Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “BBC Azərbaycanca” kimə və nəyə xidmət edir?

“BBC Azərbaycanca” kimə və nəyə xidmət edir?

09.08.2014 [11:09]

Ermənilərin təxribatçı və dezinformasiya xarakterli fikirlərinə xüsusi yer verən bu qurum yerli qanunvericiliyə və beynəlxalq hüquq normalarına zidd fəaliyyət göstərir, Azərbaycan dövlətinə qarşı qara piar kampaniyası aparır
Müasir dövrdə “qlobal dövlət” fəlsəfəsinə xidmət edən müəyyən dairələr özlərinin transmilli maraqlarını təmin etmək üçün müxtəlif vasitə və resurslara istinad edirlər. Bu sırada ən çox istifadə və istinad edilən vasitə isə transmilli media strukturlarıdır. Başqa sözlə, konkret missiya daşıyıcısı qismində çıxış edən həmin transmilli media strukturlarının fəaliyyət mexanizmi müəyyən güclərin maraqları əsasında qurulur və özündə dərin siyasi manipulyasiya metodlarını ehtiva edir.
Təxribat və manipulyasiya transmilli medianın fəaliyyət prinsipləri kimi...
Məhz bu kontekstdə sözügedən media institutlarının fəaliyyətində müşahidə edilən başlıca reallıqlardan biri də müxtəlif dövlətlərə qarşı istifadə edilən təxribat və manipulyasiyalardır. Bu sırada daha çox “qara piar” komponentlərinə istinad edilir. Ziddiyyət yaratmaq, siyasi manipulyasiya etmək naminə gündəmə gətirilən məsələlər və dövriyyəyə buraxılan informasiyalar (əslində, dezinformasiyalar-N.Q.) bunu sübut edən başlıca arqumentlərdəndir.
Həmçinin, sözügedən transmilli media strukturlarının fəaliyyət göstərdikləri ölkələrdə müvafiq qanunvericiliyə zidd hallara yol verdikləri də müşahidə edilir. Məsələn, BBC, “Amerikanın səsi”, kimi transmilli media strukturlarının fəaliyyətində dəfələrlə bu hal qeydə alınıb. Hətta bir sıra ölkələrdə bu qurumlara qarşı müvafiq hüquqi tədbirlərin görülməsi haqqında qərarlar qəbul edilib.
“BBC Azərbaycanca” dövlət başçısının fikirləri ətrafında spekulyasiya yaradaraq ictimai rəylə manipulyasiya edir
Yeri gəlmişkən, Azərbaycanda da fəaliyyət göstərən “BBC Azərbaycanca” həm ictimai rəylə manipulyasiya etmək, həm də yerli qanunvericiliyə, ümumiyyətlə beynəlxalq hüquq normalarına zidd fəaliyyət göstərmək kimi çoxsaylı neqativ hərəkətlərin altına imza atıb.
Bu kontekstdə son olaraq “BBC Azərbaycanca” öz internet səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi “Twitter” mikrobloqunda Ermənistan ordusunun son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədi və qoşunların təmas xəttində törətdiyi təxribatçı hərəkətləri, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dövlətimizin mövqeyinə dair paylaşdığı fikirlər ətrafında spekulyasiya yaradıb və təhriflərə yol verib. Hətta ermənilərin təxribatçı, beynəlxalq hüquq normalarına zidd fikirlərinə “BBC Azərbaycanca”nın məsələ ilə bağlı hazırladığı xəbərdə xüsusi yer verilib. Qeyd edək ki, dövlətimizin başçısının rəsmi “Twitter” mikrobloqunda yer alan fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Ağdam və Bərdə rayonlarına səfəri zamanı səsləndirilib.
Azərbaycan xalqı və dövlətinin öz ərazi bütövlüyü uğrunda qətiyyətli mübarizə ruhuna malik olması nəyə görə “BBC Azərbaycanca”nı narahat edir?
