyən əsas amillərdən biri də ölkəmizdə söz, mətbuat azadlığının yüksək səviyyədə təmin olunmasıdır. “Azərbaycanda söz azadlığı maksimum dərəcədə təmin edilir. Bu, belə də olmalıdır. Çünki biz müasir dövlət qururuq, biz inkişaf etmiş ölkəyə çevrilməliyik və belə olan halda bütün meyarlar Azərbaycanda yüksək səviyyədə olmalıdır. İqtisadi, sosial və eyni zamanda, ictimai proseslərin gedişatı da mütərəqqi meyarlar üzərində qurulmalıdır.” Milli Mətbuatın 138 illiyində jurnalistlər üçün tikilmiş binada mənzillərin paylanması mərasimində dövlət başçısı İlham Əliyevin söylədiyi bu fikirlər Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna baxış, gələcək vəzifələrin müəyyənləşdirilməsi baxımından bir stimuldur. Azad mətbuatın inkişafı daim dövlətin diqqət mərkəzində olub. 1998-ci ilin 6 avqustunda “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanması ilə ölkəmizdə azad, müstəqil mətbuatın inkişafında yeni bir mərhələnin əsası qoyuldu. “Biz senzuranı ləğv etdik. Konstitusiya ilə təsbit olunmuş söz azadlığını, mətbuat azadlığını tamamilə təmin etdik, mətbuata yeni imkanlar yaratdıq” söyləyən Ümummilli lider Heydər Əliyevin azad mətbuatın inkişafına diqqət və qayğısı davamlılığı ilə diqqət çəkirdi. Ümummilli lider Heydər Əliyev bildirirdi ki, mətbuat obyektiv, qərəzsiz olmalı, vətənpərvərlik duyğularına hörmətlə yanaşmalıdır. Mətbuatın ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alsaq, obyektivlikdən uzaq, qərəzli yazıların nə kimi problemlərə yol açdığının fərqində olarıq. Azərbaycan dövləti də daim çalışır ki, mətbuatın mövcud problemələri həllini tapsın, müstəqil mətbuatımız daha da inkişaf etsin, dünya informasiya məkanına inteqrasiya daha da sürətlənsin.
Heydər Əliyev siyasi kursuna sadiqliyini atdığı hər bir addımında təsdiqləyən Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar KİV-lər üçün sözün əsl mənasında geniş yaradıcılıq imkanları yaradır. Dövlət başçısı İlham Əliyev bildirir: “Azərbaycanda azad jurnalistikanın rolu çox böyükdür. Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın çox böyük rolu vardır və bu rolu mən yüksək qiymətləndirirəm. Əminəm ki, gələcəkdə də Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar təmin ediləcəkdir... Bu gün müstəqil Azərbaycan dövləti, sözün əsl mənasında hərtərəfli inkişaf edir və ictimai proseslərin müsbət istiqamətdə getməsi, əlbəttə ki, bizim gücümüzü artırır.”
Ölkədə ictimai-siyasi sabitliyin yaradılması, insan hüquq və azadlıqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, qanunun aliliyinin təmin edilməsi, çoxpartiyalı sistemin yaradılması, seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi, demokratikləşmə prosesinin sürətləndirdiyi sosial-iqtisadi tərəqqi, hər bir sahə üzrə mühüm islahatların həyata keçirilməsi və uğurlu nəticələr söz, mətbuat azadlığının daha yüksək səviyyədə təmin olunması üçün əlavə tədbirlər görülməsini daim zərurətə çevirir. 2003-cü ilin martında Azərbaycan jurnlaistlərinin I qurultayında mətbuata özünütənzimləmə imkanlarını yaradan qurumun-Mətbuat Şurasının yaradılmasını xüsusi qeyd etmək istərdik. Mətbuat Şurasının qarşısında dayanan əsas məqsədlərdən biri jurnalistlərin peşə etikası Kodeksinin tələblərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsidir. Mətbuat Şurası bu günədək KİV-lərin saflaşdırılması istiqamətində mühüm addımlar atmış, jurnalistlərin peşəkarlığının artırılması üçün müsbət nəticələr əldə olunmuşdur. Dövlət başçısı İlham Əliyev cari ildə keçirilən Azərbaycan jurnalistlərinin VI qurultayının iştirakçılarına ünvanladığı təbrik məktubunda da Mətbuat Şurasının fəaliyyətini yüksək dəyərləndirərək bildirmişdir ki, kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır.
