Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələ
01.02.2014 [08:59]
Çoxşaxəli əməkdaşlığı inkişaf etdirmək məqsədilə tərəflər arasında strateji tərəfdaşlıq müqaviləsi üzərində danışıqlar aparılır
Məlum olduğu kimi, Avropa İttifaqı (Aİ) Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə olduqca böyük maraq göstərir. Öz növbəsində, Azərbaycan da Avroatlantik məkana inteqrasiya siyasətinin tərkib hissəsi kimi, bu qurumla əməkdaşlığı möhkəmləndirir. Təsadüfi deyil ki, artıq qarşılıqlı maraqlara söykənən münasibətlər yeni mərhələyə daxil olmaqdadır. Xəbər verildiyi kimi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard Xəzər-Avropa Klubunun iclasında çıxışı zamanı Avropa İttifaqının Azərbaycanla ticarət və iqtisadi sahədə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq müqaviləsi üzərində danışıqlar gedir. Malena Mard əlavə edib ki, qurum Azərbaycanla biznes və turizm sahəsində də əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
ŞƏRQ TƏRƏFDAŞLIĞI PROQRAMI ÇƏRÇİVƏSİNDƏ SIX ƏMƏKDAŞLIQ
Avropa İttifaqı ilə müxtəlif proqramlar çərçivəsində uğurlu əməkdaşlıq edən Azərbaycanın bu beynəlxalq qurumla əlaqələri son illərdə daha da intensivləşib. Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı Proqramı əsasında geniş əməkdaşlıq edən Azərbaycanın Avropaya inteqrasiya siyasəti qurum tərəfindən müsbət qarşılanır. Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsü Aİ xarici işlər nazirlərinin 26 may 2008-ci il tarixində Brüsseldə keçirilmiş görüşü zamanı Polşa və İsveç tərəfindən irəli sürülüb. Şərqi Avropa Qonşuluq Siyasəti ölkələri üçün vahid formatın təsis edilməsini nəzərdə tutan sözügedən təşəbbüs Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusu əhatə edir. 3 dekabr 2008-ci il tarixində ŞT təşəbbüsü üzrə Məlumat Sənədi və onu müşayiət edən işçi sənəd Avropa Komissiyası tərəfindən Avropa Parlamentinə və Avropa İttifaqının dövlət və hökumət Başçılarının Şurasına təqdim olunub. 2009-cu ildə Praqada ŞT üzrə keçirilən Zirvə görüşündə sözügedən təşəbbüsün əsas məqsədləri və prinsipləri, həmçinin, gələcək əməkdaşlıq prosesinin ümumi cizgilərini müəyyən edən Birgə Bəyannamə qəbul edilib və bununla da ŞT-yə yüksək rəsmi səviyyədə start verilib.
Bu istiqamətdə əməkdaşlığın yüksək nəticələrindən biri isə Avropa İttifaqının 2013-cü ilin noyabrında Vilnüsdə keçirilən III “Şərq tərəfdaşlığı” Sammitində tərəflər arasında sadələşdirilmiş viza müqaviləsinin imzalanması oldu. Bu müqavilənin imzalanması Avropa İttifaqının Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlı olduğunu, həmçinin, ölkəmizin qurum və ona daxil olan dövlətlərlə əməkdaşlığı bundan sonra da yüksək səviyyədə davam etdirmək niyyətini göstərdi.
Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində Prezident İlham Əliyev bu məsələyə toxunaraq əldə olunan razılaşmanı önəmli saziş adlandırıb: “Bu, bizim Avropa İttifaqı ilə olan münasibətlərimizin təzahürüdür. Bu münasibətlər gələcəkdə də inkişaf edəcəkdir”.
AZƏRBAYCANDAKI HÜQUQİ DÖVLƏT QURUCULUĞU YÜKSƏK QİYMƏTLƏNDİRİLİR
Azərbaycan-Avropa İttifaqı əlaqələrinin əhatə etdiyi sahələr içərisində demokratik, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının yüksək səviyədə müdafiəsinin təmin edilməsi də dayanır. 2013-cü ilin 9 oktyabr prezident seçkiləri Azərbaycanın demokratik dövlət quruculuğuna nail olmasının növbəti dəfə şəksiz təsdiqi oldu.
