Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan iqtisadiyyatının dinamik inkişafı əhalinin gəlirlərinin artmasında ifadə olunur

Azərbaycan iqtisadiyyatının dinamik inkişafı əhalinin gəlirlərinin artmasında ifadə olunur

20.06.2014 [09:19]

Prezident İlham Əliyev: Biz sosial məsələlərin həllində də siyasətimizi düzgün istiqamətdə aparırıq. Bu siyasət artıq illər ərzində aparılır və sınaqdan çıxmışdır
Dinamik inkişaf tempinə malik olan Azərbaycanda həyata keçirilən davamlı sosial-iqtisadi islahatlar sayəsində bütün sahələrin paralel tərəqqisi təmin edilib. Ümumiyyətlə, milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi və digər bu kimi tədbirlər Azərbaycanın sürətli inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırır. Bir sözlə, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə əldə olunan nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunub.
Bu gün Azərbaycanın dinamik iqtisadi inkişafı, o cümlədən, həyata keçirilən iqtisadi siyasət və formalaşdırılmış iqtisadi inkişaf modeli inkişaf etməkdə olan ölkələr üçün nümunə qismində çıxış etməkdədir. Neft gəlirlərinin səmərəli idarə edilməsi və strateji valyuta ehtiyatlarının formalaşdırılması, həmçinin, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sahələrinin tərəqqisi, regionların tarazlı inkişafı, özəl sektorun inkişaf etdirilməsi və sahibkarlığa dövlət dəstəyi kimi fundamental tədbirlər ölkəmizin iqtisadiyyatının davamlı tərəqqisini təmin edən strateji faktorlar qismində çıxış edir. Eyni zamanda, Azərbaycan dayanıqlı və dinamik beynəlxalq reytinqə malikdir. Ölkəmiz beynəlxalq miqyasda iqtisadi subyektlərin, eləcə də, milli dövlətlərin başlıca etibarlı strateji tərəfdaşlarından biri kimi çıxış etməkdədir. Belə ki, miqyasına görə regional, mahiyyətinə görə isə qlobal xarakterli layihələrdə Azərbaycan lokomotiv aktor kimi çıxış etməkdə və ölkələrarası ikitərəfli və çoxtərəfli əməkdaşlıq platformalarının formalaşmasında, inkişafında müstəsna rol oynamaqdadır. Bu isə Azərbaycanın dünya iqtisadiyyatında mövqeyini daha da gücləndirməkdədir.
Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı əhalinin gəlirlərinin artmasında ifadə olunur. Ümumilikdə, aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşmasını təmin edib. Ümumiyyətlə, ölkəmizin iqtisadi imkanları ilə birbaşa əlaqəli olan sosial məsələlərin həlli hazırda dövlətin diqqət mərkəzindədir. Bu gün Azərbaycan hökuməti hər bir vətəndaşın həyatında əhəmiyyətli dəyişikliklərlə müşayiət olunan islahatları gerçəkləşdirmək üçün kifayət qədər maliyyə potensialına və üstün siyasi iradəyə malikdir. Qeyd etdiyimiz kimi, Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun və regionların inkişafının sürətlənməsi, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyinin təmin olunması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühitinin yaradılması əhalinin sosial rifahının daha da yaxşılaşmasına zəmin yaradıb. Bütün bunlara paralel olaraq, əhalinin məşğulluq səviyyəsinin və işgüzar fəallığın artırılması, eyni zamanda, işsizliyin azaldılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir. Sadalananlar, həmçinin, əmək bazarında münasibətlərin tənzimlənməsi, əməkhaqqının artırılması ilə sosial rifahın yaxşılaşdırılması və aktiv məşğulluq tədbirlərinin görülməsində özünü göstərir, nəticə etibarilə, əhalinin gəlirlərində davamlı artım müşahidə edilir.
Şübhəsiz, dövlət başçısı tərəfindən imzalanan müvafiq Fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin də məbləğinin davamlı olaraq artırılması, pensiya təminatı sistemində mütəmadi islahatların həyata keçirilməsi kimi amillər də əhalinin gəlirlərinin artmasına birbaşa təsir edən faktorlardandır. Qeyd edək ki, statistik göstəricilər bu istiqamətdə yenə də optimist proqnozlar ifadə etməyə imkan verir. Belə ki, cari ilin yanvar-aprel aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 12,1 milyard manata çatıb. Gəlirlərin hər nəfərə düşən həcmi 1290,7 manat və ya ayda orta hesabla 322,7 manat təşkil edib. Həmçinin, əhalinin hər nəfərinə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 1,4 faiz bəndi üstələyərək 3,3 faiz olub. Bu dövr ərzində gəlirlərin 70,8 faizi son istehlaka, 8,7 faizi vergilərin, sosial sığorta və üzvlük haqlarının, 2,4 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 18,1 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib. Bununla yanaşı, əhalinin sərəncamında qalan gəlir 11 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 5 faiz artıb.
Əlbəttə, bəhs olunan istiqamətdə əhəmiyyətli nailiyyətlərin əldə olunmasını təmin edən mühüm faktorlardan biri davamlı iqtisadi və maliyyə sabitliyidir. Əvvəla, qeyd etmək lazımdır ki, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır. Ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da inkişafın əsas komponenti kimi çıxış edir. O da vurğulanmalıdır ki, ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu, bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi daşımaqla yanaşı, maliyyə sabitliyinə müstəsna töhfələr verir. 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı zamanı bu məsələlərə toxunan Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim çox güclü maliyyə vəziyyətimiz müstəqil siyasətimizi şərtləndirir: “Çünki iqtisadi cəhətdən azad olan, heç kimdən asılı olmayan ölkə beynəlxalq aləmdə öz sözünü daha da qətiyyətlə deyə bilir.
Bir sözlə, bizim əsas iqtisadi parametrlərimiz çox müsbətdir. Bu mənzərə gələcəyə də nikbinliklə baxmaq üçün imkan verir. Mən əminəm ki, ilin sonuna qədər bu inkişaf templəri davam edəcək və biz 2014-cü ili də böyük uğurlarla başa vuracağıq”.
Dolayısıyla, ölkəmizdəki maliyyə sabitliyi davamlı sosial-iqtisadi islahatların həyata keçirilməsini mümkün edir. Başqa sözlə, Azərbaycan dövləti dinamik iqtisadi inkişafın fonunda səmərəli sosial siyasət kursuna malikdir. Həyata keçirilən sosial siyasət Azərbaycan vətəndaşlarının maddi rifah halını yaxşılaşdırmaqla yanaşı. gələcəyə optimist baxmağa imkan verir. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Biz sosial məsələlərin həllində də siyasətimizi düzgün istiqamətdə aparırıq. Bu siyasət artıq illər ərzində aparılır və sınaqdan çıxmışdır”.
Nəticə etibarilə, bütün bunları nəzərə alan ekspertlər belə bir proqnoz ifadə edirlər ki, respublikamızın makroiqtisadi inkişafı davamlı xarakter daşıyacaq, eyni zamanda, ölkənin maliyyə imkanları daha da yaxşılaşacaq və valyuta gəlirləri əhəmiyyətli dərəcədə artacaq. Bu isə nəzərdə tutulan sosial islahatların davamlılığına və digər hədəflərə tam çatmağa imkan verəcək, eləcə də, əhalinin gəlirlərinin davamlı olaraq artması bu siyasətin əsas komponenti kimi çıxış edəcək.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 738 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31