Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakı şəhərinin və onun qəsəbələrinin inkişafına dair Dövlət Proqramı uğurla icra olunub

Bakı şəhərinin və onun qəsəbələrinin inkişafına dair Dövlət Proqramı uğurla icra olunub

26.12.2013 [10:02]

Prezident İlham Əliyev: İkinci Proqramın icrası bir daha onu göstərir ki, Azərbaycanda istənilən məsələ öz həllini tapa bilər
Məlum olduğu kimi, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı özünü respublikanın hər bir yerində, o cümlədən, paytaxt Bakı şəhərində və onun ətraf qəsəbələrində aydın şəkildə göstərir. Bakı şəhərinin və onun qəsəbələrinin abadlaşması, sosial-iqtisadi cəhətdən inkişafında həyata keçirilən müvafiq dövlət proqramlarının rolunu xüsusi qeyd etmək lazımdır.
Xatırladaq ki, Bakı şəhəri və ətraf qəsəbələrin inkişaf etdirilməsini nəzərdə tutan ilk Proqram 2006-2007-ci illərdə həyata keçirilib. Belə ki, “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın uğurla icrası nəticəsində Bakının bütün rayonlarında, o cümlədən, qəsəbələrində infrastruktur təminatı daha da yaxşılaşdırılıb, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişaf etdirilməsini təmin edən tədbirlər həyata keçirilməyə başlanıb, yeni məktəblər, əlavə sinif otaqları, xəstəxana, poliklinika, ambulatoriya binaları tikilib, mövcud binalar əsaslı təmir edilib, müasir tipli idman kompleksləri istifadəyə verilib.
Təbii ki, Azərbaycanın artan makroiqtisadi göstəriciləri, büdcə gəlirlərinin çoxalması respublikanın regionlarında olduğu kimi, paytaxt və ətraf qəsəbələrdə də əsası qoyulmuş ardıcıl, sistemli işlərin davam etdirilməsinə əlverişli imkan yaradırdı. Məhz bunun nəticəsi olaraq, Prezident İlham Əliyevin 4 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının rolunu xüsusi qeyd etmək lazımdır. Bu günlərdə Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfrans son iki ildə həyata keçirilən Proqramın uğurlu nəticələrini konkret faktlar və statistik göstəricilərlə ortaya qoydu.
Bakıətrafı qəsəbələrin elektrik enerjisi ilə təminatı 100 faizə, qazla təminatı isə 96 faizə çatdırılıb
Məlum olduğu kimi, dövlətin həyata keçirdiyi sosial-iqtisadi siyasətin başlıca məqsədi vətəndaşların hərtərəfli qaydada rahat yaşayışının təmin edilməsidir. Bu məqsədlə diqqət yetirilən sahələrdən biri də insanlara göstərilən kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsidir.
Qeyd edək ki, artıq Bakıətrafı qəsəbələrin elektrik enerjisi ilə təminatı 100 faizə, qazla təminatı isə 96 faizə çatdırılıb. Evlərdə “smart-kart” tipli sayğacların quraşdırılması sayəsində isə ödəmələr tam həyata keçirilir, əvvəlki illərdə olduğu kimi, vətəndaşların dövlətə külli miqdarda borcu yaranmır.
Azərbaycanın özünün enerji təhlükəsizliyini təmin etməsi sayəsində Bakı şəhəri və onun qəsəbələrinin sakinlərinin də elektrik enerjisi ilə təminatında əvvəlki illərdə mövcud olmuş problemlər aradan qaldırılıb.
Eyni zamanda, paytaxtın və ətraf qəsəbələrin kompleks inkişafı ilə paralel aparılan istilik təchizatı layihələrinin həyata keçirilməsi də əhəmiyyətli nəticələrin əldə edilməsinə imkan verib. Belə ki, sözügedən Dövlət Proqramına uyğun olaraq 2011-2013-cü illər ərzində yaşayış binaları və sosial obyektlərin istilik təchizatının bərpası və yaxşılaşdırılması ilə bağlı “Azəristiliktəchizat” ASC tərəfindən 664 layihə icra edilib. Dövlət Proqramında təhsil və səhiyyə müəssisələrinin istilik təchizatı sistemlərinin bərpası ilə bağlı bəzi layihələr Bakı şəhər İcra Hakimiyyəti və aidiyyəti nazirliklər tərəfindən binaların əsaslı təmiri layihələri çərçivəsində tam həyata keçirilib.
