Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Tehranda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyasında iştirak edib

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Tehranda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyasında iştirak edib

20.02.2014 [09:32]

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti fevralın 18-19-da Tehranda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı (İƏT Pİ) Konfransının 9-cu sessiyasında iştirak edib.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlardan Xanhüseyn Kazımlı, Cavanşir Paşazadə, Mirkazım Kazımov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil idilər.
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu AzərTAc-a bildirib ki, sessiyanı fevralın 18-də İƏT-ə üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 8-ci sessiyasının prezidenti, Sudan Milli Assambleyasının sədri Alfatih İzzedin Almansour açıb. O, çıxışında sessiyanın işinə uğurlar arzulayıb, müzakirə olunan məsələlərdə nümayəndə heyətlərinin fəal iştirakını vacib hesab edib. Sonra quruma sədrlik İran tərəfinə təhvil verilib.
İƏT Pİ Konfransının 9-cu sessiyasının sədrliyini qəbul edən İran İslam Şurası Məclisinin sədri Əli Laricani çıxışında belə tədbirlərin İslam dünyasında oynadığı roldan və İslam həmrəylinin daha da möhkəmlənməsində əhəmiyyətindən danışıb.
Təşkilatın baş katibi Erol Kılıc isə bu qurumun illik hesabatını təqdim edərək, ötən müddətdə görülən işlər barədə məlumat verib.
Sonra tədbir iştirakçılarını İran İslam Respublikasının Prezidenti Həsən Ruhani salamlayıb. O, İslam dünyasının bu günü və sabahı ilə bağlı fikirlərini bildirib, regional münaqişələrə toxunub. Həsən Ruhani qeyd edib ki, İslam qardaşlıq, dostluq və əxlaq dinidir.
İslam dünyasının təhlükəsizliyi üçün həmrəyliyin vacib olduğunu bildirən İran Prezidenti gündəlikdəki məsələlərin müzakirəsində sessiya iştirakçılarına uğurlar arzulayıb.
Sessiyada bir sıra təşkilati məsələlərə baxıldıqdan sonra üzv dövlətlərin parlament sədrləri çıxış ediblər.
Milli Məclisin sədri Oqtay Əsədov toplantının keçirilməsinə yaratdığı şəraitə görə İran parlamentinin rəhbərliyinə, xüsusən Əli Laricaniyə minnətdarlıq edib. Oqtay Əsədov ümidvar olduğunu bildirib ki, sessiyada aparılacaq fikir mübadiləsi və qəbul olunacaq qərarlar təşkilatın məqsədlərinin reallaşmasına kömək edəcək.
Sədr qeyd edib ki, Azərbaycan dövləti İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament İttifaqı ilə münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi baxır. Biz bu qurumun İslam dünyasında həmrəyliyin dərinləşməsinə, ümumi problemlərimizin həlli yollarının tapılmasına göstərdiyi köməyi yüksək qiymətləndiririk. Son illərdə Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatının münasibətləri yeni mərhələyə qədəm qoyub. Azərbaycan təşkilatın nazirlər səviyyəsində bir neçə konfransına ev sahibliyi edib. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının İcraiyyə Komitəsinin 30-cu iclası ötən il Azərbaycanda keçirilib. 2009-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhəri “İslam mədəniyyətinin paytaxtı” elan edilib. Bütün bunlar İslam Əməkdaşlıq Təşkilatının Azərbaycana verdiyi əhəmiyyəti və təşkilatın fəaliyyətində ölkəmizin yaxından iştirak etdiyini göstərir. Biz hesab edirik ki, xalqlarımızın bölüşdüyü ortaq İslam dəyərləri bizi birləşdirən ən böyük mənəvi sərvətdir.
Milli Məclisin sədri deyib: “Bizim xalqımızın tarixində ən faciəli hadisələrdən olan Xocalı soyqırımının tanıdılması işində təşkilatın əvəzolunmaz rolu vardır. Parlament İttifaqının indiyədək qəbul etdiyi bir çox bəyannamələrdə Azərbaycanın işğal olunmuş torpaqlarından erməni silahlı qüvvələrinin qeyd-şərtsiz və dərhal çıxarılması, dövlətimizin ərazi bütövlüyünə və suverenliyinə hörmət bəslənməsi, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılması tələb edilmişdir. Bununla yanaşı, Parlament İttifaqı 1992-ci il fevralın 26-da Azərbaycan Respublikasının Xocalı şəhərində dinc azərbaycanlılara qarşı erməni silahlı qüvvələri tərəfindən törədilmiş kütləvi qırğını insanlığa qarşı cinayət kimi qiymətləndirmişdir. 2012-ci ilin yanvar ayında isə Parlament İttifaqının 7-ci Konfransında qəbul edilmiş qətnaməyə Xocalı soyqırımının tanınmasına və bu cinayəti törədənlərin cəzalandırılmasına dair bənd əlavə edilmişdir. Bütün bunlara görə Azərbaycan rəhbərliyi adından mən bir daha təşkilatın bütün üzvlərinə və rəhbərliyinə minnətdarlığımı bildirirəm.