Belə olan halda, bir neçə məqama xüsusi toxunmaq gərəkdir. Birincisi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyü, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret fikirlər səsləndirməsi olduqca təbii və qanunauyğundur. Çünki dövlətimizin başçısı məhz Azərbaycan xalqını təmsil edərək xalqın siyasi iradəsini ifadə edir. Prezident İlham Əliyevin çıxışı, səsləndirdiyi fikirlər Azərbaycan xalqı və dövlətinin öz ərazi bütövlüyü uğrunda qətiyyətli mübarizə ruhuna malik olmasını, ictimaiyyətin ölkənin milli maraqları ətrafında sıx birləşdiyini göstərir. Eyni zamanda, bir daha qətiyyətlə bəyan edilir ki, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək iqtidarındadır və işğal altında olan ərazilər istənilən yolla azad ediləcək. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur.
Digər bir məqam budur ki, “BBC Azərbaycanca” Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsini, 250 mindən çox soydaşımızın öz tarixi torpaqlarından qovulmasını, minlərlə insanın xüsusi qəddarlıq və vəhşiliklərə məruz qalmasını niyə diqqətə çatdırmır? Yaxud Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin yeni bir mərhələsi olan, Azərbaycan xalqının başına gətirilmiş qanlı faciələrdən biri - Xocalı soyqırımı haqqında gerçəkliklər nəyə görə işıqlandırılmır? Prezident İlham Əliyev bütün bu faciələri yaşayan bir xalqın dövlət başçısıdır. Azərbaycan Prezidenti haqlı olaraq xalqımızın başına gətirilmiş faciələri, Azərbaycan həqiqətlərini, eləcə də, dövlətimizin mövqeyini qətiyyətlə ifadə edir. Həmçinin, Azərbaycanda ərazi bütövlüyünün bərpası yönündə möhkəm iqtidar-xalq birliyi və yüksək əhval-ruhiyyə mövcuddur. Əlbəttə, bu amil, eləcə də dövlətimizin başçısının haqlı fikirləri “BBC Azərbaycancan”ı narahat edir və onlar bu cür təxribatlara əl atırlar.
Digər tərəfdən, dövlətimizin başçısının fikirlərinin təhrif olunması, fərqli kontekstdə diqqətə çatdırılması, məsələ ilə bağlı Karapet Chatchatrian, Lilit Asatryan, Roobik Minasian kimi ermənilərin düşüncələrinə xüsusi yer verilməsi nəyə xidmət edir?
Ermənilərin təxribatçı fikirlərini təbliğ edən “BBC Azərbaycanca” tanınmamış-qondarma qurumun nümayəndəsini rəsmi şəxs statusunda təqdim edir
Bundan başqa, “BBC Azərbaycanca”nın beynəlxalq hüquq normalarına zidd fəaliyyət göstərdiyini əks etdirən məqamlardan biri də ermənilərin separatçı və təxribatçı fikirlərinin təbliğ edilməsidir. Qondarma “Dağlıq Qarabağ”ın “müdafiə naziri” Movses Hakobyanın Azərbaycanla bağlı təxribatçı fikirləri xüsusi olaraq işıqlandırılır. Hətta dünyanın tanımadığı, Azərbaycan torpaqlarının işğalı hesabına yaradılmış separatçı, qondarma “Dağlıq Qarabağ” xüsusi olaraq “Dağlıq Qarabağ respublikası” kimi təqdim edilir. Buna paralel olaraq ermənilərin təxribatçı fikirlərini təbliğ edən “BBC Azərbaycanca” tanınmamış-qondarma qurumun nümayəndəsini rəsmi şəxs statusunda təqdim edir.
Bundan başqa, qondarma qurumun “müdafiə nazirliyi”nin son hadisələrlə bağlı manipulyasiya xarakterli, təxribatçı məlumatları xüsusi şəkildə diqqətə çatdırılır. Əgər “BBC Azərbaycanca” məsələyə reallıq prizmasından yanaşsaydı, bu zaman Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlara, eləcə də dünya ictimaiyyətinin bu ölkənin təcavüzkar siyasətinə göz yumaraq ikili standartlar əsasında məsələyə yanaşmasına da yer verərdi. Amma beynəlxalq hüquq normalarına, ictimai rəyə zidd fəaliyyət göstərən bu qurum bəhs etdiyimiz məsələlər ətrafında birtərəfli mövqe sərgiləyir, bununla da Ermənistanın aqressiv siyasətini təbliğ etməklə, bir növ, ona haqq qazandırır.