Proqramın icrası müddətində yaranmış zərurətlə əlaqədar əlavə olaraq 3 məktəbin və 1 səhiyyə obyektinin məhəllədaxili, aşağı paylama və binadaxili istilik sistemi tamamilə yenidən qurulub, 4 yeni qazanxana tikilib, 5 qazanxana ən müasir avadanlıqlar quraşdırılmaqla tam modernləşdirilib, rayonun istilik qazanxanalarından qidalanan 9 istilik məntəqəsi yenidən qurulmaqla məhəlli qazanxanaya çevrilib, 101 yaşayış binasının məhəllədaxili və aşağı paylama istilik sistemi tamamilə yenidən qurulub.
Həyata keçirilən bütün bu tədbirlər nəticəsində Ələt, Müşfiqabad, Biləcəri, Badamdar və digər qəsəbələrdə uzun illər istiliklə təmin edilməyən çoxmərtəbəli yaşayış binalarının istilik təchizatı bərpa edilib. Yeni yaradılmış Pirallahı rayonunda layihə üzrə mərkəzləşdirilmiş istilik təchizatı sisteminə qoşulan çoxmərtəbəli yaşayış binalarını tam istiliklə təmin edən istilik mənbələri yaradılıb. Bundan başqa, Biləcəri qəsəbəsində çoxmərtəbəli yaşayış binalarının istilik təchizatının təmin edilməsi ilə bağlı kompleks tədbirlər planı hazırlanaraq icra edilir.
Həyata keçirilən tədbirlər hazırkı qış mövsümündə Bakı şəhərində 320 qazanxana istismar edilməklə 2760 yaşayış binası, 730 təhsil, səhiyyə və digər sosial obyektin istiliklə təmin edilməsinə imkan verib. Təkcə 2005-ci illə müqayisədə Bakıda istismar edilən qazanxanaların sayı 3,6 dəfə, istiliklə təmin edilən yaşayış binalarının sayı 2,8 dəfə, sosial obyektlərin sayı 2,8 dəfə artıb.
Həmçinin, Pirallahı rayonunda, Biləcəri qəsəbəsində, Binəqədi rayonunun 7-ci və 8-ci mikrorayonlarında, Yasamal və Xətai rayonlarında 10-a yaxın qazanxananın tikintisi tam başa çatdırılıb və hazırda son sınaq sazlama işləri aparılır. Həmin qazanxanaların yaxın vaxtlarda istismara buraxılacağı gözlənilir ki, bu da əlavə olaraq 118 çoxmərtəbəli yaşayış binasının istiliklə təmin edilməsinə imkan verəcək.
Dövlət Proqramı çərçivəsində son iki ildə nəzərdə tutulan yaşayış məntəqələrində su və kanalizasiya xətlərinin çəkilməsinə də böyük diqqət ayrılıb. Belə ki, Abşeron yarımadasının mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşulmayan qəsəbələrini su ilə təmin etmək məqsədilə Ceyranbatan-Balaxanı-Qala magistral kəməri tikilərək 2013-cü ilin avqust ayında istifadəyə verilib. Uzunluğu 61 kilometr olan kəmərin istifadəyə verilməsi nəticəsində tarixən yeraltı sulardan istifadə edən Qala, Şağan, Mərdəkan, Şüvəlan və Binə qəsəbələri də daxil olmaqla Binəqədi, Mehdiabad, Digah, Məhəmmədi, Balaxanı, Ramana, Zabrat, Sabunçu, Hövsan, Yeni Suraxanı yaşayış massivlərində yaşayan əhalinin hazırda 122 min nəfərinin su təminatı əsaslı şəkildə yaxşılaşdırılıb. Eyni zamanda, tikilən yeni su kəməri mövcud Ceyranbatan-Maştağa xəttinin əhatə etdiyi zonada yerləşən Pirşağı, Kürdəxanı, Maştağa, Nardaran, Bilgəh, Buzovna qəsəbələrinin dayanıqlı su təchizatına da imkan yaradıb.
Həmçinin, Dövlət Proqramına uyğun olaraq su təminatı zəif olan ərazilər əsas götürülməklə, Bakı şəhəri və ətraf qəsəbələrdə 820 kilometr uzunluğunda supaylayıcı şəbəkə, ümumi tutumu 100 min kubmetr olan 7 ədəd su anbarı tikilib, 53 min mənzildən ibarət 900 çoxmənzilli yaşayış binasının daxili supaylayıcı sistemləri yenilənib, 120 min ədəd smart-kart tipli sayğac quraşdırılıb. Bu layihələr Bakı şəhərinin mərkəzi də daxil olmaqla, bütün qəsəbə və yaşayış massivlərini əhatə edib.
