Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Almaniya tərəfdaşlığı: yeni geosiyasi nizamın strateji oxu

Azərbaycan-Almaniya tərəfdaşlığı: yeni geosiyasi nizamın strateji oxu

22.07.2026 [13:25]

Bakı  Avropa ittifaqı ilə siyasi-iqtisadi gündəmini genişləndirir

Son illər Cənubi Qafqazın inkişaf trayektoriyası beynəlxalq aləmin, xüsusilə böyük iqtisadi-siyasi güc mərkəzlərinin diqqətindədir. Azərbaycanın bölgədə formalaşdırdığı yeni reallıqlar və bu reallıqların nəticə etibarı ilə yeni nizama verdiyi töhfələr təqdir edilir. Təsadüfi deyil ki, dünyanın aparıcı siyasi-iqtisadi mərkəzləri, dövlətləri və təşkilatları Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını həm əyani surətdə bildirirlər, həm də apardıqları siyasətlə nümayiş etdirirlər. Bakı həm çoxtərəfli, həm də ikitərəfli çərçivədə münasibətlərini yeni çağırışlar, standartlar üzərində inkişaf etdirir. Yeri gəlmişkən, bir müddət öncə Bakıda səfərdə olan Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin səsləndirdiyi bəyanatlar isə artıq köhnə qitə ilə Bakı arasında yeni münasibətlər sisteminin formalaşacağından xəbər verirdi. Həm Aİ, həm də ayrı-ayrı dövlətlər səviyyəsində müsbət əlaqələrin dinamikası artmaqdadır. Bu mənada Azərbaycanın Aİ-nin aparıcı dövlətlərindən olan Almaniya ilə münasibətləri xüsusi əhəmiyyət daşıyır. İki ölkə arasında müsbət əlaqələr mövcuddur və bu əlaqələr çoxşaxəli xarakterə malikdir.

Tarixi əlaqələr...

Qeyd olunmalıdır ki, Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Almaniya Azərbaycanın  müstəqilliyini 12 yanvar 1992-ci il tarixində tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci il tarixində qurulub. Azərbaycanın Almaniyada Səfirliyi 2 sentyabr 1992-ci il, Almaniyanın Azərbaycanda Səfirliyi isə 22 sentyabr 1992-ci il tarixində açılıb.

Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından sonra əlaqələrin inkişafında ən mühüm dönüş nöqtəsi Ulu Öndər Heydər Əliyevin 1996-cı il iyulun 1-4-də Almaniyaya etdiyi tarixi səfər olub. Həmin səfər müstəqilliyini yenicə bərpa etmiş gənc Azərbaycan dövlətinin Avropanın ən böyük güclərindən biri ilə uzunmüddətli tərəfdaşlıq strategiyasının təməlini qoydu. Bu səfər gənc respublikanın müstəqil xarici siyasət kursunun Avropada qəbul olunmasını təmin etdi. Ulu Öndərin Almaniyanın aparıcı siyasi partiyalarının və Şimali Atlantika Assambleyasının təmsilçiləri ilə dialoqu, habelə diaspor fəalları ilə strateji təmasları münasibətlərin çoxtərəfli ictimai-siyasi zəminini formalaşdırdı.

Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq mövcuddur. Dövlət başçıları müxtəlif platformalarda vaxtaşırı görüşürlər. İndiyədək Azərbaycan Prezidentinin Almaniyaya son səfəri də nəzərə alınmaqla 18 rəsmi və işgüzar səfəri baş tutub. Digər səviyyələrdə də sıx təmaslar qurulub. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, müstəqillik illərində Azərbaycanın xarici işlər naziri Almaniyaya 14 rəsmi və işgüzar səfər həyata keçirib. Almaniyanın xarici işlər naziri isə respublikamızda 8 rəsmi və işgüzar səfərdə olub. Parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. İndiyədək iki ölkə arasında 77 sənəd imzalanıb. İmzalanan hüquqi sənədələr isə ikitərəfli əlaqələrin daha da güclənməsinə xüsusi töhfə verir.

İki ölkə arasında ticarət əlaqələri də müsbət dinamika ilə inkişaf edir. 2025-ci ildə Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi 1 milyard 376 milyon dollar təşkil edib. Bu isə o deməkdir ki, son beş ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 68 faiz artıb.

Almaniya Azərbaycanın orta güc statusunu qəbul edir

Yeni dövrdə isə artıq münasibətlər məhz müasir çağırışlar üzərindən formalaşır. Başqa sözlə, əgər Almaniya Aİ-nin və Transatlantik Alyansın aparıcı dövlətlərindən biri qismində çıxış edirsə, Bakı da Cənubi Qafqazın lideri və yerləşdiyi mühüm coğrafiyanın orta gücü kimi qəbul olunur. Bakı-Berlin münasibətlərində bu yeni xətt yaxın gələcək üçün mühüm strateji istiqamət olaraq formalaşacaq.

