Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Ulu öndərin görmək istədiyi kimi inkişaf edir

Azərbaycan Ulu öndərin görmək istədiyi kimi inkişaf edir

05.12.2013 [09:29]

Azərbaycan bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib. Dahi şəxsiyyət, müstəqil, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin hər kəsə nümunə göstərilən həyat yolu qətiyyət, siyasi iradə nümunəsi kimi diqqət çəkir. Ulu öndərin uzun illər Azərbaycana rəhbərlik etməsinin özü Heydər Əliyev şəxsiyyətində formalaşan, müstəqilliyə və xalqına sədaqət, millilik və Vətənə məhəbbət hissindən qaynaqlanan inamın təzahürüdür.
Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Mən azərbaycanlıyam
Ümummilli liderin Azərbaycana rəhbərliyinin hər iki dövründə gördüyü işlər, göstərdiyi xidmətlər dövlətinə, xalqına necə bağlı olduğunu, gələcəyi barədə necə düşündüyünü nümayiş etdirir, özünün də hər zaman bildirdiyi kimi, Onun üçün Vətənindən, xalqından, torpağından əziz heç nəyin olmadığı təsdiqlənir. Sovetlər birliyi dövründə Azərbaycana rəhbərlik edən Ulu öndər ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu. Müstəqil, müasir, iqtisadi cəhətdən qüdrətli, inkişaf modeli bu gün digər ölkələrə nümunə göstərilən zəngin, beynəlxalq aləmdə əsl söz sahibinə çevrilən Azərbaycan kimi bir dövləti yaratmaq Ona nəsib oldu. Dahi şəxsiyyətin xilaskarlıq missiyasını yüksək səviyyədə, böyük qətiyyətlə həyata keçirməsinin nəticəsi bugünkü Azərbaycanımızdır. O Azərbaycan ki, bu gün əsas hədəfi inkişaf etmiş ölkələr sırasında addımlamaqdır.
Ulu öndər Heydər Əliyevin 21 noyabr 2001-ci il tarixdə keçirilən Yeni Azərbaycan Partiyasının II Qurultayında proqram xarakterli çıxışında əksini tapan bu fikirləri xatırlatmaq istərdim: “Bu gün 20 yaşı olan adamın 1991-1993-cü illərdə 10 yaşı var idi. O vaxtkı ictimai-siyasi vəziyyəti bizim kimi bilməzdi... Azərbaycanın müstəqillik yolunun nə qədər ağır dövrdən keçməsindən onun məlumatı yoxdur. Ona görə mənə belə gəlir ki, birincisi, gənclər bizim partiyanın sıralarında xüsusi qayğıya malik olmalıdırlar. Onlara qayğı göstərmək lazımdır. İkincisi də, gənclər arasında geniş iş apararaq, partiyanın nizamnaməsini, məramnaməsini və partiyanın gördüyü işləri onlara anlatmaq lazımdır. Onda, əlbəttə ki, gənclər bizim partiyanı yaxşı tanıyacaqlar”.
22 illik müstəqillik tarixinə malik olan Azərbaycanın ayrı-ayrı dövrlərinin paralel təhlilini apardıqda bir həqiqəti böyük qətiyyətlə və inamla qeyd edirik ki, müstəqil, müasir Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir.
