Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Xocalıya ədalət!” kampaniyasının 5 illik fəaliyyətinə və perspektivlərinə həsr olunmuş tədbir keçirilib

“Xocalıya ədalət!” kampaniyasının 5 illik fəaliyyətinə və perspektivlərinə həsr olunmuş tədbir keçirilib

25.02.2014 [09:35]

Fevralın 24-də “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının 5 illik fəaliyyətinin yekunları və gələcək planları ilə bağlı tədbir keçirilib.
AzərTAc xəbər verir ki, kampaniyanın əlaqələndiricisi Nicat Məmmədli tədbiri açaraq indiyədək həyata keçirilmiş layihələr, əldə edilmiş nailiyyətlər, məlumatlandırma sahəsində görülmüş işlər barədə ətraflı məlumat verib.
Bildirilib ki, “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının yaradılması təşəbbüsü 2008-ci il mayın 8-də, Şuşanın işğalının ildönümü günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülüb. Faciənin mənəvi, siyasi və hüquqi müstəvidə tanınmasına yönələn bu kampaniya hazırda dünyanın 40-dan çox ölkəsində uğurla həyata keçirilməkdədir.
N.Məmmədli Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 13 fevral tarixli “Xocalıya ədalət!” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamının tarixi əhəmiyyət daşıdığını və müvafiq istiqamətdə fəaliyyət göstərməyə böyük dəstək olduğunu vurğulayıb, dövlətimizin başçısına dərin minnətdarlığını bildirib.
Tədbirdə kampaniyanın əlaqələndiricisi Sevinc İsgəndərova, hüquq məsləhətçisi Vüsal Qurbanov gələcəkdə görüləcək işlər barədə məlumat veriblər.
Bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və ona bağlı qurumların qəbul etdiyi sənədlərin əsas müddəaları, o cümlədən faciəyə “kütləvi qırğın” və “insanlığa qarşı cinayət” kimi qiymət verilməsi gələcəkdə bu soyqırımını törədənlərin hüquqi məsuliyyətə cəlb edilməsinə imkan yaradacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini vurğulayıb və müvafiq sahədə işlərin bundan sonra da davam edəcəyini bildiriblər.
Çıxışlarda bu sahədə akademik araşdırmaların aparılmasının vacibliyi xüsusi qeyd edilib.
Tədbirdə son beş ildə Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərə dair elektron təqdimat keçirilib.
Qeyd olunub ki, kampaniyanın 40-dək ölkədə milli koordinatorluğu yaradılıb, İƏT-in zirvə toplantısı və ona aid qurumlar çərçivəsində faciə ilə bağlı indiyədək 10-a yaxın qətnamə qəbul edilib, məşhur amerikalı reper Toni Bləkmənin ifasında “Xocalıya ədalət!” videoklipi yayımlanıb, avropalı rejissorların iştirakı ilə “Sonu olmayan dəhliz” sənədli filmi çəkilib, Qarabağ həqiqətləri ilə bağlı Rusiya ictimaiyyəti üçün iki kitab nəşr olunub, bütövlükdə 5 il ərzində 200-dək müxtəlif xarakterli tədbir həyata keçirilib.
Diqqətə çatdırılıb ki, yaxın illər ərzində dünyanın aparıcı ölkələrində faciə ilə bağlı elektron sərgilərin təşkili, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə birgə xarici ekspertlərin iştirakı ilə tədqiqatların aparılması üçün təqaüdlərin təsis olunacağı nəzərdə tutulub.
Tədbirdə çıxış edən “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin əlaqələndirmə şurasının sədri Orxan Əkbərov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi Seymur Hüseynov kampaniya çərçivəsində təmsil etdikləri qurumların birgə fəaliyyətinin vacibliyini vurğulayıblar.
Sonda “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma və təbliğat kampaniyasının koordinatorluğu ilə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “İrəli” İctimai Birliyi arasında kampaniyanın səmərəliliyini və bundan sonra daha geniş miqyasda fəaliyyətini təmin etmək məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Paylaş:
Baxılıb: 891 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31