Əslində bir məqama xüsusi diqqət yetirmək lazımdır - ötən ilin aprelində Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Bakıya reallaşan səfəri zamanı rəsmi Berlin Azərbaycanın bölgədəki rolunu açıq şəkildə dilə gətirmişdi. Ştaynmayer bildirmişdi ki, “Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə, o cümlədən Cənub-Qərbi Asiya və Çinlə Almaniyanın ticarət əlaqələrində ölkənizin rolu var. Bilirik ki, hazırkı mövcud yolların imkanları məhduddur. Ölkənizdən keçən yollar, həmçinin Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün vacibdir, yaxşı perspektivdir və bu, daha maraqlı olacaq. Son illərdə cərəyan etmiş hadisələrdən sonra Cənubi Qafqaz regionunuz daha sabit bölgəyə çevriləcək”. Almaniya Prezidentinin bu fikirləri Azərbaycanın Cənubi Qafqazın həm iqtisadi, həm də siyasi kimi, eyni zamanda orta güc statusunda apardığı siyasətin açıq izahı idi. Bu fikirlərdə qeyd olunurdu ki:

- Ölkəmiz tranzit xarakterli mühüm bir regionda təhlükəsizlik amili formalaşdırıb;

- İqtisadi münasibətlərdə yalnız şəffaflığa və dürüstlüyə, dotsluğa əsaslanan tezislər səsləndirir;

- Coğrafi imkanları yaxın - uzaq tərəfdaşlar üçün səmərəli istifadə halına gətirib;

- İstər ənənəvi, istərsə də yeni enerji mühitində etimadlı tərəfdaş kimi özünü sübut edib;

- Fərqli sivilizasiyaların birgə əməkdaşlıq planlarının formalaşdırılmasında yer alması kimi vacib ştrixləri ön sıraya çıxarıb

- Nəhayət, fərqli düşüncəyə, fərqli baxışlara malik siyasi qütblər arsında barışdırıcı missiya həyata keçirir.

Beləliklə, son bir il ərzində Avrasiyanın qütblərarası münasibətlər sisteminin qurulmasında Azərbaycanın açıq rolu və fəaliyyəti göz önündədir - Almaniyanın Bakı ilə tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində addımları isə yeni nizamın ştrixləri ilə üst-üstə düşür. 

Berlin sülh prosesini dəstəkləyir...

Rəsmi Berlin həm də Azərbaycanın sülh gündəliyini açıq şəkildə dəstəkləyir. Ötən il Almaniya Prezidenti Bakıda mətbuata açıqlamasında bildirmişdi ki, “Siz qonşu Ermənistan arasında sülh münasibətləri haqqında danışdınız. Bu sülh prosesinin çox böyük əhəmiyyəti var. Kənardan müşahidə edən bir şəxs kimi deyə bilərəm ki, bu, bizə böyük təəssürat bağışlayır. Yəni, son bir il ərzində çox böyük addımlar atılıb, çox böyük irəliləyişlər olub. Bütün çətinliklərə və maneələrə baxmayaraq, bu yol qət edilib, xeyli addımlar atılıb və sona qədər getmək lazımdır. Bununla belə, təbii olaraq, kompromislər üçün cəsarət, siyasi iradə lazımdır, nəticədə siyasi müqavilə həqiqətən də həyata keçə bilər və qüvvəyə minər. Ümid edirəm ki, hər şey alınacaq və biz, həmçinin kənardan bacardığımız qədər, necə mümkündürsə öz dəstəyimizi verəcəyik”.

Almaniyanın bu balanslaşdırılmış və konstruktiv yanaşması regional kommunikasiyaların açılması və beynəlxalq hüquq prinsipləri çərçivəsində yekun sülh sazişinin imzalanması prosesinə diplomatik dəstək baxımından böyük əhəmiyyət kəsb edir. Almaniyanın sülh prosesinə dəstəyi, Azərbaycanın təşəbbüslərini təqdir etməsi isə olduqca mühüm amildir. Berlin hər zaman qlobal proseslərə Aİ çərçivəsində praqmatik baxışı ilə seçilib. Məhz sülhə münasibətdə də bu mövqe aydın şəkildə ortaya qoyulur. Almaniya rəsmilərinin sülh ilə bağlı fikirləri, təşviqləri məhz bu tezisə əsaslanır - sülhün və təhlükəsizliyin təmini Cənubi Qafqaz üçün yeni bir gələcək olduğu qədər Avropanın da özünün iqtisadi imkanlarını genişləndirməsi üçün bir fürsətdir. Başqa sözlə, Almaniya qəbul edir ki, Bakının sülh təşəbbüsləri köhnə qitənin siyasi və iqtisadi güc mərkəzi kimi təmərküzləşməsinə mühüm töhfələr verəcək. Bütün bu məqamlar kontekstindən dəyərləndirilikdə Prezident İlham Əliyevin nəzərdə tutulan səfəri iki ölkənin qlobal çağırışlara qarşı vahid iqtisadi və siyasi platformada birləşmək iradəsini açıq şəkildə nümayiş etdirir.

Bakı yeni nizamın “açar ölkəsi” statusunda...

