Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Samir Şərifov: Asiya İnkişaf Bankı ilə energetika sahəsinə əlavə maliyyə vəsaitinin ayrılması üçün danışıqlar aparılır

Samir Şərifov: Asiya İnkişaf Bankı ilə energetika sahəsinə əlavə maliyyə vəsaitinin ayrılması üçün danışıqlar aparılır

21.04.2015 [10:11]

Azərbaycan nümayəndə heyəti Asiya İnfrastruktur və İnkişaf Bankının (AİİB) təsis edilməsi ilə bağlı aprelin 26-27-də Çində keçiriləcək ilk toplantıda iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə mətbuat konfransında məlumat verən maliyyə naziri Samir Şərifov qeyd edib ki, ilkin anlaşma memorandumuna görə, AİİB-in mənzil-qərargahı Pekində yerləşəcək. Martın 31-dək AİİB-ə üzv olmaq üçün 57 ölkə müraciət edib. Bu ölkələr AİİB-in gələcək təsisçi statusuna malik ola bilərlər.
Azərbaycanın AİİB-in təsisçisi kimi bankın kapitalına qoyacağı vəsaitlə bağlı sualı cavablandıran nazir deyib ki, bu barədə danışmaq hələ tezdir. “Başqa banklarda olduğu kimi, adətən səhmdar payında bizim iştirakımız və yaxud hər hansı digər üzvün iştirakı ölkənin iqtisadi gücündən asılı olaraq müəyyən edilir. Çin Xalq Respublikası artıq bankın icazə verilmiş səhm kapitalının məbləğini 100 milyard ABŞ dolları məbləğində elan edib. İlkin mərhələdə abunə yazılışı isə 50 milyard ABŞ dollarına bərabərdir. Çin bu məbləğin 50 faizindəki (25 milyard ABŞ dollar) payına abunə yazılışını həyata keçirməyə hazır olduğunu da bildirib”, - deyə nazir vurğulayıb.
Asiya İnkişaf Bankı ilə energetika sahəsinə əlavə maliyyə vəsaitinin ayrılması üçün danışıqlar aparıldığı barədə məlumat verən nazir Samir Şərifov deyib ki, bu, regionlarda paylayıcı şəbəkənin yenidən qurulması ilə əlaqədardır. Nazir bildirib ki, Azərbaycan infrastruktur layihələrinin həyata keçirilməsində AİB-dən vəsait cəlb etməkdə maraqlıdır. Əsasən enerji, su təchizatı, irriqasiya, yol tikintisi kimi layihələrdən söhbət gedir və bu sahədə görüləcək işlər çoxdur. Azərbaycanda enerji paylayıcı şəbəkələrinin texniki standartları o qədər də yüksək deyil. İstehsal etdiyimiz elektrik enerjisinin müəyyən hissəsini itiririk. Hökumət elektrik enerjisinin paylanmasını daha səmərəli etmək istəyir. Bu itkilərin baş verməməsi istiqamətində işlər görülür.
Maliyyə naziri Samir Şərifov bu il ərzində avrobondların buraxılmasının planlaşdırılmadığını da diqqətə çatdırıb. Nazir vurğulayıb ki, ola bilsin Maliyyə Nazirliyi 2016-cı ildə avroda avrobond buraxsın: “Bizim ilk buraxılışımız ABŞ dollarında idi. Yəqin ki, dünyanın ikinci ehtiyat valyutası olan avroda da bizim buraxılışımız ola bilər. Amma cari ildə bununla bağlı planlarımız mövcud deyil. Əgər yerləşdirmə barədə qərar qəbul olunarsa, bunun həcminin 0,5 milyard olacağı gözlənilir. Həcm bazarın tələbatından asılıdır. Buraxılışın likvidliyi olmalıdır ki, alınıb satılsın. Hazırkı bazar konyunkturası əlverişli deyil, ona görə də bazara daha uyğun vaxtda çıxacağıq”, - deyə nazir vurğulayıb.
Nazir Samir Şərifov Azərbaycanın 2016-cı il dövlət büdcəsinin ilkin layihəsində neftin baza qiymətinin 50 dollar/barrel səviyyəsində nəzərdə tutulduğunu xatırladıb. “Artıq 2016-cı il dövlət büdcəsinin ilkin versiyasını hazırlayırıq. Həmin versiyada neftin qiyməti 50 dollardan götürülüb. Bu, dövlət büdcəsinin gəlirlərinə birbaşa təsir etmir”, - deyib.
Dünya bazarında neftin qiymətinin düşməsinin Azərbaycanın gəlirlərinə təsiri barədə danışan nazir deyib ki, bəzi infrastruktur layihələri daha yavaş həyata keçirilir, bəzilərinin icrası isə gələn ilə saxlanılıb. Bu layihələrə su təsərrüfatı və kanalizasiya layihələrini aid etmək olar.
Nazir həmçinin, 2015-ci il üçün Azərbaycanın dövlət büdcəsində neftin qiyməti ilə bağlı dürüstləşməyə ehtiyac görülmədiyini də bildirib: “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dürüstləşmənin həyata keçirilməsi meyarları təsbit edilib. Hələ ki, biz belə meyarları görmürük. Məcburi dürüstləşməyə hökumət yalnız o zaman gedir ki, gəlirlərlə xərclər arasındakı fərq nəzərdə tutulmuş gəlirlərin 30 faizini təşkil edir. Belə bir vəziyyət hazırda yoxdur. Buna görə də dürüstləşmək üçün kəskin ehtiyac duymuruq”.
Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi ilə bağlı sualı cavablandıran nazir Samir Şərifov qeyd edib ki, müəyyən strateji aktivlər istisna olmaqla, dövlətə məxsus aktivlərin özəlləşdirilməsinə dövlət həmişə hazır olmalıdır. Müəyyən proqram var və bu istiqamətdə işlər aparılır.
Nazir həmçinin diqqətə çatdırıb ki, iyulda Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının ümumi yığıncağının keçirilməsi planlaşdırılır. Həmin yığıncaqda ABB-nin yeni sədri müəyyənləşəcək.

Paylaş:
Baxılıb: 651 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31