Beləliklə, bütün bunlar bir daha ona dəlalət edir ki, BBC kimi “BBC Azərbaycanca”nın da fəaliyyət mexanizmi mövcud qanunlara zidd olmaqla müəyyən məhdud maraqlara xidmət edir. Bu, eyni zamanda, onu göstərir ki, bu qurum ermənilərlə sinxron fəaliyyət göstərərək Azərbaycana qarşı təxribatlara yol verir, dövlətimizə qarşı qara piar kampaniyası aparır.
Azərbaycan ictimaiyyəti “BBC Azərbaycanca”nın manipulyasiya xarakterli fəaliyyətinə etiraz edir
Şübhəsiz, “BBC Azərbaycancan”ın manipulyasiya xarakterli fəaliyyəti Azərbaycan ictimaiyyətində dərin narazılıq yaradır. Çünki bu, ilk növbədə, milli və ictimai maraqlara ziddir, digər tərəfdən isə, ermənilərlə sinxron fəaliyyət göstərmək deməkdir. Bundan başqa, müxtəlif səpkilərdə dezinformasiyalar yayan, Azərbaycan xalqının düşməninin mövqeyini müdafiə edən informasiya siyasətinin həyata keçirilməsi bu qurumun fəaliyyətinin gerçək mahiyyətini aşkar edir. Belə olan halda, ictimaiyyətdə haqlı bir sual yaranır: “BBC Azərbaycanca” kimə və nəyə xidmət edir?
“BBC Azərbaycanca”da çalışan azərbaycanlılar nəyə görə bu qurumun xalqımız və dövlətimizə qarşı təxribatçı fəaliyyətini qəbul edir?
Bu məqamda qeyd etmək yerinə düşər ki, bəs “BBC Azərbaycanca”da çalışan azərbaycanlılar nəyə görə bu qurumun xalqımız və dövlətimizə qarşı təxribatçı fəaliyyətini, ermənilərlə sinxron işbirliyini qəbul edir, hər hansı bir etiraz etmirlər? Onlar, ən azından, vətəndaşlıq məsuliyyətini, vətənpərvərlik hissini, milli-mənəvi dəyərləri əsas tutaraq konkret mövqe bildirməlidirlər. Bu, ən azından, kütləvi istefa və ya digər formalarda etirazlar olmalıdır. Axı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün Azərbaycan xalqının davası, milli problemidir. Və ermənilər tərəfindən törədilmiş vəhşiliklər bütövlükdə xalqımızın faciəsidir. Bəlkə, orada çalışanların da yaxınları, qohumları erməni vəhşiliklərinin, xalqımıza qarşı həyata keçirilən soyqırımının qurbanı olublar. Belə olan halda, “BBC Azərbaycanca”nın Azərbaycan dövlətinə və xalqına qarşı çevrilmiş, ermənilərin maraqlarına xidmət edən mövqeyinə etiraz etməmək nə dərəcədə milli hiss və dəyərlərə, vətənpərvərlik duyğusuna uyğundur?!
Azərbaycan dövlətinə qarşı təxribatçı hərəkətlər və informasiya manipulyasiyası heç bir nəticə verməyəcək
Şübhəsiz, Azərbaycan dövlətinə qarşı bu cür təxribatçı hərəkətlər və siyasi manipulyasiya heç bir nəticə verməyəcək. Çünki milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək, təxribatçı hərəkətlərə layiqli cavab vermək iqtidarındadır. Məhz son hadisələr bunu bir daha göstərdi.
Digər tərəfdən, Azərbaycan hakimiyyətinin rasional fəaliyyət mexanizminin uğurluluğunu təmin edən fundamental faktorlardan biri və birincisi hakimiyyətin xalq tərəfindən dəstəklənməsidir. Başqa sözlə, öz fəaliyyətində milli maraqları və dəyərləri əsas götürən milli iqtidar gücünü xalqın ali dəstəyindən alır. Bu da təsadüfi deyil. Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional strateji kursun əsas vəzifəsi qismində xalqın ali mənafeyinin, milli və dövlətçilik maraqlarının təmin edilməsi çıxış edir. Məhz bütün bunlara görə də anti-azərbaycançı dairələrin, o cümlədən ermənilərlə sinxron fəaliyyət göstərən “BBC” (“BBC Azərbaycanca”) kimi qurumların təxribatçı, manipulyativ hərəkətləri Azərbaycan dövlətinin gücü və imicinə, o cümlədən, ictimai rəyə təsir edə bilməz.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 807 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31