Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan 2014-cü ili də böyük uğurlarla başa vuracaq

Azərbaycan 2014-cü ili də böyük uğurlarla başa vuracaq

31.07.2014 [09:06]

Prezident İlham Əliyev: İlin sonunadək qarşıda duran bütün məsələlər həllini tapacaq
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycanda bütün sahələrdə dinamik inkişaf getdikcə daha geniş vüsət alır. Bu cəhətdən 2014-cü il də istisna deyil. Belə ki, ilin birinci yarısında ölkəmizdə makroiqtisadi vəziyyət sabit olub, sosial-iqtisadi inkişafın bütün parametrləri üzrə qənaətbəxş göstəricilər əldə edilib. Məsələn, ilin birinci yarısında respublikada ümumi daxili məhsul 2,1 faiz artıb, dövlət büdcəsinin gəlirləri 9,3 milyard manat və ya 101,6 faiz yerinə yetirilib, inflyasiya cəmi 1,6 faiz civarında olub. Eyni zamanda, Azərbaycanın maliyyə imkanları daha da yaxşılaşıb. Hazırda ölkəmizin valyuta ehtiyatları 54 milyard dollara çatıb. Respublikamızın strateji valyuta ehtiyatları ümumi daxili məhsulun 70 faizini üstələyir ki, bu da dünya ölkələri ilə müqayisədə çox yaxşı göstəricidir. Azərbaycan, həmçinin, adambaşına düşən valyuta ehtiyatlarına görə də dünya miqyasında öncül mövqeyə yüksəlib.
Təbii ki, ölkənin maliyyə resurslarının artması paralel surətdə infrastruktur layihələrini intensiv şəkildə davam etdirməyə, sosial proqramları, yeni layihələri reallaşdırmağa geniş imkanlar yaradır. Məhz bunun nəticəsidir ki, ilin əvvəlindən bəri paytaxtda və bölgələrdə məktəblərin, səhiyyə ocaqlarının, idman-mədəniyyət obyektlərinin təmiri və tikintisi davam etdirilib. İlin birinci yarısında ölkə üzrə 65 min yeni iş yerləri açılıb ki, onların da 52 mini daimi iş yerləridir. Bundan başqa, əhalinin pul gəlirləri də getdikcə artır. Hazırda ölkəmizdə əhalinin pul gəlirləri inflyasiyanı 3 dəfə üstələyir ki, bu da kifayət qədər yaxşı göstəricidir.
Ötən illərdə, o cümlədən də 2014-cü ilin 6 ayı ərzində sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar, ölkənin maliyyə imkanlarının genişlənməsi inkişaf tempinin bundan sonra da qorunub saxlanılacağına böyük əminlik yaradır. Yeri gəlmişkən, Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı Azərbaycanın uğurlu inkişafını bundan sonra da davam etdirəcəyinə əminliyini bildirib: “İlin sonunadək qarşıda duran bütün məsələlər həllini tapacaq və Azərbaycan 2014-cü ili də böyük uğurlarla başa vuracaq”.
Yeri gəlmişkən, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı yekun nitqində ilin ikinci yarısında qarşıda duran hədəfləri belə müəyyənləşdirib: “Gələn 6 ayda nəzərdə tutulmuş bütün infrastruktur layihələri başa çatdırılmalıdır”.
Dövlət başçısı, həmçinin, diqqəti infrastruktur layihələri reallaşdırılarkən qarşıya qoyulan tələblərə yönəldib və bildirib ki, burada əsas şərt keyfiyyət və sürət olmalıdır. Bütün aidiyyəti qurumlar keyfiyyətə ciddi diqqət yetirməlidirlər, elə etməlidirlər ki, xərclənən vəsait lazımi səviyyədə təmin edilsin.
Azərbaycanda 3-4 il ərzində bir dənə də təmirsiz kənd yolu olmayacaq
Məlum olduğu kimi, son illərdə ölkəmizdə reallaşdırılan sosial məzmunlu layihələr arasında yol infrastrukturunun yenilənməsi mühüm yer tutur. Yol-nəqliyyat infrastrukturunun yeniləşdirilməsi, ən müasir dünya standartlarına uyğunlaşdırılması məqsədilə hər il bu sahəyə böyük məbləğdə vəsait yönəldilir. Məhz 2004-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə 2 Dövlət Proqramı və əlavə tədbirlər çərçivəsində 8332 kilometr, o cümlədən 2622 kilometr respublika əhəmiyyətli avtomobil yolları çəkilib və yaxud təmir olunub, onlarca yol ötürücüsü, körpü tikilərək istifadəyə verilib.