Müstəqilliyimizin ilk illərində ölkəyə səbatsız, idarəçilik qabiliyyəti olmayan, öz şəxsi ambisiyalarını dövlətin maraqlarından üstün tutan şəxslərin rəhbərlik etməsi Azərbaycanı müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Ölkədə xaos, anarxiya, özbaşınalıq hökm sürür, iqtisadi böhran dərinləşirdi. İctimai-siyasi durumun gərginliyi bütün sahələrə öz mənfi təsirini göstərirdi. Həmin dövrdə ölkədə silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı siyasi qrupların maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin ermənilər tərəfindən işğalına səbəb olmuşdu. Belə çətin durumda xalq öz xilaskarını axtarırdı. Xalqın çağırışına səs verərək mövcud ağır durumu aradan qaldırmaq üçün məsuliyyəti üzərinə götürən Ulu öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın əbədi müstəqilliyini təmin etdi. Müstəqilliyi xalqımızın milli sərvəti kimi dəyərləndirən Ümummilli lider onu qorumağı, möhkəmləndirməyi hər bir azərbaycanlının qarşısında mühüm vəzifə kimi qoydu. Dahi şəxsiyyət bildirirdi ki, harda yaşamasından asıl olmayaraq, bütün azərbaycanlıları bir amal- azərbaycançılıq ideyası birləşdirməli, ölkənin gələcək inkişafına öz töhfələrini verməlidirlər. Ulu öndərin bu çağırışı dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızı bir araya gətirdi, onlar arasında möhkəm bağlılıq yaratdı. Məhz bu birlik ölkədə sabitliyin yaranmasını, iqtisadi inkişafın sürətləndirilməsini şərtləndirən amillərdən birinə çevrildi.
Vaxt gələcək Azərbaycan dünyaya bir günəş kimi doğacaq
Dahi şəxsiyyət Heydər Əliyev milyonların ürəyindən keçən istəkləri reallaşdırdı, özünə olan inamı doğrultdu. “Belə yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram... Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”, söyləyən Ulu öndər Heydər Əliyev Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını artırmaqla ölkəmizin dünya birliyinə açılan yoluna işıq saldı. Ulu öndər Heydər Əliyev bildirirdi ki, sabitlik olmasa, heç bir sosial-iqtisadi proqramın icrasından danışmaq qeyri-mümkündür. Uğurlu daxili siyasət nəticəsində Azərbaycan qısa müddətdə beynəlxalq aləmdə sabitlik diyarı kimi nüfuz qazandı, xarici investorların ölkəyə gəlişində, investisiya axınının sürətlənməsində mühüm rol oynadı. Bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 150 milyard dollardan artıqdır. Bu uğurlu nəticə Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə yüksək önəm verməsindən irəli gəlir. Ölkəmizin gələcək inkişaf yolunun parametrlərini dahiyanə düşüncələri və zəngin dövlətçilik təcrübəsinə əsasən xalqa çatdıran Ümummilli lider Heydər Əliyev bildirirdi: “Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz”.
Azərbaycanın ermənilər tərəfindən elan olunmamış müharibəyə cəlb olunduğu, ideoloji blokadaya alındığı bir vaxtda-1994-cü ilin mayında atəşkəs sazişinin imzalanmasına nail olan dahi şəxsiyyət Heydər Əliyevin səyi nəticəsində məhz həmin il sentyabrın 20-də dünya ictimaiyyətinin diqqətini cəlb edən, o dövrdə çoxlarına xəyal kimi görünən “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinə, dünya iqtisadi sisteminə inteqrasiyanın sürətlənməsinə şərait yarandı. Üç dəniz əfsanəsini gerçəkləşdirən Ulu öndər misli görünməmiş, mühüm əhəmiyyətli, qlobal bir layihənin müəlliflik hüququnu qazandı. Bu sazişin imzalanması, eyni zamanda, Azərbaycanın gələcəyinə, həyata keçirilən siyasətə inamı ortaya qoydu. Bu fakt hər kəsə bəllidir ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqət mərkəzində olub. Zaman-zaman, daha dəqiq desək, 1994-cü ildən sonra bu diqqət və marağın artdığının şahidi olmuşuq. Çünki müstəqilliyimizin ilk illərində ölkədə mövcud ictimai-siyasi durumun gərginliyi xarici investorların ölkəmizə investisiya qoymaqda tərəddüdlərinə