Hazırki mənzərədə geosiyasi transformasiyalar, qlobal enerji bazarlarında baş verən dəyişikliklər və yeni nəqliyyat marşrutlarına artan tələbat Azərbaycanın strateji əhəmiyyətini daha da yüksəldir. Ölkənin malik olduğu təbii ehtiyatlar, inkişaf etmiş nəqliyyat infrastrukturu, etibarlı tərəfdaş imici və praqmatik xarici siyasət kursu onu regionun sabitlik və əməkdaşlıq gündəliyinin formalaşdırılmasında əsas iştirakçı kimi ön plana çıxarır. Bu baxımdan, Azərbaycanın Cənubi Qafqazda oynadığı rol yalnız milli maraqların təmin edilməsi ilə məhdudlaşmır, həm də daha geniş Avrasiya məkanında sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təşviqinə xidmət edir. Təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də Bakıda mətbuata bəyanatında bildirmişdi ki, Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biridir: “Onun strateji əhəmiyyəti artmaqda davam edir. Azərbaycan burada əsas rol oynaya bilər. Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təklif edirik”. Azərbaycan-Almaniya əlaqələrinin dərinləşməsi isə öz növbəsində Aİ-Azərbaycan münasibətlərinin dinamikasına da öz müsbət təsirini göstərir.  Sirr deyil ki, Aİ özünün tarixinin ən mühüm transformasiyalarından birini keçməkdədir. Rusiya-Ukrayna müharibəsi, nəticə etibarı ilə qlobal təchizat zəncirlərinin pozulması, enerji bazarlarındakı təlatümlər və bu mənada Aİ-nin özünün enerji təminatını həyata keçirmək üçün yaşadığı çətinliklər köhnə qitənin siyasi gündəminə təsirlər edir. Baş verənlər Avropa İttifaqının yeni beynəlxalq reallıqlar fonunda dayanıqlı inkişaf modeli cəza bilmədiyini göstərdi. Nəticədə Brüssel enerji təhlükəsizliyinin, nəqliyyat bağlantılarının və kritik xammal təchizatının şaxələndirilməsini strateji prioritet elan edərək Avrasiyanın yeni geoiqtisadi xəritəsinə fərqli prizmadan baxmağa başladı. Məhz bu dəyişən geosiyasi mühit Azərbaycanın Avropa üçün əhəmiyyətini keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Əgər uzun illər Azərbaycan Avropa üçün əsasən karbohidrogen ixracatçısı kimi qəbul edilirdisə, bu gün ölkə artıq enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və Avropa ilə Mərkəzi Asiyanı birləşdirən strateji kommunikasiyaların ayrılmaz hissəsi olaraq qiymətləndirilir. 2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması da məhz bu transformasiyanın siyasi ifadəsi idi. Həmin sənəd Azərbaycanın Avropaya təbii qaz ixracının artırılmasını, enerji əməkdaşlığının dərinləşdirilməsini və bərpaolunan enerji sahəsində yeni imkanların yaradılmasını nəzərdə tutur.

Bu gün Azərbaycan artıq Avropa İttifaqının 10 üzv dövləti də daxil olmaqla, 16 ölkəyə təbii qaz ixrac edir. Ən önəmlisi Azərbaycanın Avropaya qaz ixracı 2022-ci ildən əvvəlki 8 milyard kubmetrdən hazırda 13 milyard kubmetrə yüksəlib və 2027-ci ilədək bu göstəricinin azı 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Cənub Qaz Dəhlizi isə Xəzər hövzəsini Avropa ilə birləşdirən alternativ enerji arteriyası kimi qitənin enerji təhlükəsizliyi strategiyasının əsas sütunlarından birinə çevrilib. TANAP və TAP kəmərləri Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətində xüsusi əhəmiyyət qazanaraq Azərbaycanın qitənin enerji təhlükəsizliyində rolunu daha da gücləndirib.

Azərbaycanın Avropa üçün strateji əhəmiyyəti paralel olaraq kommunikasiya və nəqliyyat dəhlizləri üzərindən də izah edilə bilər. Şimal marşrutunun müharibə və sanksiyalar səbəbindən əvvəlki funksionallığını itirməsi, cənub istiqamətində isə geosiyasi risklərin artması fonunda Orta Dəhliz Avropa ilə Mərkəzi Asiyanı birləşdirən ən etibarlı və perspektivli marşrut kimi ön plana çıxıb. Bu dəhlizin mərkəzində yerləşən Azərbaycan artıq təkcə tranzit ölkəsi deyil, Avropanın “Global Gateway” strategiyasında mühüm geoiqtisadi tərəfdaş kimi çıxış edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Xəzər üzərindən formalaşan multimodal daşımalar sistemi Azərbaycanın bu dəhlizin əsas logistika qovşağına çevrildiyini göstərir. Məhz buna görə də Brüsselin Bakı ilə əməkdaşlığı bu gün enerji təhlükəsizliyi, logistika, rəqəmsal bağlantılar, yaşıl enerji və kritik xammal tədarükünü əhatə edən kompleks strateji tərəfdaşlıq məzmunu qazanıb.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 93 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31