Dövlət Proqramının icra edildiyi müddətdə 220 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib və fasiləsiz su alan əhalinin sayı 900 min nəfərdən 1 milyon 760 min nəfərə çatdırılıb. Beləliklə, Bakı şəhəri və ətraf qəsəbələrdə xidmət göstərilən əhalinin 78 faizinin fasiləsiz içməli su təminatına nail olunub. Eyni zamanda, əhaliyə verilən suyun keyfiyyətinə nəzarət etmək üçün müasir standartlara cavab verən Mərkəzi Laboratoriya tikilərək istifadəyə verilib.
Bundan əlavə, Dövlət Proqramı çərçivəsində 200 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi tikilib, uzun illər lillənərək suburaxma imkanını 50 faizə qədər itirmiş 225 kilometr uzunluğunda kanalizasiya kollektoru və şəbəkəsi xüsusi maşınlarla yuyularaq təmizlənib. 320 min nəfərin yaşadığı 1220 binanın zirzəmisində 6000 metr kanalizasiya xətləri yenilənib və ya bərpa edilib, nəticədə həmin binaların zirzəmilərinin sanitar-gigiyenik vəziyyəti yaxşılaşdırılıb.
Qeyd edək ki, bu sahədə görülən işlər qarşıdakı illərdə də davam etdiriləcək. Belə ki, Bakı şəhəri və Abşeron yarımadasında infrastrukturun sürətli inkişafı nəzərə alınaraq, su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin səmərəliliyini artırmaq məqsədi ilə “2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan” hazırlanıb. Planın icrasına paralel olaraq Bakı şəhərinin su və kanalizasiya sistemləri daha da təkmilləşdiriləcək.
Dövlət Proqramı çərçivəsində təlim-təhsil sahəsində əsaslı işlər görülüb
Bildiyimiz kimi, yeni nəslin təlim-tərbiyəsinə yüksək şəraitin yaradılması daim dövlətin diqqət mərkəzindədir. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planına əsasən Bakı şəhəri üzrə inşası və əsaslı təmiri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən nəzərdə tutulmuş 174 orta məktəb, 7 texniki peşə məktəbi, uşaq yaradıcılıq mərkəzləri və 121 uşaq bağçası - körpələr evinin əsaslı təmir-tikintisi başa çatdırılıb. Başqa sözlə, 302 obyektdə əsaslı təmir-tikinti işləri aparılıb və ya sökülərək yenidən tikilib, 39 orta məktəbdə 776 sinifli 14920 şagird yerlik əlavə tədris korpusları, idman zalları və yeni sinif otaqları inşa edilib.
Hazırda 12 orta məktəbin əsaslı təmiri, 4 orta məktəbin yenidən inşası, 23 körpələr evi - uşaq bağçasının əsaslı təmiri və bir körpələr evi - uşaq bağçasının yenidən inşası işləri davam etdirilir. Qeyd etmək lazımdır ki, əsaslı təmir-tikinti işləri aparıldıqdan sonra uşaq bağçalarının genişlənməsi hesabına əlavə olaraq 166 qrupun, o cümlədən 3320 uşağın təlim-tərbiyə almasına imkan yaradılıb.
Qeyd edək ki, sadalananlar Bakı şəhərinin və qəsəbələrinin 2011-2013-cü illərdə inkişafına dair Dövlət Proqramının yalnız bir hissəsidir. Lakin təkcə qeyd olunan faktlar Proqram çərçivəsində nəhəng miqyaslı layihələrin həyata keçirilməsindən xəbər verir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransdakı nitqində Proqramın icrasının nəticələrini müsbət qiymətləndirib: “Bir sözlə, görülən işlər doğrudan da çox əhəmiyyətlidir. İkinci Proqramın icrası bir daha onu göstərir ki, Azərbaycanda istənilən məsələ öz həllini tapa bilər”.
Ən vacib məqam isə ondan ibarətdir ki, dövlət başçımızın sözlərindən də göründüyü kimi, Bakı şəhəri və ətraf qəsəbələrinin inkişafı üzrə işlər bundan sonra da davam etdiriləcək: “Biz gələn ildən Bakı şəhərinin və onun qəsəbələrinin sosial iqtisadi inkişafı Dövlət Proqramının üçüncü mərhələsinə də başlamalıyıq. Hesab edirəm ki, üçüncü proqramın icrası nəticəsində bu günə qədər həll olunmayan məsələlər və Bakının, onun qəsəbələrinin bütün infrastruktur, nəqliyyat, sosial problemləri öz həllini tapacaqdır”.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 984 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31