səbəb olurdu. Amma Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, Azərbaycanı sabitlik diyarı kimi tanıtması xarici iş adamlarının tərəddüdlərini aradan qaldırdı, ölkəmiz qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ulu öndər Heydər Əliyev bildirirdi ki, Azərbaycanın qapıları bura xoş niyyətlə ayaq basan bütün iş adamlarının üzünə açıqdır. İnvestorlar qoyacaqları vəsaitlərin təhlükəsizliyinə tam əmin ola bilərlər. “Əsrin müqaviləsi”nin imzalanmasından sonrakı mərhələdə imzalanan sazişlərin, Anlaşma Memorandumlarının miqyasına diqqət yetirdikcə bu inam bir daha öz təsdiqini tapır. Bu gün Azərbaycanın regional iqtisadi inkişafın aparıcı qüvvəsinə, dünya miqyasında enerji təhlükəsizliyinin təminatçısına çevrilməsinin əsasında Ulu öndərin hazırladığı neft strategiyası, ölkənin enerji siyasətinin uğurlu həlli dayanır. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələrinin həyata keçirilməsi nəinki iştirakçı, eyni zamanda, dünya dövlətlərinin uzunmüddətli iqtisadi inkişafına öz töhfəsini verdi. Uğurla fəaliyyət göstərən layihələr növbəti layihələrin gündəmə gətirilməsinə stimul verir. Ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyev bütün çıxışlarında neft strategiyasının uğurlarından geniş bəhs edərək bildirir ki, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının, beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyildi. BTC neft kəməri olmasaydı, BTƏ qaz kəmərindən, “Cənub qaz dəhlizi”ndən danışmaq qeyri-mümkün idi. Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirməklə bugünkü iqtisadi inkişafın möhkəm təməlini yaratdı, beynəlxalq münasibətlər sisteminin əsas aparıcı qüvvəsinə çevrildi. Neft strategiyasının tətbiqini sürətləndirməklə qeyri-neft sektorunu inkişaf etdirən, bazar iqtisadiyyatı yolu ilə irəliləmənin mexanizmlərinin təkmilləşdirilməsi üçün ölkəyə xarici investisiya axınının təməlini qoyan Ulu öndər inanırdı ki, yaxın illərdə çox sevdiyi Azərbaycanın dünya birliyində lider dövlət kimi tanınmasına nail olunacaq. Bununla bağlı Ulu öndər söyləmişdir: “Vaxt gələcək Azərbaycan dünyaya bir günəş kimi doğacaq”.
Neft strategiyasının əsasını təşkil edən Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarından səmərəli istifadə, xarici ölkələrin tanınmış neft şirkətləri ilə birgə fəaliyyətə əsaslanan, neft və təbii qaz hasilatının artırılmasını təmin edən yeni yataqların kəşf olunub birgə işlənməsi istiqamətində görülən işlər miqyasına və geosiyasi əhəmiyyətinə görə yeni mərhələlər üzrə davam etdirilirdi. Təbii ehtiyatların xalqa məxsusluğunun sözdə deyil, əməldə göstərilməsinin tərəfdarı olan Ümummilli lider Heydər Əliyev 1999-cu ildə Dövlət Neft Fondunu yaratmaqla əldə olunan gəlirin şəffaf və ədalətli bölünməsini təmin etdi.
Dövlət siyasətinin əsas prioritetləri kimi böyük əhəmiyyətə malik, Avropa və dünya birliyi dövlətlərinin enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş sayılan Azərbaycanın lider dövlət kimi tanınmasının təməlində də Ulu öndər tərəfindən əsası qoyulan daxili və xarici siyasətin uğurlu həlli dayanır. Bütün xalqlar və dövlətlərlə qarşılıqlı anlaşma və əməkdaşlıq siyasətini yeridən Azərbaycanın ən tanınmış beynəlxalq təşkilatlarda təmsil olunub, nüfuz qazanması müdrik bir siyasətin məntiqi nəticəsi kimi bu gün də özünü doğruldur. Hazırda Azərbaycan öz uğurlu göstəriciləri ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında birinciliyi ələ almaqla, lider dövlət kimi nüfuzunu qorumaqdadır. Bircə faktı qeyd etmək kifayətdir ki, ölkəmiz bu gün beynəlxalq əhəmiyyətli iqtisadi forumlara ev sahibliyi etməklə inkişafın Azərbaycan modelinin mövcudluğunu bir daha dünyaya nümayiş etdirir. Bu ilin aprelində Ümumdünya İqtisadi Forumunun Bakıda keçirilməsi bunun təsdiqidir.