Ümumiyyətlə, Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu geniş təcrübəyə əsaslanır. Belə ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan demokratik islahatlar Azərbaycanın bu yolda qətiyyətli olduğunu göstərdi. Vətəndaşların hüquq və azadlıqlarının qorunması, xalqın siyasi iradəsinin seçkilərdə öz əksini obyektiv surətdə əks etdirməsi 1995-ci il noyabrın 12-də keçirilən referendumun nəticəsində Konstitusiyanın qəbulu ilə özünün möhkəm hüquqi əsasına sahib oldu. Azərbaycan vətəndaşlarının ən müxtəlif məsələlərlə bağlı hüquq, vəzifə və azadlıqlarının əks olunduğu Konstitusiya öz mükəmməlliyi ilə uzunmüddətli demokratiya ənənələrinə malik olan dövlətlərin ali qanunlarından heç də geridə qalmır. Bununla yanaşı, seçki sisteminin və qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması hakimiyyət bölgüsünün demokratik əsaslarda formalaşdırılmasına imkan verdi. Ölkədə keçirilən seçkiləri müşahidə edən beynəlxalq təşkilatların hesabatlarında əksini tapan müsbət rəylər hər növbəti seçkinin əvvəlkindən daha yüksək səviyyədə təşkil olunduğunu, şəffaflıq, bərabərlik prinsiplərinin qorunduğunu təsdiqləyir.
Bu gün demokratik siyasi sistem, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu xətti ilə irəliləyən Azərbaycan sosial, siyasi, iqtisadi, mədəni və intellektual transformasiyanı özündə əks etdirən hərtərəfli modernləşmə yolunda inamlı addımlar atır. İqtisadi sahədə liberallaşma, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin uğurla reallaşdırılması nəticəsində Azərbaycan iqtisadiyyatı bir neçə il bundan əvvəl keçid dövrünü başa vurub.
Bununla yanaşı, ölkədə ölüm hökmünün, mətbuat üzərində senzuranın ləğv edilməsi, ənənə halını alan əfv fərmanları və hər il yüzlərlə məhbusa amnistiya elan edilməsi, korrupsiya və rüşvətxorluqla mübarizə, qanunun aliliyinin təmin edilməsi, sənədləşdirmə, qeydiyyat, vergi ödəmələri kimi proseslərin sadələşdirilməsi istiqamətində çoxsaylı humanist qərarlar Azərbaycanın həqiqətən hüquqi bir dövlət kimi formalaşdığını təsdiqləyir.
AZƏRBAYCAN AVROPADA ÖNƏMLİ QAZ İXRACATÇISINA ÇEVRİLİR
Sirr deyil ki, sürətlə genişlənən, müstəqil inkişaf edən Azərbaycan iqtisadiyyatı və xüsusən də ölkəmizin enerji siyasəti Aİ ölkələrinin daim diqqət mərkəzindədir. “Əsrin müqaviləsi”nin imzalandığı dövrdən etibarən dünyada əsasən neft ölkəsi kimi tanınan Azərbaycan 2013-cü il dekabrın 17-də Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması ilə həm də Avropanın əsas qaz ixracatçısı olmaq yolunda böyük bir addım atdı. “XXI əsrin layihəsi” adlandırılan “Şahdəniz-2” Azərbaycanın Avropa iqtisadiyyatındakı mövqelərini daha da möhkəmləndirəcək.
Xatırladaq ki, bu istiqamətdə ilk böyük nailiyyət 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərinin istifadəyə verilməsi idi. Bu baxımdan, Avropanın “mavi yanacaq” bazarlarında əsas iştirakçılardan birinə çevrilmək niyyətində olan Azərbaycanın təşəbbüsü ilə qəbul olunan Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi həm ölkəmizin, həm də qitə dövlətlərinin enerji maraqlarına cavab verir. Bu layihə ilə Azərbaycanın Avropanın ən yaxın və etibarlı enerji tərəfdaşı olması bir daha təsdiqini tapır. Xatırladaq ki, hələ Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun 2011-ci ildə Azərbaycana səfəri zamanı “Cənub qaz dəhlizi” ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Bu layihənin həyata keçirilməsi üçün həlledici razılaşmalardan biri də “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” 2012-ci il iyunun 26-da İstanbul şəhərində imzalanmış Sazişdir.
Eyni zamanda, TANAP layihəsi Trans-Xəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yaradacaq. Qazaxıstan və Türkmənistanın gələcəkdə bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan həm də qaz nəqlində mühüm tranzit ölkəyə çevriləcək. Ümumiyyətlə, TANAP layihəsi ilə Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın rolu daha da artacaq.
Bildiyimiz kimi, TANAP layihəsi Azərbaycan qazının Türkiyə ərazisi vasitəsilə Mərkəzi və Cənubi Avropanın sərhədlərinə çatdırılmasını nəzərdə tutur. Qazın Avropa ölkələrinə daşınmasını həyata keçirmək üçün isə 2013-cü ilin iyun ayında “Şahdəniz” Konsorsiumu Trans-Adriatik qaz kəməri (TAP) layihəsini seçib. Azərbaycanın enerji siyasətində böyük irəliləyişə yol açan bu qərar Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP “Cənub qaz dəhlizi”nin əsas halqası sayılır.
