Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev Azərbaycanda söz və mətbuat azadlığının qarantıdır

Prezident İlham Əliyev Azərbaycanda söz və mətbuat azadlığının qarantıdır

27.11.2013 [09:37]

Ölkənin mətbuat ictimaiyyəti dövlət başçısının medianın inkişafına diqqət və qayğısını yüksək qiymətləndirir
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikinci dəfə “Jurnalistlərin dostu” seçilib. Noyabrın 24-də bu münasibətlə tədbir keçirilib. Mətbuat Şurasının sədri Əflatun Amaşov bütün media işçiləri adından Prezident İlham Əliyevi ikinci dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi münasibətilə təbrik edərək bildirib ki, 1997-ci ildə “RUH” Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi bu mükafata 2002-ci ildə xalqımızın Ümummilli lideri Heydər Əliyev layiq görülüb. Komitənin bu ilin sentyabrında keçirdiyi sorğuda ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzeti, 6 jurnal, 11 informasiya agentliyi, 12 xəbər portalı, 7 telekanal, 4 radio və 11 jurnalist təşkilatının rəyləri öyrənilib.
Sorğunun nəticələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 89 faiz səslə növbəti dəfə “Jurnalistlərin dostu” elan edilib. Mətbuat Şurasının sədri bildirib ki, Prezident İlham Əliyevin “Jurnalistlərin dostu” elan olunması təsadüf deyil. O deyib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində milli mətbuatın 135 illiyi yüksək səviyyədə keçirilib, dövlətimizin başçısının sərəncamları ilə yüzlərlə media işçisi fəxri adlara layiq görülüb. Mütəmadi olaraq media işçiləri ilə görüşən Prezident İlham Əliyev jurnalistlərin sosial-məişət problemlərinin həlli istiqamətində tarixi addımlar atıb, 156 mənzilli bina jurnalistlərin ixtiyarına verilib. Bu gün ölkə mediasının keyfiyyət dəyişiklikləri dövrünü yaşadığını deyən Mətbuat Şurasının sədri son illərin mühüm yeniliklərindən birinin də mediaya dövlət dəstəyinin artırılması ilə bağlı olduğunu deyib.
Tədbirdə Prezident İlham Əliyev ölkəmizdə medianın durumu, inkişaf perspektivləri, demokratik cəmiyyət quruculuğunda bu sahənin əhəmiyyəti, informasiya təhlükəsizliyi və bu kimi digər məsələlər ətrafında geniş məzmunlu çıxış edib, jurnalistlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq göstəriş və tapşırıqlarını verib.
Əlbəttə ki, bu görüş, o cümlədən, dövlətimizin başçısının medianın inkişafına diqqət və qayğısı ölkənin mətbuat ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Ölkə başçısı ilə görüş barəsində öz təəssüratlarını bölüşən millət vəkili, Əməkdar jurnalist Aqil Abbas görüşün Azərbaycan mediasında yeni bir dövrün başlanğıcı olduğunu bildirib: “Bu görüşün əsas məramı cənab Prezidentə “Jurnalistlərin dostu” mükafatının təqdim edilməsi idi. Ölkəmizin media işçiləri ikinci dəfə cənab Prezident İlham Əliyevi medianın dostu seçmişdilər. Görüş olduqca səmimi görüş oldu. Biz ürəyimizdəki sözləri, fikirləri cənab Prezidentlə bölüşdük. Möhtərəm Prezident isə jurnalistlərin ürəyindən keçən, onları narahat edən məsələlərə Öz münasibətini bildirdi. Azərbaycan mətbuatına diqqət və qayğının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə senzuranın ləğvi, qəzetlərin borcunun dondurulması, daha sonra bu borcların silinməsi və bu kimi digər tədbirlər dövlətin Azərbaycan mətbuatına göstərdiyi diqqət və qayğının bariz göstəricilərindən sayıla bilər. Bir məqamı xüsusilə vurğulamaq istərdim ki, əgər o zaman Ulu öndər mətbuatımıza o cür diqqət və qayğı göstərməsəydi, bu gün ümumiyyətlə ölkəmizdə medianın varlığından belə danışmaq mümkün olmayacaqdı. Çünki mətbuatımız çox ağır dövrlər keçirirdi. Ulu öndərin başlatdığı jurnalistlərə diqqət və qayğı siyasətini bu gün möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması, qəzet kağızı üçün gömrük rüsumunun ləğv edilməsi kimi amillər cənab Prezidentin mətbuatımıza göstərdiyi diqqət və qayğının bariz göstəricisidir. KİVDF neçə ildir iqtidar və ya müxalifət mediası olmasından asılı olmayaraq bütün media orqanlarına eyni gözlə baxır və hamıya yardımlar edir. Bundan başqa, bilirsiniz ki, Mətbuat Şurasının yeni binasının açılışında da cənab Prezidentlə olduqca səmimi bir söhbətimiz oldu və dövlətimizin başçısı elə tədbirdə qərara aldı ki, jurnalistlər evlə təmin olunsun. Bu dünyada analoqu olmayan bir hadisədir. Həmin mənzillərin açarlarının təqdimetmə mərasimində möhtərəm Prezident ikinci bir binanın əsasını qoydu. Bu da təxminən 250 jurnalistin evlə təmin olunması deməkdir. Beləliklə, 4 il ərzində ölkədə 400-dən artıq jurnalistin evlə təmin olunması həyata keçirildi. Bu isə ölkəmizdə azad sözə, müstəqil fikrə duyulan ehtiramın, göstərilən diqqətin və qayğının bariz nümunəsidir. Buna isə sevinmək lazımdır. Sevinmək lazımdır ki, dövlətimiz, cənab Prezidentimiz mətbuatımızın inkişafına bu qədər qayğı göstərir, azad sözü qoruyur və ona dəstək olur”.