Bütün fəaliyyəti ilə Heydər Əliyev siyasi kursunun, Ulu öndərin zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən cənab İlham Əliyev ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Onun rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin uğurlu həlli ilə Azərbaycan ən ucqar dağ kəndləri də daxil olmaqla böyük quruculuq meydanını xatırladır. Artıq keçid dövrünü başa vuraraq dünya standartlarına və bazar iqtisadiyyatının müasir tələblərinə uyğun layihə və islahatların tətbiqinin davam etdirilməsini vacib hesab edən Prezident İlham Əliyev başlıca amil kimi neft strategiyasının daha geniş miqyasda həyata keçirilməsi, dünya siyasətinə uyğunlaşdırılması, demokratiyanın tam qələbəsi naminə inamlı addımlar atır. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması ölkəmizin dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uğurla çıxmasına səbəb oldu. Böhran hər bir ölkənin malik olduğu imkanları, potensialı ortaya qoymaqla inkişaf strategiyalarının təhlilinə və öyrənilməsinə böyük zərurətin olduğunu təsdiqlədi. Azərbaycan öz inkişaf strategiyasını müəyyənləşdirərkən qabaqcıl ölkələrin təcrübəsinə istinad etmiş, ayrı-ayrı dövrlər üçün konkret proqramların icrasına nail olmaqla hərtərəfli inkişafa zəmin yaratmışdır. Kompleks tədbirlərin həyata keçirilməsi uğurların davamlılığında əsas amil kimi önə çəkilir. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan böyük maliyyə vəsaiti tələb edən istənilən layihəni həyata keçirmək qüdrətinə malikdir.
Uğurlarımız sırasında Davos İqtisadi Forumunun reytinqinə əsasən ölkəmizin iqtisadiyyatın rəqabətədavamlılığına görə 39-cu, MDB-də isə birinci yerdə qərarlaşmasını qeyd edə bilərik. “İndi biz qarşımızda yeni məqsəd qoymuşuq. Məqsəd artıq üç dəfə artmış ümumi daxili məhsulu yenidən ikiqat artırmaqdır. Lakin iqtisadiyyatı əsasən qeyri-enerji sektorunun inkişaf etdirilməsi hesabına ikiqat artırmaq istəyirik” söyləyən dövlət başçısı İlham Əliyev neft-qaz gəlirlərinin iqtisadiyyatın real sektorlarına-informasiya texnologiyaları, təhsil sahələrinə yönəldilməsini qarşıya qoyulan məqsədə çatmaq istiqamətində atılan addımlardan biri kimi bəyan edir.
