Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Erməni mifomaniyası tarixi sübutlar, elmi dəlillər və danılmaz faktlarla ifşa olunmaqdadır

Erməni mifomaniyası tarixi sübutlar, elmi dəlillər və danılmaz faktlarla ifşa olunmaqdadır

22.04.2015 [09:51]

Aprelin 21-də Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin (MHA) təşkilatçılığı ilə Dünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan “Müəllif və riyakarlıq, kitab və yalan (erməni tarixi saxtakarlıqları silsiləsindən)” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm adamları və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
MHA-nın sədri Kamran İmanov konfransın əhəmiyyətindən danışaraq bildirib ki, UNESCO tərəfindən təsis edilən 23 aprel - Dünya Kitab və Müəlliflik Hüququ Günü Azərbaycanda 1997-ci ildən qeyd edilir və müxtəlif tədbirlərlə müşayiət olunur. Bunun da səbəbi bəllidir: kitabın və müəllifliyin tarixi özlüyündə bəşəriyyətin tarixidir. Çünki kitab yalnız fiziki obyekt deyil, bəşəriyyətin ən dahi ixtiralarından biridir, zaman və məkan sərhədlərini aşan ideyalar, biliklər mənbəyidir.
K.İmanov onu da vurğulayıb ki, hazırda erməni mifomaniyası tarixi sübutlar, elmi dəlillər və danılmaz faktlarla ifşa olunmaqdadır. Bugünkü konfrans da həmin missiyaya xidmət edən növbəti tədbirdir.
K.İmanov bildirib ki, işğalçı Ermənistanın Azərbaycana qarşı yönəlmiş informasiya müharibəsi son illər daha həyasızlıqla həyata keçirilir və bu, Azərbaycan torpaqlarını işğal etmiş dövlətin aqressiv mahiyyətinin üstünə pərdə çəkməyə xidmət edir. Elə bu səbəbdən də yalan və saxtakarlıq, ikiüzlülük və riyakarlıq Azərbaycana qarşı başlanmış informasiya müharibəsinin daimi yol yoldaşlarıdır. Prezident İlham Əliyev informasiya və əks-təbliğat işinin qurulmasında bu amilin nəzərə alınmasına, dünya ictimaiyyətinin və siyasi dairələrin diqqətini cəlb etmək üçün daha genişmiqyaslı və müntəzəm tədbirlərin həyata keçirilməsinə çağıraraq, bütövlükdə saxta erməni təbliğatını ifşa etmək vəzifəsini qarşıya qoyub. Prezidentin bu tapşırığını yerinə yetirərək və Ulu öndərin “Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlara biz qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edirik” sözlərini rəhbər tutaraq, erməni yalanlarını ifşa edirik və edəcəyik.
Konfransda çıxış edən UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva bildirib ki, təmsil etdiyi qurum artıq bir neçə ildir Müəllif Hüquqları Agentliyi ilə birgə Dünya Kitab və Müəlliflik Hüququ Gününü qeyd edir.
G.Əfəndiyeva qeyd edib ki, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası üçün ən prioritet məsələlərdən biri də Dağlıq Qarabağ məsələsidir. Bu baxımdan müəllif hüquqları deyərkən, ilk növbədə, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımız, talan edilən tarixi, mədəni abidələrimiz yada düşür. Milli Komissiya bununla bağlı müxtəlif layihələr həyata keçirir.
Daha sonra G.Əfəndiyeva UNESCO-nun baş direktoru İrina Bokovanın Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə müraciətini oxuyub.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev tədbirin əhəmiyyətindən söz açaraq bildirib ki, hazırda respublikada 12 mindən çox kitabxana fəaliyyət göstərir.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov konfransın aktuallığına görə böyük əhəmiyyət daşıdığını qeyd edərək deyib: “Biz hamımız bütün dövlət qurumları və elm ocaqları ilə birgə informasiya müharibəsində birgə iştirak etməli və erməni tarixçilərinə tutarlı cavab verməliyik. Prezident İlham Əliyev bu məsələyə çox böyük önəm verir. Bu sahədə bir sıra nailiyyətlərimiz var. Keçmiş Sovet hakimiyyəti dövründə tariximiz saxtalaşdırılırdı və bu işdə bədnam qonşularımız - ermənilər xüsusi canfəşanlıq göstərərək onu istədikləri istiqamətə yönəldirdilər. İndi Azərbaycan müstəqil dövlətdir və artıq öz tarixşünaslığımızdan danışa bilərik. Hazırda biz tarixşünaslığımızı elmi əsaslarla inkişaf etdiririk. Ümid edirəm ki, müasir informasiya texnologiyaları əsrində, ümumiyyətlə virtual məkanda istədiyimiz nəticələrə daha tez nail olacağıq.
Təhsil nazirinin müavini Firudin Qurbanov vurğulayıb ki, kitab zamanın bütün dövrlərində təkcə bilik mənbəyi deyil, həm də əvəzsiz sərvət hesab olunub.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycandakı tərəfdaşları ilə birlikdə türk mədəniyyətini, tarixini dünyaya tanıtmaq üçün göstərdikləri səylərdən danışıb. Təşkilatın 1993-cü ildə yaradıldığını bildirən baş katib vurğulayıb ki, o zamanlar Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, sonralar isə Prezident İlham Əliyevin dəstəyi olmasaydı, TÜRKSOY böyük uğurlar qazana bilməzdi.
Tədbirdə K.İmanovun “Özü-özünü təkzib edən erməniçilik müəllif hüququ”, Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun elmi işçisi Elşad Əlilinin “Saxtakar tarixçi Xorenatsi müasir erməni saxtakarlarının təqdimatında” mövzusunda məruzələri dinlənilib.
Mövzularla bağlı müzakirələrdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev, Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı və başqaları çıxış edərək fikir və mülahizələrini bildiriblər.

Paylaş:
Baxılıb: 577 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31