Son illərdə isə respublikamızda həm də kənd yollarının təmirinə və yenidən qurulmasına ciddi önəm verilir. Prezidentin ehtiyat fondundan yol infrastrukturunun yeniləşdirilməsi ilə əlaqədar ayrılan vəsaitin böyük hissəsi məhz kənd yollarının yenidən qurulmasına yönəldilir. Dövlət başçısının regionlara səfərləri zamanı yerli əhalinin kənd yollarının təmiri, asfaltlaşdırılması ilə bağlı müraciətləri nəzarətdə saxlanılır və onların təmin olunması üçün müvafiq tədbirlər görülür. Təkcə son vaxtlarda dövlət başçısı bu və ya digər bölgədə yerli əhəmiyyətli yolların yenidən qurulması ilə əlaqədar bir neçə Sərəncam imzalayıb. Bu sərəncamların icrası nəticəsində respublikanın əksər rayonlarında kəndlər və qəsəbələrarası yolların yenidən qurulması istiqamətində böyük iş həcmi yerinə yetirilib, o cümlədən 2004-2013-cü illəri əhatə edən dövrdə 5710 kilometr yerli əhəmiyyətli yol yenidən qurulub. 2014-2018-ci illəri əhatə edən üçüncü regional inkişaf proqramında isə kənd yollarının yenidən qurulmasına xüsusi diqqət yetirilib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin sözügedən iclasındakı çıxışında da kənd yollarının yenidən qurulması ilə bağlı hədəfləri diqqətə çatdırıb. Bütün kənd yollarının asfaltlaşdırılmasının, keyfiyyətli tikilməsinin zəruriliyini vurğulayan dövlət başçısı deyib: “Hesab edirəm ki, biz indiki templəri saxlasaq, növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu olmayacaqdır”.
Bütün ölkə üzrə içməli su və kanalizasiya layihələri reallaşdırılır
Təbii ki, ölkəmizin əksər bölgələrində həyata keçirilən içməli su və kanalizasiya layihələri də məmnunluq doğurur. Daha dəqiq desək, 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq ayrı-ayrı bölgələrin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində böyük işlər görülüb. Hazırda dövlət büdcəsinin vəsaitləri və beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına ümumilikdə 52 şəhəri və 730 kəndi əhatə edən içməli su və kanalizasiya layihələri yerinə yetirilir. Artıq 8 şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yaradılması layihəsinin icrası tamamlanıb, 12 şəhərə yeni mənbələrdən suyun verilməsi təmin edilib. Nəticədə, 330 min nəfərin su təchizatı əsaslı şəkildə yaxşılaşıb ki, onların da 125 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı çıxışında ölkə ərazisində icməli su və kanalizasiya layihələrinin uğurla reallaşdırılmasından məmnunluğunu ifadə edərək bildirib: “İçməli su və kanalizasiya layihələri bütün ölkə üzrə gedir. Vətəndaşlar artıq fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olan içməli suya malikdirlər”.
Qeyd edək ki, respublika əhalisinin içməli su təminatının yaxşılaşdırılması və ölkənin hər yerində müasir kanalizasiya sisteminin yaradılması ilə bağlı layihələrə üçüncü regional inkişaf proqramında da böyük yer verilib və nəzərdə tutulan tədbirlər intensiv şəkildə yerinə yetirilir.
Qazlaşdırma sahəsində işlər daha sürətlə getməlidir
Respublika əhalisinin dayanıqlı şəkildə “mavi yanacaq”la təmin edilməsi istiqamətində həyata keçirilən işlərin miqyası da kifayət qədər genişdir. Əgər ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı qəbul ediləndə qazlaşdırmanın səviyyəsi 62 faiz civarında idisə, 2008-ci ildə bu göstərici 80 faizə çatdırılmışdı. 2008-ci ildə respublikada qazlaşdırmanın səviyyəsini daha da yüksəltmək üçün 2009-2013-cü illəri əhatə edən yeni Dövlət Proqramı qəbul edildi. Proqramın həyata keçirilməsi nəticəsində 2013-cü ildə ölkədə ümumi qazlaşdırmanın səviyyəsi 89,8 faizə, o cümlədən Bakı şəhəri üzrə 99 faizə, regionlar üzrə isə 83,4 faizə çatdırılıb. Ölkə üzrə qazla təmin olunan real abunəçilərin sayı 2004-cü ildə 700 mindən aşağı olduğu halda, hazırda bu rəqəm 1 milyon 600 mini ötüb. Bunun üçün ümumi uzunluğu 4 min 800 kilometrdən artıq magistral qaz kəmərləri, 25 min kilometrdən çox müxtəlif diametrli daşıyıcı xətt çəkilib, 8 min kilometrə yaxın boru xətti əsaslı təmir olunub. Qazlaşdırma layihələri çərçivəsində 18 yeni qazpaylayıcı stansiya inşa olunub, 41 qazpaylayıcı stansiya yenidən qurulub, ölçü qovşaqları istismara verilib və təmir edilib. Bundan başqa, blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının da qazlaşdırılması tam başa çatdırılıb.
