Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Şərqi və Cənub-Şərqi Asiya regionu ilə əlaqələri genişləndirir

Azərbaycan Şərqi və Cənub-Şərqi Asiya regionu ilə əlaqələri genişləndirir

23.05.2014 [09:23]

Prezident İlham Əliyevin bu günlərdə Vyetnamda və Çində keçirdiyi görüşlər ölkəmizin fəal xarici siyasətinin və geniş əlaqələrinin göstəricisidir
Qlobal miqyasda rolu və nüfuzu artan Azərbaycan dünyanın ən müxtəlif regionlarındakı dövlətlərlə ikitərəfli əlaqələrini genişləndirməkdədir. Bildiyimiz kimi, son illərdə Latın Amerikası, Afrika regionu dövlətləri ilə yanaşı, ölkəmiz Uzaq Şərq dövlətləri ilə də qarşılıqlı maraqlara əsaslanan münasibətlərini inkişaf etdirməkdədir. Bu baxımdan, bu günlərdə Prezident İlham Əliyevin Şərqi və Cənub-Şərqi Asiya regionuna baş tutan səfəri və bu çərçivədə Vyetnam və Çində keçirdiyi görüşlər ölkəmizin regionla siyasi, iqtisadi, humanitar əlaqələrinin inkişafına əlavə imkanlar yaradıb.
VYETNAMA SƏFƏR TARİXİ MÜNASİBƏTLƏRƏ YENİ NƏFƏS VERİB
Qeyd edək ki, səfər zamanı Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq, Milli Assambleyanın sədri Nquyen Sinh Hanq, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının baş katibi Nquyen Phu Tronq, Baş nazir Nquyen Tan Danq ilə görüşüb. Həmçinin, səfər çərçivəsində keçirilən görüşlərdə Vyetnam rəsmiləri Azərbaycanla olan yarım əsrlik əlaqələrin yaranma keçmişini və bunun öz ölkələri üçün müstəsna əhəmiyyətini xüsusi vurğulayıblar. Belə ki, vaxtilə Azərbaycanda təhsil alan vyetnamlı tələbələrlə görüş zamanı Vyetnamın Birlik və Dostluq Təşkilatının sədri Vu Xuan Honq deyib ki, azərbaycanlılar keçmiş Sovet xalqları ilə birlikdə Vyetnama azadlıq mübarizəsi və dinc quruculuq dövründə böyük, təmənnasız və səmərəli kömək göstərib: “1959-cu ildə Ho Şi Minin Bakı şəhərinə səfərindən sonra Azərbaycan Vyetnam üçün minlərlə elmi işçi, xalq təsərrüfatımızın vacib sahələri, o cümlədən müdafiə və təhlükəsizlik, xüsusilə də neft sənayesi, investisiya və energetika sahəsi üçün yüksək ixtisaslı mütəxəssis hazırladı”.
Bununla yanaşı, Ümummilli lider Heydər Əliyevin hələ 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Vyetnama səfər etməsi, müharibədən sonra ölkənin bərpasında və quruculuq işlərində Vyetnam xalqına dəstək verməsi bu gün də Vyetnamda minnətdarlıqla xatırlanır.
Ötən əsrdə Azərbaycan vyetnamlı mütəxəssislərin yetişdirilməsində də xüsusi rol oynayıb. Bakıda təhsil alan 2 mindən çox vyetnamlı tələbə müxtəlif sahələrlə yanaşı, Azərbaycanın neft hasilatı və emalı üzrə zəngin təcrübəsini öyrənərək Vyetnamda neft sənayesinin formalaşdırılmasında tətbiq ediblər.
Sadalananlar Azərbaycan ilə Vyetnam arasında böyük dostluq körpüsünün və təməlinin qurulmasında əhəmiyyətli rol oynayıb.
Şübhəsiz, Prezident İlham Əliyevin bu səfərinin, ümumiyyətlə, Azərbaycan dövlət başçısının Vyetnama ilk ziyarəti olduğunu nəzərə alsaq, onda bu hadisənin iki ölkə əlaqələrinin tarixində xüsusi iz qoyacağını söyləmək mümkündür. Dövlət başçımızın sözügedən görüşdə də dediyi kimi, Azərbaycan-Vyetnam münasibətlərinin tarixi dostluğa və qardaşlığa əsaslanır: “Biz də bu münasibətləri bu gün, XXI əsrdə dinamik inkişaf edən iki müstəqil dövlət kimi inkişaf etdirməli və möhkəmləndirməliyik. Buna görə də, mən əminəm ki, bu səfərim münasibətlərimizin inkişafında mühüm mərhələ olacaq, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrimizə güclü təkan verəcəkdir”.