Azad mətbuatın inkişafı, jurnalist peşəkarlığının artırılması daim dövlətin diqqət mərkəzindədir. Bu sahədə əldə olunan uğurlar dünya mətbuatında da geniş şərh olunur. Xatırladaq ki, jurnalistlərə Prezident İlham Əliyev tərəfindən yeni mənzillərin hədiyyə olunması dünya mətbuatında analoqu olmayan hadisə kimi dəyərləndirildi. Ev alanlar arasında müxtəlif mətbu orqanların nümayəndələrinin olması bu reallığı təsdiqlədi ki, ölkəmizdə ayrı-seçkilikdən söhbət gedə bilməz. Bir məqam da hər zaman önə çəkilir ki, atılan bu kimi addımların əsasında eyni zamanda ölkənin iqtisadi imkanları dayanır. Azərbaycan uğurlu iqtisadi islahatların nəticəsində günbəgün iqtisadi qüdrətini artırır, beynəlxalq aləmdə iqtisadi möcüzələr ölkəsi kimi tanınır. Dünyanın maliyyə qurumlarının hesabatlarında da ölkəmizin birinciliyi ələ alması uğurlu siyasətin nəticəsidir. Azərbaycanın 2009-cu ildən dünyanı bürüyən və nəticələri bu günə qədər davam edən iqtisadi və maliyyə böhranından uğurla çıxması da malik olduğu iqtisadi imkanlara əsaslanır. İqtisadi böhran hər bir ölkənin hansı imkanlara malik olduğunu nümayiş etdirdi. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması qarşıya çıxan bütün problemlərin öz müsbət həllini tapmasına stimul verir. Azərbaycan dövlətinin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atdığı addımlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Qeyd olunur ki, inkişafın Azərbaycan modelinin mövcudluğu uğurlu sosial-iqtisadi islahatların nəticəsidir.
İqtisadi tərəqqi qeyd etdiyimiz kimi, maliyyə imkanlarının genişlənməsi ilə müşayiət olunur ki, bu da digər sahələrin inkişafı üçün əhəmiyyətli tədbirlərin həyata keçirilməsini şərtləndirir. Bu tədbirlər sırasında azad, müstəqil mətbuatın inkişafına yönələn addımlar xüsusi qeyd olunmalıdır. Milli Mətbuatımızın 138 illik yubileyində jurnalistlər üçün yaşayış binasının istifadəyə verilməsi, eyni zamanda, dövlət başçısı İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” növbəti Sərəncamı imzalaması ölkədə mətbuatın inkişafına dövlətin nə qədər böyük həssaslıqla, diqqətlə yanaşdığının bariz nümunəsi kimi dəyərləndirildi. Sərəncamda da qeyd olunduğu kimi, Azərbaycanın dinamik inkişaf etdiyi, demokratikləşmə prosesinin getdikcə dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə daha etibarlı şərait yaradılması dövlətin diqqət mərkəzində dayanan əsas məsələlərdən biridir. Mətbuat hər dövrün reallıqlarının ictimaiyyətə çatırılmasında bir vasitəçi rolunu oynayır. Hər dövrün öz çağırışı, tələbi olduğu üçün, qarşıya yeni-yeni vəzifələr qoyulur. Bu vəzifələrin uğurla həyata keçirilməsində dövlətin azad mətbuatın inkişafına dəstəyi mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiqlənməsi, həmin sənədə uyğun olaraq dövlət başçısının 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, 22 may 2009-cu il tarixli Sərəncamı əsasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktorunun və Müşahidə Şurasının üzvlərinin təyin edilməsi və s. kimi biri-birindən əhəmiyyətli addımlar və kompleks tədbirlər bir daha təsdiqləyir ki, azad, müstəqil mətbuatın inkişafı dövlətin siyasətinin əsasını təşkil edir. Təbii ki, bu diqqət və qayğının qarşılığı olaraq KİV-lər üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirməlidir. Söz, mətbuat azadlığından sui-istifadə halları yolverilməzdir. Ümummilli lider Heydər Əliyev bildirirdi ki, söz, mətbuat azadlığından sui-istifadə edib, iqtidara qarşı qərəz dolu məlumatlar yazanlar cinayət edirlər.
Azərbaycan dövlətinin azad mətbuatın inkişafına göstərdiyi diqqət və qayğı media ictimaiyyəti tərəfindən daim yüksək dəyərləndirilir. Dövlət başçısı İlham Əliyevin son on ildə iki dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi bunun təsdiqidir. Qeyd edək ki, 1997-ci ildə “RUH” Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi bu mükafata 2002-ci ildə Ümummilli lider Heydər Əliyev layiq görülmüşdür. Komitənin 2010-cu və 2013-cü illərdə keçirdiyi sorğunun qalibi isə ölkə Prezidenti İlham Əliyevdir. Bu il keçirilən sorğuda ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzeti, 6 jurnal, 11 informasiya agentliyi, 12 xəbər portalı, 7 telekanal, 4 radio və 11 jurnalist təşkilatının rəyləri öyrənilmişdir. Sorğunun nəticələrinə görə, Prezident İlham Əliyev 89 faiz səslə növbəti dəfə “Jurnalistlərin dostu” elan edilmişdir. Dövlət başçısı İlham Əliyevin ikinci dəfə bu mükafata layiq görülməsi təbii ki, reallığa əsaslanan hadisədir.
