Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Eldar İbrahimov: Azərbaycan müstəqil dövlətdir və heç kim ölkəmizlə bağlı diktə və hədə tonunda danışa bilməz

Eldar İbrahimov: Azərbaycan müstəqil dövlətdir və heç kim ölkəmizlə bağlı diktə və hədə tonunda danışa bilməz

24.05.2014 [11:22]

Məlum olduğu kimi, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın son müsahibələrinin birində ölkəmizə qərəzli münasibət sərgiləməsi, səfir kimi diplomat fəaliyyətinə uyğun olmayan ritorikadan istifadə etməsi, Azərbaycanın müstəqil, suveren dövlət statusuna hörmətsizlik göstərməsi ölkədə böyük ictimai qınaq və etirazla qarşılanıb. Bu baxımdan, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov da Morninqstarın müsahibəsi barədə fikirlərini qəzetimizlə bölüşüb.
- Eldar müəllim, səfir Morninqstarın məlum müsahibəsində Azərbaycanla bağlı həqiqətdən uzaq fikirlər səsləndirməsi, ölkəmizin suverenliyinə hörmətsizlik nümayiş etdirməsi ciddi ictimai qınağa səbəb olub. Sizin bu məsələ ilə bağlı münasibətiniz necədir?
- Səfir Morninqstarın öz müsahibəsində Azərbaycanla bağlı diktə tonu ilə danışması onun diplomatik missiyasına uyğun deyil. Bu, həmçinin, diplomatik etikaya da ziddir. Təsadüfi deyil ki, bu müsahibədən sonra Azərbaycan ictimaiyyəti Morninqstarın sözlərinə kəskin reaksiya verdi, onun ölkəmizlə bağlı sərgilədiyi mövqenin qəbuledilməz olduğunu bildirdi. Hesab edirəm ki, bu müsahibəyə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin çox düzgün və əhatəli reaksiyası səfirə yerini göstərib.
Bu bir həqiqətdir ki, ABŞ başda olmaqla, bəzi Qərb ölkələrinin səfirləri öz statuslarına və səlahiyyətlərinə uyğun olmayan fikirlər səsləndirir, əməllərə yol verirlər. Onlar unudurlar ki, böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq, heç bir dövlət digərinin işlərinə qarışmamalı, dövlətlərarası münasibətlər isə qarşılıqlı hörmət və bərabərhüquqluluq əsasında qurulmalıdır. Morninqstarın müsahibəsinin ümumi məzmunu və tonu isə bu prinsiplərdən uzaqlaşaraq, Azərbaycana göstəriş vermək xarakteri daşıyır. Lakin səfir nəzərə almalıdır ki, Azərbaycan müstəqil, müasir və güclü dövlətdir. Azərbaycan müstəqil daxili və xarici siyasət yürüdür, Avropanı enerji ilə təmin edir, beynəlxalq aləmə inteqrasiya edir. Ölkəmiz müstəqil siyasi kurs üzrə irəliləyir və hər hansı səfirin sözü ilə oturub-durmur. Azərbaycan qonşu ölkələrlə və başqa regionlardakı dövlətlərlə münasibətlərini necə quracağını özü müəyyən edir. Bildiyimiz kimi, Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün dövlətlərlə mehriban, səmimi, bərabərhüquqlu münasibətlər qurur. Ölkəmiz ABŞ-la münasibətlərinə də eyni prinsiplərdən yanaşır, lakin bu ölkənin səfirinin Azərbaycana bu cür diktə mövqeyindən yanaşması, hesab edirəm ki, heç bir halda qəbuledilən deyil. Hər bir kəs öz yerini bilməlidir.
- Morninqstarın səsləndirdiyi fikirlərin etika qaydaları ilə yanaşı, hüquqi cəhətdən də düzgün yanaşma olmaması və 1961-ci ildə qəbul olunmuş Diplomatik Münasibətlər Haqqında Vyana Konvensiyasının prinsiplərinə uyğun gəlməməsi barədə nə deyərdiniz?
- Əlbəttə ki, dediyimiz kimi, Morninqstarın sözləri səfirlərin, diplomatların fəaliyyətini tənzimləyən beynəlxalq hüquqa, o cümlədən, Diplomatik Münasibətlər Haqqında Vyana Konvensiyasının prinsiplərinə ziddir. Konvensiyada səfirin funksiyalarından biri kimi təmsil etdiyi dövlətlə fəaliyyət göstərdiyi ölkə arasında dostluq münasibətlərini təşviq etmək göstərilir. Bu prizmadan yanaşsaq, görərik ki, Morninqstarın sözügedən müsahibəsindəki fikirləri dostluq münasibətlərinə xidmətdən çox uzaq olub. Hətta deyərdim ki, bu cür fikirlər əksinə, ölkələrarası münasibətlərə xələl gətirə bilər. Qeyd etdiyim kimi, Azərbaycan müstəqil dövlətdir və heç kim ölkəmizlə bağlı diktə və hədə tonunda danışa bilməz. Dövlətlərarası münasibətlər qarşılıqlı hörmət çərçivəsində qurulmalıdır. Səfir isə diplomatik və insani etiket qaydalarına uyğun danışmalıdır.
- ABŞ səfirinin diplomatik normalara və etikaya uyğun olmayan fikirlər söyləməsi onun peşəkarlıq səviyyəsi barədə hansı təəssüratı formalaşdırır?
- Əlbəttə ki, Morninqstarın öz səlahiyyətlərini aşan ifadələr işlətməsi onun diplomat kimi peşəkarlığını sual altında qoyur. O, yaşadığı dövrün gerçəkliklərini nədənsə nəzərə almır. Biz yeni dünyada yaşayırıq. Müstəmləkəçilik dövrü geridə qalıb, Azərbaycan da daxil olmaqla müstəqilliyini yaxın keçmişdə bərpa etmiş dövlətlər suveren inkişaf yolunda irəliləyir. Xüsusən də, Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında inamla irəliləyir, başqa dövlətlərlə mehriban, səmimi, qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurur. Respublikamız öz müstəqil siyasətini davam etdirməkdədir.
- ABŞ da daxil olmaqla, bəzi Qərb siyasi dairələrində başqa dövlətlərə müstəmləkə gözü ilə baxmaq cəhdinin günümüzün reallıqları ilə ziddiyyət təşkil etməsi beynəlxalq münasibətlərdə hansı problemləri yaradır?
- Həqiqətən də, bəzi Qərb siyasətçilərinin dövlətlərin müstəqilliyinə hörmətsiz yanaşması beynəlxalq münasibətlərdə bərabərlik və səmimi dostluq prinsiplərinə ziddir. Müstəqil dövlətlərə amiranə tərzdə müraciət təfəkkürü artıq köhnəlib, yeni dövrün reallıqlarına cavab vermir. Qərb dairələri bu gün bəzi ölkələrdəki siyasi proseslərə müdaxilələr etməyə çalışırlar. Lakin onların bu mövqeyi Azərbaycan üçün keçərli deyil. Qeyd etdiyim kimi, Azərbaycan suveren, güclü dövlətdir, öz daxili və xarici siyasətini də özü müəyyənləşdirir.

Paylaş:
Baxılıb: 852 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31