Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistanın qeyri-konstruktiv mövqeyi və təxribatçı hərəkətləri heç bir nəticə verməyəcək

Ermənistanın qeyri-konstruktiv mövqeyi və təxribatçı hərəkətləri heç bir nəticə verməyəcək

07.08.2014 [09:52]

Əli Əhmədov: Azərbaycan xalqı həmişə öz torpaqlarını qorumağa hazır olub və bu gün də hazırdır
Ermənistan ordusunun son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədi və qoşunların təmas xəttində təxribatçı fəaliyyətini şiddətləndirməsi öz növbəsində bir neçə məqamı yenidən aşkar etdi. Birincisi, bu, onu göstərdi ki, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan qeyri-konstruktiv mövqeyini sürdürməklə beynəlxalq hüquq normalarına məhəl qoymamağa davam edir. İkinci məqam budur ki, baş verən son hadisələr Azərbaycan xalqı və dövlətinin öz ərazi bütövlüyü uğrunda qətiyyətli mübarizə ruhuna malik olmasını, ictimaiyyətin ölkənin milli maraqları ətrafında sıx birləşdiyini göstərdi. Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədovun qeyd etdiyi kimi: “Azərbaycan xalqı həmişə öz torpaqlarını qorumağa hazır olub və bu gün də hazırdır. Bununla belə, xalqımız bu yolda şəhid verməyə və bu müqəddəslik zirvəsinə yüksəlməyə hazır olduğunu dəfələrlə bəyan edib. Sərhədlərimizdə keşik çəkən, Azərbaycanın ərazilərini qoruyan gənclərimiz də göstərdikləri şücaətlə buna hazır olduqlarını ifadə ediblər”.
Digər tərəfdən, Azərbaycan dövləti istər Dağlıq Qarabağ münaqişəsinin həlli, istərsə də bu məsələ ətrafında Ermənistanın təxribatçı fəaliyyətinin qarşısının alınması istiqamətində milli maraqlara müvafiq surətdə qətiyyətli mövqe sərgiləyir. Mövcud şəraitin fonunda Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi strateji zərurət kimi çıxış edir. Məhz bu baxımdan, Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir. Buna görə də, rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır.
Mühüm strateji məqamlardan biri budur ki, milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Amma bir çox hallarda bir sıra məsələlərdə ölkəmizə qarşı ikili standartlarla yanaşılır. Xüsusilə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli məsələsində beynəlxalq təşkilatlar laqeydlik nümayiş etdirir, hüquq və ədalətdən kənar yanaşmaya istinad edirlər. Hətta bir sıra regionlarda baş verən separatizmi qınaq obyektinə çevirsələr də, Ermənistanın qeyri-qanuni və təxribatçı fəaliyyətinə qarşı heç bir reaksiya verilmir, xüsusi tədbirlər görülmür.
Digər tərəfdən, ikili standartlar Ermənistanı neqativ kontekstdə ruhlandırır. Bunun nəticəsidir ki, işğalçı Ermənistan ərazi iddialarını davam etdirir, hətta daha da irəli gedərək ərazi bütövlüyü prinsipini heçə sayır. Dünya ictimaiyyəti, xüsusilə də müvafiq beynəlxalq təşkilatlar nəzərə almalıdırlar ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi, təxribatçı əməlləri, eləcə də status-kvonun qorunub saxlanılması cəhdləri geostrateji baxımdan ciddi fəsadlara səbəb ola bilər. Birincisi, bu vəziyyət işğal olunmuş Azərbaycan torpaqlarında mütəşəkkil cinayətkarlığın daha intensiv xarakter almasına, narkobaronların bu bölgəni başlıca bazara çevirməsinə, çirkli pulların mütəmadi surətdə bu məkanda yuyulmasına, bölgənin qanunsuz miqrasiya məkanına çevrilməsinə və digər illeqal proseslərin baş verməsinə səbəb olur ki, bu da gələcək üçün olduqca ciddi fəsadlar vəd edir. Qeyd etmək lazımdır ki, mövcud vəziyyət regional təhlükəsizliyə təhdid yaratmaqla bərabər, eyni zamanda, bölgədə yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına əngəl olur. Beləliklə, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına müvafiq surətdə həll edilmədikcə regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür. Yeri gəlmişkən, Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu məsələ ilə bağlı qeyd edib ki, ermənilərin təxribatları, qeyri-konstruktiv hərəkətləri, işğalçılıq siyasətini davam etdirmək istəkləri bölgədə sülhə, sabitliyə və əmin-amanlığa təhlükədir. “Eyni zamanda, Ermənistan Dağlıq Qarabağda terrorçu rejimini dəstəkləməklə bütün dünyada terrorçuluğun tərəfində dayandığını göstərir. Bununla da Ermənistan hakimiyyəti bütövlükdə dünya üçün başağrısına, bəlaya çevrilib. Güman edirəm ki, bütün dünya icitmaiyyəti dünyada, Avropada, Cənubi Qafqazda əmin-amanlığın, sabitliyin möhkəm əsaslar üzərində dayanması naminə Ermənistana öz təpkisini göstərəcək. Azərbaycan dövləti, xalqı, ordusu isə həmişə işğalçılara, onların törətdikləri bütün təxribatlara layiqli cavab vermək qüdrətində, imkanındadır...”
Nəticə etibarilə, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək iqtidarındadır və işğal altında olan ərazilər istənilən yolla azad ediləcək. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur. Qeyd etmək lazımdır ki, ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını tezliklə işğaldan azad edəcəyinə dair optimist qənaət yaradır. Ümumiyyətlə, milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olan hərbi təhlükəsizliyin möhkəmləndirilməsi, ilk növbədə, milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən asılıdır. Müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Əlbəttə, 20 faiz ərazisi işğal edilmiş, 1 milyondan çox əhalisi qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş Azərbaycan bu cür cəhdlərə izin verməyəcək.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 800 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31