Noyabarın 24-də dövlət başçısı İlham Əliyevin yenidən “Jurnalistlərin dostu” seçilməsi münasibətilə tədbir keçirildi. Jurnalistlərin dostu olmaqdan hər zaman şərəf duyduğunu bildirən dövlət başçısı İlham Əliyev ölkədə demokratiyanın inkişafı istiqamətində atılan addımlardan geniş bəhs edərək bildirdi ki, bu gün Azərbaycan demokratik inkişaf baxımından heç bir ölkədən geri qalmır. Demokratik cəmiyyətin varlığının təsdiqi kimi azad mətbuatın inkişafı istiqamətində atılan addımlar davamlı xarakter daşıyır. Bu gün ölkəmizdə internet istifadəçilərinin sayının 70 faizi keçməsi bunun bariz nümunəsidir.
Dövlət başçısı İlham Əliyev çıxışında Azərbaycan mətbuatının qarşısında dayanan əsas vəzifələrdən də geniş bəhs etdi. Azərbaycanın müharibə şəraitində yaşayan ölkə olduğunu önə çəkən cənab İlham Əliyev yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan dövlətinin mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mətbuatın üzərinə böyük məsuliyyət düşdüyünü xüsusi vurğuladı. Bildirildi ki, Azərbaycan informasiya blokadasından çıxıb və bu sahədə mübarizə davam etdirilməlidir. Diplomatik mübarizə münaqişənin həllində vacib amillərdən biridir. Azərbaycan dövlətinin tarixi həqiqətlərə, faktlara əsaslanan siyasəti nəticəsində erməni yalanları ifşa olunur, dünya Dağlıq Qarabağ problemi ilə bağlı reallıqları öyrənməyə və düzgün dəyərləndirməyə çalışır. Münaqişənin həlli ilə bağlı hüquqi bazanının mövcudluğunu ən yüksək tribunalardan bəyan edən dövlət başçısı İlham Əliyev işğalçı Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşmadığını bildirir. Bir reallıq da hər zaman önə çəkilir ki, dünyada Azərbaycanın əleyhinə təbliğat aparan erməni diasporu fəaliyyət göstərir. Onların yalan təbliğatına qarşı biz həqiqəti, faktları qoymalıyıq. “Biz bütün bunlardan qorunmaq üçün daha da güclü olmalıyıq və bütün bu proseslərdə medianın rolu böyükdür.”
Dövlət başçısı İlham Əliyev ölkəmizlə bağlı xaricdə yayılan informasiyaların dövlət maraqlarına xidmət etməsində medianı həmrəy olmağa çağırdı. Dünya informasiya məkanına inteqrasiya siyasətini uğurla həyata keçirən Azərbaycan mətbuatının əsas prinsiplərindən biri yazının əvvəlində də qeyd etdiyimiz kimi vətənpərvərlik hissi olmalıdır. Mətbuat dövlətçiliyimizin qorunmasına xidmət etməli, həqiqətlərimizin təbliğində fəal olmalıdır. Dövlət başçısı İlham Əliyevin azad mətbuatı ikinci hakimiyyət kimi dəyərləndirməsi də onların üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirmələrindən və qarşıya qoyulan vəzifələrindən irəli gəlir.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanan proqram xarakterli “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsində qeyd etdiyi fikirləri də xatırlatmaq istərdik. Mətbuatımızın dünəninə, bu gününə bir baxış keçirən akademik R.Mehdiyev Azərbaycan oxucusunun, tamaşaçısının yazılı və elektron KİV-lərdən gözlədiklərini də diqqətə çatdırmışdır. Bu fikir xüsusi qeyd olunmuşdur ki, ölkəmizin müharibə şəraitində olduğunu unutmamalıyıq. Gənclərdə vətənpərvərlik hissinin artırılmasına xidmət edən yazılara, verlişlərə daha geniş yer verilməsi qarşıya mühüm vəzifə kimi qoyulur.
Bütün bu uğurlarımızın fonunda böyük inamla qeyd edə bilərik ki, Azərbaycan mətbuatı tam sərbəst və azaddır. Dövlətin diqqət və qayğısının davamlılığı mövcud problemlərin həllinə zəmin yaradır. Azərbaycanın 20 illik müstəqillik tarixində qazandığı uğurların fonunda işlənib hazırlanan və təsdiq olunan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının uğurlu icrası ölkənin hərtərəfli inkişafını daha da sürətləndirəcək, Azərbaycanın inkişaf etmiş ölkələr sırasında görmək istəyimizi reallığa çevirəcək. Bu uğurlar isə digər istiqamətlər kimi, azad mətbuatın inkişafında da stimul olacaq.
“İki sahil” in Analitik Qrupu

Paylaş:
Baxılıb: 970 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31