Beləliklə, sadalanan bütün mərhələlərin gerçəkləşəcəyi təqdirdə Azərbaycan öz qazını münasib qiymətlərlə birbaşa Avropa bazarlarına çıxara biləcək.
Sözsüz ki, “Şahdəniz-2”nin təsdiq edilməsi layihənin artıq reallaşdırılma mərhələsinə qədəm qoymasından xəbər verir. Azərbaycanın ən böyük təbii qaz mənbəyi olan “Şahdəniz” yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr həcmində dəyərləndirilir. Bu, Azərbaycanın gələcəkdə sürətli inkişafını təmin etmək üçün mühüm imkandır. “Şahdəniz-2” layihəsinin gerçəkləşməsi “Cənub qaz dəhlizi” vasitəsilə “mavi yanacağın” Xəzər dənizindən Avropadakı bazarlara çatdırılacağı deməkdir. Bu, həm də Azərbaycanın enerji sektoruna böyük həcmdə yeni investisiyaların yatırılmasına və yeni iş yerlərinin yaradılmasına da səbəb olacaq.
Beləliklə, Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycan qazını Gürcüstandan keçməklə, Türkiyənin şərq hissəsinə daşıyır. Tikiləcək TANAP kəməri qazı Türkiyənin şərqindən qərbinə daşıyacaq, yəni Avropa ilə sərhədə gətirəcək. TAP boru kəməri isə qazın buradan Avropa ölkələrinə paylanmasına imkan verəcək. Bu isə Avropada “mavi yanacaq” bazarını genişləndirəcək, istehlakçı ölkələr isə enerji mənbələrinin çoxaldılması yolu ilə öz təhlükəsizliklərini daha etibarlı təmin edə biləcəklər.
Təsadüfi deyil ki, Bakıda “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanması Avropanın rəsmi dairələrində sevinclə qarşılanıb. Çünki “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanması Avropanın daha güclü enerji təhlükəsizliyinə qapı açmağa imkan verir. Bu həm də Azərbaycanın özünün enerji təhlükəsizliyinə töhfədir. Qeyd edək ki, Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov “Azərbaycanın enerji təminatı və təhlükəsizliyi siyasəti” məqaləsində Azərbaycanın qaz ixracatı sahəsində şaxələndirmə siyasətini aydın ifadə edir: “Nəzərə alınsa ki, Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə 2005-ci ildən Türkiyə və Gürcüstana, Bakı-Mozdok və Bakı-Astara kəmərləri ilə 2009-cu ildən həm də qonşu Rusiya və İrana qaz ixrac edir, o zaman xarici bazarlara sərbəst çıxmaq və öz qazını müstəqil şəkildə ixrac etmək istiqamətində Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunubdur”.
Beləliklə, bu gün Azərbaycanın dünya enerji bazarlarında hasilatçı ölkə olaraq ön sıralara doğru irəliləməsi danılmaz həqiqətdir. Düzgün enerji siyasəti sayəsində Azərbaycan özünün inkişafını təmin edir, eyni zamanda, çoxsaylı tərəfdaşlar qazanmaqla, beynəlxalq aləmdəki nüfuzunu və mövqelərini durmadan gücləndirir.
Sadalananlar onu göstərir ki, istər siyasi, istərsə də iqtisadi sahədə Azərbaycan-Avropa İttifaqı əlaqələri yeni mərhələyə yüksəlir. Münasibətlərin inkişafı, yeni mərhələyə daxil olması əlaqələrin yeni formatının yaradılmasına da ehtiyac yaradır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində belə bir addımın zəruriliyini qeyd edib: “Hazırda - təbii ki, 2014-cü ildə Avropa İttifaqı-Azərbaycan strateji əlaqələrinin gələcək formatı müəyyən edilməlidir”.
Belə bir formatın yaradılacağı təqdirdə mövcud potensialdan maksimum dərəcədə yararlanmaqla qarşılıqlı münasibətlərin səmərəli nəticələrini əhəmiyyətli dərəcədə artırmaq mümkün olacaq. Bu baxımdan, çoxşaxəli əməkdaşlığı inkişaf etdirmək məqsədilə tərəflər arasında strateji tərəfdaşlıq müqaviləsi üzərində aparılan danışıqların nəticəsi Azərbaycan-Avropa İttifaqı münasibətlərinin yeni formatını müəyyənləşdirə bilər.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49