Qeyd edək ki, Azərbaycanın perspektiv inkişaf və istiqamətlərinin müəyyən edilməsi məqsədilə təsdiqlənən “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası qarşıya qoyulan hədəflərə çatmaq üçün fundamental mexanizmdir. Dövlət başçısı İlham Əliyev Azərbaycanı yaxın perspektivdə inkişaf etmiş dövlətlər sırasında görmək istəyini, eyni zamanda, iqtisadi artımın real sektorun hesabına baş verməsini, 2013-2023-cü illərdə ümumi daxili məhsulun iki dəfə artırılmasını qarşıya mühüm vəzifə kimi qoyur. Bu fikir Prezident İlham Əliyev tərəfindən hər zaman qeyd edilir ki, müasirləşmək, yeniləşmək dövlətimizin siyasətinin əsasını təşkil edir. Bu gerçəklik də önə çəkilir ki, bəşəriyyətin üzləşdiyi qlobal problemlər ənənəvi iqtisadi və sosial inkişaf modelinə yenidən baxmağı tələb edir. Gələcək nəsillərin inkişaf və rifah içində yaşaması bugünkü çağırışlara düzgün cavabların tapılmasından asılıdır. Uğurlu neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımları diqqətə çatdıran Prezident İlham Əliyev bu sahədə ixtisaslı kadrlara böyük ehtiyac olduğunu bildirir: “Bir neçə il əvvəl Mən bəyan etdim ki, biz “qara qızıl”ı insan kapitalına çevirməliyik. Çünki inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yalnız yüksək səviyyəli texnoloji tərəqqiyə, yüksək səviyyəli təhsilə nail olmaqla inkişaf etmiş ölkəyə çerilmək mümkündır. Buna görə də, biz gənclərimizi dünyanın aparıcı universitetlərində təhsil almağa göndəririk və yaxşı nəticələr görürük”.
Təbii ki, bu ənənənin əsası da Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanın gələcəyini düşünən Ümummilli lider hakimiyyətinin birinci dövründə Azərbaycan gənclərini keçmiş ittifaqın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərməklə onların elmin sirlərinə daha dərindən yiyələnmələrini təmin edirdi. Bu gün böyük fəxrlə qeyd edirik ki, hazırda ayrı-ayrı sahələrdə fəaliyyət göstərən, ölkənin inkişafına, tərəqqisinə öz töhfələrini verən kadrların böyük əksəriyyəti məhz həmin dövrün yetirmələridir.
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətləri böyükdür. Bu fikir hər zaman xüsusi qeyd olunur ki, Onun fəaliyyətinin hər bir istiqaməti tədqiqat obyektidir. Nə qədər təhlillər aparılsa da, kitablar yazılsa da, hər zaman öyrənməyə böyük ehtiyac var. İllər keçdikdə müstəqil Azərbaycanımızın uğurları fonunda dahi şəxsiyyət Heydər Əliyevin xidmətlərinin böyüklüyü daha aydın görünür. Cənab İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi “Azərbaycanı daha qüdrətli, zəngin dövlətə çevirmək üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir” fikrinin davamı olaraq Yeni Azərbaycan Partiyasının V qurultayında səsləndirdiyi “Mən çox şadam ki, son 10 il ərzində çalışmışam ki, bu böyük məsuliyyəti Öz çiynimdə aparım. Çalışmışam ki, Ulu öndərin siyasətinə sadiq olum. Çalışmışam ki, Onun siyasi xəttini sizinlə bərabər, Azərbaycan xalqının dəstəyi ilə yaşadım. Qürur hissi ilə deyə bilərəm ki, bugünkü Azərbaycan Ulu öndərin görmək istədiyi kimi inkişaf edir, Onun qoyduğu yolla gedir, güclənir, möhkəmlənir və çox güclü regional amilə çevrilibdir” tezisi Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurların ümumiləşdirilmiş ifadəsidir. Bu yol qarşıdakı illərdə ölkəmizə daha böyük uğurlar vəd edir.
2013-cü il 9 oktyabr prezident seçkilərində cənab İlham Əliyevin möhtəşəm qələbəsi Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamına xalq tərəfindən verilən yüksək qiymət idi. Azərbaycan hələ uzun illər bu siyasi kursun təntənəsini yaşayacaq, Ulu öndər Heydər Əliyevin ideya və arzularının gerçəyə çevrildiyi ölkə olacaqdır.
Ayaz Orucov,
Milli Məclisin İqtisadi siyasət
komitəsinin üzvü,
iqtisad elmləri doktoru

Paylaş:
Baxılıb: 1031 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31