Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Fransanın Azərbaycandakı səfiri Mingəçevirdə Avropa Oyunlarına hazırlıq işləri ilə tanış olub

Fransanın Azərbaycandakı səfiri Mingəçevirdə Avropa Oyunlarına hazırlıq işləri ilə tanış olub

08.04.2015 [09:40]

Fransanın ölkəmizdəki səfiri Paskal Mönye tanışlıq məqsədi ilə Mingəçevir şəhərinə səfər edib.
AZƏRTAC xəbər verir ki, şəhər İcra Hakimiyyətində keçirilən görüşdə Fransanın şəhərləri ilə Mingəçevir arasında təhsil, turizm və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.
Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov səfirə Mingəçevir şəhərinin tarixi, əhalisi, coğrafi mövqeyi, turizm imkanları və ölkə iqtisadiyyatındakı rolu barədə ətraflı məlumat verib. Bildirilib ki, Mingəçevirdə Azərbaycan İstilik Elektrik Stansiyası, Su Elektrik Stansiyası fəaliyyət göstərir. Bu müəssisələr Azərbaycanın energetika sistemində xüsusi çəkiyə malikdir. Prezident İlham Əliyevin xüsusi qayğısı ilə Kür çayının sahilindəki “Kür” Olimpiya Tədris İdman Kompleksi Avropa tələbləri səviyyəsində yenidən qurulub. “Bakı-2015” Avropa Oyunlarının Mingəçevirdə keçiriləcək avarçəkmə yarışlarına hazırlıqla bağlı görülən mühüm işlər barədə ətraflı danışan N.Bayramov şəhərin ali təhsil ocaqları haqqında da geniş məlumat verib.
Mingəçevirin gözəlliyinə və müasirliyinə heyran qaldığını söyləyən fransalı səfir daha çox turizm və təhsil sahəsində birgə əməkdaşlıq haqqında düşündüklərini vurğulayıb. Səfir “Bakı-2015” Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin mühüm hadisə olduğunu diqqətə çatdırıb, bu nəhəng idman tədbirinin ölkəmizin, o cümlədən Mingəçevirin dünya miqyasında tanınmasına mühüm töhfə verəcəyini bildirib.
Sonra müxtəlif sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Mingəçevir Su Elektrik Stansiyası, Olimpiya kəndi, Mingəçevir Turizm Kolleci, “Kür” Olimpiya Tədris İdman Kompleksi, “Dostluq” və “Sahil” parkları, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi və mərkəzi şəhər xəstəxanası ilə tanış olan Paskal Mönye Mingəçevirə ilk səfərindən məmnun qaldığını diqqətə çatdırıb.
“Doğrudan da Mingəçevirin çox gözəl turizm potensialı var. Mən burada çox mehribanlıqla qarşılandım. Mingəçevir mənə çox gözəl təəssürat bağışladı. Əsaslı təmirdən sonra istifadəyə verilən mərkəzi şəhər xəstəxanasında yaradılan yüksək şərait məni heyran etdi. Şəhərin yaşıllığı, parkları, təmiz havası, insanların qonaqpərvərliyi, şəhərdəki səliqə-sahman, müasir binalar ürəyimcə oldu. Mingəçevir müasir Avropa şəhərlərinə oxşayır. Şəhərdə Birinci Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə aparılmasının şahidi oldum və ümid edirəm ki, yarış iştirakçıları onlar üçün yaradılan şəraitdən razı qalacaqlar”, - deyə fransalı səfir qeyd edib.
Səfir Paskal Mönye Mingəçevir Turizm Kollecinin fəaliyyətini yüksək qiymətləndirib, təhsil ocağında fransız dilinin və turizmin tədrisi üçün Fransadan müəllim dəvət edərək, yerli tələbələrə təmənnasız dərs keçməsinə kömək göstərəcəyini bildirib.

Paylaş:
Baxılıb: 626 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31