QARŞILIQLI MARAQ KƏSB EDƏN YENİ İQTİSADİ VƏ HUMANİTAR PERSPEKTİVLƏR
Azərbaycanın Şərqi və Cənub-Şərqi Asiya regionu ilə əlaqələrinin genişlənməsində Vyetnamla siyasi, iqtisadi, humanitar sahələrdə münasibətlərin qurulmasının mühüm əhəmiyyəti var. Belə ki, 2013-cü ildə Azərbaycanın Vyetnamdakı səfirliyi fəaliyyətə başlayıb. Bu, ölkəmizin, bütövlükdə, Cənub-Şərqi Asiya regionunda açılan ilk səfirliyidir. Həmçinin, ötən il Azərbaycan-Vyetnam Parlamentlərarası Dostluq Qrupunun yaradılması da iki ölkə siyasi əlaqələrinə vacib töhfədir.
İqtisadi əlaqələrə gəlincə, Vyetnam Azərbaycan neftini alan ölkələrdəndir. İki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 2013-cü ildə 307,75 milyon ABŞ dolları təşkil edib. 2012-ci illə müqayisədə, ötən ildə Vyetnam Sosialist Respublikası ilə ticarət dövriyyəsi 13,53 dəfə artıb.
Lakin əlaqələrin müxtəlif sahələr üzrə inkişafı perspektivləri genişdir. Bunu dövlət başçısının səfəri zamanı iki ölkə arasında imzalanan müqavilələr də təsdiq edir. Belə ki, iki ölkə xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki əməkdaşlıq haqqında Saziş”, Azərbaycanın vergilər, Vyetnamın isə maliyyə nazirləri tərəfindən “Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya” imzalanıb.
Bundan əlavə, səfər çərçivəsində baş tutan Vyetnam-Azərbaycan biznes forumunda ölkəmizin 50-dən çox müxtəlif şirkətinin nümayəndəsinin iştirak etməsi yeni iqtisadi əməkdaşlıq əlaqələrinin yaradılmasına olan marağı göstərdi.
İqtisadi əlaqələrlə yanaşı, hər iki ölkə rəsmiləri təhsil, elm, turizm, mədəniyyət sahələrində də münasibətləri genişləndirməkdə maraqlı olduqlarını ifadə ediblər.
ÇİN ÖLKƏMİZİN ŞƏRQİ ASİYADAKI ÖNƏMLİ TƏRƏFDAŞLARINDANDIR
Qeyd edək ki, Vyetnam səfərindən sonra Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin IV Zirvə Toplantısında iştirak etmək üçün Çin Xalq Respublikasına işgüzar səfər edib. Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Prezidenti ilə görüşündə ölkəmiz ilə əməkdaşlığa verilən böyük önəmdən bəhs edib: “Çin və Azərbaycan xalqlarını hələ iki min il bundan əvvəl Böyük İpək Yolu birləşdirirdi. Bizim ənənəvi dostluğumuzun çox uzun tarixi vardır. Azərbaycanlılar həmişə deyirlər ki, bərabərlik olmayan yerdə dostluq da yoxdur. Ölkələrimiz 22 il ərzində bərabərlik, qarşılıqlı fayda və hörmət ruhunda dostluğu və əməkdaşlığı daim inkişaf etdirir. Hazırda bizdə siyasi münasibətlərin çox möhkəm təməli, qarşılıqlı etimadın yüksək səviyyəsi formalaşmışdır, praktiki əməkdaşlığın böyük nəticələri göz qabağındadır”.
Bu arada qeyd edək ki, Azərbaycan ilə Çin arasında elm, təhsil, eləcə də, iqtisadi sahələrdə sıx əməkdaşlıq mövcuddur. Belə ki, 2013-cü ildə iki dövlət arasında ticarət dövriyyəsinin həcmi 654,97 milyon dollar təşkil edib.
Həmçinin, iki ölkə rəhbərlərinin görüşündə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında energetika, infrastruktur, nəqliyyat, ticarət dövriyyəsinin artırılması, texnologiyalar, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, humanitar, investisiya qoyuluşu və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub, beynəlxalq məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb.
Beləliklə, Prezident İlham Əliyevin Şərqi və Cənub-Şərqi Asiya regionuna səfəri Azərbaycanın dünyadakı artan nüfuzunu, qlobal iqtisadi əməkdaşlıqdakı güclənən rolunu bir daha təsdiq edir.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 849 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31