Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin yaz sessiyası başa çatıb

Milli Məclisin yaz sessiyası başa çatıb

31.05.2014 [09:40]

Parlament növbədənkənar sessiya keçirməyi qərara alıb
Dünən Milli Məclisin iclası keçirilib. İclasda əvvəlcə millət vəkilləri cari məsələlərlə bağlı çıxışlar ediblər. Millət vəkili Leyla Abdullayeva 1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə ölkəmizdə bir çox tədbirlərin keçirildiyini deyib. Azərbaycanda uşaq hüquqlarının qorunmasına dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini deyən L.Abdullayevanın sözlərinə görə, Prezident İlham Əliyev daim bu istiqamətdə müvafiq addımlar atır. O, bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi qeyd edib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov çıxışında bildirib ki, Türkiyədəki Soma faciəsi ilə əlaqədar Qızıl Aypara Cəmiyyəti yardım kampaniyası həyata keçirib. Onun sözlərinə görə, həmin kampaniya 20 gündür ki, davam edir. Bu kampaniyada 40-a yaxın deputatın da iştirak etdiyini deyən millət vəkili qeyd edib ki, hazırda bunun nəticəsində 38 min dollar toplanıb. Bu vəsait artıq Türkiyə Qızıl Ay Cəmiyyətinin hesabına köçürülüb. “Kampaniya hazırda da davam edir. Bu gün mənə Türkiyə Qızıl Ay Cəmiyyətinin sədri, Türkiyənin ölkəmizdəki səfiri millət vəkillərinə belə bir kampaniyada iştirak etdikləri üçün təşəkkürlərini bildiriblər” - deyə, N.Aslanov qeyd edib.
Millət vəkili Qənirə Paşayeva isə valideyn himayəsindən məhrum olan və 18 yaşını tamamlayan uşaqların mənzil və ya yaşayış yeri ilə təmin edilməsi təklifini irəli sürüb. Q.Paşayeva ölkəmizdə uşaqların müdafiəsi, ortaya çıxan problemlərin həlli istiqamətində böyük işlər görüldüyünü vurğulayıb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, Milli Məclisin həyatında vacib hadisələr baş verir. Belə ki, parlamentdə AŞPA-nın Büro iclası keçirildi. Avropa Şurası ilə Azərbaycan arasında gələcək üçün fəaliyyət planı təsdiqləndi. Ə.Hüseynli bildirib ki, bütün bunlar bir daha Azərbaycanın demokratiya, insan hüquqları, qanunun aliliyi sahəsində götürdüyü öhdəliklərə sadiq olduğunu göstərir. Onun sözlərinə görə, ölkəmiz bu sahələrdə bir çox irəliləyişlər əldə edib. “Azərbaycan İnsan Haqları Konvensiyasına qoşulub, Avropa İnsan Haqları Məhkəməsinin yuridiksiyasındadır. Biz Avropa Şurasının bir çox üzvlərindən əvvəl Avropa Məhkəməsində işlərə sürətlə baxılmasını təsdiqləyən protokolları təsdiq etmişik. Azərbaycan cəmiyyətinin böyük qismini məhkəmə qərarları narahat etmir. Cəmiyyəti o narahat edir ki, nə üçün İsmayıllıda iğtişaşlar törədilib, nə üçün bəzi siyasi personalar orda iştirak edib, “NİDA”çı gənclər qeyri-qanuni hərəkətlərə yol veriblər. Onların hərəkətləri hansısa insan hüquqları, sosial məsələ yox, kənardan xarici qüvvələrin müdaxiləsi nəticəsində baş verib. Hesab edirəm ki, indiki mərhələdə biz Azərbaycan məhkəmələrinin qərarlarına hörmətlə yanaşmalıyıq. Məsələlər yalnız hüquqi çərçivədə müzakirə oluna bilər. Məhkəmə qərarları qüvvəyə minməmiş onun haqqında bəyanatlar verilməməlidir. Bütün hüquqi mexanizmlərdən hər bir vətəndaş istifadə edə bilər” - deyə, komitə sədri vurğulayıb.
“Prezident İlham Əliyev tərəfindən imzalanmış Əfv Fərmanı böyük humanist addımdır. Dövlət başçısı tərəfindən indiyə qədər imzalanmış əfv fərmanları 5 min nəfəri əhatə edib”. Bu fikirləri isə Milli Məclisin sədri Oqtay Əsədov deyib. O.Əsədov bildirib ki, indiyə qədər Milli Məclis 8 amnistiya aktı qəbul edib. Onun sözlərinə görə, bu amnistiya aktları ümumilikdə 27 min insana şamil olunub.
“Bu dövlətimizin həyata keçirdiyi humanizm siyasətinin göstəricisidir. Amma hər il amnistiya aktı qəbul etmək də mümkün deyil. Buna baxmayaraq dövlətimizin bu yöndəki siyasəti ardıcıl xarakter daşıyır” - deyə, spiker vurğulayıb. O.Əsədov təəssüflə deyib ki, bəzi beynəlxalq və yerli QHT-lər məhkəmə qərarlarının əleyhinə çıxış edirlər: “AŞPA-nın daimi komitəsinin iclasının Azərbaycanda keçirilməsi zamanı bunun bir daha şahidi olduq. Belə ki, AŞPA-nın sədri Ann Bröser çıxışına başlayan kimi Azərbaycana hücum xarakterli danışdı. Onların beyni o qədər doludur ki, dərhal bizə qarşı çıxış edirlər. Mətbuatda da onun insan haqları ilə bağlı tənqidlərinə xüsusi yer verdilər. Amma nəzərə almaq lazım idi ki, xanım Bröser Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən fikirlər də səsləndirdi. Amma “Yeni Azərbaycan” qəzetindən başqa heç bir mətbuat orqanında o xanımın bu barədə söylədiyi fikirlər yer almadı. Azərbaycanın mövqeyini dəstəkləyən, yaxud da Dağlıq Qarabağ məsələsində ölkəmizin yanında olması ilə bağlı səsləndirilən fikirləri heç bir jurnalist yazmadı. Hesab edirəm ki, bu məsələlərdə diqqətli olmaq lazımdır”.
“Növbəti Əfv Fərmanı imzaladığına görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Bu siyasətin bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və hazırda da Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”. Bu fikirləri isə Milli Məclisin sədr müavini Bahar Muradova deyib. B.Muradova bildirib ki, bəziləri bu humanist siyasətin ardıcıl olaraq davam etməsini hansısa beynəlxalq dairələrin təzyiqi ilə əlaqələndirməyə çalışırlar. Onun sözlərinə görə, bu doğru yanaşma deyil və humanizm siyasətinin əhəmiyyətini kiçiltmək məqsədi daşıyır. “İddia edilir ki, bu dəfə bəzi beynəlxalq təşkilatların təqdim etdiyi siyahılardakı məhbusların cəmi bir neçəsi əfv edilib. Yəni, bununla da həyata keçirilən bu humanist addımı gözdən salmaq siyasəti aparılır. Hamımız Azərbaycanda yaşayırıq və baş verən bütün prosesləri müşahidə edirik. 3-5 adamın əhval-ruhiyyəsini xalqın adına çıxmaq olmaz və xalq bu hüququ heç kimə verməyib” - deyə, vitse-spiker vurğulayıb.
Daha sonra millət vəkilləri iclasın gündəliyindəki məsələləri müzakirə ediblər. Qeyd edək ki, dünən Milli Məclisin yaz sessiyası işini başa vurub. Bir qrup deputatın müraciəti əsasında növbədənkənar sessiyanın keçirilməsi qərara alınıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 688 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31