Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərinə yüksək əhval-ruhiyyədə gedir

Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərinə yüksək əhval-ruhiyyədə gedir

02.06.2015 [16:29]

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
Mayın 30-da Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov toplantının bu ilin noyabrında keçiriləcək parlament seçkiləri ilə əlaqədar olduğunu bildirib. Artıq ilin əvvəlindən seçkilərə hazırlıq işlərinin başlanıldığını və bu istiqamətdə partiyanın yerli təşkilatlarına müvafiq tövsiyələrin verildiyini deyən Əli Əhmədov Yeni Azərbaycan Partiyasının bu seçkilərə yüksək əhval-ruhiyyədə getdiyini vurğulayıb: “Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərinə yüksək əhval-ruhiyyədə gedir. Bunun üçün kifayət qədər ciddi əsaslar mövcuddur. Son parlament seçkilərinin keçirildiyi 2010-cu ildən bu günə qədər Azərbaycan böyük inkişaf mərhələsi keçib. Bu müddət ərzində Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə uğurlar gətirib. Təbii ki, əldə olunan nailiyyətlər partiyamızın növbəti parlament seçkilərinə inamla getməsi üçün ciddi əsaslar verir”.
Əli Əhmədov bildirib ki, ötən parlament seçkilərindən keçən müddət ərzində Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, bütün sahələrdə, hər bir vətəndaşın həyatında müsbət dəyişikliklər baş verib. Regionların sosial-iqtisadi inkişafı sahəsində də ciddi nailiyyətlər əldə edilib və insanlar daha yaxşı yaşamağa başlayıblar. Onun sözlərinə görə, bütün bunların hamısı ölkəmizdə həyata keçirilən siyasətin müsbət nəticələridir.
Bu gün müasirləşmə siyasətinin həyata keçirildiyi Azərbaycanda sabitliyin, əmin-amanlığın ən vacib amillərdən olduğunu qeyd edən Əli Əhmədov deyib ki, hər bir vətəndaşımızın rahat yaşaması üçün təmin olunan rifah bugünkü Azərbaycan reallığının ən mühüm nemətlərindən biridir. Onun fikrincə, insanlar inanırlar ki, qarşıdakı illərdə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcəkdir: “Bakı gözlərimizin qarşısında dünyanın mədəni mərkəzlərindən birinə çevrilir, siyasi, humanitar forumların və yüksək səviyyəli tədbirlərin keçirildiyi bir məkan kimi qavranılır, getdikcə daha çox sayda beynəlxalq təşkilatlar öz tədbirlərini paytaxtımızda keçirmək qənaətinə gəlirlər. Bunların hamısı, eyni zamanda, Azərbaycana özünü dünyaya təqdim etmək, öz imici ilə tanınmaq fürsəti verir. Hesab edirəm ki, bu, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətinin çox mühüm uğurlarından biri sayıla bilər. İndi dünya Azərbaycanı sürətlə inkişaf edən, modernləşən, yeniləşən, müasir dünyanın vacib dövləti kimi tanıyır. Məhz bunun nəticəsidir ki, birinci Avropa Oyunları kimi böyük beynəlxalq tədbirin keçirilməsi ölkəmizə həvalə olunub”.
Baş nazirin müavini qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında Prezident İlham Əliyev ötən illər ərzində ölkəmizin iqtisadiyyatını əhəmiyyətli dərəcədə inkişaf etdirə bilib. “Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkəsi imicini qazanıb. Bütün bu amillər xalqımızın Prezident İlham Əliyevə inam və etimadını daha da gücləndirib. Ölkəmizin inkişafı, insanların rifahının yaxşılaşdırılması naminə Prezident İlham Əliyevin təşəbbüsü ilə böyük layihələrin həyata keçirilməsi və bu yöndə daha əhəmiyyətli niyyətlərin ortada olması, eləcə də, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması kompleks halda Azərbaycanın yeni imicini formalaşdırıb. Gündən-günə Azərbaycanın bu imici daha da zənginləşir, müasir dövrün tələblərinə uyğunlaşır və beləliklə də, gözlərimizin önündə yeni müasirləşən, modernləşən, müasir dünya birliyinin layiqli üzvünə çevrilmiş Azərbaycan formalaşıb. Bütün bunların hamısı Azərbaycanın bugünkü reallığı və siyasi həyatının gerçəkliyi olaraq vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda, vətəndaşlar indiki reallıqları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Heydər Əliyev siyasətinin bilavasitə nəticəsi kimi qəbul edirlər”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov bildirib ki, hakimiyyətdə olan partiya kimi biz növbəti seçkilərə məhz bu nailiyyətlərlə, uğurlarla, yeniliklərlə gedirik: “İnsanlar hər bir partiyaya, xüsusilə də, hakimiyyətdə olan partiyaya görülən işlərə görə qiymət verirlər. Biz də növbəti parlament seçkilərinə gedərkən hesab edirik ki, Azərbaycan vətəndaşları onların həyatında, bütövlükdə ölkəmizdə baş verən müsbət proseslərə istinad edərək YAP-ın irəli sürdüyü namizədləri dəstəkləyəcəklər. Çünki hər bir vətəndaş aydın şəkildə dərk edir ki, YAP-ın hakimiyyətdə olması, seçkilərdə uğur qazanması növbəti illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurla irəliyə getməsinin əsas şərtidir. Belə olan halda, hər bir vətəndaş, təbii olaraq, ölkəmizdə, o cümlədən, öz həyatlarında müsbət dəyişikliklərin davamlı olmasını arzu edərək hakimiyyətdə olan partiyanı və onun irəli sürdüyü namizədləri dəstəkləyəcək. İnsanlar şahidi oldular ki, Prezident komandasının verdiyi sözlər vəd olaraq qalmır, lazımi səviyyədə yerinə yetirilir. Güman edirəm ki, seçki dövründə də ölkə miqyasında aparacağımız təbliğat bu fundamental dəyişikliklərə və nailiyyətlərə istinad edəcək”.
YAP-ın qarşıdan gələn parlament seçkilərinə böyük inamla getdiyini deyən Əli Əhmədov seçki kampaniyasının təbliğat mərhələsində qazanılan uğurların əhali arasında geniş təbliğ olunmasının zəruriliyini vurğulayıb. O, bu baxımdan, partiyanın rayon və şəhər təşkilatlarının üzərinə böyük vəzifələrin düşdüyünü bildirib.
Müşavirədə parlament seçkiləri ilə əlaqədar partiyanın yerli strukturlarının rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlar verilib.
Müşavirədə YAP İcra katibinin müavinləri - Milli Məclisin deputatı Siyavuş Novruzov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da iştirak ediblər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 637 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31