“Palitra” qəzetinin baş redaktoru Namiq Əliyevin fikrincə, ölkənin aparıcı qəzetlərinin baş redaktorlarını qəbul edən Prezident İlham Əliyev həm media nümayəndələrinə, həm Azərbaycan cəmiyyətinə, həm də dünya ictimaiyyətinə önəmli mesajlarını çatdırdı: “Bəllidir ki, dünyada, xüsusən də, Avrasiya regionunda çox ciddi, hətta təhlükəli hesab ediləcək geosiyasi proseslər baş verir. Ermənistan kimi iqtisadi və siyasi baxımdan zəif olan dövlətlər öz müstəqillikləri ilə vidalaşıblar. Cənab Prezident isə qətiyyətlə bildirdi ki, Azərbaycan dövlətinin suverenliyi və müstəqilliyi hər cür təhlükələrdən qorunacaq. “Biz xoşbəxt xalqıq ki, bu gün ölkəmiz müstəqil siyasət aparır” - deyən Prezident İlham Əliyev jurnalistləri belə məsələlərdə həmrəy olmağa səslədi. Məlumdur ki, Azərbaycanın müstəqil xətt götürməsi bir qrup xarici dairələrin xoşuna gəlmir və onlar ölkəmizə qarşı fəal kampaniya aparırlar. Bu işdə onlara Azərbaycandan olan ayrı-ayrı şəxslər, o cümlədən, bəzi jurnalistlər yardımçı olurlar. İndiyə qədər dövlət maraqlarını hər şeydən üstün tutan Prezident xaricə ötürülən informasiyalarda milli və dövlət maraqlarını nəzərə almağa çağırdı. Bu baxımdan, Prezidentin “Azərbaycanın daxilindəki problemləri xaricə çıxarmadan özümüz daxildə də həll etməliyik” - tezisini çox yüksək qiymətləndirirəm. Ümumi işimizə, dövlətçiliyimizə, inkişafımıza mane olan problemlərin mətbuatda işıqlandırılmasına müsbət baxdığını deyən Prezident İlham Əliyev mətbuatın əsl dostu olduğunu bir daha təsdiqlədi. Onun ahıl jurnalistlərə maddi və mənəvi dəstək veriləcəyi ilə bağlı mesajı, jurnalistika ixtisasını seçənlərin qabiliyyət imtahanı verməsi məsələsinə dəstəyini bildirməsi bu peşə sahiblərinin cəmiyyətdə nüfuzunun daha da artmasına xidmət edəcək”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının fikrincə, həmin görüşdə cənab Prezidentin verilən təkliflərlə bağlı müzakirələrin aparılmasında maraqlı olduğunu hər bir media nümayəndəsi gördü və hiss etdi: “Görüşün əsas məqsədi Azərbaycan Respublikası Prezidentinə “Jurnalistlərin dostu” mükafatının təqdim olunması idi. Görüş olduqca yüksək səviyyədə səmimi bir atmosferdə keçdi. Bu görüşdə, eyni zamanda, cənab Prezidentin medianın inkişafı, gələcək perspektivləri ilə bağlı fundamental fikirlərə sahib olduğu bir daha təsdiqini tapdı. Cənab Prezident həm ənənəvi çap mediası, həm Azərbaycan mətbuatında yeni yaranan internet mediası haqqında Öz dəyərli fikirlərini söylədi və Azərbaycan mətbuatı ilə bağlı çıxışçıların qaldırdıqları çıxışlara Öz münasibətini bildirdi.
Hesab edirəm ki, belə görüşlərin keçirilməsinin məxsusi əhəmiyyəti var. Bu cür görüşlər Azərbaycan mediasına göstərilən diqqət və qayğının bariz nümunəsidir”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev hesab edir ki, Prezident İlham Əliyevin ikinci dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi tamamilə reallığı əks etdirən hadisədir: “Prezident İlham Əliyev Azərbaycan mətbuatının inkişafı üçün çoxvektorlu fəaliyyət ortaya qoyub. Cənab Prezident həm qanunvericilik səviyyəsində, həm də maddi-texniki bazanın təkmilləşdirilməsi baxımından medianın tərəqqisinə çox mühüm töhfələr verib. KİV-in inkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbul edilməsi, KİVDF-nin yaradılması, jurnalistlərin sosial problemlərinin həll edilməsi bu qisimdən sayıla bilər. Eyni zamanda, Azərbaycan Prezidenti dünya ölkələri üçün nümunə ola biləcək addım ataraq, media nümayəndələrinin mənzillə təmin edilməsini reallaşdırdı. Yəni, dövlətimizin başçısının mətbuatımızın inkişafı üçün atdığı addımlar dünya mətbuat tarixi üçün bir presidentdir. Ölkəmizdə söz, ifadə və mətbuat azadlığı, internetdən istifadə mütəşəkkilliyi tam şəkildə təmin edilib. Bu mənada, əminliklə deyə bilərəm ki, cənab Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir və Azərbaycanda azad mətbuatın inkişafının qarantıdır. Bu görüşdə də biz cənab Prezidentin Azərbaycan mətbuatına necə diqqətlə yanaşdığının bir daha şahidi olduq”.
OKTAY

Paylaş:
Baxılıb: 1130 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31