Eyni zamanda, biz İslam Konfransı Gənclər Forumunun təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasına göstərilən dəstəyi də yüksək qiymətləndiririk. Xocalı soyqırımının tanınması məsələsinin dost ölkələrin parlamentlərinin gündəliyinə çıxarılacağına və bu qətliama ədalətli hüquqi və siyasi qiymət veriləcəyinə öz inamımı ifadə etmək istərdim”.
Sessiya çərçivəsində Milli Məclis sədrinin bir sıra əhəmiyyətli görüşləri də olub.
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşdə ölkələrimiz arasında əməkdaşlığın, o cümlədən parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Oqtay Əsədov qeyd edib ki, Azərbaycan və İran iki dost və mehriban qonşu ölkədir. Xalqlarımız arasında mövcud tarixi və mədəni bağlılıq münasibətlərimizin qarşılıqlı anlaşma üzərində qurulmasına şərait yaradır. Bu gün ölkələrimiz arasında əməkdaşlıq müxtəlif istiqamətlər üzrə inkişaf edir. Əlaqələrimizin inkişafında yüksək səviyyəli səfərlər və görüşlər önəmli rol oynayır.
Bildirilib ki, ölkələrimiz zəngin mədəni əlaqələrə malikdir. Biz bu sahəyə daim diqqət yetirilməsinin tərəfdarıyıq. Mədəni əlaqələrin daim inkişaf etdirilməsi dost xalqlarımızın mənafeyinə xidmət edir. Bunun üçün mədəniyyət günlərinin mütəmadi olaraq keçirilməsi məqsədəuyğundur.
Azərbaycan parlamentinin nümayəndə heyətini səmimiyyətlə salamlayan İran Prezidenti Həsən Ruhani İƏT-ə üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyasını və bu sessiyada müzakirəyə çıxarılan məsələləri, eləcə də Azərbaycan deputatlarının tədbirdə iştirakını yüksək qiymətləndirib. İran-Azərbaycan əlaqələrindən danışan Prezident bu əlaqələrin qədim tarixi köklərlə bağlılığından bəhs edib, münasibətlərimizin hərtərəfli inkişafının vacib olduğunu söyləyib.
Davos İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünü məmnunluqla xatırladan İran Prezidenti Həsən Ruhani həmin görüşü yüksək qiymətləndirib. Görüşdə ikitərəfli münasibətlərin müzakirə olunduğu qeyd edilib. İran Prezidenti vurğulayıb ki, biz əlaqələrimizin inkişafında və daha da möhkəmləndirilməsində, demək olar ki, yeni səhifə açmışıq. İranın Azərbaycan ilə əlaqələrə xüsusi önəm verdiyini deyən Həsən Ruhani vurğulayıb ki, Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədri Oqtay Əsədovun sessiya çərçivəsində digər görüşü Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək ilə olub. Görüşdə qeyd olunub ki, Türkiyə Azərbaycan üçün ən yaxın dost, qardaş, müttəfiq ölkədir. Bu müttəfiqlik getdikcə möhkəmlənir və inkişaf edir. Ölkələrimizi birləşdirən ən böyük amil kökümüz, xalqlarımızın ortaq tarixi və mədəniyyətidir.
Görüşdə siyasi, iqtisadi, ticari, humanitar və digər sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Milli Məclisin sədri Oqtay Əsədovun daha bir görüşü İran İslam Şurası Məclisinin sədri Əli Laricani ilə olub.
Tədbirin yüksək səviyyədə təşkil olunmasına görə İran tərəfinə təşəkkürünü bildirən Oqtay Əsədov bir neçə gün əvvəl İran İslam Respublikasında qeyd edilmiş milli bayram - İnqilab günü münasibətilə qardaş İran xalqına təbriklərini çatdırıb. İkitərəfli münasibətlərimizin inkişafında dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri və müxtəlif beynəlxalq tədbirlər çərçivəsində keçirdikləri görüşlər xüsusi qeyd olunub. Bildirilib ki, xalqlarımızın yaxınlaşmasında mədəni sahədə əməkdaşlığın rolu danılmazdır. Bu baxımdan, hər iki ölkədə birgə mədəni tədbirlərin təşkil edilməsi mühüm əhəmiyyətə malikdir. Artıq 20 ildən çoxdur ki, dövlətlərimiz arasında müştərək komissiya fəaliyyət göstərir. Bu komissiya istər siyasi-iqtisadi, istərsə də mədəni sahədə əməkdaşlığın inkişafına dəyərli töhfə verir.
Görüşdə parlamentlərarası münasibətlərin daha da inkişaf etdirilməsi, dostluq qrupları arasında əlaqələrin intensivləşdirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Bununla da İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyasında fəal iştirak edən Azərbaycan Milli Məclisi nümayəndə heyətinin İrana səfəri başa çatıb.

Paylaş:
Baxılıb: 897 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31