Bununla belə, son vaxtlarda qazlaşdırma sahəsində işlərin bir qədər ləng getdiyi müşahidə edilir. Nazirlər Kabinetinin iclasındakı çıxışında bu məsələyə də toxunan Prezident İlham Əliyev aidiyyəti qurumlara öz tapşırıqlarını verib və qarşıya konkret hədəflər qoyub: “Çalışmalıyıq ki, qazlaşdırmanı Azərbaycanda 95, bəlkə də 97 faizə qaldıraq. Bu sahədə işlər daha da sürətlə getməlidir”.
Ölkə ərazisinin suvarma suyu ilə təminatı böyük dərəcədə yaxşılaşacaq
Heç şübhəsiz, suvarma və içməli su təminatının yaxşılaşdırılması da Azərbaycan dövlətinin strateji hədəflərindəndir. Bu da onunla əlaqədardır ki, su təminatı əhalinin sosial rifah göstəricisi olmaqla yanaşı, həm də iqtisadiyyatın, ələlxüsus da kənd təsərrüfatının inkişafı baxımından böyük önəm kəsb edir. Bunun təsdiqi kimi, təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, son illərdə suvarma şəbəkəsinin genişləndirilməsi nəticəsində ayrı-ayrı bölgələrdə hektarlarla torpaq sahələri dövriyyəyə verilib, eyni zamanda, kənd təsərrüfatında məhsuldarlıq artıb.
İntensiv surətdə həyata keçirilən yeni layihələr hesabına ölkəmizdə suvarma və içməli su təminatı sahəsində vəziyyət bundan sonra daha da yaxşılaşacaq. Nazirlər Kabinetinin iclasındakı çıxışında bu məsələyə də toxunan Prezident İlham Əliyev deyib: “Şəmkirçay su anbarının istifadəyə verilməsi nəticəsində on minlərlə hektar torpaq suvarılacaqdır. Bu, Taxtakörpü su anbarı ilə birlikdə Azərbaycanda suvarma və içməli su ilə təminatı böyük dərəcədə yaxşılaşdıracaqdır”.
Makroiqtisadi sabitlik iqtisadi inkişafın əsas şərtidir
Onu da vurğulamaq yerinə düşər ki, dövlətin ardıcıl surətdə həyata keçirdiyi effektiv tədbirlər sayəsində ölkəmizdə makroiqtisadi sabitliyin qorunması və bu əsasda dinamik iqtisadi inkişafın təmin olunması Azərbaycanda investisiya mühitinin cəlbediciliyini artırıb. Nazirlər Kabinetinin iclasındakı çıxışında bununla bağlı məmnunluğunu ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Bu il ölkə iqtisadiyyatına böyük həcmdə investisiyalar qoyulmuşdur. Burada bu rəqəm səsləndi 7,6 milyard manat. Yəni, 6 ayda 11,5 milyard dollar investisiya qoyulmuşdur. Bu, çox böyük rəqəmdir. Əminəm ki, bu il də ölkəyə qoyulan investisiyaların həcmi 20 milyardı ötəcəkdir”.
Qeyd edək ki, Azərbaycanda investisiya mühitinin cəlbediciliyi yalnız sərmayələrin həcminin ilbəil artmasında ifadə olunmur. Ən önəmli cəhət ondan ibarətdir ki, son illərdə ölkə iqtisadiyyatına yönəldilən investisiyalar portfelinin strukturunda ciddi keyfiyyət dəyişikliyi baş verib və daxili investisiyalar xarici investisiyaları üstələyib. Hazırda ölkəmizdə əsas kapitala yönəldilən sərmayələrin müqayisəsində daxili investisiyalar 70 faizi ötüb ki, bu da bütövlükdə milli iqtisadiyyatımızın rəqabət qabiliyyətinin, davamlılığının artmasının, ölkənin maliyyə imkanlarının genişlənməsinin təzahürüdür.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 706 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31